Məhkəmə qərarları › İş №2(046)-751/2021

Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №2(046)-751/2021

21.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № 2(046)-751/2021 21.10.2021 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Səmidli Nərmin Yaşar qızının katibliyi, Cavabdeh1 iştiraki ilə, iddiaçı LPO İddiaçı ASC-nin cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Vəliyev Rafael Mürşüd oğluna qarşı kredit borcunun tutulması tələbinə dair mülki işə Göyçay şəhərində açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: LPO İddiaçı ASC ərizə ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Vəliyev Rafael Mürşüd oğlundan 2285.71 manat əsas kredit borcu, 779.34 manat faiz borcu, 1214.93 manat cərimə borcu, 343.36 manat gecikdirilmiş vaxt üçün illik 5 faiz borc olmaqla, cəmi 4623.34 manat borcun və ödənilmiş 30 manat dövlət rüsumunun müştərək qaydada tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı LPO İddiaçı ASC ərizə ilə məhkəməyə müraciət edərək işə nümayəndənin iştiraki olmadan baxılmasını və iddianın təmin edilməsini xahiş etmişdir. İş üzrə iddiaçı LPO İddiaçı ASC iddia ərizəsində tələbi belə əsaslandırmışdır ki, LPO İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış 11.09.2015-ci il tarixli kredit müqaviləsinə əsasən Cavabdeh2 24 ay müddətinə illik 28% olmaqla 3000 manat məbləğində kredit verilmişdir. Cavabdeh2 ilə bağlanmış müqavilənin təminatı kimi Cavabdeh1 və Vəliyev Rafael Mürşüd oğlu ilə 11.09.2015-ci il tarixdə zaminlik müqavilələri bağlanmış və digər borclular borc məbləğinə görə Cavabdeh2 ilə birlikdə öhdəlik götürmüşdülər. Tərəflər arasında tərtib edilmiş ödəniş cədvəlinə əsasən, kreditin və kredit faizlərinin cavabdeh tərəfindən banka qaytarılması müddətləri və qaydası müəyyən edilmişdir. Kredit müqaviləsinin şərtinə görə Cavabdeh2 hər ay kredit məbləğini kreditora hissə-hissə ödəməli, eyni zamanda kreditdən istifadəyə görə aylıq faiz məbləğini ödəməlidir. Lakin, Cavabdeh2 kredit müqaviləsi üzrə öhdəliklərini bank qarsısında tam icra etməmişdir. Kredit müqaviləsindən irəli gələn öhdəliyin vaxtında və lazımi qaydada icrasını təmin etmək məqsədi ilə cavabdehlərə dəfələrlə şifahi və yazılı surətdə xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh müqavilə şərtlərini pozaraq ödəmələri vaxtında yerinə yetirməmişdir. Bundan başqa iddiaçı məhkəməyə müraciət edərkən 30 manat dövlət rüsumu ödəmişdir. Buna görə də məhkəmədən tələbin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. İş üzrə Cavabdeh1 iddianı qəbul etməyərək göstərmişdir ki, LPO İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış 11.09.2015-ci il tarixli kredit müqaviləsi üzrə Cavabdeh2 zamin durmuşdur. Zaminlik müqaviləsinin müddəti bitdiyinə görə iddianını rədd edilməsini xahiş etmişdir. İş üzrə cavabdehlər Cavabdeh2 və Vəliyev Rafael Mürşüd oğluna məhkəmənin yeri və vaxtı barədə qanunvericilikdə nəzərdə tutulmuş qaydada məhkəmə bildirişləri vasitəsilə məlumat verilmiş, lakin məhkəmə baxışında iştirak etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda məhkəmə işə baxmağa haqlıdır. Məhkəmə cavabdehlər Cavabdeh2 və Vəliyev Rafael Mürşüd oğlunun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş üzrə cavabdehi dinləyən, təqdim edilmiş sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, iddia Cavabdeh2 qarşı qaldırılan hissədə qismən təmin, digər cavabdehlər Cavabdeh1 və Vəliyev Rafael Mürşüd oğluna qarşı qaldırılan hissədə rədd edilməlidir. Məhkəməyə təqdim edilmiş 11.09.2015-ci il tarixli kredit müqaviləsindən görünür ki, LPO İddiaçı ASC ilə Cavabdeh2 arasında kredit müqaviləsi bağlanmış və Cavabdeh2 24 ay müddətinə illik 28% olmaqla 3000 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsi 11.09.2017-ci il tarixədək qüvvədə olmuşdur. Məhkəməyə təqdim edilmiş 11.09.2015-ci il tarixli zaminlik müqavilələrindən görünür ki, Cavabdeh1 və Vəliyev Rafael Mürşüd oğlu ilə LPO İddiaçı ASC arasında zaminlik müqavilələri bağlanmış, Cavabdeh1 və Vəliyev Rafael Mürşüd oğlu kredit alan Cavabdeh2 borc məbləğinə görə LPO İddiaçı ASC qarşısında öhdəlik götürmüşdülər. Zaminlik müqavilələrinin müddəti 11.09.2017-ci il tarixədək qüvvədə olmuşdur. Təqdim edilmiş sübutlarla müəyyən edilir ki, Cavabdeh2 ilə LPO İddiaçı ASC arasında 11.09.2015-ci il tarixdə kredit müqaviləsi bağlanmış və Cavabdeh2 24 ay müddətinə illik 28% olmaqla 3000 manat məbləğində kredit verilmişdir. Borclunun öhdəliyinin icrasının təmin edilməsi məqsədi ilə 11.09.2015-ci il tarixdə Cavabdeh1 və Vəliyev Rafael Mürşüd oğlu ilə zaminlik müqavilələri bağlanmış və onlar, kredit alan Cavabdeh2 zamin durmuşdur. Cavabdeh2 müqavilə üzrə üzərinə düşən öhdəlikləri vaxtında və lazımi qaydada yerinə yetirməmiş, öhdəliyin icrasından yayınmış, nəticədə Cavabdeh2 banka borcu yaranmışdır. Məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, Cavabdeh1 və Vəliyev Rafael Mürşüd oğlunun LPO İddiaçı ASC zaminlik müqavilələrinin müddəti 11.09.2017-ci il tarixədək qüvvədə olmuş, iddiaçı iddia ərizəsi ilə məhkəməyə 29.03.2021-ci il tarixdə yəni dörd ilə yaxın müddət keçdikdən sonra müraciət etmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 477.0.4-cü maddəsinə əsasən zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Qanunun mənasından görünür ki, Cavabdeh1 və Vəliyev Rafael Mürşüd oğlu ilə LPO İddiaçı ASC arasında bağlanmış zaminlik müqavilələrinin icraatına xitam verilmişdir. Buna görə də məhkəmə hesab edir ki, iddiaçı LPO İddiaçı ASC ilə cavabdehlər Cavabdeh1 və Vəliyev Rafael Mürşüd oğlu arasında bağlanmış zaminlik müqavilələrinə xitam verildiyindən iddia tələbi Cavabdeh1 və Vəliyev Rafael Mürşüd oğluna qarşı qaldırılan hissədə təmin edilə bilməz. Məhkəməyə təqdim edilmiş arayışdan görünür ki, Cavabdeh2 11.09.2015-ci il tarixə müqavilə üzrə əsas kredit borcu 2285.71 manat, faiz borcu 779.34 manat, cərimə borcu 1214.93 manat və 343.36 manat gecikdirilmiş vaxt üçün hesablanmış illik 5 faiz olmaqla cəmi 4623.34 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə əsasən əgər bu məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Həmin məcəllənin 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə əsasən əgər bu məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə hesab edir ki, iddiaçı LPO İddiaçı ASC-nin cavabdehlərdən 1214.93 manat cərimə borcu tələbi tənasübsüz surətdə yüksəkdir. Buna görə də məhkəmə tərəflərin mənafelərini nəzərə alaraq cərimə pulunun tənasübsüz surətdə yüksək hesab edir və həmin cərimə pulunun 4.93 manat məbləğində müəyyən edilməsini qanuna uyğun hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman 30 manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda, iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu Cavabdeh2 aid edilməlidir. Sadalananlara əsasən məhkəmə hesab edir ki, iddiaçı LPO İddiaçı ASC-nin Cavabdeh2 qarşı kredit borcu tələbi qismən təmin edilməli, Cavabdeh2 2285.71 manat əsas kredit borcu, 779.34 manat faiz borcu, 4.93 manat cərimə borcu və 343.36 manat gecikdirilmiş vaxt üçün hesablanmış illik 5 faiz olmaqla, cəmi 3413.34 manat kredit borcu və 30 manat məbləğində ödənilmiş dövlət rüsumu tutularaq LPO KredoBank ASC-yə qaytarılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə q ə t e t d i: İddia qismən təmin edilsin. Cavabdeh2 2285.71 manat əsas kredit borcu, 779.34 manat faiz borcu, 4.93 manat cərimə borcu və 343.36 manat gecikdirilmiş vaxt üçün hesablanmış illik 5 faiz olmaqla, cəmi 3413.34 manat kredit borcu və 30 manat məbləğində ödənilmiş dövlət rüsumu tutularaq iddiaçı LPO İddiaçı ASC-nin hesabına keçirilsin. İddia cavabdehlər Cavabdeh1 və Vəliyev Rafael Mürşüd oğluna qarşı qaldırılan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Göyçay Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: İbrahim Fəttahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar