Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № 2(046)-770/2021 01.12.2021 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Səmidli Nərmin Yaşar qızının katibliyi, iddiaçı LPO DəmirBank ASC-nin nümayəndəsi X2 və cavabdeh X3 iştirakı ilə, qarşı kreditin, faizlərin və zərərin ödənilməsi tələbinə dair mülki işə Göyçay şəhərində açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: LPO DəmirBank ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər X1 və Cavabdeh2 3098.53 ABŞ dolları əsas kredit borcunun, 5822.94 ABŞ dolları faiz borcu, 7158.94 ABŞ dolları cərimə borcu, gecikdirilmiş vaxt üçün hesablanmış 374.10 ABŞ dolları olmaqla, cəmi 16454.41 ABŞ dolları məbləğində borcun və ödənilmiş 30 manat dövlət rüsumunun tutulması, tutmanın Cavabdeh1 məxsus girov qoyulmuş qızıl-zinət əşyalarına yönəldilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə iddiaçı LPO DəmirBank ASC-nin nümayəndəsi X5 iddianı müdafiə edərək tələbi belə əsaslandırmışdır ki, 11.02.2015-ci il tarixdə iddiaçı ilə Cavabdeh1 arasında kredit müqaviləsi bağlanmış və Cavabdeh1 24 ay müddətinə illik 31% olmaqla 6370 ABŞ dolları məbləğində kredit verilmişdir. Həmçinin iddiaçı ilə Cavabdeh1 arasında 11.02.2015ci il tarixdə girov müqaviləsi bağlanmış, Cavabdeh1 özünə məxsus olan qızıl-zinət əşyalarını iddiaçının xeyirinə girov qoymuşdur. Bundan başqa kredit müqaviləsinin təminatı kimi Cavabdeh2 ilə 11.02.2015-ci il tarixdə zaminlik müqaviləsi bağlanmışdır. 02.10.2015-ci il tarixdə tərəflər arasında əlavə saziş bağlanmış, kredit müqaviləsinin müddəti 32 ay müəyyən edilmişdir. Cavabdeh kredit müqaviləsindən irəli gələn öhdəliyin vaxtında və lazımi qaydada icrasını təmin etmək məqsədi ilə cavabdehə dəfələrlə şifahi və yazılı surətdə xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh müqavilə şərtlərini pozaraq faiz və əsas borcdan ödəmələri vaxtında yerinə yetirməmişdir. Buna görə də iddiaçının kredit borcunun girov qoyulmuş cavabdehə məxsus əmlaklara yönəldilməsi hüququ yaranmışdır. Bundan başqa iddiaçı məhkəməyə müraciət edərkən 30 manat dövlət rüsumu ödəmişdir. Buna görə də məhkəmədən tələbin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə cavabdeh X6 iddianı qismən qəbul edərək göstərmişdir ki, iddiaçı kredit müqaviləsi bağlamış, kredit götürmüşdür. Maddi imkanı olmadığından krediti ödəyə bilməmişdir. Banka qalan borcunu hissə-hissə ödəyəcəkdir. Bundan başqa tələbin cərimə hissəsini əsassız hesab edir. İddia təmin edilərkən faiz borcunun ekspertiza rəyində nəzərdə tutulmuş həddə təmin edilməsini xahiş etmişdir. İş üzrə digər cavabdehə məhkəmənin yeri və vaxtı barədə qanunvericilikdə nəzərdə tutulmuş qaydada məhkəmə bildirişləri vasitəsilə məlumat verilmiş, lakin üzrlü səbəb olmadan məhkəmə baxışında iştirak etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda…məhkəmə işə baxmağa haqlıdır. Məhkəmə cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş üzrə tərəfləri dinləyən, təqdim edilmiş sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, iddia təmin X4 qarşı qaldırılan hissədə qismən təmin edilməli, Cavabdeh2 qaldırılan hissədə isə rədd edilməlidir. Məhkəməyə təqdim edilmiş 11.02.2015-ci il tarixli kredit müqaviləsindən görünür ki, LPO DəmirBank ASC-nin Göyçay filialı ilə Cavabdeh1 arasında kredit müqaviləsi bağlanmış və Cavabdeh1 24 ay müddətinə illik 31% olmaqla 6370 ABŞ dolları məbləğində kredit verlmişdir. Məhkəməyə təqdim edilmiş 11.02.2015-ci il tarixli zaminlik müqaviləsindən görünür ki, Cavabdeh2 ilə DəmirBank ASC arasında zaminlik müqaviləsi bağlanmış, zamin kredit alan X3 borc məbləğinə görə DəmirBank ASC qarşısında öhdəlik götürmüşdür. Məhkəməyə təqdim edilmiş 11.02.2015-ci il tarixli girov müqaviləsindən görünür ki, DəmirBank ASC ilə Cavabdeh1 arasında girov müqaviləsi bağlanmış, Cavabdeh1 2 ədəd 42.50 qr çəkidə sep, 3 ədəd 47 qr çəkidə saat, 6 ədəd 34 qr kişi üzüyü, 4 ədəd 13 qr çəkidə klon, 4 ədəd 12 qr çəkidə qadın üzüyü, 2 ədəd 8 qr sırğa, 1 ədəd 2.40 qr çəkidə sadə üzükdən ibarət qızıl-zinət əşyasını müqavilə üzrə borcun təminatı kimi LPO DəmirBank ASC-yə girov qoymuşdur. Təqdim edilmiş sübutlardan görünür ki, DəmirBank ASC ilə Cavabdeh1 arasında illik 24 ay müddətinə illik 31% olmaqla 6370 ABŞ dolları kredit verilməsi barədə müqavilə bağlanmış, Cavabdeh1 arasında öhdəliyin icrasının təmini qaydasında girov müqaviləsi bağlanmış, cavabdeh özünə məxsus qızıl-zinət əşyalarını girov qoymuşdur. Bundan başqa kredit müqaviləsinin təminatı kimi Cavabdeh2 ilə zaminlik müqaviləsi bağlanmışdır. Cavabdeh1 bank qarşısında üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmiş, borclu olduğu pulu müqavilə üzrə tərtib edilmiş ödəniş cədvəlində nəzərdə tutulduğu qaydada iddiaçıya qaytarmamışdır. Buna görə də məhkəmə hesab edir ki, iddiaçı kredit borcunu cavabdehdən tələb etməyə və kredit borcunun girov predmentinə yönəldilməsinə tələb etməkdə haqlıdır. Məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, Cavabdeh2 ilə DəmirBank ASC arasında bağlanmış zaminlik müqaviləsi 02.04.2018-ci il tarixədək qüvvədə olmuş, iddiaçı iddia ərizəsi ilə məhkəməyə 20.10.2020-ci il tarixdə yəni bir ildən artıq müddət keçdikdən sonra müraciət etmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 477.0.4-cü maddəsinə əsasən zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Qanunun mənasından görünür ki, Cavabdeh2 ilə DəmirBank ASC arasında bağlanmış zaminlik müqaviləsinin icraatına xitam verilmişdir. Buna görə də məhkəmə hesab edir ki, iddiaçı DəmirBank ASC ilə Cavabdeh2 arasında bağlanmış zaminlik müqaviləsinə xitam verildiyindən iddia tələbi Cavabdeh2 qarşı qaldırılan hissədə təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə əsasən əgər bu məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 295-ci maddəsinə əsasən girov saxlayanın tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. Məhkəməyə təqdim edilmiş məhkəmə-mühasibatlıq ekspertizasının 30.08.2021-ci il tarixli rəydən görünür ki, X3 «DəmirBank ASC-nə əsas borc 3164.73 ABŞ dolları, faiz borcu 3672.11 ABŞ dolları təşkil edir. Aparılmış tədqiqatın dəyəri 100 manat təşkil edir. Məhkəmə baxışı zamanı iddiaçının nümayəndəsi ekspert rəyini mübahisələndirməmişdir. Məhkəmə hesab edir ki, iddia təmin edilərkən əsas kredit borcu iddia ərizəsində nəzərdə tutulmuş həddə, faiz borcu isə ekspertiza rəyində nəzərdə tutulmuş həddə təmin edilməlidir. Məhkəmə hesab edir ki, iddiaçı DəmirBank ASC-nin cavabdeh X1 7158.84 ABŞ dolları cərimə tələbi tənasübsüz surətdə yüksəkdir. Buna görə də məhkəmə tərəflərin mənafelərini nəzərə alaraq dəbbə pulunun tənasübsüz surətdə yüksək hesab edir və həmin dəbbə pulunun 8.84 ABŞ dolları məbləğində müəyyən edilməsini qanuna uyğun hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. İddiaçı məhkəməyə müraciət etdiyi zaman 30 manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda, iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu cavabdehə aid edilməlidir. Ekspertiza xərci olan 100 manatın 50 manatı cavabdehə, 50 manatı isə iddiaçıya aid edilməlidir. Sadalananlara əsasən məhkəmə hesab edir ki, LPO DəmirBank ASC-nin tələbi qismən təmin edilməli, Cavabdeh1 3098.53 ABŞ dolları əsas kredit borcunun, 3672.11 ABŞ dolları faiz borcu, 8.84 ABŞ dolları cərimə borcu, gecikdirilmiş vaxt üçün hesablanmış 374.10 ABŞ dolları olmaqla, cəmi 7153.58 ABŞ dolları kredit borcu və 30 manat məbləğində ödənilmiş dövlət rüsumu tutulmalı, tutma Cavabdeh1 tərəfindən banka girov qoyulmuş qızıl-zinət əşyalarına yönəldilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh1 3098.53 ABŞ dolları əsas kredit borcu, 3672.11 ABŞ dolları faiz borcu, 8.84 ABŞ dolları cərimə borcu, gecikdirilmiş vaxt üçün hesablanmış 374.10 ABŞ dolları olmaqla, cəmi 7153.58 ABŞ dolları kredit borcu və 30 manat məbləğində dövlət rüsumu tutularaq LPO DəmirBank ASC-nin hesabına ödənilsin. Cavabdehin iddiaçıya olan kredit borcu bank qarşısında girov qoyulmuş Cavabdeh1 məxsus 2 ədəd 42.50 qr çəkidə sep, 3 ədəd 47 qr çəkidə saat, 6 ədəd 34 qr kişi üzüyü, 4 ədəd 13 qr çəkidə klon, 4 ədəd 12 qr çəkidə qadın üzüyü, 2 ədəd 8 qr sırğa, 1 ədəd 2.40 qr çəkidə sadə üzükdən ibarət qızıl-zinət əşyalarına yönəldilsin. Girov predmeti olan qızılzinət əşyaları açıq hərracda satılaraq əldə edilmiş məbləğdən Cavabdeh1nun LPO DəmirBank ASC-yə kredit borcu ödənilsin. İş üzrə ekspertiza xərci olan 100 manat pulun 50 manatı LPO DəmirBank ASC dən, 50 manatı isə cavabdeh X1 alınaraq məhkəmə ekspertiza mərkəzinin VÖEN **********, AZ 34CTRE******************** nömrəli hesabına keçirilsin. Qətnamənin icrası Cavabdeh1nun yaşadığı ərazi üzrə Göyçay rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. İddia Cavabdeh2 qarşı qaldırılan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Göyçay rayon məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: İbrahim Fəttahov
Məhkəmə qərarları › İş №2(046)-770/2021
Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №2(046)-770/2021
01.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver