Məhkəmə qərarları › İş №2(046)-944/2021

Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №2(046)-944/2021

16.07.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № 2(046)-944/2021 16.07.2021 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Səmidli Nərmin Yaşar qızının katibliyi, iddiaçı X2 nümayəndəsi X6 iştirakı ilə, Azəriqaz İB-nin Cavabdeh qarşı dəymiş ziyanın ödənilməsi və əsassız hesablanmış borcun siliniməsi tələblərinə dair mülki işə Göyçay şəhərində 02 iyul 2021-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X4 ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh sayğaca edilmiş müdaxiləyə görə 399.60 manat pulun, 20 manat məbləğində dövlət rüsumunun və 0.40 qəpik xidmət haqqının tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh X1rşı qarşılıqlı iddia qaldıraraq X4 tərəfindən əsassız hesablanmış 399.60 manat pulun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə iddiaçı X2 nümayəndəsi X7 iddianı müdafiə edərək tələbini belə əsaslandırmışdır ki, İddiaçı Ağsu X8 idarəsinin Göyçay Xidmət sahəsinin mütəxəssisləri 21.08.2019-cu il tarixdə cavabdehin yaşadığı ünvanda quraşdırılmış məişət qaz sayğacını yeni qaz sayğacı ilə əvəz edərək, fərdi yaşayış evindən açılan sayğacı növbədənkənar dövlət yoxlamasına göndərmişlər. Sayğac istismara yararsız hesab edilmişdir. Həmin Akta əsasən cavabdehin evində istifadə etdiyi qaz işlədici avadandıqlar və onların parametrlərinə dair “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” aktı tərtib edilərək itirilmiş qazın dəyərinin hesabllanması məqsədi ilə İddiaçı İB-nin Ağsu RQİİ-nə göndərilmişdir. Həmin aktlara əsasən Ağsu RQİİ-nin İstehlakçılara satılan qaza nəzarət şöbəsində itirilmiş qazın bərpası üzrə Akt tərtib edilərək Cavabdeh Göyçay XS-nın abonent bazasındakı abonent koduna 3996 m3 – 399.60 manat məbləğində itirilmiş qazın dəyəri hesablanaraq vurulmuşdur. Buna görə də iddia tələbinin təmin edilməsini xahiş etmişdir. İş üzrə cavabdehə məhkəmənin yeri və vaxtı barədə qanunvericilikdə nəzərdə tutulmuş qaydada məhkəmə bildirişləri vasitəsilə məlumat verilmiş, lakin üzrlü səbəb olmadan məhkəmə baxışında iştirak etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda…məhkəmə işə baxmağa haqlıdır. Məhkəmə cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Cavabdeh qarşılıqlı iddia ərizəsini onunla əsaslandırmışdır ki, İddiaçı İB-nin əməkdaşları evinə quraşdırılmış qaz sayğacını aparmış və bu barədə akt tərtib etmişlər. Evindən çıxarılmış sayğac dövlət yoxlanılmasına göndərilmiş, sayğaca kənar müdaxilə olduğu aşkar edilmişdir. Buna görə də 399.60 manat məbləğində cərimə edilmişdir. Sayğac evindən kənarda yerləşir, sayğaca heç bir müdaxilə etməmişdir. Buna görə də ilkin iddianın rədd, qarşılıqlı iddianın isə təmin edilməsini xahiş etmişdir. İş üzrə ilkin iddiaçının nümayəndəsinin izahatını dinləyən, təqdim edilmiş sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, ilkin iddia rədd, qarşılıqlı iddia isə təmin edilməlidir. Məhkəməyə təqdim edilmiş ******* saylı təbii qazdan istifadə qaydalarının pozulması haqqında Aktdan görünür ki, Göyçay Xidmət Sahəsinin əməkdaşları istehlakçı Cavabdeh məxsus Göyçay rayonu 1-ci Ərəbcəbirli kəndində yerləşən fərdi yaşayış evində təbii qazın uçotu və TQİQ-na riayət olunması yoxlanılmış və sayğaca kənar müdaxilə edildiyi aşkar edilmişdir Məhkəməyə təqdim edilmiş İddiaçı itirilmiş qazın bərpasına dair tələbnamədən görünür ki, Cavabdeh Göyçay XS-nin abonent bazasındakı abonent koduna 3996 m3 itirilmiş qazın bərpası üçün dəymiş ziyan hesablanmışdır. Məhkəməyə təqdim edilmiş Abonentin saldosundan görünür ki, Cavabdeh akt üzrə Azəriqaz İB-nə 399.60 manat borcu vardır. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 9-cu bəndinə əsasən məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12.05.2011-ci il tarixli, 80 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları"nın 4.2-ci bəndinə görə qaz sayğacı ilə təchiz edilmə, onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir. Bu Qaydaların 4.7-ci bəndinə əsasən sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Həmin Qaydaların 4.8-ci bəndinə görə fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Qaydaların 4.9-cu bəndinə əsasən zədələnmiş qaz sayğacının (hesablama mexanizmlərinin sıradan çıxması, baxış pəncərəsinin sınması, qoruyucu plombların qırılması, texniki nasazlıqlar və s.) təmir olunması, həmin sayğacın dövlət yoxlanmasından keçirilməsi, dəyişdirilməsi və quraşdırılması müraciət edildiyi gündən başlayaraq 15 iş günündən gec olmayaraq bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq qaz paylayıcısı tərəfindən həyata keçirilir. Məhkəmədə tədqiq edilmiş sübutlar əsasında müəyyən edilmişdir ki, Cavabdeh yaşayış sahəsinə qoyulmuş qaz sayğacı evdən kənarda quraşdırılmışdır. Yaşayış sahəsindən kənarda qoyulmuş qaz sayğacının işlək vəziyyətdə saxlanılmasına görə Cavabdehlik daşımır. Həmin cavabdehliyi qaz paylayıcısı olan Azəriqaz İB daşıyır, sayğaca kənar müdaxilə edilməsi Cavabdeh təqsirli hərəkətləri nəticəsində baş verməmiş, eyni zamanda Cavabdeh qaz sayğacına kənar müdaxilə etməsi barədə heç bir mötəbər sübut müəyyən olunmamışdır. Sayğaca istehlakçı tərəfindən kənar müdaxilənin müəyyən edilmədiyi halda, kifayət qədər əsas olmadan itirilmiş qazın bərpası üçün hesablanmış maddi ziyanın Cavabdeh tutulması qərara alınmışdır. Beləliklə, məhkəmə, iş üzrə tədqiq edilmiş sübutlara hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, ilkin iddia rədd, qarşılıqlı iddia qismən təmin olunmalı, İddiaçı Ağsu X8 idarəsinin Göyçay Xidmət sahəsi tərəfindən tərtib edilmiş akta əsasən Cavabdeh hesablanmış 399.60 manat dəyərində dəymiş ziyan silinməlidir. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda, dövlət rüsumu olan 20 manat və 0.40 qəpik xidmət haqqı iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 357, 360cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İlkin iddia təmin edilməsin. Azəriqaz İB-nin Cavabdeh 399.60 manat dəymiş ziyanın ödənilməsi barədə tələbi təmin edilməsin. Qarşılıqlı iddia təmin edilsin. Azəriqaz» X5 X8 idarəsinin Göyçay Xidmət sahəsi tərəfindən tərtib edilmiş akta əsasən Cavabdeh hesablanmış 399.60 manat dəyərində dəymiş ziyan silinsin. Qətnamənin icrası cavabdehin hüquqi ünvanının olduğu yer üzrə Bakı şəhəri Xətai rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Göyçay Rayon Məhkəməsi vasitəsilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: İbrahim Fəttahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar