Məhkəmə qərarları › İş №2(046)-875/2023

Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №2(046)-875/2023

22.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № 2(046)-875/2023 22.05.2023 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Qurbanov Elçin Firudin oğlunun sədrliyi, Qəniyev Nurlan Mehman oğlunun katibliyi, Cavabdeh1 iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı kredit borcunun tutulması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Borclular Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 kreditor İddiaçı İKB ASC-nin xeyrinə 4391,92 ABŞ dolları əsas, 2198,72 ABŞ dolları faiz borcu, 935,56 ABŞ dolları cərimə olmaqla, cəmi 7526,2 ABŞ dolları borcun Azərbaycan manatı ilə məzənnəsi və 20 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulmasına dair Göyçay Rayon Məhkəməsinin 29 iyun 2018-cı il tarixli məhkəmə əmri çıxarılmışdır. Borclu Cavabdeh1 məhkəmə əmrində verilmiş tələbə qarşı etiraz vermiş, Göyçay Rayon Məhkəməsinin 07 mart 2023-cü il tarixli qərardadı ilə Göyçay Rayon Məhkəməsinin 29 iyun 2018-cı il tarixli məhkəmə əmri ləğv edilmiş və iddia icraatına keçmişdir. Sonradan iddiaçı "xxxx" ASC (əvvəlki adı İddiaçı İKB ASC) iddia ərizəsinə əlavə verərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 27 oktyabr 2014-cü il tarixli kredit müqaviləsi üzrə 1922,85 ABŞ dolları əsas, 2198,72 ABŞ dolları faiz, 935,56 ABŞ dolları cərimə və kredit müqaviləsi üzrə xx.xx.2017-ci il tarixdən xx.xx.2023-cü il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 (beş) faiz hesablanmış 761,60 ABŞ dolları məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə cəmi 5818,73 ABŞ dolları borcun və 20 manat ödənilmiş dövlət rüsumunun əvəzinin alınaraq "xxxx" ASC-yə verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İşin halları: İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, Cavabdeh1 27 oktyabr 2014-cü il tarixli kredit müqaviləsinə əsasən İddiaçı İKB ASC-dən illik 28 faizlə 24 ay müddətinə 6400 ABŞ dolları kredit götürmüşdür. Borcun təminatı olaraq Cavabdeh2 və Cavabdeh3 ilə 27 oktyabr 2014-cü il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Lakin borclu müqavilənin şərtlərini pozaraq öhdəliyini icra etməkdən boyun qaçırmışdır. Məhkəmə icraatı iştirakçılarının iştirakı və izahatları: Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş iddiaçı "xxxx" ASC-nin nümayəndəsi məhkəməyə gəlməmiş, "xxxx" ASC-nin nümayəndəsi X1 ərizə ilə məhkəməyə müraciət edərək, işə onun iştirakı olmadan mahiyyəti üzrə baxılaraq iddianın təmin edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.6-ci maddəsinə əsasən işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə iclasında Cavabdeh1 iddianı etiraf etmədi, izahat verərək bildirdi ki, İddiaçı İKB ASC ilə aralarında illik 28 faiz olmaqla 24 ay müddətinə 6400 ABŞ dolları məbləğində kredit verilməsi barədə müqavilə bağlanmışdır. Kredit müqaviləsinin təminatı olaraq Cavabdeh2 və Cavabdeh3 ilə zaminlik müqaviləsi bağlanmışdır. Həmin kredit müqaviləsi üzrə hər ay vaxtlı-vaxtında ödənişlər edilmişdir. Sonrdan maddi imkanı olmadığından banka olan borcunu ödəyə bilməmişdir.Kredit müqaviləsini imzalayanda oxumamışdır,elə bilmişdir ki,kredit ona manatla verilmişdir.Sonradan iddiaçı ilə borcun qaytarılması ilə əlaqədar danışıqlar aparmış,ona bildirmişlər ki,əgər 2000 ABŞ dolları birdəfəlik ödəsə kredit bağlanar.Lakin bu məbləğdə pul ödəməyə maddi imkan olmadığından pulu ödəyə bilməmişdir. İddiaçıya olan kredit borcunu hissə-hissə ödəyəcəkdir.Tələb edilən cərimə ilə razı deyil,cərimənin azaldılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar olunmuş cavabdehlər Cavabdeh2 və Cavabdeh3 məhkəməyə gəlməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Cavabdehin izahatını dinləyib, iş üzrə təqdim edilmiş sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməlidir. Mülki işdə olan sənədlər: İşə əlavə edilmiş xx.xx.2014-cü il tarixli bank hesab, kredit və zaminlik müqaviləsindən görünür ki, "xxxx" ASC ilə Cavabdeh1 arasında illik 28 faiz olmaqla 24 ay müddətinə 6400 ABŞ dolları məbləğində kredit verilməsi barədə müqavilə bağlanmışdır. İşə əlavə edilmiş xx.xx.2014-cü il tarixli bank hesab, kredit və zaminlik müqaviləsindən görünür ki, "xxxx" ASC ilə ilə Cavabdeh2 və Cavabdeh3 arasında zaminlik müqaviləsi bağlanmış, Cavabdeh2 və Cavabdeh3 kredit alan Cavabdeh1 öhdəliyini icra etmədikdə (kredit və onun faizini, cəriməni və digər zərəri şərtləşdirilmiş müddət və qaydada ödəmədikdə) həmin öhdəliyin tam icra olunmasını üzərlərinə götürmüşlər. İşə əlavə edilmiş 5-MZ2-1-0-3601-14 saylı kredit müqaviləsinə xx.xx.2015-ci il tarixli 1 saylı əlavədən görünür ki, Cavabdeh1 5542,30 ABŞ dolları məbləğində krediti illik 26 faizlə 30 ay müddətinə "xxxx" ASC-nə ödəməyi öhdəsinə götürmüşdür. İşə əlavə edilmiş xx.xx.2014-cü il tarixli bank hesab, kredit və zaminlik müqaviləsinə xx.xx.2015-ci il tarixli əlavələrdən görünür ki, zaminlər Cavabdeh3 və Cavabdeh2 kreditin müddətinin əvəz edilərək 35 ay 9 gün hesab edilməsinə, kreditin bağlanma tarixinin xx.xx.2017-ci il hesab edilməsinə, kreditin illik faiz dərəcəsinin 26 faiz hesab edilməsinə razılıq vermişdir. İşə əlavə edilmiş xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 "xxxx" ASC-nə 1922,85 ABŞ dolları əsas, 2198,72 ABŞ dolları faiz, 935,56 ABŞ dolları cərimə, illik 5 (beş) faiz hesablanmış 761,60 ABŞ dolları məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə cəmi 5818,73 ABŞ dolları borcu vardır. İşə əlavə edilmiş qəbzdən görünür ki, işə baxılması ilə əlaqədar dövlət rüsumu üçün 20 manat və xidmət haqqı üçün 40 qəpik məbləğində pul iddiaçı tərəfindən ödənilmişdir. Tətbiq edilən hüquq normaları: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür,digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 743-cü maddəsinə əsasən əgər borc alanın əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üçün təhlükə yaradarsa, borc verən borcun dərhal qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhtəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərini və borclunun öhtəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 24 dekabr 2014-cü il tarixli qərarında göstərilmişdir ki, müqavilənin qüvvədə olma müddətinin bitməsinə baxmayaraq, müqavilə tərəflərin qarşılıqlı hüquqi bağlılığı davam edir və MM-nin 339.4-cü maddəsinə əsasən müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəfləri müqavilənin həmin müddət qurtarana qədər yol verilmiş pozulmasına görə məsuliyyətdən azad etmir. Bu isə MM-in «Öhdəliklərin icra edilməməsi» adlanan 22-ci fəslində və «Öhdəliklərin icra edilməməsi üçün məsuliyyət» adlanan 23-cü fəslində müəyyən edilmiş müddəaların tətbiq edilməsini tələb edir. ... Kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Bu zaman pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi illik beş faizdən yüksək olduqda, kreditor tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsi ilə əlaqəli şəkildə kreditin ödənişi üzrə gecikdirilmiş vaxt üçün həmin Məcəllənin 449.1-ci maddəsinə müvafiq olaraq müəyyənləşdirilən miqdarda faizlər hesablanır. Kreditor vəsaitdən yenidən istifadə edə bilməməsi ilə bağlı ona daha böyük ziyanın vurulduğunu sübut etdikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsi və müvafiq hallarda həmin Məcəllənin 449.3-cü maddəsinə əsasən onun zərərin əvəzinin ödənilməsini tələb etməyə dair əlavə hüququ yaranır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir; işə qiyabi baxıldığı halda qətnamənin nəticə hissəsində cavabdehin qətnamənin ləğvi üçün ərizə vermə qaydası da əks olunmalıdır. Həmin Məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. «Məhkəmə qətnaməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli 04 nömrəli qərarında göstərilmişdir ki, məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. Qərarın 2.4-cü bəndinə görə, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Məhkəmənin mövqeyi: Hazırkı iş üzrə məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir: İddiaçı İKB ASC ilə Cavabdeh1 arasında illik 28 faiz olmaqla 24 ay müddətinə 6400 ABŞ dolları kredit verilməsi barədə 27 oktyabr 2014-cü il tarixdə müqavilə bağlanmışdır. 27 oktyabr 2014-cü il tarixdə İddiaçı İKB ASC ilə cavabdehlər Cavabdeh2 və Cavabdeh3 arasında zaminlik müqaviləsi bağlanmış, Cavabdeh2 və Cavabdeh3 kredit alan Cavabdeh1 öhdəliyini icra etmədikdə (kredit və onun faizini, cəriməni və digər zərəri şərtləşdirilmiş müddət və qaydada ödəmədikdə) həmin öhdəliyin tam icra olunmasını üzərlərinə götürmüşlər. Cavabdeh1 bank qarşısında üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmiş, borclu olduğu kredit borcunu müqavilə üzrə tərtib edilmiş ödəniş cədvəlində nəzərdə tutulduğu qaydada iddiaçıya qaytarmamışdır. Buna görə də iddiaçı kredit borcunu cavabdehdən tutulmasını tələb etməkdə haqlıdır. Məhkəmə hesab edir ki, iddianın əsas və faiz borcu tələbinə dair hissəsi əsaslı olduğundan təmin edilməlidir. Cavabdeh1 İddiaçı İKB ASC xx.xx.2014-cü il tarixli kredit müqaviləsi üzrə ödəməli olduğu borcu ödəməkdən yayınaraq gecikdirmişdir. İddiaçı cavabdehin qanunsuz sahibliyində olan və fəaliyyətində istifadə etdiyi pul vəsatinin ödənilməsini cavabdeh gecikdirdiyinə görə ondan gecikdirilmiş vaxt üçün illik 5 faizin ödənilməsini tələb edə bilər, cavabdeh də həmin pul məbləğinin ödənilməsini gecikdirdiyindən gecikdirilmiş vaxt üçün iddiaçıya illik 5 faiz, yəni 761,60 ABŞ dolları ödəməyə borcludur. Buna görə də məhkəmə hesab edir ki, iddia kredit müqaviləsi üzrə xx.xx.2017-ci il tarixdən xx.xx.2023-cü il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 (beş) faiz hesablanmış 761,60 ABŞ dolları məbləğində əldən çıxmış fayda tələbinə dair hissədə təmin edilməlidir. Məhkəmə işin faktiki hallarını nəzərə alıb belə bir nəticəyə gəlir ki, məhkəmə tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bildiyindən, öhdəliyin vaxtında icra edilməməsinə görə 935,56 ABŞ dolları məbləğində cərimə tənasübsüz surətdə yüksək dəbbə pulu hesab olunmalı, buna görə də tələb olunan cərimə 200 ABŞ dolları məbləğinədək azaldılmalı, iddia bu hissədə qismən təmin olunmalıdır. Məhkəmə toplanmış sübutlara qiymət verərək hesab edir ki, İddiaçı İKB ASC ilə Cavabdeh1 arasında etibarlı kredit müqaviləsinin bağlanmasına baxmayaraq, cavabdeh kredit müqaviləsi ilə üzərinə düşən öhdəliyi vaxtında yerinə yetirmədiyindən və bununla da onun əmlak vəziyyətinin əhəmiyyətli dərəcədə pisləşməsi müəyyən edildiyindən, Cavabdeh1 xx.xx.2024-cü il tarixli kredit müqaviləsi üzrə aldığı krediti iddiaçı "xxxx" ASCnə (əvvəlki adı İddiaçı İKB ASC)-nə qaytarmalıdır. Digər cavabdehlər Cavabdeh2 və Cavabdeh3 27 oktyabr 2014-cü il tarixli zaminlik müqavilələrinə görə borclu Cavabdeh1 ilə eyni həcmdə iddiaçı "xxxx" ASC qarşısında məsuliyyət daşıdığından, xx.xx.2014-cü il tarixli kredit müqaviləsi üzrə borcun qaytarılması cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 hesabına təmin edilməlidir. Məhkəmə qeyd olunanları nəzərə alıb, hesab edir ki, iddia qismən təmin edildiyindən məhkəmə xərcləri cavabdehlərə aid edilməli, dövlət rüsumu üçün ödənilmiş 20 manat və xidmət haqqı üçün ödənilmiş 40 qəpik məbləğində pul cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 tutularaq iddiaçı "xxxx" ASC -nə verilməlidir. Beləliklə, məhkəmə tərəflərin təqdim etdiyi sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 1922,85 (bir min doqquz yüz iyirimi iki ABŞ dolları səksən beş sent) ABŞ dolları əsas, 2198,72 (iki min bir yüz doxsan səkkiz ABŞ dolları yetmiş iki sent) ABŞ dolları faiz, 200 (iki yüz) ABŞ dolları cərimə, gecikdirilmiş vaxt üçün illik beş faiz 761,60 (yeddi yüz altmış bir ABŞ dolları altmış sent) ABŞ dolları əldən çıxmış fayda olmaqla, cəmi 5083,17 (beş min səksən üç ABŞ dolları on yeddi sent) ABŞ dolları məbləğində ödəniş gününə Azərbaycan Respublikası manatının məzənnəsi ilə hesablanaraq pul alınıb iddiaçı "xxxx" ASC -nə verilməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 216- 220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Gecikdirilməyə görə hesablanmış 935,56 ABŞ dolları məbləğində cərimə 200 ABŞ dolları məbləğinədək azaldılsın. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 1922,85 (bir min doqquz yüz iyirimi iki ABŞ dolları səksən beş sent) ABŞ dolları əsas, 2198,72 (iki min bir yüz doxsan səkkiz ABŞ dolları yetmiş iki sent) ABŞ dolları faiz, 200 (iki yüz) ABŞ dolları cərimə, gecikdirilmiş vaxt üçün illik beş faiz 761,60 (yeddi yüz altmış bir ABŞ dolları altmış sent) ABŞ dolları əldən çıxmış fayda olmaqla, cəmi 5083,17 (beş min səksən üç ABŞ dolları on yeddi sent) ABŞ dolları məbləğində ödəniş gününə Azərbaycan Respublikası manatının məzənnəsi ilə hesablanaraq pul alınıb iddiaçı "xxxx" ASC -nə verilsin. Dövlət rüsumu üçün ödənilmiş 20 manat və xidmət haqqı üçün ödənilmiş 40 qəpik məbləğində pul cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 tutularaq iddiaçı "xxxx" ASC -nə verilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən bir ay müddətində Göyçay rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Elçin Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar