Məhkəmə qərarları › İş №2(047)-1100/2025

Laçın Rayon Məhkəməsi Qərardad — İş №2(047)-1100/2025

06.10.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Laçın rayonu İş № 2(047)-1100/2025 06.10.2025 LAÇIN RAYON MƏHKƏMƏSİ Hakim İbrahimov Cavad Cavanşir oğlunun sədrliyi ilə, iddiaçı 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin Cavabdeh qarşı 1500 manat məbləğində ziyanın tutulması tələbinə dair iddia ərizəsinə ilkin baxaraq, müəyyən etdi: İddiaçı 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi Cavabdeh qarşı 1500 manat məbləğində ziyanın tutulması tələbinə dair iddia ərizəsi ilə Laçın Rayon Məhkəməsinə müraciət etmişdir. Məhkəmə iddia ərizəsini və iş materiallarını nəzərdən keçirib hesab edir ki, aşağıdakı əsaslara görə hazırkı iddia məhkəmə qaydasında baxılmalı olmadığına görə hazırkı iddia ərizəsinin məhkəmənin icraatına qəbul edilməsindən imtina edilməlidir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29 mart 2020-ci il tarixli 119 saylı qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında yayılmış faydalı qazıntı yataqlarının qanunsuz işlənməsi nəticəsində dəymiş ziyana görə normativlərinin təsdiq edilməsi haqqında", qərarda qeyd olunan ödəmə normativlərinə əsasən faydalı qazıntı yataqlarının qanunsuz işlənməsi nəticəsində təbiətə dəymiş ziyana görə hesablanmış məbləğin təqsirkar fiziki, vəzifəli və hüquqi şəxslər tərəfindən ödənilməsi üçün Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən maddi ziyanın miqdarının hesabat sənədi rəsmi qaydada təqsirkar olan fiziki, vəzifəli və hüquqi şəxslərə göndərilir. Dəymiş ziyan məbləği təqsirkar olan fiziki, vəzifəli və hüquqi şəxslər tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il tarixli 41 nömrəli qərarı ilə təsdiq edilmiş “X1 üzrə Dövlət Fondu haqqında Əsasnamə” yə uyğun olaraq X1 üzrə Dövlət Fondunun müvafiq bank hesabına ödənilməli və ödənişi təsdiq edən sənəd Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə təqdim edilməlidir. Bundan başqa, 01 yanvar 2011-ci il tarixdən qüvvədə olan “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 1.1-ci maddəsinə əsasən bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Həmin Qanunun 2.0.1-ci maddəsinə əsasən inzibati orqan dedikdə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs başa düşülür. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə təsdiq edilmiş “İnzibati orqanların Təsnifatı”nın 17.1-ci bəndinə əsasən 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi inzibati orqandır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 82.1-ci maddəsinə əsasən pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktların məcburi qaydada icrası “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən icra məmurları tərəfindən icra edilir. Həmin Qanunun 82.2-ci maddəsinə əsasən inzibati aktı qəbul etmiş inzibati orqan tələbin icraya yönəldilməsi haqqında qərar qəbul edir. Bu halda tələbin icraya yönəldilməsi üçün məhkəmə qərarının qəbul edilməsi tələb olunmur. Yuxarıda sadalanan qanunvericiliyin normalarından görünür ki, 11 saylı Regional Ekologiya və Təbbi Sərvətlər İdarəsinin inzibati orqan olaraq vurulmuş zərərin məbləğini Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi normalar əsasında hesablayaraq ödənilməsi barədə qanunla müəyyən edilmiş qaydada inzibati akt qəbul etmək səlahiyyəti mövcuddur. Məhkəmə yuxarıda şərh olunanlara əsasən belə nəticəyə gəlir ki, iddiaçı 11 saylı Regional Ekologiya və Təbbi Sərvətlər İdarəsi “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 82.2-ci maddəsinin tələbinə uyğun olaraq pul tələbinin icraya yönəldilməsi haqqında qərar qəbul edib, həmin qərarı məcburi qaydada icra edilməsi üçün müvafiq rayon icra və probasiya şöbəsinə göndərməlidir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 82-ci maddəsinin və Azərbaycan Respublikası Vergi Məcəlləsinin 52 və 90.1-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 13 sentyabr 2011-ci il tarixli Qərarında da qeyd edilir ki, “İnzibati icraat haqqında” Qanunun 82.2-ci maddəsində nəzərdə tutulmuş inzibati aktı qəbul etmiş inzibati orqanın tələbin icraya yönəldilməsi haqqında qərar qəbul etməsi və bunun üçün məhkəmənin qərarının tələb olunmaması məsələsinə gəldikdə isə vurğulanmalıdır ki, inzibati orqan yalnız öz səlahiyyətləri çərçivəsində qərar qəbul edə bilər. Eyni ilə vergi orqanı da öz səlahiyyətləri daxilində qərar qəbul edə və onu məhkəmə qərarı tələb olunmadan icraya göndərə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Palatasının 04 sentyabr 2014-cü il tarixli qərardadına əsasən Laçın Rayon Məhkəməsinin hazırkı işlə bilavatə bağlı olan eyni növlü tələb üzrə müvafiq qanunvericiliyin şərh edilməsi barədə müraciətini məhkəmənin icraatına qəbul edilməsindən imtina etsə də, həmin qərardadın məzmununda hazırkı iş üzrə iddiaçı olan 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin vurulmuş zərərin dəyərini Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi normalara əsasən hesablanması barədə inzibati akt qəbul edib, icraya yönəldilməsinin qanunvericiliyin birmənalı tələbi olmasını qeyd etmişdir. Eyni zamanda, həmin qərardadın məzmunundan məlum olur ki, hazırkı işlə bağlı qanunvericiliyə şərh verilmədən də bu məsələnin həllinin qeyd edilən qaydada mümkün olduğu bildirilmişdir. Hazırkı tələblə bağlı Şirvan Apellyasiya Məhkəməsinin icraatında olmuş eyni xarakterli tələblər üzrə də hazırkı məzmunda qərarlar qəbul edilmişdir. Bundan əlavə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153-cü maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana və ya məhkəməyə müraciət etməli olmasını orada göstərir. Ərizəni qəbul etməkdən imtina haqqında qərardad ərizəyə əlavə olunmuş bütün sənədlərlə birlikdə ərizəçiyə rəsmi qaydada verilməlidir. İddia ərizəsini qəbul etməkdən imtina barədə qərardaddan şikayət verilə bilər. Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmənin qənaəti belədir ki, hazırkı işə məhkəmədə baxılmalı olmadığından iddia ərizəsi və sənədlər geri qaytarılmalı, faydalı qazıntı yataqlarının qanunsuz işlənməsi nəticəsində təbiətə dəymiş ziyanın ödənilməsi ilə bağlı iddiaçı tərəfindən qərar qəbul edilməli və həmin qərar icra edilməsi üçün müvafiq icra qurumuna göndərilməlidir. Qeyd edilən qərardan mənafeyinə toxunan şəxs narazı qalarsa “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq yuxarı inzibati orqana və ya müvafiq inzibati məhkəməyə şikayət edə bilər. İddiaçıya təkrar olaraq izah edilsin ki, Azərbaycan Respublikası hüquqi dövlət olduğundan qanunların aliliyinin təmin etmək dövlətin hər bir vəzifəli şəxsin vəzifəsidir. Hər bir vətəndaş, o cümlədən vəzifəli şəxs qanunların verdiyi hüquqi imkanlardan istifadə etməli və fəaliyyətini həmin qanunların tələblərinə uyğun qurmalıdır. Ona görə də iddiaçı qanunvericiliyin yuxarıda izah edilən imkanlarından istifadə edə bilər. Hazırkı xarakterli iddiaların məhkəmənin icraatına qəbul edilməsi göstərilən qanunların tələbləri baxımından mümkün deyildir. Bu hal yuxarı instansiya məhkəmələri tərəfindən də qəbul edilmiş eyni xarakterli işlərdə qeyd edilmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153-cü, 263- 264-cü və 266-268-ci maddələrini rəhbər tutaraq, qəraraaldı: İddiaçı 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin Cavabdeh qarşı 1500 manat məbləğində ziyanın tutulması tələbinə dair iddia ərizəsinin məhkəmənin icraatına qəbul edilməsindən imtina edilsin, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. İddiaçıya izah edilsin ki, faydalı qazıntı yataqlarının qanunsuz işlənməsi nəticəsində təbiətə dəymiş ziyanın borcludan tutulması barədə qərar qəbul etdikdən sonra həmin qərarın icrası ilə əlaqədar müvafiq ərazi üzrə icra və probasiya şöbəsinə müraciət edə bilər. Qəradaddan, onun təqdim edildiyi vaxtdan 10 (on) gün müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Laçın Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim:Cavad İbrahimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar