Azərbaycan Respublikası adından QƏTNAMƏ Laçın rayonu İş № 2(047)-179/2023 03.05.2023 LAÇIN RAYON MƏHKƏMƏSİ Hakim İbrahimov Cavad Cavanşir oğlunun sədrliyi, Məhkəmə iclas katibi Şükürov Yaşasın Valeh oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə iddia icraatı qaydasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinə uyğun izahat verib iddia tələbini müdafiə edərək izahatında göstərmişdir ki, o, Cavabdeh ilə bibisi oğlu Əliyev Elşadın vasitəsi ilə tanış olmuş, cavabdeh X3 ona Abşeron rayon, Xırdalan şəhərində H.Əliyev prospekti 39 ünvanında inşa olunan yaşayış binasında evi olduğunu və həmin evi satmaq istədiyini bildirmişdir. Evə baxıb bəyəndikdən sonra cavabdehə ilkin olaraq 12000 (on iki min) manat, daha sonra isə bankdan kredit götürərək 10000 (on min) manat ümumilikdə 22000 (iyirmi iki min) manat pul vermiş, bir müddət sonra həmin evin digər şəxslərə satıldığını öyrənmiş və bu səbəbdən də cavabdehdən pulunu geri tələb etmiş, cavabdeh əvvəlcə ona 1000 (bir min) manat pul qaytarmış, sonra isə 16000 (on altı min) manata Mercedes E klass markalı avtomobili dəyərləndirərək ona vermiş, həmin avtomobili isə o, 14000 (on dörd min) manata satmış, ümumilikdə cavabdehə verdiyi 22000 (iyirmi iki min) manat puldan 15000 (on beş min) manatı ona geri qaytarılmış, cavabdehin ona hal-hazırda 7000 (yeddi min) manat borcu qalmışdır. 2022-ci ilin may ayında cavabdeh onu aldadıb borcunu ödəmədiyinə görə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 102 xidmətinə müraciət etmiş, müraciəti qeydə alınmış və iş araşdırılması üçün Abeşron rayon Polis İdarəsinə göndərilmişdir. Abşeron rayon Polis İdarəsinin müstəntiqi polis-polkovnik-leytenantı X2 şikayətini araşdırmış və sonunda cinayət işinin başlanmasının rədd edilməsi haqqında 05 iyun 2022-ci il tarixli qərar qəbul etmişdir. Həmin qərarda cavabdeh ona 3000 manat borclu qaldığını etiraf etsə də əslində cavabdehin ona 7000 manat borcu qalmışdır. O, dəfələrlə Cavabdeh ona olan borcunun qaytarılması ilə bağlı müraciət etsə də o, hər dəfə borcunun qaytarılması ilə bağlı yalan vədlər verərək onu aldatmışdır. O, sonunda cavabdeh tərəfindən aldadıldığını başa düşmüş bu səbəbdən də pul tələbi ilə bağlı məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Ona görə də Cavabdeh 7000 (yeddi min) manat pulun və hüquqi xidmət üçün ödədiyi 300 manat pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. İş üzrə Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdarlıq edilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçını dinləyib və iş materiallarını araşdırıb hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş Abşeron Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiqi polis polkovnik-leytenantı X1 qəbul etdiyi “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 05 iyun 2022-ci il tarixli qərardan görünür ki, Cavabdeh barəsində cinayət işinin başlanılması rədd edilərək İddiaçı mülki qaydada məhkəməyə müraciət etməli olması bildirilmiş və qeyd edilən qərarda Cavabdeh İddiaçı 3000 manat borclu olduğunu etiraf etmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli qəbzdən və müqavilədən görünür ki, İddiaçı tərəfindən hüquqi xidmət üçün 300 (üç yüz) manat məbləğində pul ödənilmişdir. Bundan başqa, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Həmin Konstitusiyanın 29-cu maddəsinin 2-ci hissəsinə əsasən “Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur”. Həmçinin, Azərbaycan Republikası Mülki Məcəlləsinin (bundan sonra mətndə MM) 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. MM-nin 21.2-ci maddəsinə görə zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olunması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adı mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. MM-nin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. MM-nin 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. MM-nin 157.4-cü maddəsinə əsasən, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Bundan başqa, MM-nin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. MM-nin 386.1-ci maddəsinə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. MM-nin 439.4-cü maddəsinə görə öhdəlikdən kənar ödənilmiş pul əsassız varlanma qaydalarına uyğun olaraq geri tələb edilə bilər. MM-nin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. MM-nin 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. MM-nin 1092.1-ci maddəsinin tələblərinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Beləliklə, məhkəmə araşdırmaları zamanı iş üzrə tədqiq edilmiş sübutlarla və qeyd edilən münasibətlərə tətbiq edilməli olan hüquq normalarının tələblərinə əsasən belə müəyyən olundu ki, Cavabdeh İddiaçı ilə öz aralarında razılığa gələrək Abşeron rayon, Xırdalan şəhərində H.Əliyev prospekti 39 ünvanında inşa olunan yaşayış binasında mənzili olduğunu, həmin mənzili satmaq istədiyini iddiaçıya bildirmiş və iddiaçı da mənzilə baxıb bəyəndikdən sonra qeyd edilən mənzil Cavabdeh tərəfindən İddiaçı təqdim edilmiş, lakin sonradan həmin mənzillə bağlı tərəflər arasında mübahisə yaranmış və nəticədə Cavabdeh İddiaçı 3000 manat borcu qalmışdır. Bu fakt, yəni Cavabdeh İddiaçı 3000 manat borclu olması Abşeron Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiqi polis-polkovnik leytenantı X1 qəbul etdiyi “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 05 iyun 2022-ci il tarixli qərarda da öz təsdiqini tapmışdır. Bundan başqa məhkəmə İddiaçı məhkəməyə verdiyi izahatına münasibət bildirərək onu da qeyd edir ki, iddiaçının cavabdehə ilkin olaraq 12000 (on iki min) manat daha sonra isə bankdan kredit götürərək 10000 (on min) manat ümumilikdə 22000 (iyirmi iki min) manat pul verdiyini və həmin puldan cavabdehin ona hal-hazırda 7000 (yeddi min) manat borclu qaldığını bildirsə də bu barədə mötəbər sübutları məhkəməyə təqdim edə bilməmişdir. Qeyd edilənlərə əsasən də məhkəmə belə hesab edir ki, Cavabdeh hüquqi əsas olmadan başqa şəxsin, yəni İddiaçı hesabına 3000 manat pul əldə edərək əsassız varlanmışdır. Belə olan halda isə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə iddia vermək hüququ yaranır ki, iddiaçı da bu hüququndan istifadə edərək cavabdehə qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Bundan əlavə məhkəmə onu da qeyd edir ki, İddiaçı tərəfindən hüquqi xidmət haqqına görə ödənilmiş 300 manat pul məbləği də Cavabdeh İddiaçı xeyrinə tutulmalıdır. Belə ki, məhkəmə belə hesab edir ki, tərəflər arasında yaranan mübahisəyə səbəb Cavabdeh olmuşdur. Bütün bu göstərilənlərə əsasən də məhkəmə Cavabdeh 3000 manat və hüquqi xidmət üçün ödənilən 300 manat, cəmi 3300 manat pulun alınıb İddiaçı verilməsini qanuni və əsaslı sayır. Həmçinin, Azərbaycan Respublikası MPM-nin (bundan sonra mətndə MPM) 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri subutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-nin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. MPM-nin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş subutlarla əsaslandırır. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə subutların məcmusuna hüquqi qiymət verib, onda yaranmış daxili inam əsasında belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh 3000 manat və hüquqi xidmət üçün ödənilən 300 manat, cəmi 3300 manat pul alınıb İddiaçı verilməli və iddia tələbi qalan hissədə isə əsassız olduğundan təmin edilməməlidir. Şərh olunanlara əsasən və MPM-nin 213-214, 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 3000 manat və hüquqi xidmət üçün ödənilən 300 manat, cəmi 3300 (üç min üç yüz) manat pul alınıb İddiaçı verilsin. İddia tələbi qalan hissədə isə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Laçın Rayon Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Cavad İbrahimov
Məhkəmə qərarları › İş №2(047)-179/2023
Laçın Rayon Məhkəməsi Qətnamə — İş №2(047)-179/2023
03.05.2023 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver