Məhkəmə qərarları › İş №2(046)-712/2024

Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №2(046)-712/2024

27.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № 2(046)-712/2024 27.05.2024 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Giriş hissə: Hakim Qurbanova Gülnaz İntiqam qızının sədrliyi, Allahverdiyeva Sevinc Elçin qızının katibliyi, İddiaçı, Cavabdeh Murad oğlunun iştirakı ilə, İddiaçı Cavabdeh Murad oğluna qarşı pul tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Murad oğlundan 1525 manat pulun və ödənilmiş 36 manat dövlət rüsumunun tutulub onun xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbinin əsaslandırıldığı hallar: İddia tələbi onunla əsaslandırılmışdır ki, Göyçay rayonu, Qızılağac kəndində yaşayan Cavabdeh iki il bundan əvvəl 1525 manat dəyərində onu inandıraraq və etibarından suiistifadə edərək, həyətyanı torpaq sahəsində yetişdirdiyi xurma ağaclarının məhsulunun pulunu 15 günə verəcəyini deyərək almış, 1525 manat borcunu bu günə kimi verməmişdir. 2 ildən artıq vaxtdır ki, Göyçay rayonu, Qızılağac kəndində yaşayan Cavabdeh telefon zənglərinə cavab vermir, onu tapa bilmir. Artıq bilir ki, Cavabdeh niyyəti onu aldatmaq və aldatma yolu ilə xurma meyvələrini ələ keçirib nağd pul əldə etmək olmuşdur. Bir neçə dəfə onu görmüş, polisə müraciət edəcəyini bildirmişdir. Cavabdeh polisə müraciət edəcəyini eşidən kimi “xurma məhsulunun batdı” deyərək, pulunu verməmişdir. Bundan sonra o pulunun qaytarılması üçün ərizə ilə Göyçay rayon Polis Şöbəsinə müraciət etmişdir. Polis şöbəsində cavabdeh izahat verərək həqiqətən ona borcu olduğunu etiraf etsə də yenə pulun qaytarılması mümkün olmamışdır. Göyçay rayon Polis Şöbəsinin məktubu ilə tələbi mülki xarakterli şikayət olduğu üçün məhkəməyə müraciət etməyi tövsiyə olunmuşdur. Tərəflərin izahatları: Məhkəmə iclasında İddiaçı iddianı müdafiə etdi, iddia ərizəsində göstərilən xüsusatları təsdiq edərək əlavə olaraq qeyd etdi ki, əvvəllər də Cavabdeh ilə aralarında xurma meyvəsinin nisyə alqı-satqısı barədə şifahi razılaşma olmuşdur. Cavabdeh adətən xurma məhsulları Rusiya və Ukraynada satdıqdan sonra aldığı məhsulun pulunu ödəyirdi. Lakin sonradan Rusiya ilə Ukrayna arasında münasibətlər kəskinləşdiyindən o, riski nəzərə alaraq malların nisyə satılmasını istəməmiş və pulun əvvəllcədən ödənilməsini cavabehdən tələb etmişdir. Cavabdeh razılaşaraq 15 günə malları götürəcəyini və pulunu tam şəkildə ödəyəcəyini bildirmişdir. Göstərilən müddət keçəndən sonra cavabdeh üzərinə düşən öhdəliyi yerinə yetirməmiş və Cavabdehla telefon vasitəsi ilə əlaqə saxlayaraq başqa müştərinin həmin malları almaq istədiyini bildirmişdir. Cavabdeh ona xurma məhsullarının onun olduğunu və heç kimə satmamağı xahiş etdi. Lakin buna baxmayaraq cavabdeh məhsulları vaxtında götürməmiş və nəticədə malların bir hissəsi, yəni 1525 manat dəyərində xurma məhsulları xarab olmuşdur. Məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh Murad oğlu iddianı etiraf etmədi və izahatında göstərmişdir ki, onunla birlikdə xurma məhsulunun alqı-satqısı işi ilə məşğul olan Mətləb adlı şəxslə İddiaçı həyətindən xurma məhsulunun bir hissəsini götürərək 1750 manat ödəmişdir. Qalan məhsulun müqabilində onun adında olan nəqliyyat vasitəsini girov kimi İddiaçı həyətində saxlamışdır. Daha sonra qalan xurma məhsullarını Ukrayna göndərmək istəmiş, lakin Rusiya ilə Ukrayna arasında müharibə olduğu üçün məhsulları göndərə bilməmiş, buna görə də məhsulun pulunu tam ödəyə bilməmişdir. Xurma məhsulların ödənişi ilə bağlı İddiaçı notarial qayada müqavilə bağlanmasını təklif etsə də, iddiaçı bundan imtina etmişdir. İddiaçıya 1525 manat ziyan dəysə də, həmin ziyan iddiaçının təqsiri üzündən baş vermişdir. Belə ki, iddiaçı xurma məhsulunu əvvəlki qaydada nisyə satsa idı heç birinə ziyan dəyməzdir. Məhkəmə iclasında şahid qismində ifadə vermiş X2 göstərdi ki, xurma məhsulların alqı-satqısı işi ilə məşğul olur. İddiaçı həyətinə müştərini o yönəltmişdir. Sonradan ona məlum olmuşdur ki, Cavabdeh İddiaçı xurma məhsulu almış, lakin borclu olduğu məhsulun pulunu qaytarmamış, pulun müqabilində Rövşən avtomobilini Sərdarın həyətində girov kimi saxlamışdır. Məsələnin həll olunması üçün o, İddiaçı mobil telefonuna zəng edərək Cavabdehla birlikdə onunla görüşmək istədiyini bildirmişdir. Daha sonra onlar Göyçay şəhərində yerləşən Heydər Əliyev parkının yaxınlığında kafedə görüşmüş, Sərdara həyətində girov kimi saxladığı avtomobilin Rövşənə qaytarmasını, Rövşənin borclu olduğu pulun qaytarmasına zamin durmuş, lakin Rövşən onun Sərdara verdiyi sözə məhəl qoymayaraq borclu olduğu 1525 manat pulu qaytarmamışdır. Məhkəmə iclasında şahid qismində ifadə vermiş X1 göstərdi ki, İddiaçı onun qonşusudur. Cavabdeh əvvəllər də onların həyətindən xurma məhsulu almışdır. Cavabdeh onun və qonşusu Sərdarın həyətində olan xurma məhsullarını almaq istəmiş, həmin vaxt onların arasında nisyə alqı-satqı barədə razılaşma olmamışdır. Daha sonra İddiaçı məhsulun pulunu tam şəkildə istədikdə Cavabdeh hal-hazırda pulu olmadığını və bir müddət gözələməyi xahiş etdi. Bu müddət ərzində malların İddiaçı qalması ilə bağlı razılığa gəldilər. Cavabdeh malları razılaşmış müddətdə götürmədi və xurma tez xarab olan məhsul olduğuna görə İddiaçı hətda məhsulları çardaqda saxlanılmasını təklif etmişdir. Nəticədə iddiaçıya məxsus xurma məhsullarının bir hissəsi xarab olmuşdur. İş materialların əlavə edilmiş: İddiaçı xx.xx.2023-cü il tarixli ərizəsindən görünür ki, İddiaçı Göyçay rayon Polis Şöbəsinə müraciət edərək, Göyçay rayonu Qızılağac kənd sakini Cavabdeh ondan 1525 manat dəyərində xurma məhsulu aldığını və 15 gün müddətində pulunun ödəyəcəyinə söz versə də, bunun etmədiyini bildirmişdir. Cavabdeh Göyçay rayon Polis Şöbəsinə verdiyi xx.xx.2023-cü il tarixli izahatdan görünür ki, Cavabdeh başqa şəxdən pul alacağını və ondan pul aldıqdan sonra İddiaçı gücü çatdığı qədər maddi yardım göstərəcəyini bildirmişdir. Göyçay rayon Polis Şöbəsinin xx.xx.2023-cü il tarixli, 3-13-76/2-K-41405/11/23 nömrəli məktubundan görünür ki, Cavabdeh ilə bağlı ünvanlanmış müraciətə cavab olaraq göstərilən xüsusatlar mülki xarakterli olduğundan məhkəməyə müraciət edilməsi tövsiyə olunmuşdur. . Əsaslandırıcı hissə: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 422.1-ci maddəsinə əsasən tərəflərin müqavilə bağlayarkən əsas götürdükləri şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa və ya onun mahiyyətindən ayrı qayda irəli gəlmirsə, onun dəyişdirilməsinə və ya ləğv edilməsinə əsas verir. Şəraitin dəyişməsi o halda əhəmiyyətli sayılır ki, əgər tərəflər bu dəyişməni ağlabatan şəkildə əvvəlcədən görə bilsəydilər, müqaviləni əhəmiyyətli dərəcədə fərqlənən şərtlərlə bağlayar və ya ümumiyyətlə, bağlamazdılar. Tərəflərin müqavilənin əsasında durmuş təsəvvürlərinin yanlış çıxması şəraitin dəyişməsinə bərabər tutulur. 422.2-ci maddəsinə əsasən əgər tərəflər müqavilənin əhəmiyyətli dərəcədə dəyişmiş şəraitə uyğunlaşdırılması və ya ləğv edilməsi barədə razılığa gəlməsələr, eyni zamanda aşağıdakı şərtlər olduqda müqavilə maraqlı tərəfin tələbi ilə məhkəmə tərəfindən ləğv edilə bilər, 422.4-cü maddədə nəzərdə tutulan əsaslar olduqda isə dəyişdirilə bilər. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi gecikdirilmə sayılır. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir; işə qiyabi baxıldığı halda qətnamənin nəticə hissəsində cavabdehin qətnamənin ləğvi üçün ərizə vermə qaydası da əks olunmalıdır. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu "N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 yanvar 2006-cı il tarixli qərarında qeyd etmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Məhkəmənin mövqeyi: Məhkəmə iclasında müəyyən edildi ki, əvvəllər Cavabdeh ilə İddiaçın arasında işgüzar adətlərə əsasən xurma meyvəsinin nisyə alqı-satqısı barədə şifahi razılaşma olmuşdur. Cavabdeh buna əsaslanaraq 02 il bundan əvvəl yenidən iddiaçı ilə xurma məhsulunun nisyə alqı-satqısı barədə razılığa gəlmişdir. Məhsulları götürmək istədiyi zaman iddiaçı aralarında olan şifahi razılaşmanın şərtlərini dəyişərək xurma məhsulunun dəyərinin nağd şəkildə ödənilməsini cavabdehdən tələb etmişdir. Cavabdeh iddiaçıya hazırda nağd pulunun olmadığını əsas gətirərərək xurma məhsulunu 15 günə götürəcəyini və pulunu tam şəkildə ödəyəcəyini öhdəsinə götürmüşdür. Cavabdeh üzərinə götürdüyü öhdəliyi vaxtında yerinə yetirməmiş, iddiaçının həyətində yığılmış vəziyyətdə qalmış xurma məhsullarının bir hissəsi xarab olmuş və nəticədə iddiaçıya maddi ziyan dəymişdir. Məhkəmə iclasında Cavabdeh iddiaçıya dəymiş ziyanın məbləğini etiraf etmiş, lakin həmin ziyanın onun təqsiri üzündən dəydiyini inkar etmişdir. Belə ki, onun fikrincə iddiaçı xurma məhsulunu əvvəlki qaydada nisyə satdığı təqdirdə tərəflərin heç birinə ziyan dəyməzdir. Belə olan halda məhkəmə qeyd edir ki, tərəflərin müqavilə bağlayarkən əsas götürdükləri şərait əhəmiyyətli dərəcədə dəyişmiş (müharibənin başlanılması) və tərəflərin bunun əvvəllcədən görməsi mümkün olmamışdır. Bununla da bağlı tərəflər müqavilənin dəyişmiş şəraitə uyğunlaşdırılması ilə bağlı razılığa gəlmişlər. Bundan sonra cavabdeh dəyişdirilmiş müqavilədən irəli gələn öhdəliyi lazımınca icra etməmiş və gecikdirmə nəticəsində iddiaçıya maddi zərər vurmuşdur. Bununla belə məhkəmə Cavabdeh Murad oğlunun İddiaçı qarşısında üzərinə götürdüyü öhdəliyi lazımi qaydada icra etmədiyini, nəticədə cavabdehin iddiaçıya borcun ödənilməsini tələb etmək hüququna malik olduğunu nəzərə alaraq hesab edir ki, İddiaçı Cavabdeh Murad oğlundan vurulmuş ziyana görə 1525 manat pulun tutulmasını tələb etməkdə haqlıdır. Məhkəmə tərəflərin təqdim etdiyi sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh Murad oğlundan vurulmuş maddi ziyana görə 1525 manat tutularaq İddiaçı ödənilməlidir. Hazırkı qətnamə ilə iddia təmin edildiyindən məhkəmə xərcləri Cavabdeh Murad oğluna aid edilməli, 36 manat məbləğində dövlət rüsumu Cavabdeh Murad oğlundan tutularaq iddiaçının xeyrinə ödənilməlidir. Nəticə: Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216- 220 və 222.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh Murad oğlundan vurulmuş maddi ziyana görə 1525 (min beş yüz iyimi beş) manat və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 36 (otuz altı) manat tutularaq İddiaçı ödənilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Göyçay rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Gülnaz Qurbanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar