Məhkəmə qərarları › İş №2(047)-342/2023

Laçın Rayon Məhkəməsi Qətnamə — İş №2(047)-342/2023

15.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Laçın rayonu İş № 2(047)-342/2023 15.05.2023 LAÇIN RAYON MƏHKƏMƏSİ Hakim İbrahimov Cavad Cavanşir oğlunun sədrliyi, məhkəmə iclas katibi Şükürov Yaşasın Valeh oğlunun katibliyi ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı borc tələbi barədə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında mülki işə baxaraq, müəyyənetdi: İddiaçı ASC Cavabdeh qarşı borc tələbi barədə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 284-5.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən Cavabdeh və Laçın RİHB-nın Qozlu kənd icra nümayəndəliyinə (Cavabdeh çatdırılması üçün) xx.xx.2023-cü il tarixli kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında və eyni zamanda mülki prosessual hüquq və vəzifələrin izahı barədə məhkəmə bildirişləri göndərilmiş, lakin cavabdeh tərəfindən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etiraz, ona əlavə olunmuş sənədlər, öz dəlillərini və onları təsdiq edən sənədlər məhkəməyə təqdim edilməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 284-5.3-cü maddəsinə əsasən ərizənin məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan həmin işin həllinə dair müvafiq qətnamə çıxarılmasını mümkün hesab etmişdir. İddiaçı ASC-nin nümayəndəsi iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı ASC (bundan sonra “Bank”) ilə Cavabdeh oğlu arasında xx.xx.2018-ci il tarixdə bank xidmətlərinin göstərilməsinə dair X2nun xx.xx.2018-cu il tarixli 1.1.0 nömrəli versiyasının şərtlərini qəbul etməsi barədə GTC-07066İB/2018 saylı razılıq ərizəsi imzalanmışdır. Həmin razılıq ərizəsinin imzalayaraq borclu www.pashabank,az saytında yerləşdirilmiş X1 qeyd edilmiş şərtləri (müvafiq redaksiyada) qəbul edir. Sonradan tərəflər arasında X2 çərçivəsində 0084075AZN14719 saylı xx.xx.2018-ci il tarixli maliyyələşdirmə üçün ərizə forması imzalanmış və bank tərəfindən borcalana xx.xx.2020-ci il tarixədək illik faiz dərəcəsi 21.50%, illik cərimə faizi 180% olmaqla, 2500 (iki min beş yüz manat) manat məbləğində istehlak xərcləri məqsədilə işçi krediti verilmişdir. Lakin borcalan həmin kredit üzrə öhdəliklərini vaxtında və lazımi qaydada icra etməmişdir. Kreditin müəyyənləşdirilən qaydada ödənilməsini həyata keçirmədiyi günlərin sayı 1352 gün təşkil edir. Qeyd olunanlara əsasən bank tərəfindən borcalana xəbərdarlıq məktubu göndərilmiş və bank qarşısında olan öhdəliklərinin yerinə yetirilməsi xahiş olunmuş, əks halda qanunvericiliklə müəyyən olunmuş və müqavilə şərtində nəzərdə tutulmuş tədbirlərin görüləcəyi bildirilmişdir. Borcalanın xx.xx.2023-cü il tarixə İddiaçı ASC qarşısında 1,783.26 (bir min yeddi yüz səksən üç manat iyirmi altı qəpik) manat əsas borcu, 494.39 (dörd yüz doxsan dörd manat otuz doqquz qəpik) manat faiz borcu, 2,059.39 (iki min əlli doqquz manat otuz doqquz qəpik) manat cərimə borcu olmaqla cəmi 4337,04 manat borcu qalmışdır. Odur ki, Cavabdeh 1783.26 manat əsas, 494,39 manat faiz, 2059,39 manat cərimə, cəmi 4337,04 manat borcun və 64 manat ödənilmiş dövlət rusumunun İddiaçı ASC-nin xeyrinə tutulmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə işdə olan hüquqi sənədləri tədqiq edib, toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək, belə hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır. Belə ki, iş materiallarına əlavə olunmuş X2 çərçivəsində tərəflər arasında imzalanmış 0084075AZN14719 saylı xx.xx.2018-ci il tarixli maliyyələşdirmə üçün ərizədən görünür ki, bank tərəfindən Cavabdeh xx.xx.2020-ci il tarixədək illik faiz dərəcəsi 21.50%, illik cərimə faizi 180% olmaqla, 2500 (iki min beş yüz manat) manat məbləğində istehlak xərcləri məqsədilə işçi krediti verilmişdir. İş materiallarına əlavə olunmuş maliyyə arayışlarından görünür ki, cavabdehin xx.xx.2023-cü il tarixə 1783.26 manat əsas, 2059,39 manat cərimə, xx.xx.2020-ci il tarixə, yəni kredit müddətinin bitdiyi tarixə 494,39 manat faiz, cəmi 4337,04 manat borcu qalmışdır. İş materiallarına əlavə olunmuş xəbərdarlıqdan görünür ki, cavabdehə borcunu ödəməsi üçün xəbərdarlıq məktubu göndərilmişdir. Bundan başqa, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra mətndə MM) 739.1-ci maddəsinin tələbinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. MM-nin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 dekabr 2014-cü il tarixli qərarında ifadə olunmuş hüquqi mövqeyinə əsasən kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sönrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericiliklə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. MM-nin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. MM-nin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmumu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Beləliklə də müəyyən edilir ki, X2 çərçivəsində tərəflər arasında imzalanmış 0084075AZN14719 saylı xx.xx.2018-ci il tarixli maliyyələşdirmə üçün ərizəyə əsasən bank tərəfindən Cavabdeh xx.xx.2020-ci il tarixədək illik faiz dərəcəsi 21.50%, illik cərimə faizi 180% olmaqla, 2500 (iki min beş yüz manat) manat məbləğində istehlak xərcləri məqsədilə işçi krediti verilmişdir. Lakin razılaşmaya əsasən borclu kreditin ödənilməsini vaxtlı-vaxtında aparmamış və bununla da müqavilə üzrə götürdüyü öhdəlikləri lazımı qaydada icra etməyərək müqavilənin şərtlərini pozmuşdur. Cavabdeh İddiaçı ASC-nə iddiaçının təqdim etdiyi maliyyə arayışına əsasən xx.xx.2023-cü il tarixə 1783.26 manat əsas, 2059,39 manat cərimə, xx.xx.2020-ci il tarixə, yəni kredit müddətinin bitdiyi tarixə 494,39 manat faiz, cəmi 4337,04 manat borcu qalmışdır. Bundan əlavə, MM-nin 462.1-ci maddəsinə əsasən dəbbə pulu müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədəm icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. MM-nin 465.2-ci maddəsinə görə əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. MM-nin 467-ci maddəsi məhkəmələrə işin konkret hallarını nəzərə almaqla tənasübsüz surətdə yüksək dəbbə pulunu azaltmaq səlahiyyəti vermişdir. Maddənin tələbinə görə tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınmalıdır. İddia ərizəsinin məzmunundan görünür ki, İddiaçı ASC Cavabdeh 2059,39 manat məbləğində cərimə pulu tələb edir. Məhkəmə qanunvericilik aktının göstərilən normaları baxımından dəbbə pulunun azaldılması və iddianı cərimə hissəsində 500 manat həcmində təmin etməyi qanuni və əsaslı hesab edir. Həmçinin, iddia tələbi qismən təmin edilməli olduğundan Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə əsasən iddianın qaldırılması üçün iddiaçının ödədiyi 64 (altmış dörd) manat dövlət rusumunun 48 (qırx səkkiz) manatı onun xeyrinə cavabdehdən tutulmalı və digər qismi, yəni 16 (on altı) manatı isə iddiaçının hesabına aid edilməlidir. Bundan əlavə, Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsnə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri subutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 284-6.1-ci maddəsinə əsasən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Qeyd edilənlərə əsasən də məhkəmə sübutların məcmusuna hüquqi qiymət verib belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh 1783.26 manat əsas, 494,39 manat faiz, 500 manat cərimə, cəmi 2777,65 manat borc pul və ödənilmiş 64 (altmış dörd) manat dövlət rüsumunun 48 (qırx səkkiz) manatı tutulub İddiaçı ASC-nin xeyrinə ödənilməli, ödənilmiş dövlət rüsumunun 16 (on altı) manatı iddiaçının hesabına aid edilməli və iddia tələbi qalan hissədə isə rədd edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233, 284-5, 284-6 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 1783.26 manat əsas, 494,39 manat faiz, 500 manat cərimə, cəmi 2777,65 (iki min yeddi yüz yetmiş yeddi manat altmış beş qəpik) manat borc pul və 48 (qırx səkkiz) manat ödənilmiş dövlət rüsumu tutulub İddiaçı ASC-nin xeyrinə ödənilsin. Ödənilmiş dövlət rüsumunun 16 (on altı) manatı iddiaçının hesabına aid edilsin. İddia tələbi qalan hissədə isə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Laçın Rayon Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Cavad İbrahimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar