Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № 2(046)-80/2022 23.09.2022 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Məhkəmə iclas katibi Səmidli Nərmin Yaşar qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Atəşgah Sığorta Şirkəti ASC-yə qarşı ziyan tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Atəşgah Sığorta Şirkəti ASC-dən 2545 manat ziyanın və 30 manat dövlət rüsumunun alınıb verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşin halları: İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, Mülkiyyətində MERCEDES BENZ E220 CDİ MİNİK markalı 90 N0 721 dövlət qeydiyyat nişanlı avtomobili var. xx.xx.2021-ci il tarixdə həmin avtomobillə hərəkətdə olarkən Cavabdeh1 idarə etdiyi VAZ 21061 MİNİK markalı ** BJ *** dövlət qeydiyyat nişanlı avtomobil ilə ona məxsus maşını vurdu. Nəticədə ona məxsus avtomobilə maddi ziyanla nəticələnən yol nəqliyyat hadisəsi baş vermişdir. Bundan sonra Göyçay rayon PŞ-nin DYPB-nin əməkdaşları hadisə yerinə gələrək Cavabdeh1 Azərbaycan Respublikasının İXM-nin 327.1-ci maddəsinə qırx manat məbləğində inzibati cərimə etdilər. Bundan sonra Sığorta Şirkətinə müraciət etmiş, şirkətin əməkdaşı avtomobilə baxış keçirmədən, yalnız onun çəkdiyi şəkillər əsasında ona dəymiş ziyan kimi 350 manat pul verə biləcəklərini bildirmişlər. Həmin məbləğlə razılaşmamış və yenidən Cavabdeh1 və Atəşgah Sığorta Şirkətinə müraciət etsə də ona dəymiş ziyanı ödəməmişlər. Bundan sonra UNİPRİCE MMC qiymətləndirmə şirkətinə müraciət edərək dəymiş ziyanın qiymətləndirilməsini xahiş etmiş, UNİ/F 39-063/21 saylı 05 fevral 2021 -ci il tarixli dəymiş ziyanın qiymətləndirilməsinə dair mütəxəsis rəyinə əsasən mənə məxsus MERCEDES BENZ E220 CDİ MİNİK markalı ** NO *** dövlət qeydiyyat nişanlı avtomobilə 1875 manat maddi ziyan dəydiyi müəyyən edilmişdir. Daha sonra yenidən avtomobili maddi xərc çəkmiş, bununla bağlı ona ziyan aktı vermişlər. Buna görə də iddianın təmin olunmasını xahiş etmişdir. İddiaya etiraz: iş materiallarına əsasən nəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə Cavabdeh2 Sığorta Şirkətində sığorta olunan “Vaz 21061” markalı, ** BJ *** dövlət qeydiyyat nişanlı avtomobil 08 yanvar 2021-ci il tarixində baş vermiş yolnəqliyyat hadisəsi nəticəsində İddiaçı məxsus “Mercedes Benz" markalı ** NO *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 925.1-ci maddəsinə əsasən, sığorta hadisəsi nəticəsində dəymiş zərərin miqdarını sığortalının, sığorta olunanın və ya faydalanan şəxsin, yaxud onların nümayəndəsinin təqdim etdiyi sığorta tələbi əsasında mümkün olan ən qısa müddət ərzində sığortaçı müəyyən edir. Qeyd edilənlərdən məlum olur ki, cavabdeh "Atəşgah” Sığorta Şirkətinin sığorta hadisəsi nəticəsində dəymiş zərəri qiymətləndirmək hüququ qanunvericiliklə təsbit edilmişdir. Bunu nəzərə alaraq cavabdehin texniki ekspertiza şöbəsinin mütəxəssisləri tərəfindən əmlaka dəymiş zərər araşdırılmış və bununla bağlı müvafiq hesabat tərtib edilmişdir. Hesabata əsasən "Mercedes Benz” markalı ** NO *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərin aradan qaldırılması üçün cəmi 349,60 manat tələb olunur. Qeyd edilənlərlə bağlı 19 yanvar 2021-ci il tarixində iddiaçıya rəsmi məktub ünvanlanmış, məktubda dəymiş zərər məbləği barədə ona məlumat verilmiş, eyni zamanda zərər məbləğinin qarşılıqlı razılıq əsasında təyin olunan müstəqil ekspert tərəfindən qiymətləndirilməsi təşkil etməyə hazır olduğu bildirilmişdir. Buna görə də iddianın rədd edilməsini xahiş edir. Məhkəmə icraatı iştirakçılarının iştirakı və izahatları: İş üzrə İddiaçı iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi məhkəməyə ərizə müraciət edərək məhkəmə baxışının iştirakı olmadan keçirilməsini xahiş etmişdir. İş üzrə iddiaçını dinləyən, təqdim edilmiş sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməlidir. Mülki işdə olan sənədlər: Məhkəməyə təqdim edilmiş hesablamanın nəticəsinə xx.xx.2021-ci il tarixli aktın surətindən görünü ki, baş vermiş yol-nəqliyyat hadisəsi zamanı "Mercedes Benz” markalı ** NO *** dövlət qeydiyyat nişanlı avtomobilə 349.60 manat ziyan vurulmuşdur. Məhkəməyə təqdim edilmiş UNİ/F 39-063/21 saylı 05 fevral 2021 -ci il tarixli dəymiş ziyanın qiymətləndirilməsinə dair mütəxəsis rəyindən görünür ki, "Mercedes Benz” markalı ** NO *** dövlət qeydiyyat nişanlı avtomobilə 1875 manat maddi ziyan dəymişdir. Məhkəməyə təqdim edilmiş LANDS MOTORS MMC tərəfindən verilmiş təhvil-təslim aktının surətindən görünür ki, "Mercedes Benz” markalı ** NO *** dövlət qeydiyyat nişanlı avtomobilin ehtiyat hissələrinə və təmirinə 670 manat xərc çəkilmişdir. Məhkəməyə təqdim edilmiş məhkəmə əmtəəşunaslıq ekspertizasının xx.xx.2021-ci il tarixli 9/6108 saylı rəyindən görünür ki, nəzəri hesablama yolu ilə, iş materiallarında olan "xxxx" ASC-nin xx.xx.2021-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2004-cü il buraxılışlı “Mercedes Benz E220 CDİ” markalı, **- NO-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən 700,0 manat müəyyən edilir. Aparılmış ekspertizanın dəyəri 100 manat təşkil edir. Məhkəməyə təqdim edilmiş məhkəmə əmtəəşunaslıq ekspertizasının xx.xx.2022-ci il tarixli 9/3019 saylı rəyindən görünür ki, Nəzəri hesablama yolu ilə, iş materiallarında olan "xxxx" MMC-nin xx.xx.2021-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2004-cü il buraxılışlı “Mercedes Benz E220 CDİ” markalı, **- NO-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən 1750,0 manat müəyyən edilir. Aparılmış ekspertizanın dəyəri 100 manat təşkil edir. Tətbiq edilən hüquq normaları: Azərbaycan Respublikasının MM-nin 925.1-ci maddəsinə əsasən sığorta hadisəsi nəticəsində dəymiş zərərin miqdarını sığortalının, sığorta olunanın və ya faydalanan şəxsin, yaxud onların nümayəndəsinin təqdim etdiyi sığorta tələbi əsasında mümkün olan ən qısa müddət ərzində sığortaçı müəyyən edir. Həmin Məcəllənin 925.2-ci maddəsinə əsasən Sığortaçı dəymiş zərəri müxtəlif üsullarla, o cümlədən zərər dəymiş predmetin və ya hadisə yerinin fiziki və texniki xüsusiyyətlərini müxtəlif vasitələrlə təyin etməklə, sxem və cizgilər tərtib etməklə, foto və video çəkilişlər aparmaqla, bilavasitə özü və ya ‘‘Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 10.10-cu maddəsinin tələbini nəzərə almaqla nümayəndəsi kimi təyin etdiyi sığorta sahəsində yardımçı fəaliyyət göstərən müvafiq şəxs vasitəsilə qiymətləndirir. ‘‘Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 10.10-cu maddəsinə əsasən Azərbaycan Respublikasının sığorta sahəsində yardımçı fəaliyyət göstərən hüquqi şəxsləri və müstəqil ekspertləri yalnız bu Qanunun 95.3-cü maddəsində nəzərdə tutulmuş reyestrə daxil edilmiş olduqları halda sığorta əməliyyatları üzrə xidmət göstərmək üçün cəlb oluna bilərlər. İcbari sığortalar haqqında Haqqında qanunun 17.2-ci maddəsində göstərilir ki, sığorta hadisəsi hesab edilə bilən halın baş verməsi barədə bu Qanunda nəzərdə tutulmuş qaydada məlumat almış sığortaçı sığorta tələbinin bu Qanunun 17.1.1 -ci maddəsində nəzərdə tutulmuş qaydada təqdim edilməsi üçün müraciət edən şəxsi sığorta tələbi üzrə sorğu vərəqi ilə təmin etməli və lazım olduqda həmin vərəqin doldurulması üçün ona köməklik etməlidir. Həmin Qanunun 17.3-cü maddəsinə əsasən sığorta tələbi barədə müraciət sığortaçı tərəfindən qeydiyyata alınır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Adı çəkilən Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. MPM-in 217-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli 04 nömrəli qərarında göstərilmişdir ki, məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. Qərarın 2.4-cü bəndinə görə, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Avropa İnsan Hüquqları Məhkəməsi "Mahmudov Rusiya Federasiyasına” qarşı 26 iyul 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq "affirmanti, non neganti, incumbit probation” (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. "Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq "əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir. "Avşar Türkiyəyə qarşı” iş üzrə qərarında Avropa Məhkəməsi göstərir ki, sübutları qiymətləndirən zaman məhkəmə "əsaslı şübhə yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu "N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 yanvar 2006-cı il tarixli qərarında qeyd etmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Məhkəmənin mövqeyi: Hazırkı iş üzrə isə məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Məhkəmə baxışı zamanı İddiaçı baş vermiş yol-nəqliyyat hadisəsi zamanı, mülkiyyətində olan avtomobilə dəymiş ziyanın aşağı olduğunu iddia edir və müstəqli ekspertlər tərəfindən məhkəməyə təqdim etdiyi ziyan aktları nəticəsində avtomobilə dəymiş ziyanın cavabdelərdən, yəni sığorta şirkətindən və hadisəni törətmiş şəxsdən alınmasını xahiş edir. Məhkəmə tərəfindən iddia tələbinin əsaslı olmağını yoxlanılması üçün ekspertiza təyin edilmiş və ekspert tərəfindən məhkəməyə rəylər təqdim edilmişdir. Məhkəməyə təqdim edilmiş xx.xx.2021-ci il tarixli ekspert rəyi sığorta şirkəti tərəfindən təqdim edilmiş hesablama aktı ilə, xx.xx.2022-ci il tarixli 9/3019 saylı ekspert rəyi isə iddiaçı tərəfindən təqdim edilmiş hesablama aktı ilə verilmişdir. İcbari sığortalar haqqında Haqqında qanunun 17.2-ci maddəsində göstərilir ki, sığorta hadisəsi hesab edilə bilən halın baş verməsi barədə bu Qanunda nəzərdə tutulmuş qaydada məlumat almış sığortaçı sığorta tələbinin bu Qanunun 17.1.1 -ci maddəsində nəzərdə tutulmuş qaydada təqdim edilməsi üçün müraciət edən şəxsi sığorta tələbi üzrə sorğu vərəqi ilə təmin etməli və lazım olduqda həmin vərəqin doldurulması üçün ona köməklik etməlidir. Həmin Qanunun 17.3-cü maddəsinə əsasən sığorta tələbi barədə müraciət sığortaçı tərəfindən qeydiyyata alınır. Qanunun mənasından göründüyü kimi "xxxx" ASC-nin xx.xx.2021 -ci il tarixli qüsur aktı qanunu pozmaqla əldə edildiyindən sübut kimi qiymətləndirilə bilməz. Buna görə də məhkəmə hesab edir ki, iddia təmin edilərkən xx.xx.2022-ci il tarixli 9/3019 saylı ekspert rəyi nəzərə alınmalıdır. Bundan başqa baş vermiş yol-nəqliyyat hadisəsi zamanı dəymiş ziyan sığorta şirkəti tərəfindən ödənildiyindən, iddia Cavabdeh1 qarşı qaldırılan hissədə təmin edilə bilməz. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu cavabdeh "xxxx" ASC-dən alınaraq İddiaçı verilməlidir. 200 manat ekspertiza xərcinin 100 manatı cavabdeh "xxxx" ASC-dən, 100 manatı isə İddiaçı alınaraq ekspertiza mərkəzinə ödənilməlidir. Beləliklə, məhkəmə tərəflərin təqdim etdiyi sübutlara hüquqi qiymət verərək hesab edir ki, İddiaçı iddiası qismən təmin edilməli, cavabdeh "xxxx" ASC-dən 1750 manat pul və ödənilmiş 30 manat dövlət rüsumu alınaraq İddiaçı ödənilməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216-220 və 222.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh "xxxx" ASC-dən 1750 manat pul və ödənilmiş 30 manat dövlət rüsumu alınaraq İddiaçı ödənilsin. İddia Cavabdeh1 qarşı qaldırılan hissədə təmin edilməsin. 200 manat ekspertiza xərcinin 100 manatı cavabdeh "xxxx" ASC-dən, 100 manatı isə İddiaçı alınaraq ekspertiza mərkəzinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən apelyasiya şikayəti verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: İbrahim Fəttahov
Məhkəmə qərarları › İş №2(046)-80/2022
Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №2(046)-80/2022
23.09.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver