Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № 2(046)-716/2020 03.07.2020 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlu, iddiaçı «xxxxxxxxxxx» MMC-nin Cavabdeh qarşı pul tələbinə dair sadələrşdirilmiş iddia ərizəsinə və ona əlavə olunmuş sənədlərə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı “xxxxxxxxxxx” MMC ərizə ilə məhkəməyə müraciət edərək cavabdehdən ümumilikdə 1524 manat və 30 manat dövlət rüsumu olmaqla onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi ərizəni onunla əsaslandırmışdır ki, cavabdeh iddiaçı ilə bağladığı xx.xx.2019-ci il və xx.xx.2019-cu il tarixli müqavilələrə əsasən cavabdehə xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən 1051manat məbləğində 12 ay müddətinə SAMSUNG GALAXY A70 markalı telefon, xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən 9 manat məbləğində 7 ay müddətinə 4D Glass Full BLACK qoruyucu örtük, xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən 1024 manat məbləğində 12 ay müddətinə Samsung Galaxy A70 markalı telefon, Xiaomi Mi band 4 saat satılmışdır. Cavabdeh həmin məbləğdən cəmi 697 manat borc ödəmiş, hazırda ümumilikdə 1524 manat borcu qalmışdır. Buna görə də ümumilikdə 1524 manat borcun və 30 manat ödənilmiş dövlət rüsumunun cavabdehdən alınaraq “xxxxxxxxxxx” MMC-nin hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdehə iddiaya qarşı əsaslandırılmış etirazın, dəlillərin və onları təsdiq edən sənədlərin təqdim olunması barədə məhkəmə bildirişi vasitəsi ilə təklif olunmuş, lakin cavabdeh məhkəməyə etiraz təqdim etməmişdir. Məhkəmə ərizəni və ona əlavə olunmuş sənədləri tədqiq edərək hesab edir ki, ərizə təmin olunmalıdır xx.xx.2019-cu il tarixli müqavilədən görünür ki, Cavabdeh ilə “xxxxxxxxxxx” MMC arasında dəyəri 1051 manat olan Samsung Galaxy A70 markalı telefonu 12 ay ərzində ödəmək şərti ilə müqavilə bağlanmışdır. xx.xx.2019-cu il tarixli müqavilədən görünür ki, Cavabdeh ilə “xxxxxxxxxxx” MMC arasında dəyəri 9 manat olan 4D Glass Full BLACK qoruyucu örtük 7 ay ərzində ödəmək şərti ilə müqavilə bağlanmışdır. xx.xx.2019-cu il tarixli müqavilədən görünür ki, Cavabdeh ilə “xxxxxxxxxxx” MMC arasında dəyəri 1024 manat olan Samsung Galaxy A70 markalı telefon, Xiaomi Mi band 4 saat 12 ay ərzində ödəmək şərti ilə müqavilə bağlanmışdır. xx.xx-2020-ci il tarixli maliyyə arayışdan görünür ki, Cavabdeh “xxxxxxxxxxx” MMCyə xx.xx.2019-cu il tarixli müqavilə üzrə 756 manat əsas, 75 manat cərimə, xx.xx.2019-cu il tarixli müqavilə üzrə 7 manat əsas və xx.xx.2019-cu il tarixli müqavilə üzrə 624 manat əsas, 62 manat cərimə borcu olmaqla, ümumilikdə 1524 manat borcu vardır. Mülki Məcəllənin 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə isə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Məhkəmə hesab edir ki, Mülki Məcəllənin göstərilən müddəaları baxımından iddiaçı və cavabdeh arasında müqavilə hüquq münasibətlərindən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və iddiaçının ona vurulmuş zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbi də məhz müqavilə hüququ çərçivəsində dəyərləndirilməlidir. Mülki Məcəllənin 385-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli,əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəlikdə tərəf kimi mülki-hüquq münasibətlərinin bütün iştirakçıları – fiziki və hüquqi şəxslər, dövlət hakimiyyəti və yerli özünüidarə orqanları çıxış edə bilərlər (Mülki Məcəllənin 5-ci maddəsi). Hər bir öhdəlikdə borclu – pul ödəməyə, əmlak verməyə, işi icra etməyə, xidmət göstərməyə borclu olan şəxs və kreditor – borcludan vəzifəsini icra etməyi tələb etmək hüququ olan şəxsdir. Mülki Məcəllədə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması – öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsində ifadə olunur. Öhdəliyin lazımınca icra edilməməsi isə Mülki Məcəllənin 426-ci maddəsində təsbit edilmiş «vicdanlılıq» anlayışı ilə birgə dəyərləndirilməlidir. Belə birgə dəyərləndirməyə görə öhdəliyin lazımınca icra edilməməsi dedikdə, öhdəliyin vaxtında icra edilməməsi, xammalın, işin və xidməti qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Mülki Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən isə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Məhkəmə hesab edir ki, mülki qanunvericiliyin yuxarıda şərh olunmuş normaları baxımından cavabdehin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Belə ki, o, müqavilə üzrə üzərinə götürdüyü öhdəliyə yerinə yetirməmişdir. Buna görə də müqavilə üzrə cavabdehin ödəmədiyi qalıq borc və cərimə borcu iddiaçının xeyrinə tutulmalıdır. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ona görə də iddiaçı tərəfindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumu cavabdehə aid edilməlidir. Mülki Prosessual Məcəllənin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 266-220-ci, 284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh xx.xx.2019-cu il tarixli müqavilə üzrə 756 manat əsas, 75 manat cərimə, xx.xx.2019-cu il tarixli müqavilə üzrə 7 manat əsas və xx.xx.2019-cu il tarixli müqavilə üzrə 624 manat əsas, 62 manat cərimə olmaqla, ümumilikdə 1524 manat borc və ödənilmiş 30 manat dövlət rüsumu tutularaq iddiaçı “xxxxxxxxxxx” MMC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM İbrahim Fəttahov
Məhkəmə qərarları › İş №2(046)-716/2020
Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №2(046)-716/2020
03.07.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver