Məhkəmə qərarları › İş №2(047)-20/2024

Laçın Rayon Məhkəməsi Qətnamə — İş №2(047)-20/2024

15.01.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Laçın rayonu İş № 2(047)-20/2024 15.01.2024 LAÇIN RAYON MƏHKƏMƏSİ Hakim İbrahimov Cavad Cavanşir oğlunun sədrliyi, məhkəmə iclas katibi Şükürov Yaşasın Valeh oğlunun katibliyi və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı vurulmuş ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı vurulmuş ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, xx.xx.2023-cü il tarixdə saat 16:15 radələrində M.Mehdizadə və F.Bayramov küçələrinin kəsişməsində ona məxsus “Cadillac” markalı, **-TO-*** dövlət qeydiyyat nişanlı avtomobilinə cavabdehə məxsus “Kia Sorento” markalı, **-TZ-*** dövlət qeydiyat nişanlı avtomobil yol hərəkəti qaydalarını pozaraq zərər vurmuşdur. Belə ki, həmin hadisə Bakı şəhəri, Xətai RPİ tərəfindən qeydiyyata alınmış və Cavabdeh barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmiş, cavabdeh polis bölməsinə çağrılmış və izahatında təqsirini boynuna almışdır. Avtomobilinin təmiri üçün "xxxx" MMC tərəfindən qusur aktı tərtib edilmiş, təmir və hissələrin dəyişməsi üçün xərclər hesablanmış, yekun məbləğ 18455 manat müəyyən olunmuşdur. Zərərin ödənilməsi üçün dəfələrlə cavabdehə müraciət etsə də, heç bir faydası olmamışdır. Odur ki, o, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Göstərilənləri nəzərə alaraq Cavabdeh 18455 manat məbləğində dəymiş zərərin və iş üzrə ödənilmiş 150 manat dövlət rüsumunun alınıb onun xeyrinə ödənilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasının yeri və vaxtı barədə iddiaçıya, onun nümayəndəsi və eyni zamanda vəkilinə lazımi qaydada məlumat verilməsinə baxmayaraq onlar məhkəmə iclasına gəlməmiş, lakin İddiaçı nümayəndəsi və eyni zamanda vəkili Vəkil xx.xx.2024-cü il tarixdə məhkəməyə ərizə göndərərək məhkəmə iclasını onların iştirakları olmadan keçirib tələblərinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmiş, İddiaçı isə gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə hazırkı işlə bağlı iddiaçının nümayəndəsi və eyni zamanda vəkilinin onların iştirakları olmadan işə baxılması xahişini qanunauyğun sayır və mülki işə iddiaçının, onun nümayəndəsi və eyni zamanda vəkilinin iştirakları olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qismən qəbul edərək izahatında göstərdi ki, xx.xx.2023-cü il tarixdə saat 16:15 radələrində Bakı şəhəri M.Mehdizadə və F.Bayramov küçələrinin kəsişməsində iddiaçının idarə etdiyi “Cadillac CT6” markalı, **-TO-*** dövlət qeydiyyat nişanlı avtomobil onun idarə etdiyi “Kia Sorento” markalı, **-TZ-*** dövlət qeydiyat nişanlı avtomobillə toqquşmuşdur. Lakin o, belə hesab edir ki, iddiaçının tələb etdiyi məbləğdə onun avtomobilinə ziyan dəyməmişdir. Belə ki, iddiaçı dəymiş ziyanın bir hissəsini sığorta şirkəti vasitəsilə almışdır. Bundan başqa təyin olunmuş məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyinə əsasən iddiaçının istifadəsində olan “Cadillac CT6” markalı, **-TO-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyanın ümumi məbləği 12737 manat müəyyən olunmuşdur. Qeyd etdiklərinə əsasən də o, belə hesab edir ki, iddiaçı tərəfindən sığorta şirkətindən alınmış ziyan məbləği ekspert rəyinə əsasən müəyyən edilmiş ümumi ziyan məbləğindən çıxılaraq iddia tələbi qismən təmin olunmalıdır. Odur ki, qeyd etdiklərinin nəzərə alınaraq iddia tələbinin qismən, yəni 8963,74 manat hissəsində təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Məhkəmə cavabdehi dinləyib və iş materiallarını araşdıraraq belə hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş BB 258262 saylı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin və xx.xx.2022-ci il tarixli etibarnamənin surətlərindən görünür ki, “Cadillac CT6” minik markalı **-TO-*** dövlət qeydiyyat nişanlı avtomobil X2 adına qeydiyyata alınmış və nəqliyyat vasitəsini idarə etmək, ipotekaya qoymaq, qeydiyyata salmaq, bağışlamaq və s. hüquqlar xx.xx.2023-cü il tarixədək İddiaçı verilmişdir. İş materiallarına əlavə edilmiş ADN 590584 saylı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “Kia Sorento” minik markalı, **-TZ-*** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh adına qeydiyyata alınmışdır. İş materiallarına əlavə olunmuş Bakı şəhər Xətai rayon DYPİ-nin xx.xx.2023-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarından görünür ki, Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib 40 manat məbləğində cərimə olunmuşdur. İş materiallarına əlavə edilmiş fotoşəkillərdən də görünür ki, İddiaçı istifadəsində olan “Cadillac CT6” minik markalı **-TO-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinə texniki xəsarət yetirilmişdir. İş materiallarına əlavə edilmiş "xxxx" MMC tərəfindən verilmiş istifadə olunmuş ehtiyyat hissələri və materialları, həmçinin görülmüş işlər üzrə cədvəldən, "xxxx" ASC tərəfindən verilmiş sığorta aktından və "xxxx" ASC tərəfindən verilmiş məlumatdan görünür ki, Cavabdeh mülkiyyətində olan “Kia Sorento” minik markalı, **-TZ-*** dövlət qeydiyyat nişanlı avtomobil "xxxx" ASC-də avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növündə sığortalandığından İddiaçı istifadəsində olan “Cadillac CT6” minik markalı **-TO-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş maddi zərərin məbləği ümumilikdə 18455 manat həcmində müəyyən edilərək İddiaçı dəymiş zərər qismində 3773,26 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Məhkəmə iş üzrə obyektiv rəyə gəlinməsi üçün məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edərək rəy almışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 9/5475 nömrəli rəyi ilə avtohissələrin qiymətləri nəzərə alınmaqla 2017-ci il buraxılışlı “Cadillac CT6” markalı **-TO-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinə dəymiş zərərin məbləğinin avtomobilin təmir-bərpa xərci avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə 12737 manat olması müəyyən edilmişdir. Bundan başqa, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinə görə zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olunması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adı mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsində göstərilir ki, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097.1-ci maddəsində göstərilir ki, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və ya işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Həmin Məcəllənin 1108.2-ci maddəsinə əsasən yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. Həmin Məcəllənin 1115-ci maddəsinin tələblərinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Beləliklə, məhkəmə araşdırmaları zamanı iş üzrə tədqiq edilmiş sübutlarla və qeyd edilən münasibətlərə tətbiq edilməli olan hüquq normalarının tələblərinə əsasən belə müəyyən olundu ki, xx.xx.2023-cü il tarixdə saat 16:15 radələrində Bakı şəhəri M.Mehdizadə və F.Bayramov küçələrinin kəsişməsində yol nəqliyyat hadisəsi baş vermiş və yol nəqliyyat hadisəsi nəticəsində “Kia Sorento” minik markalı, **-TZ-*** dövlət qeydiyyat nişanlı cavabdehə məxsus avtomobillə iddiaçının istifadəsində olan “Cadillac CT6” minik markalı **-TO-*** dövlət qeydiyyat nişanlı avtomobil toqquşmuşdur. Bununla əlaqədar olaraq Bakı şəhər Xətai rayon DYPİ-nin xx.xx.2023-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarına əsasən “Kia Sorento” minik markalı, **-TZ-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib 40 manat məbləğində cərimə olunmuşdur. Bundan sonra Cavabdeh mülkiyyətində olan “Kia Sorento” minik markalı, **-TZ-*** dövlət qeydiyyat nişanlı avtomobil "xxxx" ASC-də avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növündə sığortalandığından İddiaçı istifadəsində olan “Cadillac CT6” minik markalı **-TO-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş maddi zərərin məbləği ümumilikdə 18455 manat həcmində müəyyən edilərək İddiaçı dəymiş zərər qismində 3773,26 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Daha sonra iddiaçı tərəfindən cavabdehdən dəymiş ziyanın ödənilməsi tələb edilsə də cavabdeh bundan imtina etmişdir. Ona görə də iddiaçı tərəfindən cavabdehə qarşı qeyd edilən iddia tələbi ilə müraciət edilərək dəymiş 18455 manat pulun cavabdehdən tutularaq ona ödənilməsi məhkəmədən xahiş edilmişdir. Məhkəmə iş üzrə obyektiv rəyə gəlinməsi üçün məhkəməəmtəəşünaslıq ekspertizası təyin edərək rəy almış və həmin rəyə əsasən “Cadillac CT6” markalı **-TO-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinə dəymiş zərərin məbləğinin avtomobilin təmir-bərpa xərci avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə 12737 manat olması müəyyən edilmişdir ki, məhkəmə də qeyd edilən bu ekspert rəyi ilə razılaşmışdır. Qeyd edilənlərə əsasən də belə müəyyən olunur ki, Cavabdeh mülki hüquq pozuntusu törətməsi nəticəsində iddiaçıya 12737 manat məbləğində maddi ziyan dəymiş və qeyd edilən maddi ziyandan "xxxx" ASC tərəfindən İddiaçı dəymiş zərər qismində 3773,26 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Ona görə də məhkəmə qeyd edir ki, "xxxx" ASC tərəfindən İddiaçı dəymiş zərər qismində ödənilmiş 3773,26 manat sığorta ödənişi məbləği məhkəmə tərəfindən təyin edilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyi ilə müəyyən edilmiş 12737 manat məbləğində ümumilikdə dəymiş ziyan məbləğindən çıxılmalıdır. Göstərilənlərə əsasən də məhkəmə belə hesab edir ki, Cavabdeh 8963,74 (səkkiz min doqquz yüz altmış üç manat yetmiş dörd qəpik) manat dəymiş ziyanın alınıb İddiaçı verilməsi tam qanuni və əsaslıdır. Bundan əlavə, iddia tələbi qismən təmin edilməli olduğundan Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə əsasən iddianın qaldırılması üçün iddiaçının ödədiyi 150 manat dövlət rusumunun 109,63 manatı onun xeyrinə cavabdehdən tutulmalı və digər qismi, yəni 40,37 manatı isə iddiaçının hesabına aid edilməlidir. Həmçinin, Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası MPM-nin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə sübutların məcmusuna hüquqi qiymət verib belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin edilməli, yəni Cavabdeh 8963,74 (səkkiz min doqquz yüz altmış üç manat yetmiş dörd qəpik) manat dəymiş ziyan və 109,63 (bir yüz doqquz manat altmış üç qəpik) ödənilmiş dövlət rüsumu tutulub İddiaçı xeyrinə ödənilməli, ödənilmiş 150 (bir yüz əlli) manat dövlət rüsumunun 40,37 (qırx manat otuz yeddi qəpik) manatı iddiaçının hesabına aid edilməli və iddia tələbi qalan hissədə isə əsassız olduğundan rədd edilməlidir. Eyni zamanda iş üzrə keçirilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli, 9/5475 nömrəli ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat məbləğində ekspertiza xərcinin 24 manatı Cavabdeh 26 manatı isə İddiaçı alınaraq Dövlət büdcəsinin Az.MEM, VÖEN **********, hesab AZ34CTRE********************, X1, KOD 210005, VÖEN ********** Müxbir hesab AZ41NABZ 013601**********3944, SFİFT Bik CTREAZ22 saylı hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tuturaq, məhkəmə q ə t e t d i: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 8963,74 (səkkiz min doqquz yüz altmış üç manat yetmiş dörd qəpik) manat məbləğində dəymiş ziyan və 109,63 (bir yüz doqquz manat altmış üç qəpik) manat ödənilmiş dövlət rüsumu tutulub İddiaçı verilsin. Ödənilmiş dövlət rüsumunun 40,37 (qırx manat otuz yeddi qəpik) manatı iddiaçının hesabına aid edilsin. İddia tələbi qalan hissədə isə rədd edilsin. İş üzrə keçirilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli, 9/5475 nömrəli ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat məbləğində ekspertiza xərcinin 24 (iyirmi dörd) manatı Cavabdeh 26 (iyirmi altı) manatı isə İddiaçı alınaraq alınıb Dövlət büdcəsinin Az.MEM, VÖEN **********, hesab AZ34CTRE000000 0000**********, X1, KOD 210005, VÖEN ********** Müxbir hesab AZ41NABZ 013601**********3944, SFİFT Bik CTREAZ22 saylı hesabına keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Laçın Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Cavad İbrahimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar