Məhkəmə qərarları › İş №2(046)-681/2020

Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №2(046)-681/2020

29.09.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № 2(046)-681/2020 29.09.2020 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Məmmədov Səbuhi Mətləb oğlunun katibliyi, İddiaçı nümayəndəsi (vəkili) Vəkil və Cavabdeh nümayəndəsi (atası) Nümayəndə iştirakı ilə, alimentin artırılması tələbinə dair mülki işə Göyçay şəhərində xx xxxxxxxx 2020-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2013-cü il tarixdə anadan olmuş X2 yetkinlik yaşına çatanadək saxlanması üçün tutulan alimentin miqdarının artırılaraq hər ay 170 manat məbləğində müəyyən edilməsi və uşağın müalicəsi üçün hər ay 100 manat məbləğində alimentin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı nümayəndəsi (vəkili) Vəkil iddia tələbini müdafiə edərək göstərmişdir ki, məhkəmə qətnaməsi ilə qeyd olunan alimentin məbləği müəyyən olunarkən məhkəmə cavabdehin təqdim etdiyi etirazda qeyd etdiyi, həqiqətdən tam uzaq hallara ciddi əhəmiyyət verməmiş, bir növ cavabdehin “...heç bir yerdə işləmirəm, hər hansı məbləğdə gəlirim yoxdur, mənim bütün zəruri tələbatlarımı atam Nümayəndə qarşılayır” kimi mümkün qədər az aliment təyini məqsədlərinə xidmət edən, uşağa hər ayda yalnız 85 manat məbləğində aliment ödəməyə maddi imkanının olduğuna dair səhv nəticəyə gəlmişdir. Cavabdeh atası Nümayəndə mülkiyyətində olan, Göyçay şəhərinin mərkəzi hissəsini əhatə edən 1 saylı marşrutda olan mikroavtobusu etibarnamə əsasında, daimi olaraq işlədir, aylıq gəliri 2500-3000 manat təşkil edir. Tərəflərin birgə uşağı müxtəlif xəstəliklərdən əziyyət çəkir. Belə ki, müvafiq sənəd və arayışlarla da təsdiq olunur ki, 2013-cü il tarixdə anadan olmuş, hazırda 7-ci yaşında olan Əli həkim rəylərinə əsasən bir neçə xəstəlikdən, o cümlədən baş-beynin ön yarımkürəsinin inkişafdan ləngiməsi, mədəbağırsaq pozğunluğu, xroniki qastrit, sağ gözün görmə zəifliyi xəstəliklərindən əziyyət çəkir. Qeyd olunanlarla əlaqədar uşaq daimi olaraq Göyçay, Mingəçevir və Bakı şəhərinin səhiyyə qurumlarında daimi olaraq müayinə və müalicə olununur. Bununla əlaqədar hər ay yol, müayinə, müalicə, həkim, dərman və sairə üzrə iddiaçının xərcləri 200-300 manat təşkil edir. Buna görə də 130 manat məbləğində alimentin uşağın cəmisi 10 günlük tələbatlarını ödəməyə kifayət etmədiyi, iddiaçının uşağı ilə birlikdə çətin maddi durumda hələlik valideynlərinin maddi köməkliyi ilə yaşadığı, işləmədiyi, heç bir qazanc (gəlir) yerinin olmadığı, uşağının xəstəliklərdən əziyyət çəkməsi ilə əlaqədar daimi həkim müayinəsinə və müalicəsinə ehtiyacının olması, daimi olaraq müxtəlif növ dərman vasitələrindən istifadə etdiyi, əksər hallarda ən adi dərmanları almağa belə maddi imkan olmadığına baxmayaraq cavabdehin hərəkətsizliyi, cavabdehin maddi imkanının kifayət qədər qənaətbəxş olduğu nəzərə alınmalıdır. Buna görə də iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İş üzrə Cavabdeh nümayəndəsi (atası) Nümayəndə iddianı qəbul etməyərək göstərmişdir ki, oğlu hazırda heç bir yerdə işləmir, aylıq gəliri yoxdur. İddiaçının azyaşlı uşağın xəstəliyi və daima müalicəyə ehtiyac olduğuna dair göstərdilərini tam əsassız hesab edir. Buna görə də iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə tərəflərin izahatlarını dinləyən, tədqiq edilmiş sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməlidir. Məhkəməyə təqdim edilmiş Göyçay Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsindən görünür ki, tərəflər arasında bağlanmış nikah pozulmuş, birgə nikahdan anadan olmuş uşaq İddiaçı himayəsində saxlanmış, xx.xx.2020-ci il tarixdən etibarən xx.xx.2013-cu il tarixdə anadan olmuş X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 130 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı xeyrinə verilmişdir. Hazırda İddiaçı azyaşlı Əlinin saxlanması üçün ödənilən alimentin uşağın tələbatlarını ödəyə bilmədiyini, eləcə də azyaşlı Əlinin müalicəyə ehtiyac olduğunu əsas tutaraq, Cavabdeh tutulan alimentin məbləğinin artırılaraq 170 manat müəyyən edilməsini və cavabdehdən azyaşlı Əlinin müalicəsi üçün hər ay 100 manat məbləğində pulun tutularaq ona verilməsini xahiş edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideyinin qazancı qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın hamısının və ya bir hissəsinin həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin qazancından müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən alimentin miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər. Həmin Məcəllənin 78.2.-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Bronda İtaliyaya qarşı” işi üzrə qərarda göstərilmişdir ki, hər bir işdə uşağın mənafeyinə uyğun olan vəziyyəti daha dəqiq müəyyən etmək lazımdır. Məhkəmə sabit pul məbləğində cavabdehdən tutulacaq alimentin miqdarını müəyyən edən zaman uşağın mənafeyini iddiaçının əmlak vəziyyətini və digər diqqətəlayiq halları nəzərə alır. X1 Uşaq Hüquqları haqqında Konvensiyasının 3cü maddəsinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsədə məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən. Həmin konvensiyanın 27-ci maddəsinin 2 bəndinə əsasən valideynlər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyəti daşıyırlar. Məhkəmə baxışı zamanı İddiaçı nümayəndəsi (vəkil) Vəkil bir uşağın saxlanması üçün Cavabdeh tutulan alimentin miqdarının artırılaraq hər ay 170 manat məbləğində müəyyən edilməsinə və azyaşlı Əlinin müalicəsi üçün cavabdehdən hər ay 100 manat məbləğində pulun tutularaq iddiaçıya verilməsinə əsas verə bilən heç bir mötəbər sübut təqdim edə bilməmişdir. Buna görə də məhkəmə hesab edir ki, iddia alimentin artırılması tələbinə dair hissədə qismən, müalicə xərcinə dair hissədə rədd edilməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2–ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. «Mahmudov Rusiyaya qarşı» iş üzrə xx xxxx 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və biribirinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. (§ 68). Yuxarıda sadalananlara əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, azyaşlı Əlinin yetkinlik yaşına çatana qədər saxlanılması üçün İddiaçı xeyrinə Cavabdeh tutulan alimentin miqdarı qətnamə qanunu qüvvəyə mindiyi tarixdən artırılaraq hər ay 150 manat sabit pul məbləğində müəyyən edilməsi məqsədə müvafiq hesab edilməlidir. Azərbaycan Respublikası MPM-nin 112.1.3-cü və Dövlət rüsumu haqqında qanunun 8.1-ci maddəsinə əsasən Cavabdeh illik alimentin məcmusu ilə artırılan hissəyə nisbətdə dövlət rüsumu tutulmalıdır. Şərh olunanları nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 216, 220, 227, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh Göyçay Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsinə əsasən xx.xx.2013-cü il tarixdə anadan olmuş X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay 130 manat məbləğində tutulan alimentin miqdarı artırılaraq hər ay 150 manat sabit pul məbləğində müəyyən edilsin. Cavabdeh xx.xx.2013-ci il tarixdə anadan olmuş X2 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 150 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı xeyrinə verilsin. Aliment qətnamə qanuni qüvvəyə mindiyi tarixdən etibarən tutulsun. Cavabdeh 20 manat məbləğində rüsum alınaraq dövlət büdcəsinə keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti vermək olar. Hakim: İbrahim Fəttahov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar