Məhkəmə qərarları › İş №2(046)-857/2020

Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №2(046)-857/2020

27.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № 2(046)-857/2020 27.10.2020 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Məmmədov Səbuhi Mətləb oğlunun katibliyi, İddiaçı ASC-nin nümayəndəsi X1 və Cavabdeh1 iştirakı ilə,İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı kredit borcunun ödənilməsi tələbinə dair mülki işə Göyçay şəhərində xx xxxxxxx 2020-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ASC ərizə ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada 777.60 ABŞ dolları əsas kredit borcu, 56.94 ABŞ dolları faiz borcu, 3045.08 ABŞ dolları penya olmaqla, cəmi 3879.62 ABŞ dolları kredit borcunun və 30 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə İddiaçı ASC-nin nümayəndəsi X2 iddianı müdafiə edərək göstərmişdir ki, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 ilə İddiaçı ASC arasında xx.xx.2010-cu il tarixdə bağlanmış kredit müqaviləsinə əsasən illik 34 faiz olmaqla 18 ay müddətinə, Cavabdeh1 2500 ABŞ dolları, Cavabdeh2 2000 ABŞ dolları, Cavabdeh3 2000 ABŞ dolları və Cavabdeh4 1500 ABŞ dolları kredit verilmişdir. Cavabdehlərə dəfələrlə bildirişlə müraciət olunmasına baxmayaraq, kreditin və faizlərin ödənilməsi üçün tədbir görməmişlər, birgə borcluluq barədə kredit müqaviləsindən irəli gələn öhdəliklər lazımi qaydada icra edilməmişdir. Cavabdehlər sonuncu dəfə xx.xx.2017-ci il tarixdə banka ödəniş etmişlər. Buna görə də cavabdehlərdən müştərək qaydada cəmi 3879.62 ABŞ dolları kredit borcunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bundan başqa bank ərizə ilə məhkəməyə müraciət edərkən 30 manat dövlət rüsumu ödəmişdir. İş üzrə Cavabdeh1 iddia müddətinin tətbiqi barədə ərizə ilə müraciət edərək məhkəmə iclasında iddianı qəbul etməyərək göstərmişdir ki, İddiaçı AC ilə aralarında kredit müqaviləsi xx.xx.2010-cu il tarixdə bağlanmışdır. İddiaçı guya 2017-ci il tarixdə banka ödəniş aparıldığını göstərsə də, iddia ərizəsinə ödəniş edilməsi barədə heç bir ödəniş qəbzinə istinad edilməmişdir. Halbuki, onun tərəfindən kredit üzrə ödənişlər 2015ci ilə kimi aparılmış və iddiaçı 2020-ci ildə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Buna görə də İddiaçı ASC-nin kredit müqaviləsi üzrə ümumilikdə 3879.62 ABŞ dolları borcun qaytarılması tələbi üzrə müddət bitdiyindən, tələbin rədd edilməsini xahiş etmişdir. İş üzrə cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 məhkəmənin yeri və vaxtı barədə qanunvericilikdə nəzərdə tutulmuş qaydada məhkəmə bildirişləri vasitəsilə məlumat verilmiş, lakin cavabdehlər məhkəmə baxışında iştirak etməmişlər. Məhkəmə cavabdehlərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş üzrə tərəfləri dinləyən, təqdim edilmiş sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməlidir. Məhkəməyə təqdim edilmiş xx.xx.2010-cu il tarixli kredit müqaviləsindən görünür ki, İddiaçı ASC ilə Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 arasında illik 34 faiz olmaqla 18 ay müddətinə birgə kredit müqavilə bağlanmış, Cavabdeh1 2500 ABŞ dolları, Cavabdeh2 2000 ABŞ dolları, Cavabdeh3 2000 ABŞ dolları və Cavabdeh4 1500 ABŞ dolları kredit verilmişdir. Məhkəməyə təqdim edilmiş maliyyə arayışından görünür ki, cavabdehlərin banka borcu 777.60 ABŞ dolları əsas, 56.94 ABŞ dolları faiz, 3045.08 ABŞ dolları penya olmaqla, cəmi 3879.62 ABŞ dolları təşkil edir. Təqdim edilmiş sübutlardan görünür ki, İddiaçı” ASC ilə Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 arasında illik 34 faiz olmaqla 18 ay müddətinə birgə kredit müqavilə bağlanmış, Cavabdeh1 2500 ABŞ dolları, Cavabdeh2 2000 ABŞ dolları, Cavabdeh3 2000 ABŞ dolları və Cavabdeh4 1500 ABŞ dolları kredit müqavilə bağlanmışdir. Cavabdehlər bank qarşısında üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmiş, borclu olduğu pulu müqavilə üzrə tərtib edilmiş ödəniş cədvəlində nəzərdə tutulduğu qaydada iddiaçıya qaytarmamışlar. Buna görə də məhkəmə hesab edir ki, iddiaçı kredit borcunu cavabdehlərdən müştərək qaydada tutulmasını tələb etməyə haqlıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə əsasən əgər bu məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Mülki Məcəllənin 500-ci maddəsinə görə əgər öhdəliyin icrası bir neçə şəxsə onlardan hər birini öhdəliyin tam icrasında iştirak etməyə borclu edən şəkildə həvalə edilirsə, kreditor isə yalnız birdəfəlik icranı tələb etmək hüququna malikdirsə, onlar birgə borclulardır. Birgə öhdəlik müqaviləyə, qanuna və ya öhdəlik predmetinin bölünməzliyinə əsasən əmələ gəlir. Mülki qanunvericiliyin yuxarıda şərh olunmuş normalarına əsaslanaraq məhkəmə hesab edir ki, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 hərəkətləri nəticəsində kredit təşkilatı müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olmuş və və bununla da onun hüququ Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 tərəfindən pozulmuşdur. Belə ki, kredit müqaviləsi üzrə borc verənin krediti verməsi borc alanın aldığı pul vəsaitini borc verənə qaytarmasını şərtləndirir. Məhkəmə hesab edir ki, kredit müqaviləsinin bağlandığı tarixin xx.xx.2011-ci il tarix olduğu əsas götürülərsə, cavabdehlər tərəfindən 49.89 manat sonuncu ödəniş xx.xx.2017ci il tarixdə ödəniş edildiyindən iddia tələbi üzrə qanunda nəzərdə tutulmuş 3 illik iddia müddəti buraxılmış hesab edilməməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.3-cü maddəsinə əsasən vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç ildir. Həmin Məcəllənin 377.2-ci maddəsinə əsasən icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. Tərəflər arasında bağlanmış kredit müqaviləsi xx.xx.2015-ci il tarixədək qüvvədə olmuşdur. İddiaçı tərəf isə xx.xx.2020-ci il tarixdə məhkəmədə iddia qaldırdığından, üç illik iddia müddəti iddiaçı tərəfindən buraxılmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2.-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Həmin Məcəllənin 376.-cı maddəsinə əsasən əsas tələb üzrə iddia müddəti keçdikdə əlavə tələblər (girov, dəbbə pulu, saxlama, zaminlik, beh) üzrə də iddia müddəti keçir. Cavabdeh1 iddia müddətinin tədbiq edilməsi ilə bağlı ərizəsinə əsasən məhkəmə hesab edir ki, iddiaçı tərəfindən təqdim edilən xx.xx.2020-ci il tarixli hesabdan çıxarışa əsasən cavabdehlər tərəfindən xx.xx.2017-ci il tarixdə 49.89 manat ödəniş edilmiş və iddiaçı xx.xx.2020-ci il tarixdə ərizə ilə məhkəməyə müraciət etmiş və üç illik iddia müddətini ötürməmişdir. Buna görə də Cavabdeh1 iddia müddətinin tədbiq edilməsi barədə ərizəsi təmin edilə bilməz. Məhkəmə hesab edir ki, iddiaçı "İddiaçı" ASC-nin cavabdehlərdən 3045.08 ABŞ dolları cərimə tələbi tənasübsüz surətdə yüksəkdir. Buna görə də məhkəmə tərəflərin mənafelərini nəzərə alaraq dəbbə pulunun tənasübsüz surətdə yüksək hesab edir və həmin dəbbə pulunun 5.08 ABŞ dolları məbləğində müəyyən edilməsini qanuna uyğun hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman 30 manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda məhkəmə hesab edir ki, ödənilmiş 30 manat dövlət rüsumu cavabdehlərə aid edilməlidir. Sadalananlara əsasən məhkəmə hesab edir ki, İddiaçı ASC-nin iddiası qismən təmin edilməli, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada 777.60 ABŞ dolları əsas kredit borcu, 56.94 ABŞ dolları faiz borcu, 5.08 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 839.62 ABŞ dolları kredit borcu və iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu tutularaq İddiaçı ASC-nə qaytarılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada 777.60 ABŞ dolları əsas kredit borcu, 56.94 ABŞ dolları faiz borcu, 5.08 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 839.62 ABŞ dollarının ödəniş anında Azərbaycan manatına məzənnəsi və iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu tutularaq İddiaçı ASC-nin hesabına keçirilsin. Qətnamənin icrası Göyçay rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: İbrahim Fəttahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar