Azərbaycan Respublikası adından QƏTNAMƏ Laçın rayonu İş № 2(047)-264/2023 04.05.2023 LAÇIN RAYON MƏHKƏMƏSİ Hakim İbrahimov Cavad Cavanşir oğlunun sədrliyi, Məhkəmə iclas katibi Şükürov Yaşasın Valeh oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Şirvan Apellyasiya Məhkəməsinin 2(106)-1932/2021 saylı, 23 iyul 2021-ci il tarixli qətnaməsinə əsasən Cavabdeh 2 azyaşlı uşaqları xx.xx.2014-cü il təvəllüdlü X1 və xx.xx.2017-ci il təvəllüdlü X3 yetkinlik yaşlarına çatana qədər saxlanılması üçün onun xeyrinə hər ay hər uşaq üçün 170 manat sabit pul məbləğində cəmi 340 manat aliment ödəməlidir. Cavabdeh bu aliment öhdəliyinə ümumən əməl etmiş, lakin uşaqlar artıq böyümüşlər. Belə ki, onların təhsil almaq xərcləri, geyim və yeməyə olan təlabatları xeyli artmışdır. Digər tələbatlara da pul sərf olunur. O, heç bir yerdə işləmir, uşaqları saxlayır və başqa heç bir gəliri də yoxdur. Uşaqları saxlamaqda maddi çətinlik çəkir. Məlum olduğu kimi ölkədə 2023-cü ildə hər bir uşağın saxlanılması üçün minimum dolanışıq pul məbləği 220 manat müəyyən edilmişdir. Hesab edir ki, yuxarıda qeyd etdiklərinə əsasən cavabdeh ona hər bir uşağın saxlanılması üçün 170 manat yox, 220 manat sabit pul məbləğində aliment ödəməlidir. Odur ki, Cavabdeh xx.xx.2014-cü il təvəllüdlü X1 və xx.xx.2017-ci il təvəllüdlü X3 hər birinə yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün Şirvan Apellyasiya Məhkəməsinin 2 (106)-1932/2021 saylı, 23 iyul 2021-ci il tarixli qətnaməsinə əsasən onun xeyrinə hər ay tutulan 170 manat sabit pul məbləğində alimentin miqdarını dəyişdirərək hər uşağa 220 manat, cəmi 440 manat sabit pul məbləğində alimentin tutulmasının müəyyən edilməsi ilə bağlı qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı xx.xx.2023-cü il tarixdə məhkəməyə teleqram göndərərək məhkəmə iclasının iştirakı olmadan keçirib iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə hazırkı işlə bağlı iddiaçının onun iştirakı olmadan işə baxılması xahişini qanunauyğun sayır və mülki işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab edir. İş üzrə Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdarlıq edilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş, Cavabdeh xx.xx.2023cü il tarixdə məhkəməyə ərizə göndərərək məhkəmə iclasını onun iştirakı olmadan keçirilməsini, X4 ilə ailə qurmasının, bu nikahdan uşağının dünyaya gələcəyinin və heç bir yerdə işləməməsinin nəzərə almasını xahiş etmişdir. Məhkəmə, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən mülki işə Cavabdeh iştirakı olmadan mahiyyəti üzrə baxılmasını məqsədəmüvafiq hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, aşağıdakılara əsasən iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş Azərbaycan Respublikasının Niderland Krallığındakı Səfirliyi tərəfindən verilmiş doğum haqqında şəhadətnamələrin təsdiqlənmiş surətlərindən görünür ki, tərəflərin birgə nikahından xx.xx.2014-cü il tarixdə X2 və xx.xx.2017-cı il tarixdə isə X7 adlı iki uşaqları anadan olmuşdur. İş materiallarına əlavə edilmiş Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(106)-1932/2021 saylı qətnaməsinin surətindən görünür ki, iddiaçı və Cavabdeh apelyasiya şikayətinin təmin edilməməsi, iddiaçı və cavabdeh Həsənova (İslamova) Ayşən Məmiş qızının apelyasiya şikayətinin təmin olunması, Laçın Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(047)-108/2021 saylı qətnaməsinin alimentin müəyyən olunan məbləği hissəsində dəyişdirilməsi, Cavabdeh övladları, xx.xx.2014-cü il təvəllüdlü X1 və xx.xx.2017-cı il təvəllüdlü X3 xx.xx.2020-ci il tarixdən başlayaraq yetkinlik yaşlarına çatana kimi saxlanılması üçün, hər ay hər uşağa görə 170 (bir yüz yetmiş) manat, ümumilikdə 340 (üç yüz qırx) manat sabit pul məbləğində alimentin tutulub Həsənova (İslamova) Ayşən Məmiş qızının xeyrinə ödənilməsi və qətnamənin qalan hissədə dəyişdirilməməsi qət edilmişdir. İş materiallarına əlavə edilmiş nikahın pozulması haqqında şəhadətnamənin təsdiqlənmiş surətindən görünür ki, tərəflər arasında olan nikah xx.xx.2021-ci il tarixdə ləğv edilmiş və bu barədə akt qeydləri kitabında 22 nömrə ilə qeydiyyat aparılmışdır. İş materiallarına əlavə olunmuş mediator Ramin Əliyev tərəfindən verilmiş xx.xx.2023-ci il tarixli arayışdan görünür ki, Cavabdeh xx.xx.2023-cü il tarixə saat 09:30- 10:30-dək keçirilməsi nəzərdə tutulan ilkin mediasiya sessiyasında iştirak etməmişdir. İş materiallarına əlavə edilmiş nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh X4 ilə xx.xx.2022-ci il tarixdə rəsmi nikaha daxil olmuşlar. İş materiallarına əlavə edilmiş Salutem dermatoloji klinikası tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, X4 xx.xx.2022-ci il tarixdən etibarən 18 (on səkkiz) həftəlik hamilədir. Bundan başqa, Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin İV bəndinə əsasən ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ həm də borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.1.2-ci maddəsinə əsasən aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideyinlərindən məhkəmə tərəfindən iki uşağa görə qazancının (başqa gəlirlərin) üçdə biri miqdarında aliment tutulur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2-ci maddəsinə əsasən bu payların miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağı əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsait tutulması tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Valideyn (lər) və ya uşağı tərbiyə edən şəxslər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz bacarıqları və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyəti daşıyırlar. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununun 5.1-ci maddəsinə əsasən, ölkə üzrə təsdiq edilmiş yaşayış minimumu əmək haqqının, pensiyaların minimum məbləğinin, müavinətlərin, təqaüdlərin, digər ödənişlərin və ünvanlı dövlət sosial yardımın təyin edilməsi məqsədi ilə ehtiyac meyarının müəyyən edilməsinin əsasını təşkil edir. «Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikası Qanununa əsasən, 2023-cü il yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 220 (iki yüz iyirmi) manat məbləğində müəyyən edilir. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikasının Qanununun 19-cü maddəsinə əsasən, valideyinlərin uşaqların barəsində bərabər hüquq və vəzifələri vardır. Uşaq qabliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi hüquqlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideyinlərin əsas vəzifəsidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri subutları araşdırmalı və onlardan istifadə etməlidir. Qeyd edilənlərə əsasən də məhkəmə belə hesab edir ki, uşaqların yetkinlik yaşlarına çatana kimi saxlanması üçün cavabdehdən (atadan) tutulan aliment üzrə uşaqların maraqlarını və mənafeyini əks etdirən bütün diqqətəlayiq hallar xüsusən nəzərə alınmalı və atanın bir valideyn kimi uşağın maddi cəhətdən təmin edilməsində daha aktiv şəkildə iştirak etməsini səciyyələndirən xüsusatlar əsas götürülməlidir. Alimentin miqdarının müəyyən edilməsi zamanı əsas meyar kimi uşağın maddi təminatının normal səviyyədə təmin edilməsi təşkil etməlidir. Bundan əlavə alimentin miqdarını müəyyən edərkən, uşağın tərbiyəsində və saxlanmasında ananın üzərinə daha çox yükün düşdüyünü, bu baxımdan cavabdehin (atanın) uşağın maddi təminatının təmin edilməsində daha fəal iştiraka cəlb edilməsi halları nəzərə alınmalı, bu səbəbdən əsas diqqət yetkinlik yaşına çatmamış uşaqların mənafeyinə və uşaqların maddi cəhətdən təmin olunmasına yönəlməlidir. Bundan əlavə qanunverici sabit pul məbləğinin miqdarını, tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal səviyyədə saxlanması əsas tutularaq müəyyən edilməsindən asılı etdiyindən, uşaqların əvvəlki təminatları isə yüksək səviyyədə olduğundan, aliment ödəməli olan cavabdehin (atanın) fiziki cəhətdən sağlam olaraq əmək qabiliyyətli olmasını, ailə münasibətləri pozulanadək ölkə hüdudlarından kənarda işləyərək yüksək qazanc əldə etməsini, eyni zamanda hal-hazırda da cavabdehin qazancının qeyri-müntəzəm olmasını, həmçinin iddiaçının iddia tələbini, bundan başqa Cavabdeh başqa şəxslə olan nikahından hal-hazırda övladının olmamasını, bundan əlavə 2023-cü il yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 220 (iki yüz iyirmi) manat məbləğində müəyyən edilməsini nəzərə alaraq, iddia tələbi təmin edilməli, Cavabdeh xx.xx.2014-cü il tarixdə anadan olmuş X1 və xx.xx.2017-ci il tarixdə anadan olmuş X3 yetkinlik yaşlarına çatanadək saxlanılması üçün hər ay hər uşağa 220 (iki yüz iyirmi) manat, cəmi 440 (dörd yüz qırx) manat sabit pul məbləğində aliment İddiaçı xeyrinə tutulmalıdır. Həmçinin, Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlar tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası MPM-nin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-ci maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş subutlarla əsaslandırır. Beləliklə, məhkəmə iş üzrə araşdırılmış subutlara məcmu qaydada hüquqi qiymət verərək onda yaranmış daxili inam əsasında belə qənaətə gəlir ki, iddia tələbi təmin edilməli, Şirvan Apellyasiya Məhkəməsinin 2 (106)-1932/2021 saylı, 23 iyul 2021-ci il tarixli qətnaməsi ilə Cavabdeh tutulan alimentin miqdarı dəyişdirilərək qətnamə qanuni qüvvəsini aldığı vaxtdan başlayaraq Cavabdeh xx.xx.2014-cü il tarixdə anadan olmuş X1 və xx.xx.2017-ci il tarixdə anadan olmuş X3 yetkinlik yaşlarına çatanadək saxlanılması üçün hər ay hər uşağa 220 (iki yüz iyirmi) manat cəmi 440 (dörd yüz qırx) manat sabit pul məbləğində aliment tutulub İddiaçı xeyrinə ödənilməlidir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75-78, 112-ci və Azərbaycan Respublikası MPM-nin 213-214, 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia tələbi təmin edilsin. Şirvan Apellyasiya Məhkəməsinin 2 (106)-1932/2021 saylı, 23 iyul 2021-ci il tarixli qətnaməsi ilə Cavabdeh tutulan alimentin miqdarı dəyişdirilsin. Qətnamə qanuni qüvvəsini aldığı vaxtdan başlayaraq Cavabdeh xx.xx.2014-cü il tarixdə anadan olmuş X1 və xx.xx.2017-ci il tarixdə anadan olmuş X3 yetkinlik yaşlarına çatanadək saxlanılması üçün hər ay hər uşağa 220 (iki yüz iyirmi) manat, cəmi 440 (dörd yüz qırx) manat sabit pul məbləğində aliment tutulub İddiaçı xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Laçın Rayon Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Cavad İbrahimov
Məhkəmə qərarları › İş №2(047)-264/2023
Laçın Rayon Məhkəməsi Qətnamə — İş №2(047)-264/2023
04.05.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver