Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № 2(046)-605/2022 22.07.2022 GÖYÇAY RAYON MƏHKƏMƏSİ X1 Rizvan oğlunun sədrliyi, Səmidli Nərmin Yaşar qızının katibliyi ilə, İddiaçı MMCnin Cavabdeh qarşı «İddiaçı MMC-nin əmlakına (ticari mal və maddi ehtiyatlar) vurulmuş ziyanın ödənilməsi» tələbinə dair iddiası üzrə mülki işə Göyçay rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 1186 manat maddi ziyanın, 50 manat mediasiya xərcinin tutulması barədə barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı MMC-nin nümayəndəsi məhkəməyə ərizə ilə müraciət edərək məhkəmə baxışının iştirakı olmadan keçirilməsini xahiş etmişdir. İddiaçı MMC iddia ərizəsini onunla əsaslandırmışdır ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli əmək müqaviləsinə əsasən Cavabdeh 3 aylıq sınaq müddəti tətbiq edilməklə müddətsiz əmək müqaviləsi ilə satıcı-kassir vəzifəsinə işə qəbul olunmuş və “X2” haqqında müqavilə imzalanmışdır. xx.xx.2020-ci il tarixində administrator vəzifəsinə keçirilmiş, xx.xx.2020- cu il tarixli 339-K saylı əmrlə işdən azad edilmişdir. Cavabdeh iş vaxtı ərzində bilavasitə iş yerində intizam xətasına yol vermişdir. Belə ki, xx.xx.2020-ci il tarixdə Oba - mağazasında çalışdığı zaman aparılmış inventarizasiya nəticəsində Cavabdeh Cəmiyyətə zərər vurması müəyyən edilmiş, “İnventarizasiya Nəticələrinə” dair Akta əsasən yekun ziyan məbləği 1605 (Bir min altı yüz beş ) manat məbləğində zərər vurması məlum olmuşdur. Maliyyə arayışından məlum olur ki, ümumi qalıq borcdan 419 (dörd yüz on doqquz) manat güzəşt edilmiş qalıq borc 1186 (Bir min bir yüz səksən altı) manat təşkil edir. Qalıq borcun ödənilməsi barədə cavabdehə dəfələrlə bildirilsə də. heç bir ödəniş həyata keçirilməmişdir.Bununla yanaşı Mediasiya prosesi keçirilmiş və həmin prosesdə hər hansı bir razılıq əldə olunmamışdır. Buna görə də iddianın təmin edilməsini xahiş etmişdir. İş üzrə cavabdehə məhkəmənin yeri və vaxtı barədə qanunvericilikdə nəzərdə tutulmuş qaydada məhkəmə bildirişləri vasitəsilə məlumat verilmiş, lakin cavabdehlər məhkəmə baxışında iştirak etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda…məhkəmə işə baxmağa haqlıdır. Məhkəmə cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, , iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, işin mübahisə edilməyən hallarından görünür ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-cı il tarixli əmək müqaviləsinə əsasən Cavabdeh 3 aylıq sınaq müddəti tətbiq edilməklə müddətsiz əmək müqaviləsi ilə administrator vəzifəsinə işə qəbul olunmuş və «X2» haqqında müqavilə imzalanmışdır. xx.xx.2020-ci il tarixdə öz ərizəsi əsasında 038-K saylı əmrlə vəzifəsindən azad edilmişdir. İddiaçı xx.xx.2020-ci il tarixli inventarizasiyanın nəticələrinə dair akta istinadən Cavabdeh tərəfindən iddiaçının əmlakına (maddi qiymətlilərə) ziyan vurulduğunu iddia etmiş və cavabdehə qarşı pul tələbi irəli sürmüşdür. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 296-cı maddəsinin 5. Bəndinə əsasən işəgötürən bu Məcəllə ilə müəyyən edilmiş hallarda işçiyə qarşı iddia ərizəsi ilə məhkəməyə hüquqlarının və qanuni mənafelərinin pozulduğu gündən 1 təqvim ayı müddətində, ona maddi ziyan vurulması məsələləri ilə əlaqədar isə ziyanın vurulmasını aşkar etdiyi gündən 1 il müddətində müraciət edə bilər. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, istinad olunan maddənin mənasından göründüyü kimi sübutetmə vəzifəsi ifadəsi mülki prosessual hüquq üçün xarakterik olan mənada işlədilir. Ona görə də burada sanksiya ilə təmin olunan lazımi davranış qaydasından yox, tərəflərin və digər maraqlı şəxslərin öz mövqeyini təsdiq etmək üçün fəaliyyət göstərməli olduqlarını bildirən dispozitiv xarakterli tələbdən gedir. Qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır. İşin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qətnaməsinin qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Mülki məhkəmə icraatında tərəfləri sübutetmə üzrə aktiv prosessual fəaliyyətə sövq edən əsas hərəkətverici stimul kimi onların öz mənafeyinə uyğun qərarın qəbul edilməsinə olan marağı çıxış edir. İşin nəticəsində maraqlı olan hər bir şəxs bilməlidir ki, sübutetmədə passivlik onun üçün uğursuz qərarın çıxarılmasına gətirib çıxara bilər. Avropa İnsan Hüquqları Məhkəməsi «Mahmudov Rusiya Federasiyasına» qarşı 26 iyul 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Eyni zamanda «Qavazov Bolqarıstana qarşı» iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir (§93). Təqdim edilmiş sübutlardan görünür ki, xx.xx.2020-ci il tarixdə Oba Market MMC-yə məxsus mağazada aparılmış inventarizasiya nəticələrinə dair akta əsasən Cavabdeh MMC-yə ziyan vurduğu müəyyən edilmiş, İddiaçı Oba Market MMC isə cavabdehə qarşı tələb irəli sürərkən mediasiya şurasına qanunvericilikdə tutulmuş 1 il müddətdən keçdikdən sonra xx.xx.2021-ci il tarixdə müraciət etmişdir. Göründüyü kimi iddiaçı Oba Market MMC ziyan vurulma ilə bağlı cavabdehə qarşı iddia qaldırma müddətini ötürmüşdür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı MMC-nin Cavabdeh qarşı ziyanın ödənilməsi tələbinə dair iddiası rədd edilməlidir. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı MMC-nin Cavabdeh qarşı «İddiaçı MMC-nin əmlakına (ticari mal və maddi ehtiyatlar) vurulmuş ziyanın ödənilməsi» tələbinə dair iddiası rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Göyçay rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Cavid Sultanov
Məhkəmə qərarları › İş №2(046)-605/2022
Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №2(046)-605/2022
22.07.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver