Məhkəmə qərarları › İş №2(046)-97/2021

Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №2(046)-97/2021

05.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № 2(046)-97/2021 05.04.2021 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Səmidli Nərmin Yaşar qızının katibliyi, cavabdehlər Cavabdeh1 iştirakı ilə, iddiaçı BOKT «xxxx» MMC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı kredit borcunun ödənilməsi tələbinə dair mülki işə Göyçay şəhərində xx xxxxx 2021-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: BOKT «xxxx» MMC ərizə ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 477.31 manat kredit borcunun və 20 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə iddiaçı BOKT «xxxx» MMC-nin nümayəndəsi məhkəməyə ərizə ilə müraciət edərək işə nümayəndənin iştirakı olmadan baxılması, Cavabdeh3 vəfat etdiyindən cavabdehlər sırasından çıxarılması xahiş etmişdir. İş üzrə iddiaçı BOKT «xxxx» MMC iddia ərizəsində tələbi belə əsaslandırmışdır ki, Cavabdeh1 ilə xxxx BOKT MMC arasında xx.xx.2016-ci il tarixdə bağlanmış kredit müqaviləsinə əsasən Cavabdeh1 illik 12 faiz olmaqla 34 ay müddətinə 1732 manat kredit verilmişdir. Cavabdeh1 verilmiş kreditin təminatı kimi Cavabdeh2 ilə “xxxx” BOKT MMC ilə zaminlik müqavilələri bağlanmışdır. Cavabdeh1 kredit müqaviləsinin şərtlərini pozaraq, borc öhdəliyini tam icra etməmişdir. Hüquqların və tələblərin güzəşti haqqında xx.xx.2019cu il tarixli bildirişə əsasən Cavabdeh1 ilə “xxxx” BOKT MMC arasında bağlanmış kredit müqaviləsi üzrə kredit borcunun tələb hüququ BOKT «xxxx» MMC-yə güzəşt edilmişdir. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh kredit borcunu ödəməmişdir. Cavabdehlərin kredit təşkilatına 477.31 manat kredit borcu qalmışdır. Bundan başqa bank ərizə ilə məhkəməyə müraciət edərkən 20 manat dövlət rüsumu ödəmişdir. Buna görə də məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə Cavabdeh1 iddianı qəbul etməyərək göstərmişdir ki, iddiaçı ilə kredit müqaviləsi bağlamış, kredit götürmüşdür. Qeyd edilən kredit güzəştə düşdüyü üçün hazırda banka borcu yoxdur. Buna görə də iddianın rədd edilməsin xahiş edir. İş üzrə digər cavabdehə məhkəmənin yeri və vaxtı barədə qanunvericilikdə nəzərdə tutulmuş qaydada məhkəmə bildirişləri vasitəsilə məlumat verilmiş, lakin üzrlü səbəb olmadan məhkəmə baxışında iştirak etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda…məhkəmə işə baxmağa haqlıdır. Məhkəmə cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş üzrə cavabdehin izahatını dinləyən, təqdim edilmiş sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Məhkəməyə təqdim edilmiş xx.xx.2016-ci il tarixli kredit müqaviləsindən görünür ki, “xxxx” BOKT MMC ilə Cavabdeh1 arasında illik 12 faiz olmaqla 34 ay müddətinə 1732 manat kredit verilməsi barədə müqavilə bağlanmışdır. Məhkəməyə təqdim edilmiş xx.xx.2016-ci il tarixli zaminlik müqaviləsindən görünür ki, Cavabdeh2 ilə “xxxx” BOKT MMC arasında zaminlik müqavilələri bağlanmış, Cavabdeh2 kredit alan Cavabdeh1nın borc məbləğinə görə “xxxx” BOKT MMC qarşısında öhdəlik götürmüşdür. Məhkəməyə təqdim edilmiş hüquqların və tələblərin güzəşti haqqında xx.xx.2019cu il tarixli bildirişdən görünür ki, Cavabdeh1 ilə “xxxx” BOKT MMC arasında bağlanmış kredit müqaviləsi üzrə kredit borcunun tələb hüququ BOKT «xxxx» MMC-yə güzəşt edilmişdir. Məhkəməyə təqdim edilmiş maliyyə arayışından görünür ki, Cavabdeh1nın banka olan kredit borcu 477.31 manat təşkil edir. Təqdim edilmiş sübutlarla müəyyən edilir ki, Cavabdeh1 ilə “xxxx” BOKT MMC arasında xx.xx.2016-cı il tarixdə kredit müqaviləsi bağlanmış və Cavabdeh1 illik 12 faiz olmaqla 34 ay müddətinə 1732 manat məbləğində kredit verilmişdir. Borclunun öhdəliyinin icrasının təmin edilməsi məqsədi ilə xx.xx.2016-cı il tarixdə Cavabdeh2 zaminlik müqaviləsi bağlanmış və zamin kredit alan Cavabdeh1 zamin durmuşdur. Cavabdeh1 müqavilə üzrə üzərinə düşən öhdəlikləri vaxtında və lazımi qaydada yerinə yetirməmiş, öhdəliyin icrasından yayınmış, nəticədə Cavabdeh1nın banka borcu yaranmışdır. Hüquqların və tələblərin güzəşti haqqında xx.xx.2019-cu il tarixli bildirişə əsasən Cavabdeh1 ilə “xxxx” BOKT MMC arasında bağlanmış kredit müqaviləsi üzrə kredit borcunun tələb hüququ BOKT «xxxx» MMC-yə güzəşt edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə əsasən əgər bu məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhtəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərini və borclunun öhtəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman 20 manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda məhkəmə hesab edir ki, ödənilmiş 20 manat dövlət rüsumu cavabdehlərdən tutularaq BOKT «xxxx» MMC-nin hesabına ödənilməlidir. Sadalananlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 477.31 manat kredit borcu və ödənilmiş 20 manat dövlət rüsumu tutularaq BOKT «xxxx» MMC-nə qaytarılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 477.31 manat kredit borcu və ödənilmiş 20 manat dövlət rüsumu tutularaq iddiaçı BOKT «xxxx» MMC-nin hesabına keçirilsin. Qətnamənin icrası Göyçay rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: İbrahim Fəttahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar