Məhkəmə qərarları › İş №2(047)-183/2023

Laçın Rayon Məhkəməsi Qətnamə — İş №2(047)-183/2023

11.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Laçın rayonu İş № 2(047)-183/2023 11.05.2023 LAÇIN RAYON MƏHKƏMƏSİ Hakim İbrahimov Cavad Cavanşir oğlunun sədrliyi, Məhkəmə iclas katibi Şükürov Yaşasın Valeh oğlunun katibliyi ilə, İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nın Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Borclu və Zamin qarşı borc tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nın Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu cavabdehlər Borclu və Zamin qarşı borc tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddia tələbinin təmin olunması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nın Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun etibarnamə üzrə nümayəndəsi iddia ərizəsini onunla əsaslandırmışdır ki, cavabdeh Borclu ilə İddiaçı ASC arasında bağlanmış xx.xx.2014-cü il tarixli kredit müqaviləsinə əsasən Borclu illik 26 faizlə 36 ay müddətinə bankdan 11000 ABŞ dolları məbləğində kredit verilmiş və həmin kreditin təminatı olaraq digər cavabdeh Zamin ilə bank arasında zaminlik müqaviləsi də bağlanmışdır. Bundan sonra Borclu müraciətlərinə əsasən xx.xx.2017-ci il tarixli sazişlə xx.xx.2014-cü il tarixli kredit müqaviləsinin ödəniş planına dəyişikliklər edilərək kreditin qalıq məbləği 12457,59 manat məbləğində 15 faiz ödənilməklə müddəti isə xx.xx.2020-ci il tarixədək uzadılması tərəflər arasında razılaşdırılmış və bu barədə Zamin da razılığı alınmışdır. Kredit müqaviləsinə əsasən müştəri əsas və kreditdən istifadəyə görə hesablanmış faiz borcunu hər ay bərabər məbləğdə ödəməli olduğu halda, kreditin ödənilməsini vaxtlı-vaxtında aparmamış bununla da müqavilə üzrə götürdüyü öhdəlikləri lazımı qaydada icra etməyərək müqavilənin şərtlərini pozmuşdur. Cavabdeh Borclu banka xx.xx.2022-ci il tarixə 6210,01 manat əsas, faiz borcu üzrə 4353,43 manat, cərimə üzrə 9448,11 manat və kredit müqaviləsi üzrə gecikdirilmiş vaxt üçün illik 5 (beş) fazilə hesablanmış 845,38 manat məbləğində gecikdirilmiş faiz borcu vardır. Xəbərdarlıq da edilməsinə baxmayaraq cavabdehlər tərəfindən qeyd edilən borc məbləği bu günədək ödənilməmişdir. Ona görə də cavabdehlər Borclu və Zamin müştərək qaydada əsas borc üzrə 6210,01 manat, faiz borcu üzrə 4353,43 manat, cərimə üzrə 9448,11 manat və kredit müqaviləsi üzrə gecikdirilmiş vaxt üçün illik 5 (beş) fazilə hesablanmış 845,38 manat məbləğində gecikdirilmiş faiz borcunun, cəmi 20856,93 manat borcun, həmçinin ödənilmiş 152,57 manat dövlət rüsumunun tutulub Ləğv prosesində olan İddiaçı ASC-nın xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Ləğv prosesində olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi Azər Əmirov məhkəməyə iddia ərizəsi ilə birlikdə ərizə və digər nümayəndə Hikmət Həsənli isə teleqram göndərərək məhkəmə iclasını iştirakları olmadan keçirib tələblərinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Məhkəmə hazırkı işlə bağlı iddiaçının nümayəndələrinin onların iştirakları olmadan işə baxılması xahişini qanunauyğun sayır və mülki işə iddiaçının nümayəndələrinin iştirakları olmadan baxılmasını mümkün hesab edir. İş üzrə cavabdehlər Borclu və Zamin məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdarlıq edilməsinə baxmayaraq onlar məhkəmə iclasına gəlməmişlər və gəlməmələri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş xx.xx.2014-cü il tarixli kredit və zaminlik müqavilələrindən görünür ki, İddiaçı ASC ilə cavabdehlər Borclu və Zamin arasında bağlanmış müqavilələrə əsasən cavabdeh Borclu illik faiz dərəcəsi 26% olmaqla 36 ay müddətinə 11000 ABŞ dolları məbləğində kredit verilmiş və öhdəliklərin icrasının təminatı olaraq digər cavabdeh Zamin durmuşdur. İş materiallarına əlavə olunmuş xx.xx.2017-ci il tarixli kredit və zaminlik müqavilələrinə əlavə sazişlərdən görünür ki, xx.xx.2014-cü il tarixli kredit müqaviləsinin ödəniş planına dəyişikliklər edilərək kreditin qalıq məbləği 12457,59 manat məbləğində 15 faiz ödənilməklə müddəti isə xx.xx.2020-ci il tarixədək uzadılması tərəflər arasında razılaşdırılmış və bu barədə Zamin da razılığı alınmışdır. İş materiallarına əlavə olunmuş xx.xx.2022-ci il tarixli maliyyə arayışından görünür ki, cavabdehlərin xx.xx.2022-ci il tarixə əsas borc üzrə 6210,01 manat, müqavilə müddətində hesablanmış faiz borcu üzrə 4353,43 manat, cərimə üzrə 9448,11 manat və kredit müqaviləsi üzrə 845,38 manat məbləğində gecikdirilmiş vaxt üçün hesablanan faiz məbləği olmaqla, cəmi 20856,93 manat məbləğində borcu yaranmışdır. İş materiallarına əlavə olunmuş xəbərdarlıqlardan görünür ki, cavabdehlər banka olan borclarını ödəmələri üçün xəbərdar edilmişlər. Bundan başqa, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsində göstərilir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz. İnsan Hüquqlarının və X1 Haqqında Konvensiyaya dair 20 mart 1952-ci il tarixli 1 saylı protokolun “Mülkiyyətin müdafiəsi” adlanan 1-ci maddəsində göstərilir ki, hər bir fiziki və ya hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Yuxarıdakı müddəalar dövlətin ümumi maraqlara müvafiq olaraq, mülkiyyətdən istifadəyə nəzarəti həyata keçirmək üçün, yaxud vergilərin və ya digər rüsum və ya cərimələrin ödənilməsini təmin etmək üçün zəruri hesab etdiyi qanunları yerinə yetirmək hüququnu məhdudlaşdırmır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Həmin Məcəllənin 14.1. və 14.2.1.-ci maddələrinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digar əsaslar əmələ gəlməsi halları istisna olmaqla, öhdəlyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmumu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmçinin, Azərbaycan Respublikasında əhalinin rifahını yüksəltmək, sosial müdafiəsini və layiqli həyat səviyyəsini təmin etmək dövlətin sosial-iqtisadi inkişaf konsepsiyasının prioritetlərindən olmasını, qlobal iqtisadi və maliyyə böhranının ölkə iqtisadiyyatına təsirlərinin əhalinin müəyyən qrupunun ödəmə qabiliyyətinin zəifləməsinə, bunun da nəticəsində, kredit təşkilatlarından xarici valyutada borc almış vətəndaşların bank sistemi qarşısında vaxtı keçmiş kreditlər üzrə öhdəliklərinin artmasına və bu öhdəliklərin yerinə yetirilməsi ilə bağlı məsələlərə məhkəmə müstəvisində baxılma hallarının çoxalmasını və sair halları nəzərə alan ölkə başçısı tərəfindən, dünya bazarında neftin qiymətinin 3-4 dəfə azalması ilə bağlı baş vermiş devalvasiya nəticəsində fiziki şəxslərin xarici valyutada olan kreditləri üzrə onların üzləşdiyi maliyyə itkisini qarşılamaq, o cümlədən problemli kreditlər məsələsinin həllinə dövlət dəstəyini təmin etmək məqsədilə "Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında" 28 fevral 2019-cu il tarixdə 551 nömrəli Fərman imzalanmışdır. Fərmanın 1-ci bəndinə əsasən aşağıda qeyd olunan tarixlərə fiziki şəxslərin banklara 10 000 (on min) ABŞ dollarınadək xarici valyutada olan əsas kredit borclarının devalvasiya ilə bağlı manatla artmış hissəsi aşağıdakı qaydada qiymətləndirilməklə, bu Fərman qüvvəyə mindiyi günə Azərbaycan Respublikası Mərkəzi Bankının elan etdiyi məzənnəyə uyğun olaraq, dövlət büdcəsinin vəsaiti hesabına üç aydan gec olmayaraq manatla ödənilməlidir; 1.1-ci bənd 2015-ci il fevralın 21-nə xarici valyutada mövcud olan əsas kredit borcuna münasibətdə - 1 ABŞ dollarına 0.25 manat (0.15 ABŞ dolları) kimi. Fərmanın 2-ci bəndinə əsasən Bu Fərmanın 1-ci hissəsinə əsasən edilən ödəniş, ilk növbədə, fiziki şəxslərin banklar və ləğvetmə prosesində olan banklar qarşısında ödəniş müddəti keçmiş əsas kredit borclarının ödənilməsinə yönəldilməli, qalan məbləğ isə həmin fiziki şəxslərin sərəncamına verilməlidir. Fərmanın 3-cü bəndinə əsasən Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası: 3.1. Azərbaycan Respublikasının Mərkəzi Bankı ilə birlikdə bu Fərmanın 1-ci hissəsində göstərilən tələblər nəzərə alınmaqla, fiziki şəxslərin xarici valyutada olan kreditlərinin əsas məbləğinin devalvasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizmini (qaydasını), habelə həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştləri müəyyən edərək, Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla on beş gün müddətində təsdiq etməli; 3.2. bu Fərmanın 1-ci hissəsinə əsasən ediləcək ödənişin ümumi məbləğini, ödəniş ediləcək fiziki şəxslərin siyahısını və hər bir fiziki şəxsə ödəniləcək vəsaitin məbləğini qırx beş gün müddətində müəyyən edərək və bu barədə Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə və Azərbaycan Respublikasının Mərkəzi Bankına məlumat verməlidir. Fərmanın 5-ci bəndinə əsasən Azərbaycan Respublikasının Mərkəzi Bankına tövsiyə edilmişdir ki: 5.1. bu Fərman qüvvəyə mindiyi tarixə fiziki şəxslərin xarici valyutada əsas məbləği 10 000 (on min) ABŞ dollarınadək, milli valyutada isə 17 000 (on yeddi min) manatadək olan kreditlər üzrə vaxtı keçmiş kredit borclarının restrukturizasiyası məqsədilə, Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının müraciəti əsasında, banklara 682 000 000,0 (altı yüz səksən iki milyon) manat məbləğinədək dövlət zəmanəti ilə təmin edilmiş güzəştli kredit verilməsini təmin etsin; 5.2. bu Fərmanın 5.1-ci bəndində nəzərdə tutulan tədbirlər nəticəsində bankların valyuta mövqeyinin pisləşməsinin qarşısını almaq məqsədilə ayrılmış kreditin hesabına banklara, onların müraciəti əsasında 215 000 000,0 (iki yüz on beş milyon) ABŞ dolları dəyərinədək xarici valyutada ifadə olunmuş, illik faiz dərəcəsi 0,5 faiz olmaqla qiymətli kağızların verilməsini təmin etsin; 5.3. bu Fərmandan irəli gələn digər tədbirlərin həyata keçirilməsini təmin etsin. Fərmanın 6-cı bəndinə əsasən banklara tövsiyə edilmişdir ki: 6.1. bu Fərmanın 7.1-ci bəndində nəzərdə tutulan siyahı üzrə vaxtı keçmiş kredit borcu olan fiziki şəxslərə yeni güzəştli kredit müqaviləsi bağlanmasını təklif etsinlər; 6.2. fiziki şəxslərin vaxtı keçmiş kredit borclarının restrukturizasiya olunacağını nəzərə alaraq, banklar bir ay müddətində həmin kreditlərə hesablanmış faizlərin silinməsini və məhkəmədə olan işlərin geri çağırılmasını təmin edən tədbirlər görsünlər; 6.3. borcları restrukturizasiya olunmuş fiziki şəxslərin borc yükünün yüngülləşdirilməsini təmin edən digər tədbirlər görsünlər. İş materiallarında olan problemli kreditlərin kompensasiyası üzrə rəsmi portaldan edilmiş çıxarışdan görünür ki, Borclu ilə İddiaçı Açıqı Səhmdar Cəmiyyəti arasında bağlanmış kredit üzrə 01 mart 2019-cu il tarixinə restrukturizasiya olunması təklif olunan əsas kredit borcu 6210,01 manat (iddia olunan əsas borc məbləğində) müəyyən edilmişdir. Məhkəmə belə hesab edir ki, yuxarıda qeyd edilən Fərman dünya bazarında neftin qiymətinin 3-4 dəfə azalması ilə bağlı baş vermiş devalvasiya nəticəsində fiziki şəxslərin milli valyutada 17 000 (on yeddi min) manatadək olan vaxtı keçmiş kredit borclarının kreditləri üzrə onların üzləşdiyi maliyyə itkisini qarşılamaq, o cümlədən problemli kreditlər məsələsinin həllinə dövlət dəstəyini təmin etmək məqsədi güddüyündən, Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası Fərmandan irəli gələn vəzifəsini icra edərək, hazırki iş üzrə cavabdehə münasibətdə milli valyutada 17 000 (on yeddi min) manatadək olan kreditinin əsas məbləğinin ödənilməsi mexanizmini (qaydasını), habelə həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştləri müəyyən etdiyindən, restrukturizasiyaya təklif olunması üçün müəyyən edilmiş kredit məbləğinin restrukturizasiya olunmaması nəzərə allınmalı və iddia tələbi restrukturizasiya olunması təklif olunan borc məbləği həddində təmin edilməlidir. İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nın Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun iddia tələbini Zamin aid hissədə təftiş edən məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissəhissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür (m. 470.1). Zaminlik müqaviləsi gələcəkdə yaranacaq öhdəliyin təmin edilməsi üçün də bağlana bilər (m. 470.2.). Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar (m. 472.1.). Həmin Məcəllənin 477.0.1-ci maddəsinə əsasən zaminliyin təmin etdiyi öhdəliyə xitam verildikdə, habelə zaminin razılığı olmadan həmin öhdəlik dəyişdirildikdə və bu dəyişdirilmə onun məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olduqda zaminliyə xitam verilir. Həmin Məcəllənin 477.0.4-cü maddəsinə əsasən zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda zaminliyə xitam verilir. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1, 470.2 və 471-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 04 sentyabr 2012-ci il tarixli qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.2-ci maddəsinə görə gələcəkdə yaranacaq öhdəlik üzrə zaminlik müqaviləsi tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılıq əldə etdikdə bağlana bilər. Bu maddənin mənasına görə, “gələcəkdə yaranacaq öhdəliyin təmin edilməsi” müddəası zaminin əvvəlcədən razılaşdırılmış əsas borca dair gələcəkdə yaranacaq öhdəliyə zamin durması kimi başa düşülməlidir. Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd edilən qərarında formalaşan hüquqi mövqeyə görə zaminlik müqaviləsi məhz əsas öhdəliyin icrasını təmin edən üsullardan biri olduğundan, belə müqavilədə zaminliklə təmin edilən əsas öhdəliyin müəyyən olunması və ya müəyyən edilə bilməsi mümkün olmalıdır. Buna müvafiq olaraq zaminlik müqaviləsində aşağıdakılar göstərilməlidir: hansı əsas müqaviləyə dair zaminlik yaranır (müqavilənin tərəfləri, tarixi və nömrəsi göstərilməklə), əsas öhdəliyin (borclunun kreditor qarşısında öhdəliyi) həddi barədə göstəriş. Zaminliklə təmin edilmiş öhdəliyin konkret məbləğinin müqavilədə göstərilməsi mühüm şərtlərdən biridir və zaminin qanuni maraqlarını qorumaq məqsədi daşıyır. Beləliklə, qanunverici borclunun kreditor qarşısında öhdəliyinin zaminliklə təmin edildiyi halı tənzimləyərək, məhz müqavilə ilə müəyyən edilən konkret öhdəliyi nəzərdə tutur. Göründüyü kimi, zamin üzərinə birgə məsuliyyət götürdüyü halda onun kreditor qarşısında məsuliyyəti də borclu ilə eyni həcmdə olur və onların hər ikisi də öhdəliklərin icrası üçün kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Hətta mülki qanunvericilik zaminliyin gələcəkdə yaranacaq öhdəliyin təmin edilməsi üçün də verilməsini də istisna etməmişdir. Ancaq nəzərə almaq lazımdır ki, hər bir halda, zaminlik müqaviləsi Mülki Məcəllə ilə nəzərdə tutulmuş tələblərə uyğun şəkildə tərtib olunmalı və müqavilədə zaminliklə təmin edilən əsas öhdəliyin mahiyyəti tam olaraq əks olunmalıdır. Zaminlik mücərrəd öhdəliklər üzrə verilə bilməz. Əks təqdirdə, zamin hansı öhdəliklərin icrası üçün zəmanət verilməsindən məlumatlı olmayacaqdır ki, bu da onu gələcəkdə ağır şərtlər qarşısında qoya bilər. İş materiallarına iddiaçının əlavə etdiyi xx.xx.2014-cü il tarixli zaminlik müqaviləsi və xx.xx.2017-ci il tarixli zaminlik müqaviləsinə əlavə ilə təmin edilmiş kredit öhdəliyinin müddəti xx.xx.2020-ci il tarixində bitdiyindən, kreditor zaminə qarşı xx.xx.2021-ci il tarixinədək iddia qaldıra bilərdi. Hazırki işin materiallarına əsasən Ləğv prosesində olan İddiaçı ASC-nın Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu xx.xx.2023-cü il tarixdə məhkəmədə iddia qaldırmış və bununla da Mülki Məcəllənin 477.0.4-cü maddəsinin tələbi baxımından zaminliyə xitam verilməsi üçün hüquqi zəmin yaratmışdır. Ona görə də məhkəmə belə hesab edir ki, Zaminliyinə bütövlükdə xitam verilməklə ona münasibətdə iddia tələbi təmin edilməməlidir. Bundan əlavə, iddia tələbi qismən təmin edilməli olduğundan Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə əsasən iddianın qaldırılması üçün iddiaçının ödədiyi 152,57 manat dövlət rusumunun 81,10 manatı onun xeyrinə cavabdeh Borclu tutulmalı və digər qismi, yəni 71,47 manatı isə iddiaçının hesabına aid edilməlidir. Bundan başqa, Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri subutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş subutlarla əsaslandırır. Göstərilən qanunvericilik aktlarını və işin müəyyən edilmiş hallarını əsas götürən məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin olunmalı, yəni cavabdeh Borclu əsas borc üzrə 6210,01 manat məbləğində borc pul və 81,10 manat ödənilmiş dövlət rüsumu tutulub iddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nın xeyrinə ödənilməli, ödənilmiş 152,57 (bir yüz əlli iki manat əlli yeddi qəpik) manat dövlət rüsumunun 71,47 (yetmiş bir manat qırx yeddi qəpik) manatı iddiaçının hesabına aid edilməli və iddia tələbi qalan hissələrdə isə rədd edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 213-214, 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh Borclu əsas borc üzrə 6210,01 (altı min iki yüz on manat bir qəpik) manat məbləğində borc pul 81,10 (səksən bir manat on qəpik) manat ödənilmiş dövlət rüsumu tutulub iddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nın xeyrinə ödənilsin. Ödənilmiş dövlət rüsumunun 71,47 (yetmiş bir manat qırx yeddi qəpik) manatı iddiaçının hesabına aid edilsin. İddia tələbi qalan hissələrdə isə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Laçın Rayon Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Cavad İbrahimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar