Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № 2(046)-67/2022 14.03.2022 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Səmidli Nərmin Yaşar qızının katibliyi, iddiaçı LPO Dəmir Bank ASC-nin nümayəndəsi Nümayəndə iştirakı ilə, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit borcunun ödənilməsi tələbinə dair mülki işə Göyçay şəhərində açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: LPO DəmirBank ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh1 6281.66 ABŞ dolları əsas kredit borcu, 9727.26 ABŞ dolları faiz borcu, 12523.21 ABŞ dolları cərimə borcu, müqavilənin bitdiyi tarixdən gecikdirilmiş vaxt üçün illik beş faiz olan 1045.74 ABŞ dolları olmaqla, cəmi 29577.87 ABŞ dolları kredit borcunun və 30 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə iddiaçı DəmirBank ASC-nin nümayəndəsi qismində izahat vermiş Nümayəndə tələbi belə əsaslandırmışdır ki, Cavabdeh1 ilə DəmirBank ASC arasında 23.07.2014-cü il tarixdə bağlanmış kredit müqaviləsinə əsasən Cavabdeh1 illik 30 faiz olmaqla 24 ay müddətinə 12740 ABŞ dolları kredit verilmişdir. Cavabdeh1 verilmiş kreditin təminatı kimi Cavabdeh2 ilə LPO DəmirBank ASC arasında zaminlik müqaviləsi bağlanmışdır. 06.03.2015-ci il tarixdə Cavabdeh1 ilə əlavə saziş bağlanmış, kreditin qalıq məbləği 10208.03 ABŞ dolları müəyyən edilmiş, müqavilənin müddəti 26 ay müəyyən edilmişdir. Cavabdeh1 kredit müqaviləsinin şərtlərini pozaraq, borc öhdəliyini tam icra etməmişdir. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh kredit borcunu ödəməmişdir. Cavabdeh1nın banka cəmi 29577.87 ABŞ dolları kredit borcu qalmışdır. Bundan başqa bank ərizə ilə məhkəməyə müraciət edərkən 20 manat dövlət rüsumu ödəmişdir. Buna görə də məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə cavabdehlərə məhkəmənin yeri və vaxtı barədə qanunvericilikdə nəzərdə tutulmuş qaydada məhkəmə bildirişləri vasitəsilə məlumat verilmiş, lakin üzrlü səbəb olmadan məhkəmə baxışında iştirak etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda…məhkəmə işə baxmağa haqlıdır. Məhkəmə cavabdehlərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş üzrə iddiaçının nümayəndəsinin izahatını dinləyən, təqdim edilmiş sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməlidir. Məhkəməyə təqdim edilmiş 23.07.2014-cü il tarixli kredit müqaviləsindən görünür ki, "xxxx" ASC ilə Cavabdeh1 arasında illik 30 faiz olmaqla 24 ay müddətinə 12740 ABŞ dolları kredit verilməsi barədə müqavilə bağlanmışdır. Məhkəməyə təqdim edilmiş 23.07.2014-cü il tarixli zaminlik müqaviləsindən görünür ki, Cavabdeh1 ilə LPO DəmirBank ASC arasında zaminlik müqaviləsi bağlanmış, zamin kredit alan Cavabdeh2 borc məbləğinə görə LPO DəmirBank ASC arşısında öhdəlik götürmüşdür. Məhkəməyə təqdim edilmiş 06.03.2015-ci il tarixli əlavə sazişdən görünür ki, Cavabdeh1 ilə DəmirBank ASC arasında bağlanmış kredit müqaviləsi üzrə kreditin qalıq məbləği 10208.03 manat müəyyən edilmiş, müqavilənin müddəti 26 müəyyən edilmişdir. Cavabdeh1 bank qarşısında üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmiş, borclu olduğu pulu müqavilə üzrə tərtib edilmiş ödəniş cədvəlində nəzərdə tutulduğu qaydada iddiaçıya qaytarmamışdır. Buna görə də məhkəmə hesab edir ki, iddiaçı kredit borcunu cavabdehdən tələb etməyə haqlıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə əsasən əgər bu məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhtəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərini və borclunun öhtəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Məhkəmə-mühasibatlıq ekspertizasının 11.10.2021-ci il tarixli 9/5887 saylı ekspert rəyindən görünür ki, Cavabdeh1 06.05.2017-ci il tarixədək banka əsas borcu 8799.47 ABŞ dolları, faiz borcu 4608.21 ABŞ dolları təşkil edir. Qeyd edilir ki, hazırki ekspertiza zamanı hesabdan çıxarış məlumatlarından göründüyü kimi, Cavabdeh1 Telman oğlu tərəfindən 06.05.2017-ci il tarixdən sonra 2.858,40 ABŞ dolları məbləğində ödəniş aparılmışdır. Lakin ekspertiza qarşısında məhkəmə tərəfindən qoyulmuş sualda borc məbləğinin hesablama tarixi 06.05.2017-ci il tarixə göstərildiyindən 2.858,40 ABŞ dolları məbləğində ödəniş nəzərə alınmamışdır. Aparılmış ekspertizanın dəyəri 150 manatdır. Məhkəmə baxışı zamanı iddiaçının nümayəndəsi ekspert rəyində nəzərdə tutulmuş xüsusatları mübahisələndirmiş, iddianın müdafiə etdiyi həddə təmin edilməsini xahiş etmişdir. Məhkəmə hesab edir ki, Cavabdeh1 tərəfindən ödənilmiş 2858.40 ABŞ dolları əsas kredit borcundan çıxılmalıdır. (8799.47-2858.40=5941.07 ABŞ dolları). Bundan başqa məhkəmə hesab edir ki iddia, əsas kredit borcu hissəsində və faiz borcu hissəsində ekspertiza rəyində nəzərdə tutulmuş məbləğdə təmin edilməlidir. Məhkəmə hesab edir ki, iddiaçı "xxxx" ASC-nin cavabdehlərdən 12523.21 ABŞ dolları cərimə tələbi tənasübsüz surətdə yüksəkdir. Buna görə də məhkəmə tərəflərin mənafelərini nəzərə alaraq dəbbə pulunun tənasübsüz surətdə yüksək hesab edir və həmin dəbbə pulunun 50 ABŞ dolları məbləğində müəyyən edilməsini qanuna uyğun hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman 20 manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda məhkəmə hesab edir ki, ödənilmiş 20 manat dövlət rüsumu cavabdehə aid edilməlidir. Sadalananlara əsasən məhkəmə hesab edir ki, LPO Dəmir Bank ASC-nin iddiası qismən təmin edilməli, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 5941.07 ABŞ dolları əsas kredit borcu, 4608.21 ABŞ dolları faiz borcu, 50 ABŞ dolları cərimə borcu, müqavilənin bitdiyi tarixdən gecikdirilmiş vaxt üçün illik beş faiz olan 1045.74 ABŞ dolları olmaqla cəmi 11645.02 ABŞ dolları kredit borcu və iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu tutularaq LPO Dəmir Bank ASC-nə qaytarılmalıdır. İş üzrə ekspertiza xərci olan 150 manat məbləğində pul Cavabdeh1 alınaraq məhkəmə ekspertiza mərkəzinin VÖEN **********, AZ 34CTRE******************** nömrəli hesabına keçirilməli, 10 manat dövlət rüsumunun kəsiri Cavabdeh1 alınaraq dövlət büdcəsinə ödənilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 5941.07 ABŞ dolları əsas kredit borcu, 4608.21 ABŞ dolları faiz borcu, 50 ABŞ dolları cərimə borcu, müqavilənin bitdiyi tarixdən gecikdirilmiş vaxt üçün illik beş faiz olan 1045.74 ABŞ dolları olmaqla cəmi 11645.02 ABŞ dolları kredit borcunun Azərbaycan manatı ilə məzənnəsi və ödənilmiş 30 manat dövlət rüsumu tutularaq iddiaçı "xxxx" ASC-nin hesabına keçirilsin. İş üzrə ekspertiza xərci olan 150 manat məbləğində pul Cavabdeh1 alınaraq məhkəmə ekspertiza mərkəzinin VÖEN **********, AZ 34CTRE******************** nömrəli hesabına keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Göyçay Rayon məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: İbrahim Fəttahov
Məhkəmə qərarları › İş №2(046)-67/2022
Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №2(046)-67/2022
14.03.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver