Azərbaycan Respublikası adından QƏTNAMƏ Laçın rayonu İş № 2(047)-390/2023 05.06.2023 LAÇIN RAYON MƏHKƏMƏSİ Hakim İbrahimov Cavad Cavanşir oğlunun sədrliyi, məhkəmə iclas katibi Şükürov Yaşasın Valeh oğlunun katibliyi ilə, İddiaçı Ləğv prosesində olan "xxxx" ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı borc tələbi barədə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında mülki işə baxaraq, müəyyənetdi: İddiaçı Ləğv prosesində olan "xxxx" ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı borc tələbi barədə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 284-5.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Laçın RİHB-nın Fətəlipəyə kənd icra nümayəndəliyinə (Cavabdeh1 və Cavabdeh2 çatdırılması üçün) xx.xx.2023-cü il tarixli kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında və eyni zamanda mülki prosessual hüquq və vəzifələrin izahı barədə məhkəmə bildirişləri göndərilmiş, lakin cavabdeh tərəfindən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etiraz, ona əlavə olunmuş sənədlər, öz dəlillərini və onları təsdiq edən sənədlər məhkəməyə təqdim edilməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 284-5.3-cü maddəsinə əsasən ərizənin məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan həmin işin həllinə dair müvafiq qətnamə çıxarılmasını mümkün hesab etmişdir. İddiaçı Ləğv prosesində olan "xxxx" ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun etibarnamə üzrə nümayəndəsi iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh1 ilə "xxxx" Açıq Səhmdar Cəmiyyəti arasında bağlanmış xx.xx.2015-ci il tarixli kredit müqaviləsinə əsasən Cavabdeh1 illik 20,05 faizlə 18 ay müddətinə bankdan 4000 ABŞ dolları məbləğində kredit verilmişdir. Həmçinin kredit müqaviləsinə əsasən yaranmış öhdəliklərin icrasına təminat olaraq "xxxx" ASC ilə Cavabdeh2 arasında bağlanmış zaminlik müqaviləsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşımasını öz üzərinə götürmüşdür. Həmin müqaviləyə əsasən kredit borcalana “Əsas vəsaitin artırılması” məqsədi ilə verilsə də, vergi uçotuna alınmış vergi ödəyiciləri barədə məlumat əldə etmək üçün Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Yanında Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsində fiziki şəxslər üzrə ada görə “Cavabdeh1” vergi ödəyicisi kimi axtarılmış, lakin buna baxmayaraq həmin ada uyğun VÖEN müəyyən edilməmişdir (İnternet Vergi İdarəsinin portalından çıxarış qoşmaya əlavə edilmişdir). Kredit və zaminlik müqavilələri üzrə bağlanmış xx.xx.2016-cı il tarixli 01 saylı əlavə sazişə əsasən borcalanın kreditor qarşısındakı kredit öhdəliyinin qalığı 3578.32 ABŞ dolları hesablanmış, kreditin müddəti xx.xx.2018-ci il tarixinədək uzadılmış və əlavə saziş imzalandığı tarixdən etibarən illik 10 % ödənilməli olması tərəflər arasında razılaşdırılmışdır. Bundan sonra kredit və zaminlik müqavilələri üzrə bağlanmış xx.xx.2017-ci il tarixli 02 saylı əlavə sazişə əsasən kredit restrukturizasiya edilmişdir. Borcalanın kreditor qarşısındakı kredit öhdəliyinin qalığı 3079.03 ABŞ dolları hesablanmış, kreditin müddəti xx.xx.2020-ci il tarixədək uzadılmış və əlavə saziş imzalandığı tarixdən etibarən illik 10% ödənilməli olması yenidən tərəflər arasında razılaşdırılmışdır. Kredit müqaviləsinə əsasən borcalan bu müqavilə üzrə kreditin qaytarılması və faizlərin ödənilməsi öhdəliklərini yerinə yetirmədikdə və kreditin bütün məbləğinin, kreditdən istifadəyə görə faizlərin və müqavilədə nəzərdə tutulmuş cərimələrin ödənilməsini tələb etməyə bankın hüququ vardır. Borcun ödənilməsi barədə cavabdehlərə dəfələrlə şifahi müraciət olunmasına, habelə **********498 saylı, 01,02.2023-cü il tarixli bildiriş məktublarının göndərilməsinə baxmayaraq cavabdehlər borcun ödənilməsi üçün heç bir tədbir görməmişlər. Cavabdeh sonuncu dəfə xx.xx.2017-ci il tarixdə 120 (yüz iyirmi) AZN məbləğində ödəniş etmişdir. Bank tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdehlər həmin müqavilə üzrə üzərlərinə düşən öhdəlikləri yerinə yetirməmişlər. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi cavabdehlər tərəfindən ödəniş cədvəlinin pozulması bank lisenziyasının ləğvindən əvvəl, yəni bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki, cavabdehlər onlara verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydılar bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi. Beləliklə xx.xx.2023-cü il tarixə Cavabdeh1 kredit üzrə cəmi borcu 1068.69 (bir min altmış səkkiz dollar, 69 sent) ABŞ dolları təşkil edir. Bundan 244.85 (iki yüz qırx dörd dollar, 85 sent) ABŞ dolları əsas, 419.15 (dörd yüz on doqquz dollar, 15 sent) ABŞ dolları faiz, 373.46 (üç yüz yetmiş üç dollar, 46 sent) ABŞ dolları cərimə, kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 31.23 (otuz bir dollar, 23 sent) ABŞ dolları faiz borcu təşkil edir. Qeyd edilənlərə əsasən də cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada əsas borc üzrə 244,85 ABŞ dolları, faiz borcu üzrə 419,15 ABŞ dolları, cərimə üzrə 373,46 ABŞ dolları və kredit müqaviləsi üzrə gecikdirilmiş vaxt üçün illik 5 (beş) fazilə hesablanmış 31,23 ABŞ dolları məbləğində gecikdirilmiş faiz borcunun, cəmi 1068,69 ABŞ dolları borcun, həmçinin ödənilmiş 38,17 manat dövlət rüsumunun tutulub Ləğv prosesində olan "xxxx" ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılması xahiş edilmişdir. Məhkəmə işdə olan hüquqi sənədləri tədqiq edib, toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək belə hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır. Belə ki, iş materiallarına əlavə olunmuş xx.xx.2015-ci il tarixli kredit və zaminlik müqavilələrindən görünür ki, "xxxx" ASC ilə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 arasında bağlanmış müqavilələrə əsasən Cavabdeh1 illik faiz dərəcəsi 20.5% olmaqla 18 ay müddətinə 4000 ABŞ dolları məbləğində kredit verilmiş və həmin müqavilə üzrə öhdəliklərin icrasının təminatı olaraq digər Cavabdeh2 zamin durmuşdur. İş materiallarına əlavə olunmuş xx.xx.2016-cı il tarixli və xx.xx.2017-ci il tarixli kredit və zaminlik müqavilələrinə əlavə sazişlərdən görünür ki, "xxxx" ASC ilə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 arasında bağlanmış sazişlərlə xx.xx.2015-ci il tarixli kredit müqaviləsinin ödəniş planına dəyişikliklər edilərək əvvəlcə kreditin qalıq məbləği 3578,32 ABŞ dolları məbləğində, müddətinin isə xx.xx.2018-ci il tarixədək uzadılaraq illik 10 faizlə, daha sonra isə kreditin qalıq məbləği 3079,03 ABŞ dolları məbləğində, müddətinin xx.xx.2020-ci il tarixədək uzadılaraq yenə də illik 10 faizlə hesablanması tərəflər arasında razılaşdırılmış və bu barədə zamin Cavabdeh2 da razılığı alınmışdır. İş materiallarına əlavə olunmuş xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, cavabdehlərin xx.xx.2023-cü il tarixə əsas borc üzrə 244,85 ABŞ dolları, müqavilə müddətində hesablanmış faiz borcu üzrə 419,15 ABŞ dolları, cərimə üzrə 373,46 ABŞ dolları və kredit müqaviləsi üzrə 31,23 ABŞ dolları məbləğində gecikdirilmiş vaxt üçün hesablanan faiz məbləği olmaqla, cəmi 1068,69 ABŞ dolları məbləğində borcu yaranmışdır. İş materiallarına əlavə olunmuş xəbərdarlıqlardan görünür ki, cavabdehlər banka olan borclarını ödəmələri üçün xəbərdar edilmişlər. Bundan başqa, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra mətndə MM) 739.1-ci maddəsinin tələbinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. MM-nin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. МM-nin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. МM-nin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmumu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. MM-nin 445.7-ci maddəsinə görə borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. MM-nin 449.1-ci maddəsinin tələbinə görə özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Həmçinin, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair qərarına əsasən kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Bu zaman pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi illik beş faizdən yüksək olduqda, kreditor tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsi ilə əlaqəli şəkildə kreditin ödənişi üzrə gecikdirilmiş vaxt üçün həmin Məcəllənin 449.1-ci maddəsinə müvafiq olaraq müəyyənləşdirilən miqdarda faizlər hesablanır. Kreditorla borclu arasında kredit münasibətləri müqavilə ilə tənzimləndiyindən, kreditin peşəkarlıq qaydasında verilməsi ilə kredit təşkilatları məşğul olduğundan və kreditin predmeti kimi xüsusi likvid aktiv (pul) çıxış etdiyindən, kreditin vaxtında qaytarılmaması ilə bağlı borclunun gecikdirmə faizlərinin ödənilməsi üzrə öhdəlikləri kredit müqaviləsində nəzərdə tutula bilər. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3 və 425.1-ci maddələrinə uyğun olaraq vicdanla həyata keçirməli, öhdəlikləri şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə icra etməlidirlər. Kreditor vəsaitdən yenidən istifadə edə bilməməsi ilə bağlı ona daha böyük ziyanın vurulduğunu sübut etdikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsi və müvafiq hallarda həmin Məcəllənin 449.3-cü maddəsinə əsasən onun zərərin əvəzinin ödənilməsini tələb etməyə dair əlavə hüququ yaranır. Bundan əlavə, MM-nin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. MM-nin 21.2-ci maddəsinə görə zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olunması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adı mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Beləliklə məhkəmə iclasında müəyyən edildi ki, Cavabdeh1 və Cavabdeh2 ilə keçmiş "xxxx" ASC arasında xx.xx.2015-ci il tarixdə kredit və zaminlik müqavilələri bağlanmış və həmin müqavilələrə əsasən Cavabdeh1 illik 20,5 faizlə 18 ay müddətinə 4000 ABŞ dolları məbləğində kredit verilmişdir. Həmçinin qeyd edilən müqavilələrə əsasən yaranmış öhdəliklərin icrasına təminat olaraq Cavabdeh2 zamin durmuş və bununla da borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşımasını öz üzərinə götürmüşdür. Bundan sonra Dəmir Bank» ASC ilə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 arasında bağlanmış sazişlərlə xx.xx.2015-ci il tarixli kredit müqaviləsinin ödəniş planına dəyişikliklər edilərək əvvəlcə kreditin qalıq məbləği 3578,32 ABŞ dolları məbləğində, müddətinin isə xx.xx.2018-ci il tarixədək uzadılaraq illik 10 faizlə, daha sonra isə kreditin qalıq məbləği 3079,03 ABŞ dolları məbləğində, müddətinin xx.xx.2020-ci il tarixədək uzadılaraq yenə də illik 10 faizlə hesablanması tərəflər arasında razılaşdırılmış və bu barədə zamin Cavabdeh2 da razılığı alınmışdır. Lakin kredit müqaviləsinə əsasən borclu Cavabdeh1 kreditin ödənilməsini vaxtlı-vaxtında aparmamış və bununla da müqavilə üzrə götürdüyü öhdəlikləri lazımı qaydada icra etməyərək müqavilənin şərtlərini pozmuşdur. Cavabdeh1 banka iddiaçının təqdim etdiyi maliyyə arayışına əsasən xx.xx.2023-cü il tarixə əsas borc üzrə 244,85 ABŞ dolları, müqavilə müddətində hesablanmış faiz borcu üzrə 419,15 ABŞ dolları, cərimə üzrə 373,46 ABŞ dolları və kredit müqaviləsi üzrə 31,23 ABŞ dolları məbləğində gecikdirilmiş vaxt üçün hesablanan faiz məbləği olmaqla, cəmi 1068,69 ABŞ dolları məbləğində borcu qalmışdır. Həmçinin, MM-nin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. MM-nin 465.2-ci maddəsinə görə əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. MM-nin 467-ci maddəsi məhkəmələrə işin konkret hallarını nəzərə almaqla tənasübsüz surətdə yüksək dəbbə pulunu azaltmaq səlahiyyəti vermişdir. Maddənin tələbinə görə tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınmalıdır. İddia ərizəsinin məzmunundan görünür ki, iddiaçı Ləğv prosesində olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu cavabdehlərdən 373,46 ABŞ dolları məbləğində cərimə pulu tələb edir. Məhkəmə qanunvericilik aktının göstərilən normaları baxımından dəbbə pulunun azaldılması və iddianı cərimə hissəsində 50 ABŞ dolları həcmində təmin etməyi qanuni və əsaslı hesab edir. Bundan başqa, iddiaçı “Ləğv prosesində olan "xxxx" ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun iddia tələbini zamin Cavabdeh2 aid hissədə təftiş edən məhkəmə, həmçinin aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür (m. 470.1). Zaminlik müqaviləsi gələcəkdə yaranacaq öhdəliyin təmin edilməsi üçün də bağlana bilər (m. 470.2.). Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar (m. 472.1.). Həmin Məcəllənin 477.0.1-ci maddəsinə əsasən zaminliyin təmin etdiyi öhdəliyə xitam verildikdə, habelə zaminin razılığı olmadan həmin öhdəlik dəyişdirildikdə və bu dəyişdirilmə onun məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olduqda zaminliyə xitam verilir. Həmin Məcəllənin 477.0.4-cü maddəsinə əsasən zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda zaminliyə xitam verilir. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1, 470.2 və 471-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 04 sentyabr 2012-ci il tarixli qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.2-ci maddəsinə görə gələcəkdə yaranacaq öhdəlik üzrə zaminlik müqaviləsi tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılıq əldə etdikdə bağlana bilər. Bu maddənin mənasına görə, “gələcəkdə yaranacaq öhdəliyin təmin edilməsi” müddəası zaminin əvvəlcədən razılaşdırılmış əsas borca dair gələcəkdə yaranacaq öhdəliyə zamin durması kimi başa düşülməlidir. Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd edilən qərarında formalaşan hüquqi mövqeyə görə zaminlik müqaviləsi məhz əsas öhdəliyin icrasını təmin edən üsullardan biri olduğundan, belə müqavilədə zaminliklə təmin edilən əsas öhdəliyin müəyyən olunması və ya müəyyən edilə bilməsi mümkün olmalıdır. Buna müvafiq olaraq zaminlik müqaviləsində aşağıdakılar göstərilməlidir: hansı əsas müqaviləyə dair zaminlik yaranır (müqavilənin tərəfləri, tarixi və nömrəsi göstərilməklə), əsas öhdəliyin (borclunun kreditor qarşısında öhdəliyi) həddi barədə göstəriş. Zaminliklə təmin edilmiş öhdəliyin konkret məbləğinin müqavilədə göstərilməsi mühüm şərtlərdən biridir və zaminin qanuni maraqlarını qorumaq məqsədi daşıyır. Beləliklə, qanunverici borclunun kreditor qarşısında öhdəliyinin zaminliklə təmin edildiyi halı tənzimləyərək, məhz müqavilə ilə müəyyən edilən konkret öhdəliyi nəzərdə tutur. Göründüyü kimi, zamin üzərinə birgə məsuliyyət götürdüyü halda onun kreditor qarşısında məsuliyyəti də borclu ilə eyni həcmdə olur və onların hər ikisi də öhdəliklərin icrası üçün kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Hətta mülki qanunvericilik zaminliyin gələcəkdə yaranacaq öhdəliyin təmin edilməsi üçün də verilməsini də istisna etməmişdir. Ancaq nəzərə almaq lazımdır ki, hər bir halda, zaminlik müqaviləsi Mülki Məcəllə ilə nəzərdə tutulmuş tələblərə uyğun şəkildə tərtib olunmalı və müqavilədə zaminliklə təmin edilən əsas öhdəliyin mahiyyəti tam olaraq əks olunmalıdır. Zaminlik mücərrəd öhdəliklər üzrə verilə bilməz. Əks təqdirdə, zamin hansı öhdəliklərin icrası üçün zəmanət verilməsindən məlumatlı olmayacaqdır ki, bu da onu gələcəkdə ağır şərtlər qarşısında qoya bilər. İş materiallarına iddiaçının əlavə etdiyi xx.xx.2015-ci il tarixli zaminlik müqaviləsi, həmçinin xx.xx.2016-cı il tarixli və xx.xx.2017-ci il tarixli zaminlik müqavilələrinə əlavə sazişlər ilə təmin edilmiş kredit öhdəliyinin müddəti xx.xx.2020-ci il tarixində bitdiyindən, kreditor zaminə qarşı xx.xx.2021-ci il tarixinədək iddia qaldıra bilərdi. Hazırki işin materiallarına əsasən Ləğv prosesində olan "xxxx" ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu xx.xx.2023cü il tarixdə məhkəmədə iddia qaldırmış və bununla da Mülki Məcəllənin 477.0.4-cü maddəsinin tələbi baxımından zaminliyə xitam verilməsi üçün hüquqi zəmin yaratmışdır. Ona görə də məhkəmə belə hesab edir ki, zamin Cavabdeh2 zaminliyinə bütövlükdə xitam verilməklə ona münasibətdə iddia tələbi təmin edilməməlidir. Bundan əlavə, iddia tələbi qismən təmin edilməli olduğundan Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə əsasən iddianın qaldırılması üçün iddiaçının ödədiyi 38,17 manat dövlət rusumunun 33 (otuz üç) manatı onun xeyrinə Cavabdeh1 tutulmalı və digər qismi, yəni 5,17 manatı isə iddiaçının hesabına aid edilməlidir. Həmçinin, Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri subutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş subutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 284-6.1-ci maddəsinə əsasən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Göstərilən qanunvericilik aktlarını və işin müəyyən edilmiş hallarını əsas götürən məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin olunmalı, Cavabdeh1 əsas borc üzrə 244,85 ABŞ dolları, faiz borcu üzrə 419,15 ABŞ dolları, cərimə üzrə 50 ABŞ dolları və kredit müqaviləsi üzrə 31,23 ABŞ dolları məbləğində gecikdirilmiş vaxt üçün hesablanan faiz məbləği olmaqla, cəmi 745,23 (yeddi yüz qırx beş ABŞ dolları iyirmi üç sent) ABŞ dolları məbləğində pul ödəniləcək günə Azərbaycan Mərkəzi Bankının ABŞ dollarının manata məzənnə kursuna uyğun borc və 33 manat ödənilmiş dövlət rüsumu tutulub iddiaçı Ləğv prosesində olan "xxxx" ASC-nin xeyrinə ödənilməli, ödənilmiş 38,17 manat dövlət rüsumunun 5,17 manatı iddiaçının hesabına aid edilməli və iddia tələbi qalan hissələrdə isə rədd edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233, 284-5, 284-6 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh1 əsas borc üzrə 244,85 ABŞ dolları, faiz borcu üzrə 419,15 ABŞ dolları, cərimə üzrə 50 ABŞ dolları və kredit müqaviləsi üzrə 31,23 ABŞ dolları məbləğində gecikdirilmiş vaxt üçün hesablanan faiz məbləği olmaqla, cəmi 745,23 (yeddi yüz qırx beş ABŞ dolları iyirmi üç sent) ABŞ dolları məbləğində pul ödəniləcək günə Azərbaycan Mərkəzi Bankının ABŞ dollarının manata məzənnə kursuna uyğun borc və 33 (otuz üç) manat ödənilmiş dövlət rüsumu tutulub iddiaçı Ləğv prosesində olan "xxxx" ASC-nin xeyrinə ödənilsin. Ödənilmiş dövlət rüsumunun 5,17 (beş manat on yeddi qəpik) manatı iddiaçının hesabına aid edilsin. İddia tələbi qalan hissələrdə isə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Laçın Rayon Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Cavad İbrahimov
Məhkəmə qərarları › İş №2(047)-390/2023
Laçın Rayon Məhkəməsi Qətnamə — İş №2(047)-390/2023
05.06.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver