Məhkəmə qərarları › İş №2(047)-103/2023

Laçın Rayon Məhkəməsi Qətnamə — İş №2(047)-103/2023

03.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Laçın rayonu İş № 2(047)-103/2023 03.04.2023 LAÇIN RAYON MƏHKƏMƏSİ Hakim İbrahimov Cavad Cavanşir oğlunun sədrliyi, məhkəmə iclas katibi Şükürov Yaşasın Valeh oğlunun katibliyi ilə, İddiaçı QSC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı borc tələbi və kredit razılaşmasının ləğv edilməsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı QSC cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı borc tələbi və kredit razılaşmasının ləğv edilməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddia tələbinin təmin olunması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı QSC-nin nümayəndəsi ərizəni onunla əsaslandırmışdır ki, xx.xx.2018-ci il tarixli 026L**********87 saylı uzunmüddətli kredit müqaviləsinə əsasən Cavabdeh1 120 (bir yüz iyirmi) ay müddətinə 30000 (otuz min) manat məbləğində krеdit хətti açılmışdır. Bu müqaviləyə əsasən cavabdehə vеriləcək məbləğ və müddət ayrıca оlaraq krеdit razılaşması ilə müəyyən оlunmuşdur. Bundan sonra İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış uzunmüddətli kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təminatı olaraq digər cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 ilə bank arasında zaminlik müqavilələri də bağlanmışdır. Daha sonra uzunmüddətli kredit müqaviləsi üzrə Cavabdeh1 "xxxx" QSC ilə bağladığı xx.xx.2019-cu il tarixli 026R********** saylı krеdit razılaşması əsasında 24 ay müddətinə, aylıq faiz dərəcəsi 2,0833 faiz оlmaqla ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 9500 manat məbləğində krеdit götürmüşdür. Tərəflərin imzaladıqları xx.xx.2020-ci il tarixli, xx.xx.2021-ci il tarixli və xx.xx.2021-ci il tarixli sazişlərlə razılaşmaya və ödəniş planına dəyişikliklər edilmişdir. Cavabdeh1 krеdit razılaşmasının 1.2-ci bəndinin tələbini pоzaraq krеdit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış, krеdit bоrcu və faiz bоrcundan ibarət оlmaqla ödəməli оlduğu vəsaitləri xx.xx.2022-ci il tarixdən banka qaytarmamışdır. Cavabdeh1 götürdüyü krеdit bоrcundan 3186,15 manat ödəmiş, onun 6313,85 manat məbləğində əsas borcu, 939,32 manat faiz, 1217,57 manat cərimə borcu qalmışdır. Xəbərdarlıq da edilməsinə baxmayaraq cavabdehlər borcu ödəməkdən boyun qaçırmışlar. Odur ki, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 müştərək qaydada kredit razılaşması üzrə 6313,85 manat əsas, 939,32 manat faiz, 1217,57 manat cərimə məbləği, cəmi 8470,74 manat borcun, ödənilmiş 104,71 (bir yüz dörd manat yetmiş bir qəpik) manat dövlət rüsumunun tutulub İddiaçı QSC-nin xeyrinə ödənilməsi və İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2019-cu il tarixli 026R********** saylı krеdit razılaşmasının ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. xx.xx.2023-cü il tarixdə İddiaçı QSC-nin idarə heyətinin sədri iddia tələbinin həcminin azladılması ilə bağlı məhkəməyə ərizə göndərərək cavabdehlərdən biri olan Cavabdeh5 vəfat etdiyindən, digər cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada kredit razılaşması üzrə 6313,85 manat əsas, 939,32 manat faiz, 1217,57 manat cərimə məbləği, cəmi 8470,74 manat borcun, ödənilmiş 104,71 (bir yüz dörd manat yetmiş bir qəpik) manat dövlət rüsumunun tutulub İddiaçı QSC-nin xeyrinə ödənilməsi və İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2019-cu il tarixli 026R********** saylı krеdit razılaşmasının ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş və qeyd edilən ərizə məhkəmə tərəfindən mülki məhkəmə icraatına qəbul edilmişdir. İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi X1 məhkəməyə ərizə göndərərək məhkəmə iclasını iştirakları olmadan keçirib tələblərinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə hazırkı işlə bağlı iddiaçının nümayəndəsinin onun iştirakı olmadan işə baxılması xahişini qanunauyğun sayır və mülki işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. İş üzrə cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən mülki işə cavabdehlərin iştirakları olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsinin tələblərinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Həmçinin, Azərbaycan Respublikasının MM-nin 501-ci maddəsinin tələblərinə əsasən kreditor öz arzusu ilə istənilən borcludan həm tam, həm də hissə-hissə icranı tələb edə bilər. Öhdəlik tam icra edilənədək qalan borcluların öhdəlikləri qüvvədə qalır. Həmin Məcəllənin 505-ci maddəsinin tələblərinə əsasən birgə borclulardan biri barəsində iddia verilməsi kreditoru qalan borclular barəsində də iddia vermək hüququndan məhrum etmir. Qeyd edilən maddi və prosessual hüquq normalarının tələblərinə əsasən məhkəmə iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı borc tələbi və kredit razılaşmasının ləğv edilməsinə dair mülki iş üzrə iddia tələbinə iddiaçının qeyd edilən iddia tələbi həcmində baxılmasını qanuni və əsaslı hesab edir. Bundan başqa, iş materiallarına əlavə olunmuş xx.xx.2018-ci il tarixli uzunmüddətli kredit müqaviləsindən və xx.xx.2019-cu il tarixli kredit razılaşmasından görünür ki, İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış müqavilələrə əsasən Cavabdeh1 120 ay müddətinə 30000 (otuz min) manat məbləğində uzunmüddətli kredit xətti açılmış və cavabdehə aylıq faiz dərəcəsi 2,0833 faiz olmaqla 24 ay müddətinə 9500 manat məbləğində kredit verilmişdir. İş materiallarına əlavə olunmuş xx.xx.2018-ci il tarixli dörd ədəd zaminlik müqaviləsindən görünür ki, İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış uzunmüddətli kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təminatı olaraq digər cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 zamin durmuşlar. Həmin zaminlik müqavilələrinə əsasən cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 zamin durduğu öhdəliklərinin həcmi uzunmüddətli kredit müqaviləsi üzrə məbləğ 30000 (otuz min) manat, müddət 120 (bir yüz iyirmi) ay, faiz dərəcəsinin yuxarı həddi isə 28 (iyirmi səkkiz) faiz müəyyən olunmuşdur. İş materiallarına əlavə olunmuş xx.xx.2019-cu il tarixli ktredit razılaşmasının ödəniş cədvəlindən görünür ki, Cavabdeh1 9500 manat məbləğində krediti aylıq 2,0833% olmaqla hissə-hissə xx.xx.2019-cu il tarixdən xx.xx.2021-ci il tarixədək ümumilikdə 12265,11 manat məbləğində ödəməli idi. Qeyd edilən ödəniş cədvəlinə bütün zaminlər imza etmişlər. İş materiallarında olan xx.xx.2020-ci il tarixli İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış kredit razılaşması və ödəniş planına dəyişiklik edilməsi haqqında sazişdən görünür ki, İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış uzunmüddətli kredit müqaviləsi və xx.xx.2019-cu il tarixli kredit razılaşmasının ayrılmaz tərkib hissəsi olan ödəniş planı ilə müəyyən olunmuş ödəniş məbləğləri və ödəniş tarixləri bu sazişə əlavə olunan xx.xx.2020-ci il tarixli ödəniş planına uyğun olaraq dəyişdirilmişdir. İş materiallarına əlavə olunmuş xx.xx.2020-ci il tarixli sazişin ödəniş cədvəlindən görünür ki, Cavabdeh1 kreditin qalıq 7495,22 manat məbləğini aylıq 2.0833% olmaqla hissəhissə xx.xx.2020-ci il tarixdən xx.xx.2022-ci il tarixədək ümumilikdə 9744,61 manat məbləğində ödəməli idi. Qeyd edilən ödəniş cədvəlinə bütün zaminlər imza etmişlər. İş materiallarında olan xx.xx.2021-ci il tarixli İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış kredit razılaşması və ödəniş planına dəyişiklik edilməsi haqqında sazişdən görünür ki, İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış uzunmüddətli kredit müqaviləsi və xx.xx.2019-cu il tarixli kredit razılaşmasının ayrılmaz tərkib hissəsi olan ödəniş planı ilə müəyyən olunmuş ödəniş məbləğləri və ödəniş tarixləri bu sazişə əlavə olunan xx.xx.2021-ci il tarixli ödəniş planına uyğun olaraq dəyişdirilmişdir. İş materiallarına əlavə olunmuş xx.xx.2021-ci il tarixli sazişin ödəniş cədvəlindən görünür ki, Cavabdeh1 kreditin qalıq 7322,26 manat məbləğini aylıq 2.0833% olmaqla hissəhissə xx.xx.2021-ci il tarixdən xx.xx.2023-cü il tarixədək ümumilikdə 10536,80 manat məbləğində ödəməli idi. Qeyd edilən ödəniş cədvəlinə bütün zaminlər imza etmişlər. İş materiallarında olan xx.xx.2021-ci il tarixli İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış kredit razılaşması və ödəniş planına dəyişiklik edilməsi haqqında sazişdən görünür ki, İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış uzunmüddətli kredit müqaviləsi və xx.xx.2019-cu il tarixli kredit razılaşmasının ayrılmaz tərkib hissəsi olan ödəniş planı ilə müəyyən olunmuş ödəniş məbləğləri və ödəniş tarixləri bu sazişə əlavə olunan xx.xx.2021-ci il tarixli ödəniş planına uyğun olaraq dəyişdirilmişdir. İş materiallarına əlavə olunmuş xx.xx.2021-ci il tarixli sazişin ödəniş cədvəlindən görünür ki, Cavabdeh1 kreditin qalıq 6874,10 manat məbləğini aylıq 2.0833% olmaqla hissəhissə xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək ümumilikdə 10296,76 manat məbləğində ödəməli idi. Qeyd edilən ödəniş cədvəlinə bütün zaminlər imza etmişlər. İş materiallarına əlavə olunmuş xx.xx.2022-ci il tarixli maliyyə arayışından görünür ki, cavabdehlərin 2022-ci il noyabr ayının 10-dək 6313,85 manat əsas, 939,32 manat faiz, 1217,57 manat cərimə, cəmi 8470,74 manat məbləğində borcu yaranmışdır. İş materiallarına əlavə olunmuş xəbərdarlıqlardan görünür ki, cavabdehlərə borclarını ödəmələri üçün xəbərdarlıq məktubu göndərilmişdir. İş materiallarına əlavə olunmuş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh5 xx.xx.2020-ci il tarixdə vəfat etmişdir. Bundan əlavə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinin tələbinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmumu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.3-cü maddəsinə əsasən birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinə əsasən zaminliyin təmin etdiyi öhdəliyə xitam verildikdə, habelə zaminin razılığı olmadan həmin öhdəlik dəyişdirildikdə və bu dəyişdirilmə onun məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olduqda zaminliyə xitam verilir. Həmçinin, «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin həmin Məcəllənin 470.2-ci maddəsi və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.8 və 10.5-ci maddələri, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.11 və 307.4-cü maddələrinin “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 3.2 və 10.5ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 31 may 2018-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.4, 385.1, 386.1, 405.1 və 739-cu maddələrinə uyğun olaraq tərəflərin iradə ifadəsini əks etdirən və onların qarşılıqlı hüquq və vəzifələrini müəyyən edən uzunmüddətli kredit müqaviləsi niyyət razılaşması deyil, müqavilə kimi qəbul olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinin mənasına görə, uzunmüddətli kredit müqaviləsinə əsasən kreditor kredit alana pulu təqdim etməyi öhdəsinə götürür. Müqavilənin “bu müqavilə bankın kredit vermək vədini ifadə etmir” qeydi məhkəmələr tərəfindən yalnız Azərbaycan Respublikası Mülki Məcəlləsinin 746-cı maddəsinin tələbləri baxımından qiymətləndirilməlidir. Zaminlik və ipoteka müqavilələrinin bağlanması üçün uzunmüddətli kredit müqaviləsində mühüm şərtlər (məbləğ, müddət, faiz dərəcəsi, valyuta və s.) yetərli dərəcədə aydın göstərilməlidir. Uzunmüddətli kredit müqaviləsində faiz dərəcəsi göstərilmədikdə, bağlanan kredit müqavilələrində faiz dərəcəsi barədə zaminin və ya ipoteka qoyanın razılığı alınmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin “onun məsuliyyətinin artması və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olması” müddəası uzunmüddətli kredit müqaviləsində nəzərdə tutulan kreditin məbləğinin, müddətinin, faiz dərəcəsinin bağlanan kredit müqavilələrində artırılmasını, kreditin valyutasının zaminin razılığı olmadan dəyişdirilməsini və digər halları nəzərdə tutur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 307.4-cü maddəsinin “əgər ipoteka ilə təmin edilmiş öhdəliyin məbləği gələcəkdə müəyyənləşdirilməlidirsə, ipoteka müqaviləsində onun müəyyənləşdirilməsinin qaydası və digər zəruri şərtləri göstərilməlidir” müddəası ipoteka müqaviləsində məbləğin, müddətin, faiz dərəcəsinin, valyuta və s. zəruri şərtlərin göstərilməsini ehtiva edir. Bundan əlavə, “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 10.5, 14 və 48-ci maddələrinin və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 307.4, 405.1 və 477.0.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 iyul 2019-cu il tarixli qərarında qeyd edilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 472.2-ci maddələrinə müvafiq olaraq, zaminlik müqaviləsində başqa qayda nəzərdə tutulmamışdırsa və bu müqavilə qanunvericiliyin tələblərinə uyğun bütün şərtlər (məbləğ, müddət, faiz dərəcəsi, valyuta və s.) barəsində razılıq əldə edilməklə bağlanmışdırsa, zamin borclu ilə birlikdə kreditor qarşısında tam məsuliyyət daşıyır. Bu baxımdan və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477-ci maddəsinin məzmununa uyğun olaraq, zaminin məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olan hallar baş verdikdə, zaminliyə bütövlükdə xitam verilir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 10.1, 10.5-ci və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 405.1-ci maddələrinin tələblərinə müvafiq olaraq, uzunmüddətli kredit müqaviləsinin təminatı kimi bağlanmış ipoteka müqaviləsində zəruri şərtlər (məbləğ, müddət, faiz dərəcəsi, valyuta və s.) göstərilmədikdə və sonradan bağlanmış kredit müqavilələrində belə şərtlər barəsində ipoteka qoyanın razılığı alınmadıqda, ipoteka müqaviləsi həmin kredit müqaviləsinə münasibətdə bağlanmamış hesab edilir və bu müqavilədən irəli gələn öhdəliklər ipoteka ilə təmin edilmiş öhdəlik hesab edilə bilməz. Bu qayda uzunmüddətli kredit müqaviləsi üzrə bağlanmış kredit müqavilələrində müəyyən edilmiş zəruri şərtlər barəsində ipoteka qoyanın razılığının alındığı hallara şamil edilmir. İpoteka müqaviləsində qanunvericiliyin tələblərinə uyğun olaraq bütün zəruri şərtlər göstərildiyi və bu şərtlərin sonradan bağlanmış kredit müqavilələrində ipoteka qoyanın razılığı olmadan onun ziyanına dəyişdirildiyi halda, ipoteka qoyan ipoteka müqaviləsində müəyyən edilmiş şərtlər çərçivəsində məsuliyyət daşıyır. Həmçinin, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 11 oktyabr 2019-cu il tarixli qərardadında qeyd edilir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin həmin Məcəllənin 470.2-ci maddəsi və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.8 və 10.5-ci maddələri, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.11 və 307.4-cü maddələrinin “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 3.2 və 10.5-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair» 2018-ci il 31 may tarixli və “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9cu, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 10.5, 14 və 48-ci maddələrinin və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 307.4, 405.1 və 477.0.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2019-cu il 25 iyul tarixli qərarlarında ifadə olunmuş hüquqi mövqelər müvafiq olaraq həmin Qərarların qüvvəyə minməsindən sonra yaranan münasibətlərə, habelə predmetlərinə müvafiq olaraq Plenumun 2018-ci il 31 may və 2019-cu il 25 iyul tarixli Qərarları qüvvəyə minənədək məhkəmələrin icraatında olan mübahisələrə şamil olunur. Qeyd edilənlərə əsasən də məhkəmə iclasında müəyyən edildi ki, İddiaçı QSC tərəfindən xx.xx.2018-ci il tarixli uzunmüddətli kredit müqaviləsinə əsasən Cavabdeh1 120 ay müddətinə 30000 manat məbləğində uzunmüddətli kredit xətti açılmışdır. Uzunmüddətli kredit müqaviləsinin təminatı olaraq cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 ilə bank arasında zaminlik müqavilələri bağlanmış, bununla da zaminlik müqavilələrinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə zaminlər kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşımalarını öz üzərlərinə götürmüşlər. Həmin zaminlik müqavilələrinə əsasən cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 zamin durduğu öhdəliklərinin həcmi uzunmüddətli kredit müqaviləsi üzrə məbləğ 30000 (otuz min) manat, müddət 120 (bir yüz iyirmi) ay, faiz dərəcəsinin yuxarı həddi isə 28 (iyirmi səkkiz) faiz müəyyən olunmuşdur. Bundan sonra bank ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2019-cu il tarixli kredit razılaşmasına əsasən Cavabdeh1 aylıq faiz dərəcəsi 2,0833 faiz olmaqla 24 ay müddətinə 9500 manat məbləğində kredit verilmişdir. Bundan başqa bank ilə Cavabdeh1 arasında həmin kredit razılaşmasının ödəniş planına dəyişiklik edilməsinə dair sazişlər də bağlanmışdır. Lakin qeyd edilən kredit razılaşmasının ödəniş cədvəlinə və bank ilə Cavabdeh1 arasında bağlanmış sazişlərin ödəniş cədvəllərinin hər üçünə zaminlər imza etmişlər və bununla da qeyd edilən razılaşma və sazişlər üzrə bu hal zaminlərin məsuliyyətinin artmasına və onlar üçün digər əlverişsiz nəticələrə səbəb olmamışdır. Bundan sonra Cavabdeh1 bankdan götürdüyü kreditin ödənilməsini vaxtlıvaxtında aparmamış, bununla da müqavilələr üzrə götürdüyü öhdəlikləri lazımı qaydada icra etməyərək müqavilələrin şərtlərini pozmuş və onun iddiaçının təqdim etdiyi maliyyə arayışına əsasən xx.xx.2022-ci il tarixə banka 6313,85 manat əsas, 939,32 manat faiz, 1217,57 manat cərimə borcu yaranmışdır. Daha sonra iş üzrə zaminlərdən biri olan Cavabdeh5 xx.xx.2020ci il tarixdə vəfat etdiyindən İddiaçı QSC tərəfindən borc məbləğinin digər cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada tutulması tələb edilmiş və bu barədə müvafiq ərizə məhkəmə tərəfindən mülki məhkəmə icraatına qəbul edilmişdir. Bütün bu qeyd edilənləri nəzərə alıb məhkəmə belə hesab edir ki, məhkəmə araşdırmaları zamanı müəyyən edilmiş borc məbləğinin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada tutularaq İddiaçı QSC-nin xeyrinə ödənilməsi qanuni və əsaslıdır. Həmçinin, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 458.1-ci maddəsinə əsasən əgər öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi hər iki tərəfin təqsiri üzündən baş vermişsə, məhkəmə borclunun məsuliyyətinin ölçüsünü müvafiq surətdə azaldır. Kreditor icra etməmək və ya lazımınca icra etməmək nəticəsində dəyən zərərin miqdarının artmasına qəsdən və ya ehtiyatsızlıq üzündən kömək göstərdikə və ya zərəri azaltmaq üçün ağlabatan tədbirlər görmədikdə də məhkəmə borclunun məsuliyyətinin ölçüsünü azalda bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 465.2-ci maddəsinə görə əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz sürətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə qeyd edilən hüquq normalarının tələblərini, tərəflərin əmlak mənafelərini, nəzərə alıb və iş materiallarını araşdırıb hesab edir ki, kreditorun əmlak mənafeləri ilə heç cürə uzlaşmayan 1217,57 manat cərimə məbləği azaldılaraq 400 manat məbləğində müəyyən edilməlidir. Bundan əlavə, iddia tələbi qismən təmin edilməli olduğundan Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə əsasən iddianın qaldırılması üçün iddiaçının ödədiyi 104,71 manat dövlət rusumunun 96 (doxsan altı) manatı onun xeyrinə cavabdehlərdən müştərək qaydada tutulmalı və digər qismi, yəni 8,71 manatı isə iddiaçının hesabına aid edilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri subutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş subutlarla əsaslandırır. Göstərilən qanunvericilik aktlarını və işin müəyyən edilmiş hallarını əsas götürən məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin olunmalı, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 026R********** saylı krеdit razılaşması ləğv edilməli, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada 6313,85 manat əsas borc, 939,32 manat faiz borcu, 400 manat cərimə, cəmi 7653,17 manat məbləğində borc pul və 96 manat ödənilmiş dövlət rüsumu tutulub iddiaçı Accessbank» Qapalı Səhmdar Cəmiyyətinın xeyrinə ödənilməli, ödənilmiş 104,71 manat dövlət rüsumunun 8,71 manatı iddiaçının hesabına aid edilməli və iddia tələbi qalan hissədə isə rədd edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 213-214, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia tələbi qismən təmin edilsin. İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 026R********** saylı krеdit razılaşması ləğv edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada 6313,85 manat əsas, 939,32 manat faiz, 400 manat cərimə, cəmi 7653,17 (yeddi min altı yüz əlli üç manat on yeddi qəpik) manat məbləğində borc pul və 96 (doxsan altı) manat ödənilmiş dövlət rüsumu tutulub İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. Ödənilmiş dövlət rüsumunun 8,71 (səkkiz manat yetmiş bir qəpik) manatı iddiaçının hesabına aid edilsin. İddia tələbi qalan hissədə isə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Laçın Rayon Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Cavad İbrahimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar