Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № 2(046)-763/2024 16.04.2024 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Qurbanov Elçin Firudin oğlunun sədrliyi, Burcaliyeva Leyla Sahib qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq , müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 03 sentyabr 2011-ci il tarixdə anadan olmuş oğlu X5 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Şirvan Apellyasiya Məhkəməsinin 13 iyul 2022-ci il tarixli 2(106)-1363/2022 saylı qətnaməsinə əsasən Cavabdeh hər ay sabit pul məbləğində tutulan 150 manat alimentin miqdarının artırılaraq hər ay 235 manat müəyyən edilməsinə, ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı ödədiyi 55 manat mediasiya xərcinin cavabdehdən alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İşin halları: İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, o, Cavabdeh ilə 2010-cu ildə ailə həyatı qurmuşdur. Birgə nikahdan xx.xx.2011-ci il təvəllüdlü X10 anadan olmuşdur. 2016cı ildə aralarında olan nikah Göyçay Rayon Məhkəməsinin qətnaməsi ilə pozulmuş, son olaraq X2 Mülki Kollegiyasının 13 iyul 2022-ci il tarixli 2(106)-1363/2022 nömrəli qətnaməsi ilə 03 sentyabr 2011-ci ildə anadan olmuş X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 150 manat sabit pul məbləğində tutularaq onun xeyrinə ödənilməsi qət edilmişdir. Cavabdehin məhkəmə qətnaməsinə əsasən ödədiyi 150 manat aliment oğlunun saxlanması üçün kifayət etmir. Belə ki, uşaq böyüdükcə onun maddi ehtiyacları daha da artır və ödənilən aliment məbləği uşağın maddi tələbatını təmin etmək üçün çətinliklər yaradır. O yalnız valideynlərinin qazancı hesabına uşağın maddi ehtiyaclarını təmin edə bilmir. Bu səbəbdən də onun maddi vəziyyəti pisləşmişdir. Cavabdeh yalnız təyin edilmiş alimenti ödəməklə kifayətlənir, heç vaxt uşağının yaşayış şəraiti ilə maraqlanmır. Halbuki cavabdeh usta işləyir və yaxşı qazanc əldə edir. Mübahisənin həlli üçün mediatora müraciət etsə də cavabdeh mediasiyaya gəlməmiş, aralarında olan mübahisəni mediasiya vasitəsilə həll etmək mümkün olmamışdır. Bu səbəbdən də eyni tələblə məhkəməyə müraciət etmişdir. Cavabdehin etirazları: Cavabdeh iddiaya qarşı etiraz vermişdir. Etirazda göstərmişdir ki, hazırda o X2 13 iyul 2022-ci il tarixli qətnaməsi ilə 03 sentyabr 2011-ci il tarixdə anadan olmuş övladı X1 üçün təyin edilmiş 150 manat alimenti çətinliklə min-bir əziyyətlə hər ay vaxtlı-vaxtında ödəyir. Ancaq iddiaçının alimentin miqdarının artırılması tələbinə dair iddia ərizəsi təmin edilərsə onun həyatı tamamilə məhv olacaq ikinci nikahdan anadan olmuş 2 uşağı, həyat yoldaşı və özü aclıqdan məhv olacaqdır. O X4 ilə nikaha daxil olub ailə həyatı qurmuşdur. Birgə nikahdan xx.xx.2014-cü il tarixə Tuncay adlı oğlu və xx.xx.2016-cı il tarixdə Yağmur adlı qızı anadan olmuşdur. Həyat yoldaşı azyaşlı uşaqlara baxdığı üçün işləmir, özü isə fərdi işlərlə məşğul olur ki, gündəlik qazancı təxminən 6-7 manat təşkil edir. Özü isə ağciyər vərəmi xəstəliyindən əziyyət çəkir. Bu xəstəliyə görə Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi Elmi Tədqiqat Ağ ciyər Xəstəlikləri İnstitutunda dəfələrlə stasionar müalicələrdə olmuş həmin institutda və Göyçay rayon Mərkəzi Xəstəxanasında qeydiyyatdadır. Ağciyər vərəmi xəstəliyinə görə çox hərəkət və çox işləyə bilmir. Qanhayxırma və ağciyərin dağılma prosesi getdiyi üçün çox əziyyət çəkir. Buna dair sənədələri etiraza əlaə etmişdir. Bu xətəliyə görə o yaxşı qidalanmalı və fiziki işlə az məşğul olmalıdır. O isə alimenti vaxtlı-vaxtında ödəməyi və himayəsində olan 2 azyaşlı uşağı yaşaması üçün hər gün ağır fiziki işdə işləyir. Əgər İddiaçı alimentin miqdarınnın artırılması tələbinə dair iddia ərizəsi təmin edilərsə bu bir ailənin məhvinə səbəb olacaqdır. Odur ki, bütün bunları nəzərə alaraq İddiaçı ona qarşı alimentin miqdarının artırılması tələbinə dair iddia ərizəsini təmin edilməməsini xahiş etmişdir. Məhkəmə icraatı iştirakçılarının iştirakı və izahatları: Məhkəmə iclasında İddiaçı qız iddianı müdafiə etdi, izahat verərək bildirdi ki, Cavabdeh fərdi əməklə məşğul olur,ustadır,fərdi yaşayış evlərinin damını təmir edir,qazancı kifayət qədərdir ki,ikinci dəfə ailə qurur və bu nikahdan 2 uşağı olur. İddia ərizəsində göstərilən xüsusatları təsdiq edərək məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar olunmuş Cavabdeh məhkəməyə gəlməmiş,gəlməməyin səbəbini bildirməmiş, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. İş üzrə iddiaçını dinləyən, təqdim edilmiş sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməlidir. Mülki işdə olan sənədlər: İşə əlavə edilmiş Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli 2(106)-1363/2022 saylı qətnaməsinin surətindən görünür ki, Ağcabədi Rayon Məhkəməsinin 29 mart 2022-ci il tarixli 2(107)-388/2022 saylı qətnaməsindən iddiaçı X7 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Göyçay Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(046)1689/2018 saylı qətnaməsi ilə təyin olunmuş alimentin miqdarının artırılaraq 03 sentyabr 2011-ci ildə anadan olmuş X6 yetkinlik yaşına çatana kimi saxlanması üçün Cavabdeh hər ay 150 manat sabit pul məbləğində alimentin tutulub iddiaçı X3 xeyrinə ödənilməsi qət edilmişdir. İşə əlavə edilmiş xx.xx.2023-cü il tarixdə mediator tərəfindən verilmiş arayışdan görünür ki, İddiaçı ilkin mediasiya sessiyasında Cavabdeh (İMS) iştirak edilməməsi barədə arayış verilmişdir. İlkin mediasiya sessiyası ilə bağlı 55 manat mediasiya xərci İddiaçı tərəfindən ödənilmişdir. İşə əlavə edilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, tərəflərin birgə nikahından xx.xx.2011-ci il tarixdə X8 adlı uşaqları anadan olmuşdur. Tətbiq edilən hüquq normaları: Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə görə valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətə layiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə əsasən dövlət orqanları,bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı,onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar.Azərbaycan Respublikasının normativ hüquqi aktları və müvafiq orqanların qərarları uşaq mənafelərinə zidd olmamalı və onların icrası uşaqların həyatına,inkişafına və tərbiyəsinə zərər gətirməməlidir. «Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikası qanununa görə 2024-cü il üçün yaşayış minimumu uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. «Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76,78 və 112-ci maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 iyul 2016-cı il tarixli Qərarında verilmiş şərhə görə, nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas olar bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir. «Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərlən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli qərarının 8.2-ci bəndinə görə uşağın Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır(«Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir.Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq,qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Həmin Məcəllənin 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda-bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Həmin Məcəllənin 217-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 1000 manatdan 10000 manatadək olduqda 30 manat + 1000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur. «Mediasiya haqqında» Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeydşərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. «Məhkəmə qətnaməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli 04 nömrəli qərarında göstərilmişdir ki, məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. Qərarın 2.4-cü bəndinə görə, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu "N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 yanvar 2006-cı il tarixli qərarında qeyd etmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Məhkəmənin mövqeyi: Məhkəmə nəzərə çatdırır ki,iddia tələbinin hüquqi əsasını təşkil edən Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən,aliment ödənilməsi barədə saziş olmadıqda,məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa,məhkəmə tərəflərdən istənidən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər.Alimentin müəyyən olunmuş miqdarı dəyişdirildiyi hər bir halda,alimentin miqdarı Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.2-ci maddəsinin tələbinə əsasən tərəflərin maddi və ailə vəziyyəti,diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla,uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. İşin müəyyən olunmuş hallarına görə aliment müəyyən olunan vaxtdan sonra uşaqlar üçün nəzərdə tutulmuş yaşayış minimumu artırılmışdır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikası qanununa görə 2024-cü il üçün yaşayış minimumunun uşaqlar üçün 235 manat məbləğində müəyyən edilməsi İddiaçı maddi vəziyyətində dəyişikliyin olmasına səbəb olmuşdur. Bununla yanaşı məhkəmə onu da nəzərə alır, Cavabdeh X4 ilə olan ər-arvad münasibətlərindən iki uşağının olması onun da ailə vəziyyətində dəyişikliyin olmasına səbəb olmuşdur. Məhkəmə hesab edir ki, valideynlərin hər ikisi uşaqlarını saxlamağa borclu olduğundan, tərəflərdən birinin (cavabdehin) ailə vəziyyətində, digər tərəfin (iddiaçının) maddi vəziyyətində dəyişikliyin olması nəzərə alınmalı, aliment təyin olunduqdan sonra xx.xx.2011-ci il təvəllüdlü uşağın böyüməsi ilə maddi tələbatlarının artması,son nəticədə onun himayəsində olduğu ana iddiaçının maddi vəziyyətinə təsir etməsi kimi qiymətləndirilməli və bu cür təsir səbəbindən aliment məbləği dəyişdirilməyəcəyi halda uşağın üstün mənafeləri pozulmuş olar və onun minimum tələbatlarının ödənilməsinə imkan verməyə bilər.Ona görə də məhkəmə «Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76,78 və 112-ci maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 iyul 2016-cı il tarixli Qərarında verilmiş şərhi də nəzərə alıb,hesab edir ki,müəyyən olunmuş aliment məbləği dəyişdirilərək yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın olması üçün Cavabdeh xx.xx.2011-ci il tarixdə anadan olmuş X6 yetkinlik yaşına çatana qədər saxlanması üçün hər ay 200 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilməli, qətnamənin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanmalı, bununla da iddia qismən təmin olunmalıdır. Məhkəmə hesab edir ki,iddia qismən təmin edildiyindən və alimentin miqdarının artırılması tələbi üzrə İddiaçı dövlət rüsumunu ödəməkdən azad edildiyindən,mediasiya xərci Cavabdeh alınaraq İddiaçı verilməli,dövlət rüsumu cavabdehdən alınaraq dövlət nəfinə verilməlidir. Məhkəmə qeyd olunanları nəzərə alıb və Azərbaycan Respublikası MPM-nin 216- 220-ci maddələrini rəhbər tutaraq, qət etdi: İddia qismən təmin edilsin. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli 2(106)- 1363/2022 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı artırılsın. Cavabdeh xx.xx.2011-ci il tarixdə anadan olmuş X6 yetkinlik yaşına çatana qədər saxlanması üçün hər ay 200 manat sabit pul məbləğində aliment alınaraq İddiaçı verilsin. Miqdarı dəyişdirilmiş alimentin tutulmasının əvvəli qətnamənin qanuni qüvvəyə mindiyi vaxtdan hesablansın. Məhkəmə xərcləri cavabdehə aid edilsin. Cavabdeh 50 manat mediasiya xərci alınaraq İddiaçı verilsin. İddia ərizəsinin verilməsi üçün dövlət rüsumu 44 manat məbləğində pul Cavabdeh alınaraq dövlət nəfinə keçirilsin. Qalan hissədə iddia təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Elçin Qurbanov
Məhkəmə qərarları › İş №2(046)-763/2024
Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №2(046)-763/2024
16.04.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver