Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № 2(046)-64/2022 25.04.2022 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Məhkəmə iclas katibi Səmidli Nərmin Yaşar qızının katibliyi, İddiaçı Müstəqil tələb irəli sürməyən üçüncü şəxs Göyçay rayon Çaxırlı bələdiyyəsinin sədri Nümayəndə2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı "torpaq sahəsinə gedən su bərəsinin açılması və maneələrin aradan qaldırılması” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı mülkiyyətində torpaq sahəsinə gedən qanunsuz bağlanmış su bərəsinin açılması və maneələrin aradan qaldırılması tələbinə dair iddia qaldıraraq, cavabdehlər tərəfindən yaradılan maneələrin aradan qaldırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşin halları: İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, Göyçay rayonu Aqrar İslahat Komissiyasının 08 sentyabr 1997-ci il tarixli 31 saylı qərarı ilə ona və ailə üzvülərinin mülkiyyətinə torpağın mülkiyyət verilməsinə dair JN-258 saylı dövlət aktına əsasən 2,00 ha torpaq sahəsi verilmişdir. 2017-ci ilindən başlayaraq mülkiyyətində olan torpaq sahəsi ilə həmsərhəd torpaq sahəsinin istifadəçiləri olan cavabdehlər onun torpağının suvarılması üçün nəzərdə tutulmuş su bərəsini qanunsuz olaraq bağlamış və onun torpağına su verilməsindən imtina edərək maneələr yaratmışlar. Bu barədə dəfələrlə Göyçay rayonu Çaxırlı Bələdiyyəsinə müraciət etmiş, bələdiyyənin üzvüləri, Göyçay rayon İHB-nin Çaxırlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi və polis sahə inspektoru su yolunun açılması üçün əraziyə gəlmiş və cavabdehlərə su yolunun açılmalı olduğunu izah edərkən cavabdehlər su yolunu açmaqdan imtina etmişdir. Göyçay rayonu Çaxırlı Bələdiyyəsinin 29 sentyabr 2020-ci il tarixli məktubu ilə məhkəməyə müraciət etməyimi tövsiyyə edilmişdir. Beləliklə cavabdehin təqsiri üzündən mübahisəni məhkəmədən kənar qaydada həll etmək mümkün olmamışdır. Ona görə də pozulmuş hüququnun bərpası üçün məhkəməyə müraciət etməyi qərara almışdır. Məhkəmə icraatı iştirakçılarının iştirakı və izahatları: Məhkəmə iclasında İddiaçı qeyd edilənlərə uyğun izahat verərək göstərmişdir ki, cavabdeh 2017-ci ildən cavabdeh onun torpaq sahəsinə gələn su bərəsini qanunsuz olaraq bağlamış, torpağa su verilməsindən imtina edərək maneələr yaratmışdır. İddia tələbinin təmin edilməsini məhkəmədən xahiş edir. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində izahat vermiş Göyçay rayon Çaxırlı bələdiyyəsinin sədri Nümayəndə2 göstərmişdir ki, iddiaçının mülkiyyətində olan torpaq sahəsinin suvarılması üçün nəzərdə tutulmuş su bərəsi cavabdehlər tərəfindən bağlanmışdır. Dəfələrlə onlara müraciət edilməsinə baxmayaraq su bərəsi açılmamış, nəticədə iddiaçı mülkiyyətində olan torpaq sahəsini suvara bilməmişdir. Cavabdeh1 vəfat etdikdən sonra ailə üzvləri olan cavabdehlər ondan miras qalmış fərdi yaşayış evində yaşayır və təsərrüfatı idarə edirlər. Qeyd edilən su bərəsi cavabdehlər tərəfindən bağlanmışdır. İş üzrə cavabdehlərə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və onlara göndərilən məhkəmə bildirişlərini qəbul etməkdən imtina etmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda…məhkəmə işə baxmağa haqlıdır. Məhkəmə cavabdehlərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş üzrə tərəfləri dinləyən, təqdim edilmiş sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Mülki işdə olan sənədlər: Məhkəməyə təqdim edilmiş Torpağa Mülkiyyət Hüququna dair JN-258 saylı Dövlət Aktından görünür ki, Göyçay rayon Çaxırlı kəndində yerləşən 2.00 ha torpaq sahəsi İddiaçı və ailə üzvlərinin mülkiyyətinə verilmişdir. Məhkəməyə təqdim edilmiş X1 və Ekspertiza Mərkəzi MMC tərəfindən verilmiş 13.08.2022-ci tarixli mütəxəssis rəyindən görünür ki, Torpağa mülkiyyət Hüququna dair JN-258 saylı Dövlət Aktına əsasən İddiaçı mülkiyyətində olan Göyçay rayonu Çaxırlı kəndində yerləşən 2,0 ha torpaq sahəsinə gedən su bərəsi Cavabdeh1 tərəfindən bağlanmışdır. Məhkəməyə təqdim edilmiş məhkəmə tikinti-texniki ekspertizasının 25.11.2021-ci il tarixli 10/4687 saylı rəydən görünür ki, Torpağa mülkiyyət Hüququna dair JN-258 saylı Dövlət Aktına əsasən İddiaçı mülkiyyətində olan Göyçay rayonu Çaxırlı kəndində yerləşən 2,0 ha torpaq sahəsinə gedən su bərəsi Cavabdeh1 tərəfindən bağlanmışdır. Aparılmış tədqiqatın dəyəri 50 manat təşkil edir. E-məhkəmə sistemi çıxarışından görünür ki, Cavabdeh1 10.12.2021-ci il tarixdə vəfat etmişdir. Göyçay rayon Çaxırlı bələdiyyəsinin sədri Nümayəndə2 tərəfindən verilmiş 27.01.2022-ci il tarixli arayışdan görünür ki, Cavabdeh1 vərəsələri Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4dur. Cavabdehlər mərhum Cavabdeh1 məxsus evdə yaşayır, ondan miras qalmış mirası idarə edirlər. Tətbiq edilən hüquq normaları: Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 3-cü bəndinə əsasən hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Konstitusiyanın 71-ci maddəsinin 2-ci bəndinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Azərbaycan Respublikasının tərəfdar çıxdığı İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə,qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla öz mülkiyyətindən məhrum edilə bilməz. Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı insan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyası müddəalarının və İnsan hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 30 mart 2006-cı il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Avropa Konvensiyasının iştirakçısı və onu ratifikasiya etmiş dövlət kimi 2002-ci ilin aprel ayının 15-dən Konvensiya və onun Protokollarının təfsiri və tətbiqi məsələləri üzrə İnsan hüquqları Avropa Məhkəməsinin yurisdiksiyasının məcburiliyini tanıyır. Azərbaycan Respublikası Konvensiyanı ratifikasiya etdiyi dövrdən sonra yurisdiksiyası altında olan insanların Konvensiyada nəzərdə tutulan hüquqlarını təmin etməlidir. İnsan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq məhkəmə hakimiyyəti orqanlarının borcudur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1.-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.4-cü əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. "İnsan hüquqları və əsas azadlıqların müdafiəçi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsi ilə əlaqədar Avropa İnsan Hüquqları Məhkəməsi Sporronq və Lonnrotun İsveçrə qarşı məhkəmə işində belə hüquqi mövqe müəyyən etmişdir ki, həmin norma özündə: 1) mülkiyyətçinin öz mülkiyyətindən maneəsiz istifadə etməsi prinsipini; 2) mülkiyyətindən məhrum edilmənin yolverilməzliyini; 3) mülkiyyətdən istifadə nəzarəti itirmənin qadağan edilməsi imkanlarını ehtiva edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Adı çəkilən Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. MPM-in 217-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli 04 nömrəli qərarında göstərilmişdir ki, məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. Qərarın 2.4-cü bəndinə görə, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Avropa İnsan Hüquqları Məhkəməsi "Mahmudov Rusiya Federasiyasına” qarşı 26 iyul 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq "affirmanti, non neganti, incumbit probation” (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. "Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq "əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir. "Avşar Türkiyəyə qarşı” iş üzrə qərarında Avropa Məhkəməsi göstərir ki, sübutları qiymətləndirən zaman məhkəmə "əsaslı şübhə yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu "N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 yanvar 2006-cı il tarixli qərarında qeyd etmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Məhkəmənin mövqeyi: Hazırkı iş üzrə isə məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir: İşin halları ilə müəyyən olunur ki, Göyçay rayonu Aqrar İslahat Komissiyasının 08 sentyabr 1997-ci il tarixli 31 saylı qərarı ilə İddiaçı və ailə üzvlərinə Göyçay rayonu Çaxırlı kəndi ərazisindən 2.00 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ayrılmış, həmin torpaq sahəsinə dair JN-258 nömrəli «Torpağa mülkiyyət hüququna dair» dövlət aktı verilmişdir. İddiaçı həmin torpaq sahəsində becərdiyi kənd təsərrüfatı məhsullarının suvarılmasına cavabdehlər maneələr yaradıldığı üçün iddia ərizəsi ilə məhkəməyə müraciət edərək pozulmuş hüquqlarının bərpa edilməsini xahiş etmişdir. Məhkəmə iddia tələbinin əsaslığını yoxlamaq üçün mülki iş üzrə məhkəmə tikintitexniki ekspertizası təyin edərək, müvafiq rəy almışdır. Mütəxəssis və ekspert rəyindən görünür ki, Torpağa mülkiyyət Hüququna dair JN- 258 saylı Dövlət Aktına əsasən İddiaçı mülkiyyətində olan Göyçay rayonu Çaxırlı kəndində yerləşən 2,0 ha torpaq sahəsinə gedən su bərəsi cavabdehlər tərəfindən bağlanmışdır. İstinad olunan maddi hüquq normalarının tələbinə görə mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davamlı şəkildə edildikə isə hüququ pozulmuş şəxs pozulmuş hüquqularının bərpasını məhkəmə vasitəsilə tələb edə bilər. Hazırki işin hallarından görünür ki, cavabdehlər tərəfindən iddiaçının hüquqları pozulmuş, sonuncunun və ailə üzvlərinin mülkiyyətində olan torpaq sahəsində becərdiyi kənd təsərrüfatı məhsullarının suvarılması üçün nəzərdə tutulan su bərəsi bağlanmışdır. Belə olan halda iddiaçının pozulmuş hüquqları bərpa edilməli, cavabdehlər tərəfindən bağlanmış su bərəsi açılmalı və həmin su bərəsindən iddiaçının istifadəsinə yaradılan maneələr aradan qaldırılmalıdır. Məhkəməyə təqdim edilmiş 13.08.2021-ci il tarixli qəbzdən görünür ki, İddiaçı Musa oğlu tərəfindən X1 və Ekspertiza Mərkəzi MMC-nin hesabına 300 manat ekspertiza xərci ödənilmişdir. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda iddiaçı tərəfindən ödənilmiş 10 manat dövlət rüsumu və mütəxəssiz rəyinin alınması üçün İddiaçı tərəfindən ödənilmiş 300 manat ekspertiza xərci cavabdehlərdən müştərək qaydada alınaraq İddiaçı ödənilməli, iş üzrə ekspertiza xərci olan 50 manat cavabdehlərdən müştərək qaydada tutularaq məhkəmə ekspertizası mərkəzinin hesabına keçirilməlidir. Beləliklə, məhkəmə tərəflərin təqdim etdiyi sübutlara hüquqi qiymət verərək hesab edir ki, İddiaçı iddiası təmin edilməli, Göyçay rayonu Çaxırlı kəndində yerləşən Torpağın Mülkiyyət hüququna dair dövlət aktına əsasən iddiaçının və ailə üzvlərinin mülkiyyətində olan 2.00 ha torpaq sahəsinə gedən su bərəsi cavabdehlərin vəsaiti hesabına açılmalı, cavabdehlər tərəfindən yaradılan maneələr aradan qaldırılmalıdır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216220 və 222.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia təmin edilsin. İddiaçı və ailə üzvlərinin mülkiyyətində olan Torpağın Mülkiyyət hüququna dair dövlət aktına əsasən Göyçay rayonu Çaxırlı kəndində yerləşən 2.00 ha torpaq sahəsinə gedən su bərəsi cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 hesabına açılsın. İddiaçıya məxsus torpaq sahəsinin suvarılması üçün cavabdehlər tərəfindən yaradılmış maneələr aradan qaldırılsın. İş üzrə ekspertiza xərcləri olan 50 manat cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 alınaraq məhkəmə ekspertiza mərkəzinin VÖEN **********1, AZ 34CTRE******************** nömrəli hesabına keçirilsin. Dövlət rüsumu kimi ödənilmiş 10 manat və 300 manat məhkəmə xərci cavabdehlərdən müçtərək qaydada alınaraq İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən apelyasiya şikayəti verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: İbrahim Fəttahov
Məhkəmə qərarları › İş №2(046)-64/2022
Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №2(046)-64/2022
25.04.2022 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver