Məhkəmə qərarları › İş №2(047)-272/2023

Laçın Rayon Məhkəməsi Qətnamə — İş №2(047)-272/2023

12.06.2023 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Laçın rayonu İş № 2(047)-272/2023 12.06.2023 LAÇIN RAYON MƏHKƏMƏSİ Hakim İbrahimov Cavad Cavanşir oğlunun sədirliyi, məhkəmə iclas katibi Şükürov Yaşasın Valeh oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı məhkəməyə yazılı ərizəsini təqdim edərək izahatında göstərmişdir ki, o, 2018-ci ilin fevral ayının ortalarında Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, İ.Əhlimanov küçəsi 153-də yerləşən avtoyuma salonunda özünü həmin avtoyuma salonunun sahibi kimi təqdim edən Cavabdeh ilə təsadüfən tanış olmuş, tanışlıq əsasında Cavabdeh adı çəkilən avtoyuma salonunu şərikli işlətməyi ona təklif etmiş və o, da buna razı olmuşdur. Bundan sonra Cavabdeh ona pulu olmadığını, avtoyuma salonun təmirinə xərclənəcək pulları onun ödəməyini və gələcəkdə əldə olunan gəlirdən ona çatan 50/50 götürəcəyini bildirmiş və bu barədə onlar razılığa gəlmişlər. Lakin həmin ərəfədə nağd pul vəsaiti olmadığı üçün o, “Bank BTB” Səbail filialından illik 35% olmaqla, 36 aylıq müddətə 5.000 manat kredit borcu götürərək həmin məbləğin 4.000 manatını Cavabdeh təqdim etmiş və cavabdeh də salonda müəyyən təmir işləri aparmışdır. Bir müddət işlədikdən sonra gəlir əldə edə bilmədiyini görmüş və Ruslandan niyə belə az pul əldə etdiyi ilə bağlı maraqlandıqda o, bir müddət belə olacağını bildirmiş, halbuki, Ruslanun vədlərinə əsasən hər gün ən azı 5-6 avtomaşın təmizlik üçün ora müraciət edirmiş. Bu minvalla işlərini davam etdirdiyi vaxt Ruslan ona özünə məxsus olan plastik qapı-pəncərə sexinə maya qoymağı və yaxşı gəlir əldə etməyi təklif etmişdir. O, bankdan götürüb Ruslana verdiyi pulları bərpa etmək məqsədilə yenidən özünə məxsus “Kapital Bank”ın kredit kartından 25 % olmaqla 2.000 manat nağd pul çəkib Ruslana vermiş, Ruslan gündüzlər qapı pəncərə sifarişi almış və gecələr düzəltmişdir. Daha sonra o, işlər qaydasında getmədiyi üçün Cavabdeh pulunu tələb etmişdir. Bundan sonra Cavabdeh verdiyi 6000 (altı min) manat puldan cavabdeh hissə-hisssə olmaqla ona cəmi 4370 (dörd min üç yüz yetmiş) manat pul qaytarmışdır. Cavabdeh bank faizi ilə birlikdə ona hal-hazırda 4041 manat borcu qalmış, lakin cavabdeh borclu olduğu qalan 4041 manat pulu indiyənə kimi ona qaytarmamışdır. O, cavabdehdən ona borclu olduğu pulu dəfələrlə qaytarmasını tələb etsə də cavabdeh hər dəfə müxtəlif bəhanələr gətirərək borclu olduğu pulu qaytarmaqdan imtina etmişdir. Artıq məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Ona görə də Cavabdeh 4041 manat pulun və ödədiyi 64 manat dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh məhkəməyə ərizə təqdim edərək izahatında göstərmişdir ki, iddia ərizəsinin surətini almış və oxuyub tanış olmuşdur. İddia tələbini qəbul etmir. Belə ki, İddiaçı ilə şərikli işləmək məqsədi ilə 2018-ci il tarixdə Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, İ.Əhlimanov küçəsi 153-də yerləşən avtoyuma salonuna və plastik qapı-pəncərə sexinə iddiaçı ümumilikdə 6000 (altı min) manat xərc çəkmiş, bundan sonra İddiaçı bir ay çalışmamış onunla işləmək istəməməsini bildirmiş və ona verdiyi 6000 manat pulun qaytarılmasını tələb etmişdir. Bunun müqabilində o da İddiaçı PVC materiallarının götürülməsini və ya həmin pulu hissə-hissə qaytaracağını bildirmiş və o, iddiaçıdan aldığı 6000 (altı min) manat pul məbləğini hissə-hissə olmaqla tam şəkildə 2022-ci ilin avqust ayınadək iddiaçıya qaytarmışdır. Onun hal-hazırda iddiaçıya heç bir borcu qalmamışdır. Ona görə də qeyd etdiklərinin nəzərə alınaraq iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Məhkəmə iddiaçını və cavabdehi dinləyib iş materiallarını araşdırıb hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır. Belə ki, iş materiallarına əlavə olunmuş xx.xx.2018-ci il tarixli kredit müqaviləsindən görünür ki, Bank "xxxx" ASC ilə İddiaçı arasında bağlanmış müqaviləyə əsasən İddiaçı illik faiz dərəcəsi 32% olmaqla 36 ay müddətinə 5000 manat məbləğində kredit verilmişdir. İş materiallarına əlavə olunmuş Bank "xxxx" ASC tərfindən verilmiş xx.xx.2021-ci il tarixli arayışdan görünür ki, Bank "xxxx" ASC ilə İddiaçı arasında bağlanmış xx.xx.2018-ci il tarixli kredit müqaviləsi üzrə İddiaçı xx.xx.2021-ci il tarixdə kreditini tam bağlamış və qeyd edilən kredit müqaviləsi üzrə onun Bank "xxxx" ASC qarşısında heç bir öhdəliyi yoxdur. İş materiallarına əlavə olunmuş Cavabdeh tərəfindən yazılmış və imzalanmış xx.xx.2023-cü il tarixli ərizənin məzmunundan görünür ki, Cavabdeh avtoyuma salonunu və plastik qapı-pəncərə sexini şərikli işlətmək məqsədilə İddiaçı 6000 manat pul almış, həmin pulu İddiaçı qaytarmış və onun İddiaçı heç bir borcu qalmamışdır. İş materiallarına əlavə olunmuş İddiaçı tərəfindən yazılmış və imzalanmış xx.xx.2023cü il və xx.xx.2023-cü il tarixli ərizələrin məzmunundan görünür ki, İddiaçı avtoyuma salonunu və plastik qapı-pəncərə sexini şərikli işlətmək məqsədilə Cavabdeh ümumilikdə 6000 (altı min) manat pul vermiş və Cavabdeh İddiaçı həmin məbləğdən hissə-hissə olmaqla ümumilikdə 4370 (dörd min üç yüz yetmiş) manat pul ödəmişdir. Bundan başqa, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Həmin Konstitusiyanın 29-cu maddəsinin 2-ci hissəsinə əsasən “Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur”. Həmçinin, Azərbaycan Republikası Mülki Məcəlləsinin (bundan sonra mətndə MM) 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. MM-nin 21.2-ci maddəsinə görə zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olunması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adı mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. MM-nin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. MM-nin 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. MM-nin 157.4-cü maddəsinə əsasən, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Bundan başqa, MM-nin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. MM-nin 386.1-ci maddəsinə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. MM-nin 439.4-cü maddəsinə görə öhdəlikdən kənar ödənilmiş pul əsassız varlanma qaydalarına uyğun olaraq geri tələb edilə bilər. MM-nin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. MM-nin 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. MM-nin 1092.1-ci maddəsinin tələblərinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Beləliklə, məhkəmə araşdırmaları zamanı iddiaçının və cavabdehin izahatları, iş üzrə tədqiq edilmiş sübutlarla və qeyd edilən münasibətlərə tətbiq edilməli olan hüquq normalarının tələblərinə əsasən belə müəyyən olundu ki, Cavabdeh İddiaçı avtoyuma salonunun və plastik qapı-pəncərə sexinin şərikli işlədilməsi adı ilə ümumilikdə 6000 manat pul almış, lakin bir müddət sonra İddiaçı Cavabdeh ilə şərikli işləməkdən imtina edərək Cavabdeh verdiyi 6000 manat pulun ona geri qaytarılmasını tələb etmiş və Cavabdeh tərəfindən hissə-hissə olmaqla bu günədək iddiaçı Cavabdeh 4370 manat məbləğində pul qaytarılmışdır. Bundan başqa İddiaçı məhkəməyə verdiyi izahatında Cavabdeh ona halhazırda bank faizi ilə birlikdə 4041 manat pul borcunun qaldığını bildirsə də bu barədə mötəbər sübutları məhkəməyə tam təqdim edə bilməmişdir. Həmçinin Cavabdeh da məhkəməyə verdiyi izahatında İddiaçı aldığı 6000 manat pulu hissə-hissə olmaqla tam şəkildə iddiaçıya qaytardığını bildirsə də o da bu barədə mötəbər sübutları məhkəməyə tam təqdim edə bilməmişdir. Bundan başqa İddiaçı müvafiq banklardan götürdüyü pul məbləğləri ilə bağlı həmin banklar tərəfindən ona hesablanan faiz məbləğinin də iddiaçı tərəfindən Cavabdeh tələb edilməsini məhkəmə haqlı hesab etmir. Qeyd edilənlərə əsasən də məhkəmə belə hesab edir ki, Cavabdeh hüquqi əsas olmadan başqa şəxsin, yəni İddiaçı hesabına 6000 manat pul əldə etmiş, lakin sonradan qeyd edilən məbləğdən iddiaçıya hissə-hissə olmaqla 4370 manat pul qaytarmış, qalan məbləği, yəni 1630 manat pulu isə hal-hazıradək iddiaçıya qaytarmayaraq İddiaçı hesabına əsassız varlanmışdır. Belə olan halda isə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə iddia vermək hüququ yaranır ki, iddiaçı da bu hüququndan istifadə edərək cavabdehə qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Bütün bu göstərilənlərə əsasən də məhkəmə iddia tələbinin qismən təmin edilərək Cavabdeh 1630 manat pulun alınıb İddiaçı verilməsini qanuni və əsaslı sayır. Bundan əlavə, iddia tələbi qismən təmin edilməli olduğundan Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə MPM) 119.1-ci maddəsinin tələblərinə əsasən iddianın qaldırılması üçün iddiaçının ödədiyi 64 manat dövlət rusumunun 36,30 manatı onun xeyrinə cavabdehdən tutulmalı və digər qismi, yəni 27,70 manatı isə iddiaçının hesabına aid edilməlidir. Bundan başqa, MPM-nin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri subutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-nin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-nin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. MPM-nin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş subutlarla əsaslandırır. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə subutların məcmusuna hüquqi qiymət verib belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh 1630 manat pul və ödənilmiş 36,30 (otuz altı manat otuz qəpik) manat dövlət rüsumu alınıb İddiaçı verilməli, ödənilmiş dövlət rüsumunun 27,70 (iyirmi yeddi manat yetmiş qəpik) manatı iddiaçının hesabına aid edilməli və iddia tələbi qalan hissədə isə əsassız olduğundan rədd edilməlidir. Şərh olunanlara əsasən və MPM-nin 213-214, 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 1630 (bir min altı yüz otuz) manat pul və ödənilmiş 36,30 (otuz altı manat otuz qəpik) manat dövlət rüsumu alınıb İddiaçı verilsin. Ödənilmiş dövlət rüsumunun 27,70 (iyirmi yeddi manat yetmiş qəpik) manatı iddiaçının hesabına aid edilsin. İddia tələbi qalan hissədə isə əsassız olduğundan rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Laçın Rayon Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim:Cavad İbrahimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar