Məhkəmə qərarları › İş №2(047)-533/2023

Laçın Rayon Məhkəməsi Qətnamə — İş №2(047)-533/2023

04.10.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Laçın rayonu İş № 2(047)-533/2023 04.10.2023 LAÇIN RAYON MƏHKƏMƏSİ Hakim İbrahimov Cavad Cavanşir oğlunun sədrliyi, Məhkəmə iclas katibi Şükürov Yaşasın Valeh oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı izahatında göstərmişdir ki, o, Cavabdeh ilə 10 iyul 2017-ci il tarixdə rəsmi nikaha daxil olmaqla ailə qurmuşdur. Onların birgə nikahlarından xx.xx.2017-ci il tarixdə X2 adlı bir uşaqları anadan olmuşdur. Uşaq onun himayəsindədir. Uşağın saxlanılması üçün Laçın Rayon Məhkəməsinin 16 sentyabr 2021-ci il tarixli, 2(047)- 602/2021 saylı qətnaməsinə əsasən cavabdehdən sabit pul məbləğində hər ay bir uşağa 130 manat alimentin tutulması qət edilmişdir. Cavabdehlə birgə yaşadığı vaxtdan bilir ki, onun uşağa baxmaq üçün kifayət qədər iş imkanları və qazancı vardır. Amma hazırda aldığı alimentin miqdarı 130 manat təşkil edir. Ailə problemlərinin və uşağın diqqətəlayiq ehtiyaclarının artması ona çətinlik yaradır. Uşağın tələbatını həmin alimentlə təmin edə bilmir. Odur ki, Cavabdeh məhkəmə qətnaməsinə əsasən tutulan alimentin miqdarının dəyişdirilərək xx.xx.2017-ci il tarixdə anadan olmuş X1 yetkinlik yaşlarına çatanadək saxlanılması üçün hər ay 220 (iki yüz iyirmi) manat sabit pul məbləğində alimentin tutulub onun xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. İş üzrə Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsini rəhbər tutaraq mülki işə Cavabdeh iştirakı olmadan mahiyyəti üzrə baxmağı mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib və iş materiallarını araşdırıb hesab edir ki, aşağıdakılara əsasən iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş doğum haqqında şəhadətnamənin təsdiqlənmiş surətindən görünür ki, tərəflərin birgə nikahından xx.xx.2017-ci il tarixdə X2 adlı uşağı anadan olmuşdur. İş materiallarına əlavə edilmiş nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, tərəflər arasında olan nikaha xx.xx.2021-ci il tarixdə xitam verilmişdir. İş materallarına əlavə edilmiş Laçın Rayon Məhkəməsinin 16 sentyabr 2021-ci il tarixli, 2(047)-602/2021 saylı qətnəməsindən görünür ki, Laçın Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(047)-652/2019 saylı qətnaməsi ilə Cavabdeh tutulan alimentin miqdarı dəyişdirilmiş, qətnamə qanuni qüvvəsini aldığı vaxtdan başlayaraq Cavabdeh xx.xx.2017-ci il tarixdə anadan olmuş X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 130 (bir yüz otuz) manat sabit pul məbləğində alimentin tutulub İddiaçı xeyrinə ödənilməsi qət edilmişdir. İş materallarına əlavə edilmiş İddiaçı Bərdə rayon icra və probasiya şöbəsinə verdiyi xx.xx.2022-ci il tarixli ərizəsinin təsdiqlənmiş surətindən görünür ki, Cavabdeh ilə barışıb bir yerdə yaşadıqlarına, həmçinin onun aliment üzrə borcunun olmadığına görə ondan heç bir şikayət və tələbinin olmadığı üçün icra sənədinə “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20.1.5-ci maddəsi ilə xitam verilməsini xahiş etmişdir. İş materallarına əlavə edilmiş Bərdə rayon icra və probasiya şöbəsinin xx.xx.2022-ci il tarixli icraata xitam verilməsi haqqında qərarından görünür ki, Laçın Rayon Məhkəməsinin 16 sentyabr 2021-ci il tarixli, 2(047)-602/2021 saylı icra sənədinə “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20.1.5-ci maddəsinə əsasən xitam verilmişdir. İş materiallarına əlavə olunmuş mediator X3 tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, Cavabdeh xx.xx.2023-cü il tarixə saat 14:00-15:00-da keçirilməsi nəzərdə tutulan ilkin məcburi mediasiya sessiyasında iştirak etməmişdir. Bundan başqa, Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin İV bəndinə əsasən ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ həm də borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.1.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideyinlərindən məhkəmə tərəfindən iki uşağa görə qazancının (başqa gəlirlərin) dörddə biri miqdarında aliment tutulur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2-ci maddəsinə əsasən bu payların miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağı əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsait tutulması tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Valideyn (lər) və ya uşağı tərbiyə edən şəxslər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz bacarıqları və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyəti daşıyırlar. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununun 5.1-ci maddəsinə əsasən, ölkə üzrə təsdiq edilmiş yaşayış minimumu əmək haqqının, pensiyaların minimum məbləğinin, müavinətlərin, təqaüdlərin, digər ödənişlərin və ünvanlı dövlət sosial yardımın təyin edilməsi məqsədi ilə ehtiyac meyarının müəyyən edilməsinin əsasını təşkil edir. «Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikası Qanununa əsasən, 2023-cü il yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 220 (iki yüz iyirmi) manat məbləğində müəyyən edilir. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikasının Qanununun 19-cü maddəsinə əsasən, valideyinlərin uşaqların barəsində bərabər hüquq və vəzifələri vardır. Uşaq qabliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi hüquqlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideyinlərin əsas vəzifəsidir. Həmçinin, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20.1.5-ci maddəsinə əsasən icra sənədi tam icra olunduqda icra sənədi üzrə icraata xitam verilir. Həmin Qanunun 20.2-ci maddəsinə əsasən icra sənədi üzrə icraata xitam verilməsi barədə icra məmuru tərəfindən əsaslandırılmış qərar qəbul edilir. Həmin qərar icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur və onun surəti 3 gün müddətində tərəflərə, habelə icra sənədini vermiş məhkəməyə və ya digər orqana (notarius istisna olmaqla) göndərilir.http://www.e-qanun.az/framework/1406 Həmin Qanunun 20.3-cü maddəsinə əsasən icra məmuru icraata xitam verilməsi barədə qərar qəbul etdikdən sonra icraat üzrə hər hansı icra hərəkətlərinin həyata keçirilməsinə yol verilmir. Həmin Qanunun 20.8-ci maddəsinə əsasən icra sənədi məhkəməyə və ya icra sənədini vermiş digər orqana qaytarıldıqdan sonra icra məmuru təyin etdiyi bütün icra tədbirlərini ləğv edir. Bundan əlavə Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri subutları araşdırmalı və onlardan istifadə etməlidir. Beləliklə, məhkəmə araşdırmaları zamanı iş üzrə tədqiq edilmiş sübutlarla və qeyd edilən münasibətlərə tətbiq edilməli olan hüquq normalarının tələblərinə əsasən belə müəyyən olundu ki, İddiaçı Cavabdeh ilə 10 iyul 2017-ci il tarixdə rəsmi nikaha daxil olmaqla ailə qurmuş, onların birgə nikahlarından xx.xx.2017-ci il tarixdə X2 adlı bir uşaqları anadan olmuş və həmin uşaqın saxlanılması üçün Laçın Rayon Məhkəməsinin 16 sentyabr 2021-ci il tarixli, 2(047)-602/2021 saylı qətnəməsinə əsasən Laçın Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(047)-652/2019 saylı qətnaməsi ilə Cavabdeh tutulan alimentin miqdarının dəyişdirilməsi, qətnamə qanuni qüvvəsini aldığı vaxtdan başlayaraq Cavabdeh xx.xx.2017-ci il tarixdə anadan olmuş X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 130 (bir yüz otuz) manat sabit pul məbləğində alimentin tutulub İddiaçı xeyrinə ödənilməsi qət edilmişdir. Bundan sonra İddiaçı Bərdə rayon icra və probasiya şöbəsinə xx.xx.2022-ci il tarixli ərizə ilə müraciət edərək Cavabdeh ilə barışıb bir yerdə yaşadıqlarına, həmçinin onun aliment üzrə borcunun olmadığına görə ondan heç bir şikayət və tələbinin olmadığı üçün icra sənədinə “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20.1.5-ci maddəsi ilə xitam verilməsini xahiş etmiş və Bərdə rayon icra və probasiya şöbəsinin xx.xx.2022-ci il tarixli icraata xitam verilməsi haqqında qərarına əsasən Laçın Rayon Məhkəməsinin 16 sentyabr 2021-ci il tarixli, 2(047)- 602/2021 saylı icra sənədinə “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20.1.5-ci maddəsinə əsasən xitam verilmişdir. Göründüyü kimi hal-hazırda qeyd edilən icra sənədi üzrə icraata İddiaçı xahişinə əsasən xitam verildiyindən və bununla da icraat üzrə hər hansı icra hərəkətlərinin həyata keçirilməsinə yol verilmədiyindən, məhkəmə İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair iddiasının rədd edilməsini, həmçinin iddiaçıya cavabdehdən alimentin tutulması ilə bağlı müvafiq iddia tələbi ilə müvafiq məhkəməyə müraciət etmək hüququnun olduğunun izah edilməsini qanuni və əsaslı hesab edir. Həmçinin, Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlar tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası MPM-nin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-ci maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş subutlarla əsaslandırır. Göstərilənlərə əsasən də məhkəmə iş üzrə araşdırılmış subutlara məcmu qaydada hüquqi qiymət verərək onda yaranmış daxili inam əsasında belə qənaətə gəlir ki, iddia tələbi təmin edilməməli və İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair iddiası əsassız olduğundan rədd olunmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 213-214, 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia tələbi təmin edilməsin. İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair iddiası rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Laçın Rayon Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Cavad İbrahimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar