Məhkəmə qərarları › İş №2(046)-922/2021

Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №2(046)-922/2021

05.07.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № 2(046)-922/2021 05.07.2021 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Səmidli Nərmin Yaşar qızının katibliyi, İddiaçı nümayəndəsi X3 Cavabdeh iştirakı ilə, dəymiş ziyanın ödənilməsi tələbinə dair mülki işə Göyçay şəhərində açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı məhkəməyə müraciət edərək Cavabdeh qaz sayğacına edilmiş müdaxiləyə görə hesablanmış 426.60 manat itirilmiş qazın dəyərinin, 20 manat məbləğində dövlət rüsumunun və 0.40 qəpik xidmət haqqının tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı nümayəndəsi X4 iddianı müdafiə edərək tələbini belə əsaslandırmışdır ki, İddiaçı Ağsu X5 idarəsinin Göyçay Xidmət sahəsinin mütəxəssisləri 01.02.2019-cu il tarixdə iddiaçının yaşadığı ünvanda quraşdırılmış məişət qaz sayğacı açaraq növbədənkənar dövlət yoxlamasına göndərilmiş və sayğaca kənar müdaxilə edildiyi aşkar edilmiş, sayğac istismara yararsız hesab edilmişdir. Həmin akta əsasən iddiaçının evində istifadə etdiyi qaz işlədici avadandıqlar və onların parametrlərinə dair təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktı tərtib edilərək itirilmiş qazın dəyərinin hesablanması məqsədi ilə İddiaçı İB-nin Ağsu RQİİ-nə göndərilmişdir. Həmin akta əsasən Ağsu RQİİ-nin İstehlakçılara satılan qaza nəzarət şöbəsində itirilmiş qazın bərpası üzrə akt tərtib edilərək X1 Göyçay XS-nın abonent bazasındakı abonent koduna 4266 m3 – 426.60 manat məbləğində itirilmiş qazın dəyəri hesablanaraq vurulmuşdur. Buna görə də iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edilir. Cavabdeh iddianı qəbul etməyərək göstərmişdir ki, Göyçay rayonunun Qaraməryəm kəndində yaşayır. İddiaçı İB-nin əməkdaşları evinə quraşdırılmış qaz sayğacını iki dəfə sökərək aparmış və bu barədə aktlar tərtib etmişlər. Evindən çıxarılmış sayğaclar dövlət yoxlanılmasına göndərilmiş, sayğaclara kənar müdaxilə olduğu aşkar edilmişdir. Bu barədə İddiaçı tərəfindən "təbii qazdan istifadə qaydalarının pozulması haqqında" 01.02.2019-cu il tarixli akt tərtib edilmiş, 426.60 manat dəyərində itirilmiş qazın həcminin hesablanmışdır. Halbuki, sayğaca heç bir müdaxilə etməmişdir. Bundan əlavə həmin sayğac evdən kənarda yerləşmişdir. Buna görə də iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəməyə təqdim edilmiş 01.02.2019-cu il tarixli təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktdan görünür ki, Göyçay Xidmət Sahəsinin əməkdaşları istehlakçı Cavabdeh yaşadığı Göyçay rayonunun Qaraməryəm kəndində yerləşən fərdi yaşayış evində təbii qazın uçotu və TQİQ-na riayət olunması yoxlanılmış və sayğaca kənar müdaxilə edildiyi aşkar edilmişdir. İş üzrə tərəflərin izahatını dinləyən, təqdim edilmiş sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, iddia rədd edilməlidir. İş materiallarından göründüyü kimi tərəflər arasında təbii qazdan istifadə qaydaları ilə bağlı mübahisə yaranmışdır. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 9-cu bəndinə əsasən məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12.05.2011-ci il tarixli, 80 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları"nın 4.2-ci bəndinə görə qaz sayğacı ilə təchiz edilmə, onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir. Bu Qaydaların 4.7-ci bəndinə əsasən sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Həmin Qaydaların 4.8-ci bəndinə görə fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Qaydaların 4.9-cu bəndinə əsasən zədələnmiş qaz sayğacının (hesablama mexanizmlərinin sıradan çıxması, baxış pəncərəsinin sınması, qoruyucu plombların qırılması, texniki nasazlıqlar və s.) təmir olunması, həmin sayğacın dövlət yoxlanmasından keçirilməsi, dəyişdirilməsi və quraşdırılması müraciət edildiyi gündən başlayaraq 15 iş günündən gec olmayaraq bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq qaz paylayıcısı tərəfindən həyata keçirilir. Məhkəmədə tədqiq edilmiş sübutlar əsasında müəyyən edilmişdir ki, cavabdehin yaşayış sahəsinə qoyulmuş qaz sayğacı evdən kənarda quraşdırılmışdır. Yaşayış sahəsindən kənarda qoyulmuş qaz sayğacının işlək vəziyyətdə saxlanılmasına görəCavabdehlik daşımır. Həmin cavabdehliyi qaz paylayıcısı olan iddiaçı daşıyır, sayğaca kənar müdaxilə edilməsi cavabdehin təqsirli hərəkətləri nəticəsində baş verməmiş, eyni zamanda cavabdehin qaz sayğacına kənar müdaxilə etməsi barədə heç bir mötəbər sübut müəyyən olunmamışdır. Sayğaca istehlakçı tərəfindən kənar müdaxilənin müəyyən edilmədiyi halda, kifayət qədər əsas olmadan itirilmiş qazın bərpası üçün hesablanmış maddi ziyanın iddiaçıdan tutulması qərara alınmışdır. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2–ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və biri-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. (§ 68). Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana» qarşı 06 mart 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman 20 manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda 20 manat dövlət rüsumu və 0.40 manat xidmət haqqı İddiaçınə aid edilməlidir. Beləliklə, məhkəmə, iş üzrə tədqiq edilmiş sübutlara hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia rədd edilməli, İddiaçı Cavabdeh qaz sayğacına edilmiş müdaxiləyə görə hesablanmış 426.60 manat itirilmiş qazın dəyərinin, 20 manat məbləğində dövlət rüsumunun və 0.40 qəpik xidmət haqqının tutulması barədə tələbi təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 357, 360cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia rədd edilsin. İddiaçı Cavabdeh qaz sayğacına edilmiş müdaxiləyə görə hesablanmış 426.60 manat itirilmiş qazın dəyərinin, 20 manat məbləğində dövlət rüsumunun və 0.40 qəpik xidmət haqqının tutulması barədə tələbi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Göyçay Rayon Məhkəməsi vasitəsilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: İbrahim Fəttahov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar