Məhkəmə qərarları › İş №2(047)-24/2025

Laçın Rayon Məhkəməsi Qətnamə — İş №2(047)-24/2025

22.10.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Laçın rayonu İş № 2(047)-24/2025 22.10.2025 LAÇIN RAYON MƏHKƏMƏSİ Hakim İbrahimov Cavad Cavanşir oğlunun sədrliyi, məhkəmə iclas katibi Şükürov Yaşasın Valeh oğlunun katibliyi, İddiaçı və Cavabdehn iştirakları ilə, İddiaçı Cavabdeh qarşı maddi zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı maddi zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinə uyğun izahat verib iddia tələbini müdafiə edərək izahatında göstərmişdir ki, o, Cavabdeh ilə qonşudur və evlərinin arasında daş hasar vardır. Cavabdeh özünə məxsus olan 7 tonluq su çənini aralarında olan hasara söykəmiş, lakin 2022-ci ilin yay ayında həmin su çəni deşilmiş və nəticədə su daş hasarın dibindən axaraq onun evinin zirzəmisinə tökülmüşdür. Demək olar ki, ona məxsus evin zirzəmisi tamamilə su ilə dolmuş və gölməçə yaranmışdır. Bu səbəbdən evin ikinci mərtəbəsində də zirzəmiyə dolan suyun təsirindən tavan və divarları nəmlənmişdir. Belə ki, tavan və divarların bəzi hissələri, həmçinin divar kağızları və evdəki mebellər zərər görmüşdür. Bundan başqa qeyd etmək istəyir ki, Cavabdeh evinin damının üzərində yağış suyunun axıdılması üçün su novu yoxdur. Belə ki, Cavabdeh yağış suyunun axması üçün həyətdə dar və uzun çuxur qazmış, həmin çuxurun su axan tərəfini isə onun həyətinə doğru uzatmışdır. Beləliklə də yağış yağan zaman həmin çuxura dolan su onun həyətinə doğru axır. Su çəninin partlaması nəticəsində yaranan problem bəs etmirmiş kimi, hələ su novunun olmaması səbəbindən də yağış yağan zaman əlavə olaraq yenə evinin divarları və tavanı nəmlənmiş, nəticədə divarlar çatlamışdır. Ümumilikdə Cavabdeh əməlləri ucbatından ona təxmini olaraq 8000 (səkkiz min) manata yaxın məbləğdə maddi ziyan dəymişdir. Suyun axması nəticəsində yaranmış fəsadlarla bağlı tərəfindən çəkilmiş fotoşəkillər mövcuddur. Hansı ki, həmin şəkillərdən ona məxsus evin zirzəmisinin su basmasını, divarlarının və tavanının necə məhv olduğunu, nəm ucbatından evin divarlarına çəkilmiş divar kağızının cırıldığını açıq-aydın görmək mümkündür. İlkin olaraq o, qonşu olduğunu nəzərə alaraq Cavabdeh ilə danışıb ortaq məxrəcə gəlməyi təklif etsə də, Cavabdeh ona kobud cavab verərək, heç bir təqsirinin olmadığını və vurulan zərərin əvəzini ödəməyəcini bildirmişdir. Bunun üçün də o, Bakı şəhəri Xəzər Rayon Polis İdarəsinin 1-ci Polis Bölməsinə müraciət etməli olmuş, müraciəti əsasında araşdırılma aparılmış və iş Bakı şəhəri Xəzər Rayon Polis İdarəsinin 1-ci Polis Bölməsinin rəisi polis polkovnik-leytenantı Habil Həsənovun icraatında olmuşdur. İşlə əlaqədar Cavabdeh bölməyə dəvət olunub onunla profilaktik söhbətlər aparılsa da, heç bir nəticəsi olmamış və Cavabdeh öz təqsiri ucbatından dəyən zərərin qarşısını almamışdır. Eyni zamanda qeyd etmək istəyir ki, Cavabdeh ona qarşı qonşuluğa yaraşmayan hərəkətləri səbəbindən dərin stress keçirmişdir. Bu səbəbdən səhhətində də bəzi problemlər yaranmışdır. Odur ki, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəməyə müraciət etmək üçün tələb olunan dövlət rüsumu tərəfindən ödənilmişdir. Göstərilənləri nəzərə alaraq Cavabdeh 8000 manat məbləğində dəymiş zərərin və iş üzrə ödənilmiş 100 manat dövlət rüsumunun alınıb onun xeyrinə ödənilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahatında göstərmişdir ki, o, iddia ərizəsinin surətini almış və oxuyub tanış olmuşdur. İddia tələbini qəbul etmir. Belə ki, onun tərəfindən İddiaçı məxsus fərdi yaşayış evinə su axıdılmamış və İddiaçı evinə dəymiş ziyanla bağlı onun heç bir təqsiri yoxdur. Bundan başqa o, bildirir ki, iş üzrə məhkəmə tərəfindən təyin edilmiş müvafiq eksperzalarla bağlı alınmış rəylərlə də razı deyildir. Odur ki, qeyd etdiklərinin nəzərə alınaraq iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş edir. Məhkəmə tərəflərin izahatlarını dinləyib iş materiallarını araşdıraraq belə hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Cavabdeh tərəfindən məhkəməyə ünvanlanmış iddia tələbinə etirazın məzmunundan görünür ki, iddiaçı X3 ona qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək dəymiş ziyanın əvəzi olaraq 8000 manat pulun ondan alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Mülki iş hazırda icraatda olmaqla baxılmaqdadır və iş üzrə məhkəmə hazırlıq iclası xx.xx.2024-cü il tarixə saat 10:00-a təyin edilmişdir. Məhkəmənin diqqətinə çatdırır ki, iddiaçının iddiası tamamilə əsassızdır, qanunsuzdur və təmin edilə bilməz. Əvvəla qeyd edir ki, iddiaçı hazırkı iddianı qaldırmaqda subyektiv hüquqa malik olmamışdır. Belə ki, iddiaçı iddia tələbində Mülki Məcəllənin 170.2-ci maddəsinə istinad etməklə mülkiyyət hüququn həyata keçirən hər kəsin qonşusunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməli olduğunu vurğulamışdır. Göründüyü kimi qanunvericilik hər kəsin öz qonşusunun mülkiyyətinə qarşı diqqətli olmağa çağırır. Hazırki iddianın predmetini təşkil edən yəni, ziyan dəyildiyi iddia edilən nə ev (daşınmaz əmlak) eləcə də evin yerləşdiyi torpaq sahəsi nə də ki, həmin evə və torpaq sahəsinə dair mülkiyyət və digər əmlak hüquqları dövlət qeydiyyatına alınmamışdır (o cümlədən daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində hər hansı əqd mövcud deyildir (notariat qaydasında təsdiq edilməmişdir)). Belə olan halda sözügedən daşınmaz əmlak (ev) özbaşına tikili olduğundan iddiaçı həmin əmlaka dair heç bir mülkiyyət hüququ əldə etmir və iddiaçının hər hansı (mülkiyyət, sahiblik və istifadə) hüququnun olmadığı açıq-aşkardır. Beləliklə iddianın predmeti olan daşınmaz əmlaka dəymiş ziyanı tələb etməkdə iddiaçının subyektiv hüquqları yoxdur. İkincisi, onun çəni partlamamışdan əvvəl də iddiaçının evinin divarlarında çatlar var idi və bu çatların əmələ gəlməsi onun çəninin partlaması ilə heç bir əlaqəsi olmamışdır. Belə ki, hətta hesab etsək ki, onun çəninin partlaması ilə 1,5-2 ton su onun evinin padvalına axmışdır. Axı bu qədər müddətdə yəni, 2022-ci ilin yay ayından bu günə kimi təqirbən 1 il 8 ay müddətində mümkün deyildir ki, həmin miqdarda yığılan su iddiaçının evinin zirzəmisinə yığılsın və bunun nəticəsində onun evinin nəinki 1-ci mərtəbəsi özünün bildirdiyi kimi 2-ci mərtəbəsinin tavan və divarlarının nəm qalmasına və tavana və divar kağızlarına ziyan vurmuş olsun. Çünki, onun çəni cəmi 1 dəfə partlamış və həmin su iddiaçının evinin zirzəmisinə axmış olsaydı da belə ora yığılan suyu torpaq canına çəkmişdir və 3-5 günə suyun zirzəmidə qalması yəni, torpağın nəm qalması mümkün deyildir. Belə nəticəyə gəlmək olur ki, əgər iddiaçının dediyi kimi onun zirzəmisinə yığılmış su evinin 2-ci mərtəbəsinin tavanına və divar kağızlarına ziyan vurmuşsa, bu daimi, davamlı axıdılmış su nəticəsində su gölməçəsinin bu günədək yığılması nəticəsində baş verə bilərdi ki, (hansı ki, bu da inandırıcı deyil), onun tərəfindən də belə bir hal baş verməmişdir. İddiaçı həm də iddia edir ki, onun evinin damında nov olmadığı üçün yağan yağış nəticəsində axan su onun həyətindən iddiaçının həyətinə axır və bunun nəticəsində onun evinin divarları ziyan görüb. Əvvəla onun evinin damından axan yağış suyu onun öz həyətinə tökülür və iddiaçının həyətinə axıdılmır. Digər tərəfdən iddiaçının özünün evinin damının novundan yağış suyu axan zaman onun evinin divarlarının ətrafına tökülür ki, bu hal da həmin yağış suyunun iddiaçının evinin zirzəmisinə axmasını istisna etmir. Çünki, iddiaçının məntiqinə əsaslansaq əgər yağış suyu onun evinin həyətindən iddiaçının həyətinə axaraq zirzəmiyə dolursa demək yağış zamanı iddiçının evinin damının novundan tökülən su da iddiaçının evinin zirzəmisinə dolduğu anlamına gəlir. Hansı ki, bu daha inandırıcıdır. Məhkəmənin diqqətinə çatdırır ki, iddiaçının evinin divarlarının onun çəninin partlamasından əvvəl çat olması, onun çəninin partlaması nəticəsində iddiaçının evinin zirzəmisinə suyun axmamasını, iddiaçının evinin divar və tavanına dəymiş ziyanın onun çəni ilə və ya həyətindən axan yağış suyu ilə hər hansı əlaqəsinin olmadığını, iddiaçının tikdiyi evin (fundamentinin) tikinti qayda və normalara uyğun olmadığı və bu səbəbdən də yağış suyunun iddiaçının öz həyətindən evinin zirzəmisinə axdığını və işin digər zəruri hallarını təsdiq edəcək şahidləri var. İddiaçının isə öz iddiasını təsdiq edəcək hər hansı dəlil və sübutları yoxdur. Odur ki, yuxarıda göstərilənlərə əsasən məhkəmədən iddiaçının hazırki iddianı qaldırmaqda subyektiv hüququnun olmaması, eləcə də iddia tələblərinin əsassız olduğu səbəbi ilə iddia tələbinin rədd olunmasını xahiş edir. İş materiallarına əlavə edilmiş fotoşəkillərdən də görünür ki, İddiaçı istifadəsində olan Bakı şəhəri Xəzər rayonu Qala qəsəbəsi yeni sahədə yerləşən fərdi yaşayış evinə maddi ziyanın dəydiyi müəyyən edilmişdir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin MEM-nin xx.xx.2025-ci il tarixli 10/5199 nömrəli rəyindən görünür ki, tədqiq edilən tədqiqat obyektlərinə baxış keçirilən zamanı iş üzrə cavabdehin və iddiaçının sözlərinə əsasən 2022ci ilin yay aylarında Cavabdeh istifadəsində olan Bakı şəhəri Xəzər rayonu Qala qəsəbəsi yeni sahədə yerləşən fərdi yaşayış evinin həyətində olan su çəninin partlaması nəticəsində İddiaçı istifadəsində olan Bakı şəhəri Xəzər rayonu Qala qəsəbəsi yeni sahədə yerləşən fərdi yaşayış evinin zirzəmisinə suyun axıdıldığı müəyyən edilmişdir. Qeyd olunur ki, İddiaçı istifadəsində olan Bakı şəhəri Xəzər rayonu Qala qəsəbəsi yeni sahədə yerləşən fərdi yaşayış evinə dəymiş ziyanın müəyyən edilməsi ilə əlaqədar bildirilir ki, baxış zamanı həmin mənzilin bərpa olunması üçün ayrı-ayrı konstruktiv elementlər üzrə, eləcə də tikintialtı torpaq qatının müvafiq möhkəmləndirmə işləri aparılmaqla bərkidilməsinin zəruri olduğu müəyyən edilmişdir ki, həmin işlərin dəyəri, Fövqəladə Hallar Nazirliyinin Tikintidə X2 Agentliyinin müvafiq mütəxəssisləri tərəfindən mübahisəli mənzil və mənzilin yerləşdiyi torpaq sahəsi üzrə müayinə tədqiqat işləri aparılaraq, gücləndirmə işlərinin həcmi müəyyənləşdirildikdən və yerinə yetirilməli işlərə dair smeta sənədləri tərtib edildikdən sonra müəyyən oluna bilər. Bundan başqa, Cavabdeh istifadəsində olan Bakı şəhəri Xəzər rayonu Qala qəsəbəsi yeni sahədə yerləşən fərdi yaşayış evinin damının üzərində yağış suyunun axıdılması üçün su novunun olduğu müəyyən edilmişdir. Həmçinin, Cavabdeh istifadəsində olan Bakı şəhəri Xəzər rayonu Qala qəsəbəsi yeni sahədə yerləşən fərdi yaşayış evinin həyətinə baxış keçirilən zaman yağış suyunun axması üçün dar, uzun çuxurun olmadığı müəyyən olunmuşdur. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X2 Agentliyinin məhkəməyə ünvanladığı xx.xx.2025-ci il tarixli məktubunun məzmunundan görünür ki, İddiaçı istifadəsində olan Bakı şəhəri Xəzər rayonu Qala qəsəbəsi yeni sahədə yerləşən fərdi yaşayış evinə dəymiş ziyanın müəyyən edilməsi ilə əlaqədar keçirilən məhkəmə ekspertizalarına bu sahədə ixtisaslaşmış özəl məhkəmə ekspertlərinin cəlb edilməsi xahiş edilmişdir. İş materiallarına əlavə edilmiş Mərkəzi Ekspertiza Bürosunun xx.xx.2025-ci il tarixli mütəxəssis rəyindən görünür ki, İddiaçı istifadəsində olan Bakı şəhəri Xəzər rayonu Qala qəsəbəsi yeni sahədə yerləşən fərdi yaşayış evinin zirzəmisinə suyun axıdılması nəticəsində dəymiş ziyanın aradan qaldırılması üçün hazırki vaxta tələb olunan məbləğ 4,774.40 manat təşkil edir. Bundan başqa, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinə görə zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olunması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adı mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsində göstərilir ki, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097.1-ci maddəsində göstərilir ki, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və ya işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Beləliklə, məhkəmə araşdırmaları zamanı iş üzrə tədqiq edilmiş sübutlarla və qeyd edilən münasibətlərə tətbiq edilməli olan hüquq normalarının tələblərinə əsasən belə müəyyən olundu ki, 2022-ci ilin yay aylarında Cavabdeh istifadəsində olan Bakı şəhəri Xəzər rayonu Qala qəsəbəsi yeni sahədə yerləşən fərdi yaşayış evinin həyətində olan su çəninin partlaması nəticəsində İddiaçı istifadəsində olan Bakı şəhəri Xəzər rayonu Qala qəsəbəsi yeni sahədə yerləşən fərdi yaşayış evinin zirzəmisinə su axıdılmışdır. Bununla bağlı İddiaçı tərəfindən dəymiş ziyanın ödənilməsi ilə bağlı Cavabdeh müraciət edilsə də Cavabdeh dəymiş ziyanın ödənilməsindən imtina etmişdir. Odur ki, İddiaçı qeyd edilən iddia tələbi ilə bağlı məhkəməyə müraciət etmiş və məhkəmə iş üzrə obyektiv rəyə gəlinməsi üçün müvafiq ekspertizalar təyin edərək rəy almışdır. Bundan sonra Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin MEM-nin məhkəməyə təqdim etdiyi xx.xx.2025-ci il tarixli 10/5199 nömrəli rəyinə əsasən 2022-ci ilin yay aylarında Cavabdeh istifadəsində olan Bakı şəhəri Xəzər rayonu Qala qəsəbəsi yeni sahədə yerləşən fərdi yaşayış evinin həyətində olan su çəninin partlaması nəticəsində İddiaçı istifadəsində olan Bakı şəhəri Xəzər rayonu Qala qəsəbəsi yeni sahədə yerləşən fərdi yaşayış evinin zirzəmisinə suyun axıdıldığı, eyni zamanda Cavabdeh istifadəsində olan Bakı şəhəri Xəzər rayonu Qala qəsəbəsi yeni sahədə yerləşən fərdi yaşayış evinin damının üzərində yağış suyunun axıdılması üçün su novunun olduğu müəyyən edilsə də həmin fərdi yaşayış evinin həyətinə baxış keçirilən zaman yağış suyunun axması üçün dar, uzun çuxurun olmadığı da müəyyən olunmuşdur. Lakin qeyd edilən ekspert rəyi ilə dəymiş ziyanın müəyyən edilməsi mümkün olmamış, ona görə də İddiaçı istifadəsində olan Bakı şəhəri Xəzər rayonu Qala qəsəbəsi yeni sahədə yerləşən fərdi yaşayış evinə dəymiş ziyanın müəyyən edilməsi ilə bağlı məhkəmə tərəfindən Mərkəzi Ekspertiza Bürosuna müraciət olunmuş və həmin büronun xx.xx.2025-ci il tarixli mütəxəssis rəyinə əsasən İddiaçı istifadəsində olan Bakı şəhəri Xəzər rayonu Qala qəsəbəsi yeni sahədə yerləşən fərdi yaşayış evinin zirzəmisinə suyun axıdılması nəticəsində dəymiş ziyanın aradan qaldırılması üçün hazırki vaxta tələb olunan məbləğin 4,774.40 manat təşkil etdiyi müəyyən olunmuşdur ki, məhkəmə də qeyd edilən bu ekspert və mütəxəssis rəyləri ilə razılaşmışdır. Bundan başqa məhkəmə araşdırmaları zamanı Cavabdeh tərəfindən məhkəməyə ünvanlanmış iddia tələbinə etirazda göstərilən xüsusatlar öz təsdiqini tapmamışdır. Belə ki, Cavabdeh tərəfindən məhkəməyə ünvanlanmış iddia tələbinə etirazda göstərilən xüsusatların əksəriyyəti heç bir əsası olmayan cavabdehin öz fərziyyələrinə əsaslanmışdır ki, məhkəmə də həmin halları mötəbər sübut kimi qəbul edə bilməz. Qeyd edilənlərə əsasən də belə müəyyən olunur ki, Cavabdeh mülki hüquq pozuntusu törətməsi nəticəsində iddiaçıya 4,774.40 manat məbləğində maddi ziyan dəymişdir. Göstərilənlərə əsasən də məhkəmə belə hesab edir ki, iddia tələbinin qismən təmin edilməsi, yəni Cavabdeh 4,774.40 manat dəymiş ziyanın alınıb İddiaçı verilməsi tam qanuni və əsaslıdır. Bundan əlavə, iddia tələbi qismən təmin edilməli olduğundan Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə əsasən iddianın qaldırılması üçün iddiaçının ödədiyi 100 manat dövlət rusumunun 68 manatı onun xeyrinə cavabdehdən tutulmalı, digər qismi, yəni 32 manatı iddiaçının hesabına aid edilməli, bundan başqa 100 manat ekspertiza xərci İddiaçı, 300 manat qiymətləndirmə xərci isə Cavabdeh tutulmalıdır. Həmçinin, Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası MPM-nin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə sübutların məcmusuna hüquqi qiymət verib belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin edilməli, yəni Cavabdeh 4,774.40 manat dəymiş ziyan və ödənilmiş 100 manat dövlət rüsumunun 68 manatı tutulub İddiaçı xeyrinə ödənilməli, ödənilmiş dövlət rüsumunun 32 manatı iddiaçının hesabına aid edilməli və iddia tələbi qalan hissədə isə rədd edilməlidir. Eyni zamanda iş üzrə keçirilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin MEM-nin xx.xx.2025-ci il tarixli 10/5199 nömrəli ekspertiza tədqiqatının dəyəri olan 100 manat məbləğində ekspertiza xərci İddiaçı alınaraq Dövlət büdcəsinin Az.MEM, VÖEN **********, hesab AZ34CTRE00000 **********88501, X1, KOD 210005, VÖEN ********** Müxbir hesab AZ41NABZ ********************, SFİFT Bik CTREAZ22 saylı hesabına köçürülməlidir. Həmçinin, iş üzrə keçirilmiş Mərkəzi Ekspertiza Bürosunun xx.xx.2025-ci il tarixli qiymətləndirmə ekspertizasının dəyəri olan 300 manat məbləğində qiymətləndirmə xərci isə Cavabdeh alınaraq Mərkəzi Ekspertiza Bürosunun benefisiarın bankı Rabitə Bank, filialın kodu 502155, VÖEN ********* SWİFT kod RBTAAZ22, Müxbir hesab AZ61NABZO**********000006944, Mərkəzi Ekspertiza Bürosunun hesablaşma hesabı AZ26RBTA********************, VÖEN ********** saylı hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 233 və 360-cı maddələrini rəhbər tuturaq, məhkəmə q ə t e t d i: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 4,774.40 (dörd min yeddi yüz yetmiş dörd manat qırx qəpik) manat məbləğində dəymiş ziyan və 68 (altmış səkkiz) manat ödənilmiş dövlət rüsumu tutulub İddiaçı verilsin. Ödənilmiş dövlət rüsumunun 32 (otuz iki) manatı iddiaçının hesabına aid edilsin. İddia tələbi qalan hissədə isə əsassız olduğundan rədd edilsin. İş üzrə keçirilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin MEM-nin xx.xx.2025-ci il tarixli 10/5199 nömrəli ekspertiza tədqiqatının dəyəri olan 100 (bir yüz) manat məbləğində ekspertiza xərci İddiaçı alınaraq Dövlət büdcəsinin Az.MEM, VÖEN **********, hesab AZ34CTRE00000 **********88501, X1, KOD 210005, VÖEN ********** Müxbir hesab AZ41NABZ **********00000 03944, SFİFT Bik CTREAZ22 saylı hesabına keçirilsin. İş üzrə keçirilmiş Mərkəzi Ekspertiza Bürosunun xx.xx.2025-ci il tarixli qiymətləndirmə ekspertizasının dəyəri olan 300 manat məbləğində qiymətləndirmə xərci isə Cavabdeh alınaraq Mərkəzi Ekspertiza Bürosunun benefisiarın bankı Rabitə Bank, filialın kodu 502155, VÖEN ********* SWİFT kod RBTAAZ22, Müxbir hesab AZ61NABZO**********000006944, Mərkəzi Ekspertiza Bürosunun hesablaşma hesabı AZ26RBTA********************, VÖEN ********** saylı hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə, qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Cavad İbrahimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar