Azərbaycan Respublikası adından QƏTNAMƏ Laçın rayonu İş № 2(047)-280/2023 07.06.2023 LAÇIN RAYON MƏHKƏMƏSİ Hakim İbrahimov Cavad Cavanşir oğlunun sədrliyi, məhkəmə iclas katibi Şükürov Yaşasın Valeh oğlunun katibliyi ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı pul tələbinə dair mülki işə iddia icraatı qaydasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı ASC Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddia tələbinin təmin olunması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı ASC-nin nümayəndəsi iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh (bundan sonra “cavabdeh”) xx.xx.2022-ci il tarixində birbank mobil tətbiqi vasitəsilə 3000 manat məbləğində kreditin onlayn qaydada rəsmiləşdirilməsi üçün İddiaçı ASC-yə (bundan sonra “İddiaçı” və ya “Bank”) müraciət etmişdir. Bu zaman cavabdeh mobil tətbiqdə üztanıma sistemilə eyniləşdirilmişdir (fotoşəkil əlavə olunur). Cavabdehin müraciəti araşdırıldıqdan sonra ona 3000 manat məbləğində kredit rəsmiləşdirilmişdir. Kredit üçün ayrılmış vəsaitdən 20 manat sığorta haqqı çıxıldıqdan sonra qalan 2980 manat vəsait cavabdehin 416974******4958 nömrəli kartına köçürülmüşdür. Lakin texniki səhvlik nəticəsində həmin vəsait təkrarən cavabdehin hesabına köçürülmüşdür. Cavabdeh həm kredit üçün köçürülmüş vəsaiti, həm də səhvliklə köçürülmüş vəsaiti istifadə etmişdir. Artıq köçürülmüş vəsaitin qaytarılması ilə bağlı cavabdehə məlumat verilsə də, o, vəsaitin qaytarılmasından imtina etmişdir. Cavabdeh tərəfindən əsassız varlanma nəticəsinə əldə olunmuş vəsait qaytarılmadığından hazırda ona qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Bundan başqa bankın qeyd olunan vəsaitdən məhrum olunmasından 10 ay müddət keçməsini nəzərə alaraq belə hesab edirlər ki, bu müddətə hesablanacaq faiz məbləği olan 211 (xx.xx.2023-cü il tarixdən uçot dərəcəsi 8,5 faiz miqdarında müəyyən edilmişdir) manat faiz borcu da cavabdehdən bankın xeyrinə tutulmalıdır. Odur ki, Cavabdeh İddiaçı ASC-nin hesabına əsassız varlanması nəticəsində əldə etdiyi 2980 (iki min doqquz yüz səksən) manat, həmin vəsaitin məbləğindən bank uçot dərəcəsi üzrə hesablanmış 211 (iki yüz on bir) manat faizlərin və iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 52.31 manat məbləğində pul vəsaitinin Cavabdeh tutulub İddiaçı ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş edilmişdir. İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Ümid Nəbizadə məhkəməyə ərizə göndərərək məhkəmə iclasını iştirakları olmadan keçirib tələblərinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə hazırkı işlə bağlı iddiaçının nümayəndəsinin onun iştirakı olmadan işə baxılması xahişini qanunauyğun sayır və mülki işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. İş üzrə Cavabdeh isə məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdarlıq edilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyəheç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş xx.xx.2022-ci il tarixli kredit müqaviləsindən görünür ki, Cavabdeh illik 15 faiz dərəcəsi ilə 12 ay müddətinə 3000 manat məbləğində kredit nağd qaydada deyil, cavabdehin elektron imzası əsasında ona məxsus kart hesabına pul vəsaitinin köçürülməsi yolu ilə verilmişdir. İş materiallarına əlavə olunmuş ödəniş kartı üzrə çıxarışdan görünür ki, İddiaçı ASC tərəfindən Cavabdeh məxsus kart hesabına köçürülməli olan 2980 manat pul vəsaiti səhvən iki dəfə iddiaçı tərəfindən xx.xx.2022-ci il tarixdə Cavabdeh məxsus kart hesabına köçürülmüşdür. İş materiallarına əlavə olunmuş telefonoqramdan görünür ki, İddiaçı ASC-nin nümayəndəsi tərəfindən Cavabdeh məxsus mobil telefonla əlaqə saxlanılaraq artıq ödənilmiş vəsaitin geri qaytarılması cavabdehdən xahiş olunsa da cavabdeh həmin məbləği geri qaytarmaqdan imtina etmişdir. Bundan başqa, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Həmin Konstitusiyanın 29-cu maddəsinin 2-ci hissəsinə əsasən “Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur”. Həmçinin, Azərbaycan Republikası Mülki Məcəlləsinin (bundan sonra mətndə MM) 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. MM-nin 21.2-ci maddəsinə görə zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olunması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adı mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. MM-nin 386.1-ci maddəsinə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. MM-nin 439.4-cü maddəsinə görə öhdəlikdən kənar ödənilmiş pul əsassız varlanma qaydalarına uyğun olaraq geri tələb edilə bilər. MM-nin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. MM-nin 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. MM-nin 1092.1-ci maddəsinin tələblərinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Bundan əlavə MM-nin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). MM-nin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. MM-nin 1097.3-cü maddəsinə əsasən qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər. Bundan başqa, MM-nin 449.1-ci maddəsinin tələbinə görə özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Həmçinin, MM-nin 449.2-ci maddəsinə əsasən bank uçot dərəcəsini Azərbaycan Respublikasının Mərkəzi Bankı müəyyənləşdirir. MM-nin 449.4-cü maddəsinə əsasən özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Eyni zamanda Azərbaycan Respublikası Mərkəzi X1 qərarı ilə xx.xx.2023-cü il tarixindən uçot dərəcəsi 8,5% miqdarında müəyyən edilmişdir. Beləliklə, məhkəmə araşdırmaları zamanı iş üzrə tədqiq edilmiş sübutlarla və qeyd edilən münasibətlərə tətbiq edilməli olan hüquq normalarının tələblərinə əsasən belə müəyyən olundu ki, tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli kredit müqaviləsinə əsasən Cavabdeh illik 15 faiz dərəcəsi ilə 12 ay müddətinə 3000 manat məbləğində kreditin nağd qaydada deyil, cavabdehin elektron imzası əsasında ona məxsus kart hesabına pul vəsaitinin köçürülməsi yolu ilə verilməsi nəzərdə tutulmuş, lakin İddiaçı ASC tərəfindən Cavabdeh məxsus kart hesabına köçürülməli olan 2980 manat pul vəsaiti səhvən iki dəfə iddiaçı tərəfindən xx.xx.2022-ci il tarixdə Cavabdeh məxsus kart hesabına köçürülmüş və bundan sonra İddiaçı ASC-nin nümayəndəsi tərəfindən Cavabdeh məxsus mobil telefonla əlaqə saxlanılaraq artıq ödənilmiş vəsaitin geri qaytarılması cavabdehdən xahiş olunsa da cavabdeh həmin məbləği geri qaytarmaqdan imtina etmişdir. Cavabdeh tərəfindən əsassız varlanma nəticəsinə əldə olunmuş vəsait geri qaytarılmadığından iddiaçı məcbur olub belə bir tələblə məhkəməyə müraciət etmişdir. Bundan başqa bankın qeyd olunan vəsaitdən məhrum olunmasından 10 ay müddət keçməsi nəzərə alınaraq bank tərəfindən cavabdehə bu müddətə hesablanacaq faiz məbləği olan 211 (xx.xx.2023-cü il tarixdən uçot dərəcəsi 8,5 faiz miqdarında müəyyən edilmişdir) manat faiz borcu hesablanmışdır ki, məhkəmə də qeyd edilən bu faiz borcunun da MM-nin 449-cu maddəsinin tələblərinə görə cavabdehdən tutulmalı olduğunu bildirir. Qeyd edilənlərə əsasən də məhkəmə belə hesab edir ki, Cavabdeh heç bir hüquqi əsas olmadan başqa şəxsin, yəni İddiaçı ASC-nin hesabına pul vəsaiti əldə etmişdir. Odur ki, iddia tələbinin bütünlüklə təmin edilməsi qanuni və əsaslı hesab olunmalıdır. Bundan əlavə, Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin (bundan sonra mətndə MPM) 119.1-ci maddəsinə əsasən iddia qalması üçün iddiaçının ödədiyi 52,31 manat dövlət rusumu da onun xeyrinə cavabdehdən tutulmalıdır. MPM-in 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri subutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir MPM-in 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş subutlarla əsaslandırır. Göstərilən qanunvericilik aktlarını və işin müəyyən edilmiş hallarını əsas götürən məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi təmin olunmalı, Cavabdeh 2980 manat məbləğində əsas, həmin vəsaitin məbləğindən bank uçot dərəcəsi üzrə hesablanmış 211 manat faiz borcu, cəmi 3191 manat məbləğində pul və 52,31 manat ödənilmiş dövlət rüsumunun əvəzi tutulub İddiaçı ASC-nın xeyrinə ödənilməlidir. Şərh olunanlara əsasən və MPM-in 213-214, 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia tələbi təmin edilsin. Cavabdeh 2980 (iki min doqquz yüz səksən) manat məbləğində əsas, həmin vəsaitin məbləğindən bank uçot dərəcəsi üzrə hesablanmış 211 manat faiz borcu, cəmi 3191 (üç min bir yüz doxsan bir) manat məbləğində pul və 52,31 (əlli iki manat otuz bir qəpik) manat ödənilmiş dövlət rüsumu tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Laçın Rayon Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Cavad İbrahimov
Məhkəmə qərarları › İş №2(047)-280/2023
Laçın Rayon Məhkəməsi Qətnamə — İş №2(047)-280/2023
07.06.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver