Məhkəmə qərarları › İş №2(047)-471/2023

Laçın Rayon Məhkəməsi Qətnamə — İş №2(047)-471/2023

02.08.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Laçın rayonu İş № 2(047)-471/2023 02.08.2023 LAÇIN RAYON MƏHKƏMƏSİ Hakim İbrahimov Cavad Cavanşir oğlunun sədrliyi, məhkəmə iclas katibi Şükürov Yaşasın Valeh oğlunun katibliyi ilə, İddiaçı «X8 Azərbaycan» QSC-nin Cavabdeh qarşı pul tələbinə dair mülki işə iddia icraatı qaydasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı “X8 Azərbaycan” QSC Cavabdeh qarşı borc tələbi barədə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə Ağcabədi Rayon Məhkəməsinə müraciət edərək tələbinin təmin olunması barədə qətnamə qəbul olunmasını xahiş etmiş, lakin sonradan Ağcabədi Rayon Məhkəməsinin 29 mart 2023-cü il tarixli qərardadına əsasən qeyd edilən mülki işə iddia icraatı qaydasında baxılması qərara alınaraq həmin mülki iş Ağcabədi Rayon Məhkəməsinin 25 aprel 2023-cü il tarixli qərardadına əsasən aidiyyəti üzrə baxılması üçün Laçın Rayon Məhkəməsinə göndərilmiş və göstərilən mülki iş 23 may 2023-cü il tarixdə məhkəməyə daxil olmuşdur. İddiaçı “X8 Azərbaycan” QSC-nin nümayəndəsi iddia tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2014-cü ildə «X8 Azərbaycan» QSC və Cavabdeh arasında kredit müqaviləsi bağlanmışdır. Kredit müqaviləsinin şərtlərinə görə bank tərəfindən borcalan Cavabdeh istehlak yönümlü 4500 manat məbləğində pul ayrılmışdır və o, 36 ay müddətində kreditin əsas məbləğini və ona illik 21% dərəcəsi olmaqla hesablanmış faizləri razılaşdırılmış qaydada ödəniş cədvəlinə əsasən geri ödəməli idi. Bununla yanaşı kredit müqaviləsi üzrə yaranmış öhdəliyin təmin edilməsi məqsədi ilə X1 zamin qismində çıxış edərək borcalan ilə birlikdə qanunvericiliklə nəzərdə tutulmuş öhdəlikləri öz üzərinə götürmüşdür. xx.xx.2014cü il tarixli kredit müqaviləsinə əsasən bankda AZ70KABA******************** saylı hesab açılmışdır. Onu da qeyd etmək istəyirlər ki, cavabdehin hesabına öhdəlikdən kənar texniki səhvliklə (bankın başqa bir müştərisi olan X2 adına 107.84 manat vəsait gəlmiş və Cavabdeh kredit müqaviləsi üzrə zamininin də soyadı Sərkarov olduğu üçün soyad oxşarlığından dolayı həmin vəsait xx.xx.2016-cı ildə Cavabdeh kreditinə) 107.84 manat silinmişdir ki, həmin vəsait hesabına xx.xx.2021-ci il tarixdə Cavabdeh həmin kredit öhdəliyi üzrə borcu bağlanmışdır. xx.xx.2022 tarixdə vəsaitin əsas sahibi X5 onun adına gəlmiş 107.84 manat vəsaiti bankdan geri tələb etdiyi zaman bankda müəyyən olmuşdur ki vəsait başqa bir borcu olan Cavabdeh kreditinə silinmişdir. Göründüyü kimi, cavabdehin hesabına öhdəlikdən kənar texniki səhvliklə ödənilmiş 107.84 manat onun bank kredit müqaviləsi üzrə borcunun silinməsinə yönəlmişdir ki, qeyd edilən hal mülki qanunvericiliyə əsasən həmin məbləğin cavabdehdən geri tələb edilməsi üçün hüquqi əsas yaradır. Cavabdehə dəfələrlə bu barədə şifahi və yazılı xəbərdarlıq edilməsinə baxmayaraq qanunvericiliyin imperativ tələblərinə görə geri qaytarılmalı olan vəsaiti qaytarmamışdır. Odur ki, Cavabdeh əsassız varlanma nəticəsində əldə etiyi 107,84 manat pulun və 30 manat ödənilmiş dövlət rusumunun “X8 Azərbaycan” QSC-nin xeyrinə tutulması məhkəmədən xahiş edilmişdir. İddiaçı “X8 Azərbaycan” Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X3 məhkəməyə ərizə göndərərək məhkəmə iclaslarını iştirakları olmadan keçirib tələblərinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə hazırkı işlə bağlı iddiaçının nümayəndəsinin onun iştirakı olmadan işə baxılması xahişini qanunauyğun sayır və mülki işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. İş üzrə Cavabdeh isə məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdarlıq edilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş sənədlərdən (kredit müqaviləsi, çıxarış və s.) görünür ki, iddiaçı “X8 Azərbaycan” QSC-nin başqa bir müştərisi olan X2 adına 107.84 manat vəsait gəlmiş və Cavabdeh kredit müqaviləsi üzrə zamininin də soyadı Sərkarov olduğu üçün soyad oxşarlığından dolayı həmin vəsait xx.xx.2016-cı ildə Cavabdeh kreditinə silinmişdir ki, həmin vəsait hesabına xx.xx.2021-tarixində Cavabdeh həmin kredit öhdəliyi üzrə borcu bağlanmışdır. İş materiallarına əlavə olunmuş pretenziyadan görünür ki, iddiaçı “X8 Azərbaycan” QSC tərəfindən Cavabdeh hüquqi əsas olmadan əldə edilən 107,84 manat vəsaitin geri qaytarılması cavabdehdən xahiş olunmuş, əks təqdirdə qanunvericilikdə nəzərdə tutulan tədbirlərin görüləcəyi cavabdehə bildirilmişdir. Bundan başqa, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Həmin Konstitusiyanın 29-cu maddəsinin 2-ci hissəsinə əsasən “Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur”. Həmçinin, Azərbaycan Republikası Mülki Məcəlləsinin (bundan sonra mətndə MM) 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. MM-nin 21.2-ci maddəsinə görə zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olunması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adı mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. MM-nin 386.1-ci maddəsinə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. MM-nin 439.4-cü maddəsinə görə öhdəlikdən kənar ödənilmiş pul əsassız varlanma qaydalarına uyğun olaraq geri tələb edilə bilər. MM-nin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. MM-nin 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. MM-nin 1092.1-ci maddəsinin tələblərinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Bundan əlavə MM-nin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). MM-nin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. MM-nin 1097.3-cü maddəsinə əsasən qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər. Beləliklə, məhkəmə araşdırmaları zamanı iş üzrə tədqiq edilmiş sübutlarla və qeyd edilən münasibətlərə tətbiq edilməli olan hüquq normalarının tələblərinə əsasən belə müəyyən olundu ki, iddiaçı “X8 Azərbaycan” QSC-nin başqa bir müştərisi olan X2 adına 107.84 manat vəsait gəlmiş və Cavabdeh kredit müqaviləsi üzrə zamininin də soyadı Sərkarov olduğu üçün soyad oxşarlığından dolayı həmin vəsait xx.xx.2016-cı ildə Cavabdeh kreditinə silinmişdir ki, həmin vəsait hesabına xx.xx.2021-tarixində Cavabdeh həmin kredit öhdəliyi üzrə borcu bağlanmışdır. Bundan sonra iddiaçı “X8 Azərbaycan” QSC tərəfindən Cavabdeh hüquqi əsas olmadan əldə edilən 107,84 manat vəsaitin geri qaytarılması cavabdehdən xahiş olunmuş, əks təqdirdə qanunvericilikdə nəzərdə tutulan tədbirlərin görüləcəyi cavabdehə bildirilmişdir. Daha sonra isə Cavabdeh tərəfindən əsassız varlanma nəticəsinə əldə olunmuş vəsait geri qaytarılmadığından iddiaçı məcbur olub belə bir tələblə məhkəməyə müraciət etmişdir. Qeyd edilənlərə əsasən də məhkəmə belə hesab edir ki, Cavabdeh heç bir hüquqi əsas olmadan başqa şəxsin, yəni “X8 Azərbaycan” QSCnin hesabına pul vəsaiti əldə etmişdir. Odur ki, iddia tələbinin təmin edilməsi qanuni və əsaslı hesab olunmalıdır. Bundan əlavə, Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin (bundan sonra mətndə MPM) 119.1-ci maddəsinə əsasən iddia qalması üçün iddiaçının ödədiyi 30 manat dövlət rusumu da onun xeyrinə cavabdehdən tutulmalıdır. MPM-in 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri subutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir MPM-in 217.4-cü maddəsinin tələblərinə görə,məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş subutlarla əsaslandırır. Göstərilən qanunvericilik aktlarını və işin müəyyən edilmiş hallarını əsas götürən məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi təmin olunmalı, Cavabdeh 107,84 manat məbləğində pul və 30 (otuz) manat ödənilmiş dövlət rüsumu tutulub iddiaçı “X8 Azərbaycan” QSC-nın xeyrinə ödənilməlidir. Şərh olunanlara əsasən və MPM-in 213-214, 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia tələbi təmin edilsin. Cavabdeh 107,84 (bir yüz yeddi manat səskən dörd qəpik) manat məbləğində pul və 30 (otuz) manat ödənilmiş dövlət rüsumu tutularaq iddiaçı “X8 Azərbaycan” Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Laçın Rayon Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Cavad İbrahimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar