Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № 2(046)-903/2022 11.03.2022 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Səmidli Nərmin Yaşar qızının katibliyi, İddiaçı, cavabdehlər X1 və Cavabdeh1 iştirakı ilə, maneələrin aradan qaldırılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ünvan 1 ünvanda yerləşən 0.04089 ha torpaq sahəsinə hazarın çəkilməsinə cavabdehlərin yaratdığı maneələrin aradan qaldırılması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı iddianı müdafiə edərək göstərmişdir ki, ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evi və həmin evin yerləşdiyi torpaq sahəsi onun xüsusi mülkiyyətindədir. Sözügedən fərdi yaşayış evinə dair tərtib edilmiş texniki pasportda mülkiyyətində olan torpaq sahəsinin sərhədləri, döngə nöqtələri dəqiq müəyyən edilmiş və buna dair plan çəkilmişdir. Mülkiyyətində olan torpaq sahəsinin digər qonşularla həmsərhəd olan hissəsinə daş hasar çəkilsə də, lakin cavabdeh Elson İsgəndərovun mülkiyyətində olan torpaq sahəsi ilə həmsərhəd olan əraziyə daş hasar çəkilməmişdir. Buna səbəb kimi isə cavabdehlərlə əvəllər münasibətlərimizin normal olması, anlayışla mane olmadan mülkiyyətində olan torpaq sahələrindən istifadə etməkləri olmuşdur. Hazırda cavabdehlərlə münasibətləri pozulmuş, aralarında tez-tez mübahisələr baş verir ki, bu da onun rahat şəkildə mülkiyyətində olan torpaq sahəsindən istifadə etməyinə maneələr yaradır. Texniki pasportda olan ölçülərə uyğun olaraq cavabdeh Elson İsgəndərovun mülkiyyətində olan torpaq sahəsi ilə həmsərhəd əraziyə daş hasar çəkmək istəsə də cavabdehlər buna mane olmuş, ərazidə ustaların işləməsinə əngəllər yaratmışlar.Buna görə də iddianın təmin edilməsini xahiş etmişdir. İş üzrə cavabdehlər X2 və Cavabdeh1 iddianı qəbul etməyərək göstərmişdir ki, İddiaçı mülkiyyətində olan 0.04089 ha həyətyanı torpaq sahəsi iddiaçının mərhum oğlunun xüsusi mülkiyyətində olmuşdur. Miras əmlaka vərəsəlik hüququ haqqında şəhadətnamə verilərkən mərhumun qardaşı kimi onunda, yəni X1 adı da həmin şəhadətnamə göstərilməmiş, ona da həmin miras əmlakdan pay verilməmişdir. Buna görə də qeyd edilən həyətyanı torpaq sahəsinə iddiaçı tərəfindən hasar çəkilməsinə mane olurlar. Bu səbəbdən iddianın rədd edilməsini xahiş etmişlər. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş üzrə sübutların məcmusuna qiymət verməklə belə nəticəyə gəlir ki, iddia tələbi təmin olunmalıdır. Məhkəməyə təqdim edilmiş Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 2 ünvanda 0.040890 ha torpaq sahəsi və həmin sahəsi üzərində yerləşən fərdi yaşayış evi 10.11.2021-ci il tarixdə İddiaçı xüsusi mülkiyyəti kimi dövlət qeydiyyatına alınmışdır. Məhkəmə belə qənaətə gələrkən aşağıdakıları nəzərə alır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının tərəfdar olduğu «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 20 mart 1952-ci il tarixli Protokolunun (1 saylı Protokolun) 1 -ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Yuxarıdakı müddəalar dövlətin ümumi maraqlarına müvafiq olaraq, mülkiyyətdən istifadəyə nəzarəti həyata keçirmək üçün, yaxud vergilərin və ya digər rüsum və ya cərimələrin ödənilməsini təmin etmək üçün zəruri olan qanunları yerinə yetirmək hüququnu məhdudlaşdırmır. Azərbaycan Respublikası Konstitusiyasının 12-ci maddəsinin 2-ci hissəsinə görə Konstitusiyada sadalanan insan və vətəndaş hüquqları və azadlıqlar Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun tətbiq edilir. X5 Hüquqları Məhkəməsi «X3rşı» işi üzrə 30 noyabr 2004-cü il tarixli qərarında göstərmişdir ki, «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin 1- ci hissəsində «mülkiyyət» anlayışı fiziki mallar üzərində mülkiyyətlə məhdudlaşmayan müstəqil mənaya malikdir və daxili qanunvericilikdəki formal təsnifatdan asılı deyil: məsələ bütövlükdə nəzərdən keçirilən işin halları ilə həmin maddə əsasında müdafiə olunan əhəmiyyətli mənafelər üzərində titulun ərizəçiyə təqdim edilib-edilməməsinin müəyyənləşdirilməsindən ibarətdir. Müvafiq olaraq, bu müddəanın məqsədləri üçün fiziki mallarla yanaşı, əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da «əmlak hüquqları» və beləliklə, «mülkiyyət» kimi qiymətləndirilə bilər. «Mülkiyyət» anlayışı «mövcud mülkiyyətlə» məhdudlaşmır və ərizəçinin maraqlarını, o cümlədən mülkiyyət hüququnun səmərəli həyata keçirilməsinin əldə olunmasına ən azı əsaslı və «qanuni gözləntiyə» malik olduğuna dair tələblərini də əhatə edə bilər. «Van Marle və başqaları Niderlanda qarşı» iş üzrə qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, maddi dəyəri olan hər hansı hüquq 1-ci maddədə ifadə olunmuş «əmlak» anlayışı ilə əhatə olunur. Avropa Məhkəməsi «Akimova Azərbaycana qarşı» qərarında eyni mövqedən çıxış edərək, ərizəçinin mənzilə olan hüququnun müvafiq qeydiyyata alınmaması onu mülkiyyət kimi tanınması üçün maneə hesab etməmişdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Marks Belçikaya qarşı iş üzrə qərarında qeyd etmişdir ki, öz əmlakına sərəncam vermək mülkiyyət hüququnun adi və əsasını təşkil edən aspektidir və əmlakdan maneəsiz istifadə hüququ mahiyyəti etibarilə mülkiyyət hüququna təminat verir. Sporronq və Lonnpot İsveçə qarşı işdə isə Məhkəmə göstərmişdir ki, mülkiyyətçinin əmlakına hüququ ilə bağlı statusu toxunulmaz qalsa da, mülkiyyət hüququnun həyata keçirilməsi imkanının məhdudlaşdırılması ilə mülkiyyət hüququ "şərti və qeyri-sabit” xarakter almış olur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, həmin Məcəllədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Şərh olunanlara əsaslanmaqla Məhkəmə belə nəticəyə gəlir ki, iddiaçının iradəsinin ziddinə olaraq əmlaklarına dair hüquqlarının həyata keçirilməsinə cavabdehlərin maneələr yaratmaları onun həmin əmlaklarına olan hüquqlarını "şərti və qeyri-sabit” xarakterli edir. Beləliklə, mülkiyyət hüququ təbiəti etibarilə nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərindəki hüquqlarına üçüncü şəxslərin qeyri-hüquqi müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Cavabdehlərin hərəkətləri iddiaçının əmlakları üzərində olan hüquqlarının pozuntusunu yaradan hal kimi qəbul edilməlidir. Bütün yuxarıda göstərilən işin faktiki hallarının məcmusunu nəzərə almaqla, həmçinin onlara tətbiq ediləcək şərh olunan hüquq normalarını rəhbər tutmaqla məhkəmə belə qənaətə gəlir ki, iddia tələbi təmin olunmalı, Göyçay şəhəri N.Rəfibəyli küçəsi 30 saylı ünvanda yerləşən İddiaçı mülkiyyətində olan torpaq sahəsinin sərhədlərinə daş hasar çəkilməsinə cavabdehlər X1 və Cavabdeh1 yaratdığı maneələr aradan qaldırılmalıdır. Mülki Prosessual Məcəllənin 119.1 -ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ərizənin verilməsi ilə əlaqədar ödənilmiş 100 manat dövlət rüsumu müştərək qaydada cavabdehlərdən alınaraq iddiaçıya ödənilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. ünvan 3 ünvanda yerləşən İddiaçı mülkiyyətində olan 0.04089 ha torpaq sahəsinin sərhədlərinə daş hasar çəkilməsinə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 yaratdığı maneələr aradan qaldırılsın. İş üzrə ödənilmiş 100 manat dövlət rüsumu müştərək qaydada cavabdehlərdən alınaraq iddiaçıya ödənilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətdə Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM: İbrahim Fəttahov
Məhkəmə qərarları › İş №2(046)-903/2022
Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №2(046)-903/2022
11.03.2022 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver