Məhkəmə qərarları › İş №2(046)-91/2022

Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №2(046)-91/2022

22.09.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № 2(046)-91/2022 22.09.2022 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Məhkəmə iclas katibi Səmidli Nərmin Yaşar qızının katibliyi ilə, İddiaçı QBKT MMC cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı borcun ödənilməsi tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı QBKT MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada müştərək qaydada 1750 ABŞ dolları əsas kredit borcu, 141.47 ABŞ dolları faiz borcu olmaqla cəmi 1891.47 ABŞ dolları kredit borcu və 30 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasın xahiş etmişdir. İşin halları: İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, Cavabdeh1 ilə Finca Azərbaycan QBKT MMC arasında xx.xx.2015-ci il tarixdə bağlanmış kredit müqaviləsinə əsasən Cavabdeh1 illik 22.95 faiz olmaqla 12 ay müddətinə 1750 ABŞ dolları kredit verilmişdir. Cavabdeh1 ilə bağlanmış kredit müqaviləsinin təminatı kimi Cavabdeh2 ilə Finca Azərbaycan QBKT MMC arasında xx.xx.2015-ci il tarixdə zaminlik müqaviləsi bağlanmışdır. Bundan sonra Cavabdeh1 ilə Finca Azərbaycan QBKT MMC arasında xx.xx.2016-cı il tarixdə kredit müqaviləsi üzrə saziş bağlanmış, həmin sazişə əsasən Cavabdeh1 qalıq borcu 2745 manat müəyyən edilmiş, kredit müqaviləsinin müddəti xx.xx.2016-cı il tarixədək uzadılmışdır. Bundan sonra Cavabdeh1 ilə Finca Azərbaycan QBKT MMC arasında xx.xx.2016-cı il tarixdə kredit müqaviləsi üzrə saziş bağlanmış,həmin sazişə əsasən Cavabdeh1 qalıq borcu 2643 manat müəyyən edilmiş, kredit müqaviləsinin müddəti 30 ay, yəni xx.xx.2018-ci il tarixədək uzadılmışdır. Cavabdeh1 kredit müqaviləsinin şərtlərini pozaraq, borc öhdəliyini tam icra etməmişdir. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh kredit borcunu ödəməmişdir. Cavabdeh1nın banka cəmi 1891.47 ABŞ dolları kredit borcu qalmışdır. Bundan başqa bank ərizə ilə məhkəməyə müraciət edərkən 30 manat dövlət rüsumu ödəmişdir. Məhkəmə icraatı iştirakçılarının iştirakı və izahatları: İş üzrə İddiaçı QBKT MMC məhkəməyə ərizə ilə müraciət edərək məhkəmə iclasının iddiaçının nümayəndəsinin iştiraki olmadan keçirilməsi və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh1 keçən məhkəmə iclasında iştirak edərək bildirmiş ki, xx.xx.2016-cı il tarixli sazişə imza etməmişdir. Buna görə də iddia müddəti tətbiq edilərək iddianın rədd edilməsini xahiş etmişdir. İş üzrə cavabdehə məhkəmənin yeri və vaxtı barədə qanunvericilikdə nəzərdə tutulmuş qaydada məhkəmə bildirişləri vasitəsilə məlumat verilmiş, lakin cavabdehin məhkəmə baxışında iştirak etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda…məhkəmə işə baxmağa haqlıdır. Məhkəmə cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş üzrə təqdim edilmiş sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, iddia rədd edilməlidir. Mülki işdə olan sənədlər: Məhkəməyə təqdim edilmiş xx.xx.2015-ci il tarixli kredit müqaviləsindən görünür ki, İddiaçı QBKT MMC ilə Cavabdeh1 arasında illik 20.05 faiz olmaqla 18 ay müddətinə 2000 ABŞ dolları kredit verilməsi barədə müqavilə bağlanmışdır. Məhkəməyə təqdim edilmiş xx.xx.2015-ciil tarixli zaminlik müqaviləsindən görünür ki, İddiaçı QBKT MMC ilə Cavabdeh2 arasında zaminlik müqaviləsi bağlanmışdır. Məhkəməyə təqdim edilmiş xx.xx.2016-ci il tarixli əlavə sazişdən görünür ki, Cavabdeh1 ilə İddiaçı QBKT MMC arasında bağlanmış kredit müqaviləsinin müddəti xx.xx.2016-cı il tarixədək uzadılmışdır. Məhkəməyə təqdim edilmiş xx.xx.2016-ci il tarixli əlavə sazişdən görünür ki, Cavabdeh1 ilə İddiaçı QBKT MMC arasında bağlanmış kredit müqaviləsinin müddəti xx.xx.2018-ci il tarixədək uzadılmışdır. Məhkəməyə təqdim edilmiş məhkəmə-xəttşünaslıq ekspertizasının xx.xx.2022-ci il tarixli 4/103 saylı rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş, mülki işin 52-ci vərəqəsində olan xx.xx.2016-cı il tarixli **********3883 saylı kredit müqaviləsinin restrukturizasiyasına dair xx.xx.2016-cı il tarixli sazişdə “Kredit Alan” qrafasındakı imzanın və xx.xx.2015-ci il tarixli **********2885 saylı kredit müqaviləsinin restrukturizasiyasına dair xx.xx.2016-cı il tarixli sazişdə (i.v.54) “Kredit Alan” qrafasındakı imzanın - Cavabdeh1 tərəfindən icra olunub-olunmamasını tədqiqat prosesinin təsvirində göstərilən səbəblərə görə müəyyən etmək mümkün olmadı. Aparılmış tədqiqatın dəyəri 104 manat təşkil edir. Məhkəməyə təqdim edilmiş məhkəmə-xəttşünaslıq ekspertizasının xx.xx.2022-ci il tarixli 4/783 saylı rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş, mülki işin 52-ci vərəqəsində olan xx.xx.2016-cı il tarixli **********3883 saylı kredit müqaviləsinin restrukturizasiyasına dair xx.xx.2016-cı il tarixli sazişdə “Kredit Alan” qrafasındakı imza Cavabdeh1 tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. Aparılmış tədqiqatın dəyəri 124 manat təşkil edir. Tətbiq edilən hüquq normaları: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.3-cü maddəsinə əsasən vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç ildir. Həmin Məcəllənin 377.2-ci maddəsinə əsasən icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə əsasən əgər bu məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhtəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərini və borclunun öhtəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin Məcəllənin 217-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli 04 nömrəli qərarında göstərilmişdir ki, məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. Qərarın 2.4-cü bəndinə görə, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Avropa İnsan Hüquqları Məhkəməsi "Mahmudov Rusiya Federasiyasına” qarşı 26 iyul 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq "affirmanti, non neganti, incumbit probation” (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. "Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq "əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir. "Avşar Türkiyəyə qarşı” iş üzrə qərarında Avropa Məhkəməsi göstərir ki, sübutları qiymətləndirən zaman məhkəmə "əsaslı şübhə yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu "N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 yanvar 2006-cı il tarixli qərarında qeyd etmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmənin mövqeyi: Hazırkı iş üzrə məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Təqdim edilmiş sübutlarla müəyyən edilir ki, Cavabdeh1 ilə "xxxx" QBKT MMC arasında xx.xx.2015-ci il tarixdə kredit müqaviləsi bağlanmış və Cavabdeh1 20.05 faiz olmaqla 18 ay müddətinə 2000 ABŞ dolları məbləğində kredit verilmişdir. Borclunun öhdəliyinin icrasının təmin edilməsi məqsədi ilə xx.xx.2015-ci il tarixdə Cavabdeh2 ilə zaminlik müqaviləsi bağlanmış və o kredit alan Cavabdeh1 zamin durmuşdur. Bundan sonra xx.xx.2016-ci il tarixli əlavə sazişə əsasən Cavabdeh1 ilə İddiaçı QBKT MMC arasında bağlanmış kredit müqaviləsinin müddəti xx.xx.2016-cı il tarixədək uzadılmışdır. Eləcə də xx.xx.2016-ci il tarixli əlavə sazişə əsasən Cavabdeh1 ilə İddiaçı QBKT MMC arasında bağlanmış kredit müqaviləsinin müddəti xx.xx.2018-ci il tarixədək uzadılmışdır. Məhkəmə baxışı zamanı Cavabdeh1 xx.xx.2016-cı il tarixli sazişə imza etmədiyini bildirmiş, bununla bağlı məhkəmə tərəfində xəttşunaslıq ekspertizası təyin edilmiş, ekspertin rəyinə əsasən İddiaçı QBKT MMC ilə Cavabdeh1 arasında xx.xx.2016-cı il tarixdə bağlanmış sazişin Cavabdeh1 tərəfindən deyil, başqa şəxs tərəfindən imza edildiyi müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, kredit müqaviləsinin bitmə tarixi xx.xx.2016-ci il tarixli əlavə sazişə əsasən xx.xx.2016-cı il olduğu əsas götürülərsə, iddia tələbi üzrə qanunda nəzərdə tutulmuş 3 illik iddia müddəti buraxılmış hesab edilməlidir. Tərəflər arasında bağlanmış müqavilə xx.xx.2016-cı il tarixədək qüvvədə olmuşdur. İddiaçı tərəf isə iddia ərizəsi ilə xx.xx.2021-ci il tarixdə məhkəməyə müraciət etmişdir. Göründüyü kimi üç illik iddia müddəti iddiaçı tərəfindən buraxılmışdır. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu İddiaçı QBKT MMC-yə aid edilməli, 228 manat ekspertiza xərci iddiaçıdan alınaraq ekspertiza mərkəzinə ödənilməlidir. Beləliklə, məhkəmə tərəflərin təqdim etdiyi sübutlara hüquqi qiymət verərək hesab edir ki, İddiaçı QBKT MMC-nin Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada müştərək qaydada 1750 ABŞ dolları əsas kredit borcu, 141.47 ABŞ dolları faiz borcu olmaqla cəmi 1891.47 ABŞ dolları kredit borcu və 30 manat məbləğində dövlət rüsumunun tutulması tələbinə dair iddiası rədd edilməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216220 və 222.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia rədd edilsin. İddiaçı QBKT MMC-nin Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada müştərək qaydada 1750 ABŞ dolları əsas kredit borcu, 141.47 ABŞ dolları faiz borcu olmaqla cəmi 1891.47 ABŞ dolları kredit borcu və 30 manat məbləğində dövlət rüsumunun tutulması tələbinə dair iddiası təmin edilməsin. İş üzrə 228 manat ekspertiza xərci İddiaçı QBKT MMC -dən alınaraq məhkəmə ekspertiza mərkəzinin VÖEN **********, AZ 34CTRE******************** nömrəli hesabına keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən apelyasiya şikayəti verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: İbrahim Fəttahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar