Məhkəmə qərarları › İş №2(046)-975/2024

Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №2(046)-975/2024

12.06.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № 2(046)-975/2024 12.06.2024 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Qurbanov Elçin Firudin oğlunun sədrliyi, Burcaliyeva Leyla Sahib qızının katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı dəymiş zərərin ödənilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək təqsirləndirilən şəxs Cavabdeh qanunsuz olaraq bir ədəd Eldar şamı ağacını kəsdirməsi nəticəsində təbiətə vurduğu 18000 manat pulun alınaraq 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin hesabına (X2, kodu 210005, VÖEN: **********, Müxbir Hesab: AZ41NABZ ********************, S.W.İ.F.T BİK CTREAZ22, Alan müştəri: 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi, hesab nömrəsi: AZ50CTRE********************. VÖEN: **********, D2. ödənişlə əlaqədar əlavə informasiya-XHK 2195301, D3. büdcə təsnifatının kodu- 142595, D4. Büdcə əməliyyatlarının kodu-3) köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşin halları: İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 8 saylı RETSİ-nin əməkdaşlarının araşdırması zamanı məlum olmuşdur ki, ünvan 1 ünvanında yaşayan və Göyçay şəhər bələdiyyəsinin sədri vəzifəsində işləyərkən Cavabdeh 2020-ci ilin fevral ayında Göyçay şəhəri M.Ə.Rəsulzadə küçəsində, köhnə uşaq xəstəxanası ilə üzbəüz yerləşən X3 məxsus qeyri-yaşayış obyektinin genişləndirilməsi məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməklə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 19 sentyabr 2005- ci il tarixli 173 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının meşə fonduna daxil olmayan ağac-kol bitkilərinin istifadəsi, mühafizəsi və qorunması” Qaydalarının 7-ci bəndinin tələblərinə zidd olaraq Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müvafiq razılığı və müsbət rəyi olmadan həmin qeyri-yaşayış obyektinin yanında yaş halda olan 01 ədəd köküstə yaş halda Eldar şamı cinsindən olan ağacın kəsilməsi barədə cinayətdən xəbərsiz olan X1 qanunsuz göstəriş vermiş və sonuncu tərəfindən həmin ağacın kəsilməsi nəticəsində təbiətə külli miqdarda, yəni 18000 manat maddi ziyan vurmaqla ətraf mühitin, ekoloji tarazlığın mühafizəsi sahəsində cəmiyyətin və dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurmuşdur. Cavabdeh bu əməlləri ilə Azərbaycan Respublikası CM-nin 259.2.4 və 308-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətdiyinə görə ona həmin maddələrlə ittiham elan edilmiş və cinayət işi baxılması üçün aidiyyəti üzrə Göyçay Rayon Məhkəməsinə göndərilmişdir. Göyçay Rayon Məhkəməsinin 30 iyun 2021-ci il tarixli hökmü ilə Cavabdeh təqsirsiz hesab olunaraq ona bəraət verilmişdir. Dövlət ittihamçısı tərəfindən Şəki Apellyasiya Məhkəməsinə apellyasiya protesti verilmiş və Göyçay Rayon Məhkəməsinin müvafiq hökmü qüvvədə saxlanılmaqla apellyasiya protesti təmin edilməmişdir. Növbəti mərhələlərdə verilmiş şikayət üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası tərəfindən Şəki Apellyasiya məhkəməsinin Cinayət Kollegiyasının 02 sentyabr 2021-ci il tarixli qərarı ləğv edilmiş, cinayət işi yeni apellyasiya baxışına təyin edilmiş, kassasiya protesti təmin edilmişdir. Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 08 fevral 2023-cü il tarixli hökmü ilə Göyçay Rayon Məhkəməsinin 30 iyun 2021-ci il tarixli hökmü ləğv edilmiş, Cavabdeh Azərbaycan Respublikası CM-nin 259.2.4 və 308.1-ci maddələri ilə təqsirli bilinərək 4 il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmişdir. Nəhayət hüquqi çəkişmələrdən sonra Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2024-cü il tarixli 1(102)-6/2024 nömrəli qərarına əsasən Cavabdeh Azərbaycan Respublikası CM-nin 259.2.4 və 308.1 -ci maddəsi ilə məhkum olunmasına dair cinayət işi üzrə Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 08 fevral 2023-cü il tarixli hökmü kassasiya protestinə, məhkum və onun müdafiəçisinin birgə verdikləri kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Lakin ibtidai istintaq və ya məhkəmə istintaqları zamanı təqsirləndirilən şəxs Cavabdeh öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməklə təbiətə vurduğu 18000 manat maddi ziyanı ödəməmişdir. Təqsirləndirilən şəxs Cavabdeh tərəfindən təbiətə vurulmuş ziyan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 oktyabr 2016-cı il tarixli 421 saylı qərarının 01 nömrəli əlavəsi əsasında hesablanaraq 18000 manat məbləğində müəyyən edilmişdir. Ona görə də Cavabdeh köküstə yaş halda bir ədəd Eldar şamı ağacını qanunsuz kəsdirməklə təbiətə vurduğu xeyli miqdarda ziyanın, yəni 18000 manat dəyərində olan ziyanın ödənilməsinin təmin edilməsi məqsədilə Göyçay Rayon Məhkəməsində iddia qaldırılması məqsədəmüvafiqdir. Cavabdehin iddiaya qarşı etirazları: Cavabdeh iddiaya qarşı etiraz vermişdir. Etirazda göstərmişdir ki, iddiaçının iddia ərizəsində istinad edilən qanuni qüvvəyə minmiş məhkəmə aktından göründüyü kimi, cinayət işi üzrə iki hüquqi şəxs - İddiaçı və Göyçay Bələdiyyəsi zərər çəkmiş şəxs kimi tanınmışlar. Lakin hazırki halda iddia ərizəsi ilə məhkəməyə yalnız bir zərər çəkmiş şəxs - İddiaçı müraciət etmişdir. Bu isə, öz növbəsində hüquqi müəyyənlik prinsipi baxımından anlaşılmazlıq yaradır. Çünki, sözügedən ağacın kəsildiyi ərazi Göyçay bələdiyyəsinin mülkiyyətidir. Cinayətin predmeti olan bir ədəd Eldar şamı ağacının kəsilməsinə görə təbiətə dəymiş 18000 manat ziyana görə hazırki tələblə iddiaçının müraciət etməsi anlaşılan deyil. Əgər iddiaçının bu ziyanın ödənilməsini tələb etmək hüququ varsa və bu hüquq yalnız ona şamil olunursa, nə üçün cinayət işi üzrə Bələdiyyə zərər çəkmiş şəxs qismində tanınmışdır? Göyçay bələdiyyəsinə ziyanın vurulması özünü nədə göstərir, özünü nədə ehtiva edir? Şəxs prosesdə formal əsaslar üzrə iştirak edə bilməz. Hesab edir ki, iddiaçının hazırki iddia tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün subyektiv hüququnun mövcud olub-olmamasına hüquqi qiymət verilməli, gələcəkdə eyni iddia ərizəsi ilə Bələdiyyənin məhkəməyə müraciət etmək hüququnun olmaması təsbit edilməlidir. Çünki, iddia ərizəsinin məzmunundan göründüyü kimi, tərəfindən Bələdiyyəyə hər hansı ziyan, zərər vurulmamışdır. İddiaçı tərəfindən ona 18000 manat maddi zərərin könüllü şəkildə ödənilməsinə dair müraciət olunmamış, mübahisənin məhkəmədən kənar qaydada həll edilməsi üçün təşəbbüs göstərilməmiş, iddia ərizəsi ilə birbaşa məhkəməyə müraciət olunmuşdur. Məhkəmə icraatı iştirakçılarının iştirakı və izahatları: Məhkəmə iclasında iddiaçı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi Nümayəndə iddianı müdafiə etdi, iddia ərizəsində göstərilən xüsusatları təsdiq etdi və məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etmədi, izahat verərək bildirdi ki, iddiaçının iddia ərizəsində göstərdikləri ilə razı deyil. Etiraz ərizəsində göstərilən xüsusatları təsdiq etdi. Məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi. İş üzrə tərəfləri dinləyən, təqdim edilmiş sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Mülki işdə olan sənədlər: Belə ki, işə əlavə edilmiş Ali Məhkəmənin Cinayət Kollegiyasının xx.xx.2024-cü il tarixli 1(102)-6/2024 saylı qərarının surətindən görünür ki, ittihama əsasən Cavabdeh Azərbaycan Respublikası CM-in 259.2.4 və 308.1-ci maddələri ilə təqsirli bilinmişdir ona görə ki, o, vəzifəli şəxs kimi xidməti vəzifələrinin icrası ilə əlaqədar üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməklə cəmiyyətin və ya dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vuraraq vəzifə səlahiyyətlərindən sui-istifadə etmiş, meşə fonduna daxil olmayan ağacın qanunsuz kəsilməsi barədə göstəriş verməklə təbiətə külli miqdarda ziyan vurmuşdur. Belə ki, Cavabdeh elan olunmuş ittihama əsasən o, Göyçay şəhər Bələdiyyəsinin sədri olmaqla hüquqi əhəmiyyət kəsb edən hərəkətlər etmək, əmr və sərəncamlar vermək, bələdiyyənin qərarlarını imzalamaq və digər təşkilatisərəncamverici funksiyaları yerinə yetirmək səlahiyyətlərinə malik vəzifəli şəxs kimi xidməti vəzifələrinin icrası ilə əlaqədar üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə, yəni Göyçay şəhəri, M.Ə.Rəsulzadə küçəsində, köhnə uşaq xəstəxanası ilə üzbəüz yerləşən X3 məxsus qeyri-yaşayış obyektinin genişləndirilməsi məqsədi ilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edib Azərbaycan Respublikası Nazirlər Kabinetinin 19 sentyabr 2005-ci il tarixli 173 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının meşə fonduna daxil olmayan ağac- kol bitkilərinin istifadəsi, mühafizəsi və qorunması” Qaydalarının 7-ci bəndinin tələbinə zidd olaraq Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müvafiq razılığı olmadan 2020-ci ilin fevral ayında həmin qeyri-yaşayış obyektinin yanında yaş halda olan 01 (bir) ədəd Eldar şamı cinsindən olan ağacın kök üstə kəsilməsi barədə cinayətdən xəbərsiz olan X1 qanunsuz göstəriş vermiş və sonuncu tərəfindən həmin ağacın kəsilməsi nəticəsində təbiətə külli miqdarda yəni, 18000 (on səkkiz min) manat məbləğində maddi ziyan vurmaqla ətraf mühitin, ekoloji tarazlığının mühafizəsi sahəsində cəmiyyətin və dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vuraraq vəzifə səlahiyyətlərindən sui-istifadə etmişdir. Göyçay Rayon Məhkəməsinin 30 iun 2021-ci il tarixli,1(046)-12/2021 saylı hökmü ilə Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.2.4 və 308.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə əməlində cinayət tərkibi olmadığına görə bəraət verilmiş,Şəki Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının 02 sentyabr 2021-ci tarixli, 1(107)-308/2021 nömrəli qərarı ilə Göyçay Rayon Məhkəməsinin 30 iyun 2021-ci tarixli, 1(046)-12/2021 saylı hökmü dəyişdirilmədən saxlanılmış, dövlət ittihamçısı X6 tərəfindən verilmiş apelyasiya protesti təmin edilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının 20 aprei 2022- ci il tarixli, 1(102)-460/2022 nömrəli qərarı ilə Şəki Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının 02 sentyabr 2021-ci il tarixli, 1(107)-308/2021 nömrəli qərarı ləğv edilmiş, cinayət işi yeni apelyasiya baxışına təyin edilmiş, kassasiya protesti təmin edilmişdir. Şəki Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının 08 fevral 2023-cü il tarixli, 1 (107)-3/2023 nömrəli hökmü ilə Göyçay Rayon Məhkəməsinin 30 iyun 2021-ci il tarixli, 1 (046)-12/2021 nömrəli hökmü ləğv edilmiş, Cavabdeh Azərbaycan Respublikası CM-in 259.2.4 və 308.1 -ci maddələri ilə təqsirli bilinərək, ona təqsirli bilindiyi CM-in 259.2.4-cü maddəsi ilə 3 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması, CM-in 308.1 -ci maddəsi ilə 2 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş, CM-in 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzalar qismən toplanılmaqla ona qəti olaraq 4 (dörd) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmişdir. Dövlət ittihamçısı X6 tərəfindən verilmiş apelyasiya protesti təmin edilmişdir. Dövlət ittihamçısı Cabbarlı Bəhruz Qənbər oğlu kassasiya protesti verərək Şəki Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının 08 fevral 2023-cü il tarixli hökmünün ləğv edilməsini və işin yenidən apelyasiya instansiyası məhkəməsində baxışa təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkum Cavabdeh və onun müdafiəçisi X4 birgə kassasiya şikayəti verərək Şəki Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının 08 fevral 2023-cü il tarixli 1(107)-3/2023 nömrəli hökmünün ləğv edərək, cinayət işi üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş, kassasiya protesti və kassasiya şikayəti təmin edilməmiş,Cavabdeh Azərbaycan Repsublikası Cinayət Məcəlləsinin 259.2.4 və 308.1-ci maddələri ilə məhkum olunmasına dair cinayət işi üzrə Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 08 fevral 2023-cü il tarixli hökmü kassasiya protestinə və məhkum və onun müdafiəçisinin birgə verdikləri kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. İşə əlavə edilmiş İddiaçı tərəfindən təqdim edilmiş cədvəldən görünür ki, təbiətə vurulmuş ziyan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 oktyabr 2016-cı il tarixli 421 saylı qərarının 01 nömrəli əlavəsi əsasında hesablanaraq 18000 manat məbləğində müəyyən edilmişdir. Tətbiq edilən hüquq normaları: Azərbaycan Respublikası Mülki Məcəllənin 21.1-ci maddəsinə əsasn zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli,hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü,habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 87.3-cü maddəsinə əsasən cinayət nəticəsində mənəvi və ya maddi ziyan dəymiş hüquqi şəxs zərərçəkmiş şəxs qismində tanına bilər. Həmin Məcəllənin 180.2-ci maddəsinə əsasən şəxs cinayət mühakimə icraatı zamanı mülki iddia verməmişsə, o, mülki mühakimə icraatı qaydasında mülki iddia verməyə haqlıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 217-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. «Məhkəmə qətnaməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli 04 nömrəli qərarında göstərilmişdir ki, məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. Qərarın 2.4-cü bəndinə görə, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında qeyd etmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Məhkəmənin mövqeyi: Hazırkı iş üzrə məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Zərərin ödənilməsi ilə bağlı istənilən tələb öncə həmin zərərin onu vuran şəxsə aid edilməsini nəzərdə tutur. Borclu yalnız səbəb olduğu, yaranmasına görə cavabdehlik daşıdığı zərərin əvəzinin ödənilməsinə cəlb edilə bilər. Məhkəmə baxışı zamanı araşdırılmış hallardan görünür ki, İddiaçı ona maddi zərərin vurulmasını, həmin zərərlə Cavabdeh qanunsuz hərəkət və ya hərəkətsizliyi arasında səbəbli əlaqənin olmasını, habelə zərərin vurulmasında cavabdeh tərəfin təqsirinin olmasını təsdiq edən qanuni qüvvədə olan Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 08 fevral 2023-cü il tarixli hökmünə istinad etmişdir. Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 08 fevral 2023-cü il tarixli,1(107)-3/2023 nömrəli hökmünə görə ünvan 1 ünvanında yaşayan və Göyçay şəhər bələdiyyəsinin sədri vəzifəsində işləyərkən Cavabdeh 2020-ci ilin fevral ayında Göyçay şəhəri M.Ə.Rəsulzadə küçəsində, köhnə uşaq xəstəxanası ilə üzbəüz yerləşən X3 məxsus qeyri-yaşayış obyektinin genişləndirilməsi məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməklə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 19 sentyabr 2005- ci il tarixli 173 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının meşə fonduna daxil olmayan ağac-kol bitkilərinin istifadəsi, mühafizəsi və qorunması” Qaydalarının 7-ci bəndinin tələblərinə zidd olaraq Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müvafiq razılığı və müsbət rəyi olmadan həmin qeyri-yaşayış obyektinin yanında yaş halda olan 01 ədəd köküstə yaş halda Eldar şamı cinsindən olan ağacın kəsilməsi barədə cinayətdən xəbərsiz olan X1 qanunsuz göstəriş vermiş və sonuncu tərəfindən həmin ağacın kəsilməsi nəticəsində təbiətə külli miqdarda, yəni 18000 manat maddi ziyan vurmaqla ətraf mühitin, ekoloji tarazlığın mühafizəsi sahəsində cəmiyyətin və dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurmuşdur. Qanuni qüvvədə olan Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 08 fevral 2023-cü il tarixli,1(107)-3/2023 nömrəli hökmü ilə Cavabdeh mülki hüquq pozuntusu (delikt) törətməsi,dəymiş maddi zərərin 18000 manat məbləğində olması təsdiq olunur. Zərərin məhz iddiaçı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə dəyməsi məsələsinə gəldikdə isə məhkəmə qeyd edir ki,iddiaçı cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanındığından və cinayət mühakimə icraatı zamanı mülki iddia vermədiyindən sonradan mülki icraat qaydasında iddia vermək hüququna malik olmuşdur.Ona görə də məhkəmə Cavabdeh iddiaçı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin tələbi irəli sürmək subyektiv hüquqa malik olmamasına dair dəlilini əsassız hesab edərək nəzərə almamışdır. Beləliklə mülki hüquq pozuntusu nəticəsində iddiaçı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə vurulmuş maddi zərər Cavabdeh tərəfindən tam həcmdə ödənilməlidir. Maddi zərərin əvəzi olaraq tutulmalı olan məbləğə gəldikdə, məhkəmə qanuni qüvvədə olan Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2023-cü il tarixli hökmü ilə maddi zərərin məhz 18000 manat məbləğində müəyyən olunmasını nəzərə alıb, hesab edir ki, dəymiş maddi zərərin əvəzi olaraq 18000 manat məbləğində pul Cavabdeh alınaraq iddiaçı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə verilməli, bununla da iddia təmin olunmalıdır. Məhkəmə qeyd olunanları nəzərə alıb, hesab edir ki, iddia təmin edildiyindən məhkəmə xərcləri cavabdehə aid edilməli, dövlət rüsumu üçün ödənilməli olan 144 manat məbləğində pul Cavabdeh alınaraq dövlət nəfinə köçürülməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 216- 220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh dəymiş zərərin əvəzi olaraq 18000 manat məbləğində pul alınaraq İddiaçı hesabına köçürülsün. Məhkəmə xərcləri cavabdehə aid edilsin. Cavabdeh dövlət rüsumu üçün ödənilməli olan 144 manat məbləğində pul alınaraq dövlət nəfinə keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Elçin Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar