Məhkəmə qərarları › İş №2(046)-720/2020

Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №2(046)-720/2020

17.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № 2(046)-720/2020 17.09.2020 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Məmmədov Səbuhi Mətləb oğlunun katibliyi, İddiaçı QSC-nin nümayəndəsi X1, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakı ilə, İddiaçı QSC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı kredit borcunun qaytarılması tələbinə dair mülki işə Göyçay şəhərində xx xxxxxxxx 2020-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı QSC ərizə ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 026R********** saylı kredit razılaşması üzrə 786.22 manat məbləğində kredit borcunun və 30 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı QSC-nin nümayəndəsi X2 iddianı müdafiə edərək göstərmişdir ki, Cavabdeh1 ilə İddiaçı QSC arasında xx.xx.2014-cü il tarixdə bağlanmış kredit xətti müqaviləsinə əsasən Cavabdeh1 60 ay müddətinə 10000 ABŞ dolları kredit xətti açılmışdır. xx.xx.2014-cü il tarixli kredit razılaşması əsasında18 ay müddətinə aylıq 2.5 faiz olmaqla 1500 manat məbləğində kredit verilmişdir. xx.xx.2015-ci il tarixli və xx.xx.2016-cı il tarixli sazişlərlə razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir. Cavabdeh1 ilə bağlanmış kredit xətti müqaviləsinin təminatı kimi, Cavabdeh2 və Cavabdeh3 ilə İddiaçı QSC arasında xx.xx.2014-cü il tarixdə zaminlik müqavilələri bağlanmışdır. Cavabdeh1 kredit xətti müqaviləsinin şərtlərini pozaraq, borc öhdəliyini tam icra etməmişdir. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh kredit borcunu ödəməmişdir. Cavabdeh1 banka 026R********** saylı kredit razılaşması üzrə 786.22 manat məbləğində kredit borcu qalmışdır. Bundan başqa bank ərizə ilə məhkəməyə müraciət edərkən 30 manat məbləğində dövlət rüsumu ödəmişdir. Buna görə də məhkəmədən iddianın təmin edilməsi xahiş olunmuşdur. İş üzrə Cavabdeh1 iddianı qəbul edərək göstərmişdir ki, İddiaçı QSC ilə aralarında xx.xx.2014-cü il tarixdə bağlanmış kredit xətti müqaviləsinə əsasən ona 60 ay müddətinə 10000 ABŞ dolları kredit xətti açılmışdır. İddiaçı QSC ilə aralarında xx.xx.2014-cü il tarixdə aylıq faiz dərəcəsi 2.5 faiz olmaqla 18 ay müddətinə 1500 manat kredit verilməsi barədə kredit müqaviləsi bağlanmışdır. Maddi imkanı olmadığından bank qarşısında götürdüyü öhdəliyi tam icra edə bilməmişdir. Borclu olduğu kredit borcunu hissə-hissə ödəyəcəkdir. İş üzrə Cavabdeh2 iddianı qəbul etməyək göstərmişdir ki, Cavabdeh1 Hüseyn oğlu ilə bank arasında bağlanmış kredit xətti müqaviləsinin təminatı kimi onunla İddiaçı QSC arasında xx.xx.2014-cü il tarixdə zaminlik müqaviləsi bağlanmışdır. Hesab edir ki, kredit razılaşması və ödəniş planına dəyişiklik edilməsi barədə xx.xx.2016-cı il tarixli saziş üzrə onun razılığı alınmadığından zaminlik müqaviləsinə xitam verilmişdir. Məhkəmədən ona qarşı qaldırılan hissədə rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə Cavabdeh3 məhkəmənin yeri və vaxtı barədə qanunvericilikdə nəzərdə tutulmuş qaydada məhkəmə bildirişləri vasitəsilə məlumat verilmiş, lakin üzrlü səbəb olmadan məhkəmə baxışında iştirak etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda…məhkəmə işə baxmağa haqlıdır. Məhkəmə Cavabdeh3 iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş üzrə tərəfləri dinləyən, təqdim edilmiş sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməlidir. Məhkəməyə təqdim edilmiş xx.xx.2014-cü il tarixli 026L**********60 saylı kredit xətti müqaviləsindən görünür ki, İddiaçı QSC ilə Cavabdeh1 arasında 60 ay müddətinə 10000 ABŞ dolları məbləğində kredit xətti açılması barədə müqavilə bağlanmışdır. Məhkəməyə təqdim edilmiş xx.xx.2014-cü il tarixli 026R********** saylı kredit razılaşmasından görünür ki, Cavabdeh1 aylıq 2.5 faiz ilə 18 ay müddətinə 1500 manat məbləğində kredit verilmişdir. Məhkəməyə təqdim edilmiş xx.xx.2015-ci il tarixli sazişdən görünür ki, kredit xətti müqaviləsi üzrə xx.xx.2014-cü il tarixli 026R********** saylı kredit razılaşmasının ödəniş planına dəyişiklik edilmişdir. Məhkəməyə təqdim edilmiş xx.xx.2016-cı il tarixli sazişdən görünür ki, kredit xətti müqaviləsi üzrə xx.xx.2014-cü il tarixli 026R********** saylı kredit razılaşmasının ödəniş planına dəyişiklik edilmişdir. Məhkəməyə təqdim edilmiş xx.xx.2014-cü il tarixli zaminlik müqavilələrindən görünür ki, İddiaçı QSC ilə Cavabdeh2 və Cavabdeh3 arasında zaminlik müqavilələri bağlanmışdır. Məhkəməyə təqdim edilmiş xx.xx.2015-ci il tarixli ödəniş planından görünür ki, Cavabdeh2 xx xxxxxxxx 2015-ci il tarixli kredit razılaşmasına və ödəniş planına dəyişiklik edilməsinə dair ödəniş planı ilə tanış olmuş və razılığını bildirmişdir. Məhkəməyə təqdim edilmiş xx.xx.2020-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 xx.xx.2020-ci il tarixə banka olan borcu 786.22 manat təşkil edir. Təqdim edilmiş sübutlardan görünür ki, İddiaçı QSC ilə Cavabdeh1 arasında xx.xx.2014-cü il tarixdə 60 ay müddətinə 10000 ABŞ dolları kredit xətti müqaviləsi bağlanmış, həmin müqavilənin təminatı kimi cavabdehlər Cavabdeh2 və Cavabdeh3 ilə bank arasında zaminlik müqaviləsi bağlamış, cavabdehlər Cavabdeh2 və Cavabdeh3 Cavabdeh1 kredit xətti müqaviləsi üzrə öhdəliklərinin icrasına zamin durmuşlar. xx.xx.2014-cü il tarixdə Cavabdeh1 ilə bank arasında bağlanmış kredit razılaşmasına əsasən Cavabdeh1 18 ay müddətinə aylıq 2.5 faiz dərəcəsi ilə 1500 manat kredit götürmüşdür. xx.xx.2015-ci il tarixli və xx.xx.2016-cı il tarixli sazişlərlə xx.xx.2014-cü il tarixli 026R********** saylı kredit razılaşmasının ödəniş planına dəyişiklik edilmişdir. Cavabdeh1 bank qarşısında üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmiş, borclu olduğu pulu müqavilə üzrə tərtib edilmiş ödəniş cədvəlində nəzərdə tutulduğu qaydada iddiaçıya qaytarmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə əsasən əgər bu məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. MM-nin 470-ci və 472-ci maddələrinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Zaminlik müqaviləsi gələcəkdə yaranacaq öhdəliyin təmin edilməsi üçün də bağlana bilər. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər MM-də və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Cavabdeh-borc alan əsas öhdəliyi lazımınca icra etmədiyindən, iddiaçının cavabdehzaminlərə qarşı da tələb hüququ yaranmışdır. Məhkəmə onu da qeyd edir ki, hazırki mübahisənin hüquqi və faktiki halları baxımından cavabdehlər kreditor olan iddiaçının qarşısında müqavilədən irəli gələn birgə borclular kimi çıxış edirlər və müvafiq olaraq da götürdükləri öhdəliklər də birgə öhdəliklər kimi qiymətləndirilməlidir. Bu mənada, məhkəmə hesab edir ki, iddiaçının cavabdehlərə qarşı eyni zamanda hazırki iddia tələbi ilə çıxış etmək və onlardan kredit borcunu müştərək qaydada tutulmasını tələb etmək hüququ həm də MM-nin 500-cü maddəsinin müddəalarından irəli gəlir. Həmin maddəyə görə əgər öhdəliyin icrası bir neçə şəxsə onlardan hər birini öhdəliyin tam icrasında iştirak etməyə borclu edən şəkildə həvalə edilirsə, kreditor isə yalnız birdəfəlik icranı tələb etmək hüququna malikdirsə, onlar birgə borclulardır. Birgə öhdəlik müqaviləyə, qanuna və ya öhdəlik predmetinin bölünməzliyinə əsasən əmələ gəlir. Lakin bu zaman cavabdeh-zaminlərin sonradan əmələ gələcək öhdəliyə görə məsuliyyətinin həcmini müəyyən etməyə imkan verən hallar mühüm şərtlər hesab edildiyindən onlar əsas kredit müqaviləsində dəqiq göstərilməlidir. Tərəflər arasında bağlanmış xx xxxxxx 2014-cü il tarixli zaminlik müqavilələrində isə faiz dərəcəsi və cərimə faizinə dair müddəalar göstərilməmiş, bağlanan kredit razılaşmasına dəyişikliklərə dair sazişlərdə bunlar barədə cavabdeh-zamin Cavabdeh2 xx.xx.2015-ci il tarixli sazış üzrə razılığı alınsa da, xx.xx.2016-cı il tarixli saziş üzrə zaminlər Cavabdeh2 və Cavabdeh3 razılığı alınmamışdır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin həmin Məcəllənin 470.2-ci maddəsi və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.8 və 10.5-ci maddələri, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.11 və 307.4-cü maddələrinin “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 3.2 və 10.5-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair“ Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2018-ci il tarixli Qərarına əsasən zaminlik və ipoteka müqavilələrinin bağlanması üçün kredit xətti müqaviləsində mühüm şərtlər (məbləğ, müddət, faiz dərəcəsi, valyuta və s.) yetərli dərəcədə aydın göstərilməlidir. Kredit xətti müqaviləsində faiz dərəcəsi göstərilmədikdə, bağlanan kredit müqavilələrində faiz dərəcəsi barədə zaminin və ya ipoteka qoyanın razılığı alınmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin “onun məsuliyyətinin artması və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olması” müddəası kredit xətti müqaviləsində nəzərdə tutulan kreditin məbləğinin, müddətinin, faiz dərəcəsinin bağlanan kredit müqavilələrində artırılmasını, kreditin valyutasının zaminin razılığı olmadan dəyişdirilməsini və digər halları nəzərdə tutur. “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 10.5, 14 və 48-ci maddələrinin və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 307.4, 405.1 və 477.0.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2019-cu il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 472.2-ci maddələrinə müvafiq olaraq, zaminlik müqaviləsində başqa qayda nəzərdə tutulmamışdırsa və bu müqavilə qanunvericiliyin tələblərinə uyğun bütün şərtlər (məbləğ, müddət, faiz dərəcəsi, valyuta və s.) barəsində razılıq əldə edilməklə bağlanmışdırsa, zamin borclu ilə birlikdə kreditor qarşısında tam məsuliyyət daşıyır. Bu baxımdan və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477-ci maddəsinin məzmununa uyğun olaraq, zaminin məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olan hallar baş verdikdə, zaminliyə bütövlükdə xitam verilir. İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış kredit razılaşmasına və ödəniş planına dəyişiklik edilməsinə dair xx.xx.2016-cı il tarixli saziş üzrə cavabdeh-zaminlər Cavabdeh2 və Cavabdeh3 razılığı alınmadığından və bu halların zaminlər Cavabdeh2 və Cavabdeh3 məsuliyyətinin artmasına və ya onlar üçün digər əlverişsiz nəticələrə səbəb olduğundan onlar kredit razılaşmasına görə, mülki cavabdehlik və mülki məsuliyyət daşımırlar və zaminliyə bütövlükdə xitam verilir. Ona görə də Məhkəmə hesab edir ki, hazırkı halda iddianın xx.xx.2014-cü il tarixli 026R********** saylı kredit razılaşması üzrə borcun cavabdehlər Cavabdeh2 və Cavabdeh3 tutulmasına dair hissəsi təmin edilə bilməz. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman 30 manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda 30 manat dövlət rüsumu Cavabdeh1 aid edilməlidir. Sadalananlara əsasən məhkəmə hesab edir ki, İddiaçı QSC-nin iddiası qismən təmin edilməli, Cavabdeh1 xx.xx.2014-cü il tarixli 026R********** saylı kredit razılaşması üzrə 786.22 manat məbləğində əsas kredit borcu və 30 manat dövlət rüsumu tutularaq İddiaçı QSC-nə qaytarılmalı, iddia cavabdehlər Cavabdeh2 və Cavabdeh3 qarşı qaldırılan hissədə rədd edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh1 xx.xx.2014-cü il tarixli 026R********** saylı kredit razılaşması üzrə 786.22 manat məbləğində əsas kredit borcu və ödənilmiş 30 manat dövlət rüsumu tutularaq İddiaçı QSC-nin hesabına keçirilsin. İddia tələbi cavabdehlər Cavabdeh2 və Cavabdeh3 qarşı qaldırılan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Göyçay rayon məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: İbrahim Fəttahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar