Məhkəmə qərarları › İş №2(047)-430/2023

Laçın Rayon Məhkəməsi Qətnamə — İş №2(047)-430/2023

01.08.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Laçın rayonu İş № 2(047)-430/2023 01.08.2023 LAÇIN RAYON MƏHKƏMƏSİ Hakim İbrahimov Cavad Cavanşir oğlunun sədrliyi, məhkəmə iclas katibi Şükürov Yaşasın Valeh oğlunun katibliyi ilə, İddiaçı "xxxx" MMM QBKT-nin cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı borc tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı "xxxx" MMM QBKT cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı borc tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddia tələbinin təmin olunması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı «Finca Azerbaijan” MMM QBKT-nin nümayəndəsi iddia ərizəsini onunla əsaslandırmışdır ki, xx.xx.2022-ci il tarixli kredit müqaviləsinə əsasən Cavabdeh1 illik 30 faizlə 24 ay müddətinə 3500 manat kredit verilmişdir. Həmçinin «Finca Azerbaijan” MMM QBKT ilə Cavabdeh3 və Cavabdeh2 arasında həmin kredit müqaviləsinin təminatı kimi zaminlik müqavilələri də bağlanmışdır. Zaminlik müqavilələrinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə zaminlər kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyırlar. Lakin borclu Cavabdeh1 müqavilənin şərtlərini pozaraq borc öhdəliyini icra etməmişdir. xx.xx.2023-cü il tarixinə Cavabdeh1 QBKT-na 3500 manat əsas, 1209 manat faiz, 206,90 manat cərimə, cəmi 4915,90 manat borcu vardır. Xəbərdarlıq da edilməsinə baxmayaraq cavabdehlər borcu ödəməkdən boyun qaçırmışlar. Odur ki, cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada 3500 manat əsas, 1209 manat faiz, 206,90 manat cərimə, cəmi 4915,90 manat borcun və ödənilmiş 69,16 manat dövlət rüsumunun tutulub «Finca Azerbaijan” MMM QBKT-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı "xxxx" MMM QBKT-nin nümayəndəsi Nümayəndə məhkəməyə teleqram göndərərək məhkəmə iclasının iştirakları olmadan keçirib tələblərinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə hazırkı işlə bağlı iddiaçının nümayəndəsinin onun iştirakı olmadan işə baxılması xahişini qanunauyğun sayır və mülki işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. İş üzrə cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdarlıq edilməsinə baxmayaraq onlar məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən mülki işə cavabdehlərin iştirakları olmadan mahiyyəti üzrə baxılmasını məqsədəmüvafiq hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş xx.xx.2022-ci il tarixli kredit və zaminlik müqavilələrindən görünür ki, «Finca Azerbaijan” MMM QBKT ilə cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 arasında bağlanmış müqavilələrə əsasən Cavabdeh1 illik faiz dərəcəsi 30% olmaqla 24 ay müddətinə 3500 manat məbləğində kredit verilmiş və həmin müqavilə üzrə öhdəliklərin icrasının təminatı olaraq digər cavabdehlər Cavabdeh3 və Cavabdeh2 zamin durmuşlar. İş materiallarına əlavə olunmuş maliyyə arayışından görünür ki, cavabdehlərin müqaviləyə əsasən xx.xx.2023-cü il tarixə əsas borc üzrə 3500 manat, faiz borcu üzrə 1209 manat, 206,90 manat cərimə, cəmi 4915,90 manat məbləğində borcu yaranmışdır. Bundan başqa, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra mətndə MM) 739.1-ci maddəsinin tələbinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. MM-nin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. МM-nin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. МM-nin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmumu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmçinin, MM-nin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. MM-nin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. MM-nin 472.3-cü maddəsinə əsasən birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Beləliklə məhkəmə iclasında müəyyən edildi ki, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 ilə «Finca Azerbaijan” MMM QBKT arasında xx.xx.2022-ci il tarixdə kredit və zaminlik müqavilələri bağlanmış və həmin müqavilələrə əsasən Cavabdeh1 illik 30 faizlə 24 ay müddətinə 3500 manat məbləğində kredit verilmişdir. Həmçinin qeyd edilən müqavilələrə əsasən yaranmış öhdəliklərin icrasına təminat olaraq Cavabdeh3 və Cavabdeh2 zamin durmuş və bununla da borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə zaminlər kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşımasını öz üzərinə götürmüşdür. Kredit müqaviləsinə əsasən borclu kreditin ödənilməsini vaxtlıvaxtında aparmamış və bununla da müqavilə üzrə götürdüyü öhdəlikləri lazımı qaydada icra etməyərək müqavilənin şərtlərini pozmuşdur. Cavabdeh1 MMMQBKT-na iddiaçının təqdim etdiyi maliyyə arayışına əsasən əsas borc üzrə 3500 manat, faiz borcu üzrə 1209 manat, 206,90 manat cərimə, cəmi 4915,90 manat məbləğində borcu qalmışdır. Bundan başqa, MM-nin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. MM-nin 465.2-ci maddəsinə görə əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. MM-nin 467-ci maddəsi məhkəmələrə işin konkret hallarını nəzərə almaqla tənasübsüz surətdə yüksək dəbbə pulunu azaltmaq səlahiyyəti vermişdir. Maddənin tələbinə görə tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınmalıdır. İddia ərizəsinin məzmunundan görünür ki, iddiaçı «Finca Azerbaijan” MMM QBKT cavabdehlərdən müştərək qaydada 206,90 manat məbləğində cərimə pulu tələb edir. Məhkəmə qanunvericilik aktının göstərilən normaları baxımından dəbə pulunun azaldılması və iddianı cərimə hissəsində 50 manat həcmində təmin etməyi qanuni və əsaslı hesab edir. Bundan əlavə, iddia tələbi qismən təmin edilməli olduğundan Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə MPM) 119.1-ci maddəsinin tələblərinə əsasən iddianın qaldırılması üçün iddiaçının ödədiyi 69,16 manat dövlət rusumunun 67 manatı onun xeyrinə cavabdehlərdən müştərək qaydada tutulmalı və digər qismi, yəni 2,16 manatı isə iddiaçının hesabına aid edilməlidir. Həmçinin, Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri subutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş subutlarla əsaslandırır. Göstərilən qanunvericilik aktlarını və işin müəyyən edilmiş hallarını əsas götürən məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin olunmalı, cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada əsas borc üzrə 3500 manat, faiz borcu üzrə 1209 manat, 50 manat cərimə, cəmi 4759 manat məbləğində borc pul və 67 manat ödənilmiş dövlət rüsumu tutulub iddiaçı «Finca Azerbaijan” MMM QBKT-nın xeyrinə ödənilməli, ödənilmiş 69,16 manat dövlət rüsumunun 2,16 manatı iddiaçının hesabına aid edilməli və iddia tələbi qalan hissədə isə rədd edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 213-214, 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia tələbi qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada əsas borc üzrə 3500 manat, faiz borcu üzrə 1209 manat, cərimə üzrə 50 manat, cəmi 4759 (dörd min yeddi yüz əlli doqquz) manat məbləğində borc pul və 67 (altmış yeddi) manat məbləğində ödənilmiş dövlət rüsumu tutularaq «Finca Azerbaijan” MMM QBKT-nın xeyrinə ödənilsin. Ödənilmiş dövlət rüsumunun 2,16 (iki manat on altı qəpik) manatı iddiaçının hesabına aid edilsin. İddia tələbi qalan hissədə isə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Laçın Rayon Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim:Cavad İbrahimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar