Məhkəmə qərarları › İş №2(047)-580/2025

Laçın Rayon Məhkəməsi Qərardad — İş №2(047)-580/2025

19.05.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Laçın rayonu İş № 2(047)-580/2025 19.05.2025 LAÇIN RAYON MƏHKƏMƏSİ Hakim İbrahimov Cavad Cavanşir oğlunun sədrliyi ilə, iddiaçı 08 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin Cavabdeh qarşı 250 manat məbləğində ziyanın tutulması tələbinə dair iddia ərizəsinə ilkin baxaraq, müəyyən etdi: İddiaçı 08 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi Cavabdeh qarşı 250 manat məbləğində ziyanın tutulması tələbinə dair iddia ərizəsi ilə Laçın Rayon Məhkəməsinə müraciət etmişdir. Məhkəmə iddia ərizəsini və iş materiallarını nəzərdən keçirib hesab edir ki, aşağıdakı əsaslara görə hazırkı iddia məhkəmə qaydasında baxılmalı olmadığına görə hazırkı iddia ərizəsinin məhkəmənin icraatına qəbul edilməsindən imtina edilməlidir. Belə ki, Azərbaycan Respublikası Meşə Məcəlləsinin 52-ci maddəsinə əsasən meşə təsərrüfatına dəyən zərər və itkilər Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada ödənilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 4 oktyabr tarixli 161 nömrəli qərarı ilə təsdiq edilmiş “Meşə təsərrüfatına dəyən zərərin və itkilərin ödənilməsi Qaydası”nın 4-cü bəndinə görə meşə fondunun vəziyyətinə, istifadəsinə, mühafizəsinə, qorunmasına və meşələrin bərpasına dövlət nəzarətini həyata keçirən səlahiyyətli şəxslər meşə qanunvericiliyinin tələblərinə fiziki və hüquqi şəxslər tərəfindən əməl edilməməsini aşkar edərkən bu barədə müvafiq qaydada akt tərtib edirlər və hüquqpozmalar nəticəsində meşə təsərrüfatına dəyən zərəri və itkiləri müəyyən olunmuş nırx dərəcələri və cərimələr üzrə hesablayaraq, ümumi məbləğin ödənilməsinə sərəncam verirlər. Həmin Qaydanın 5-ci bəndinə əsasən fiziki və hüquqi şəxslər meşə təsərrüfatına dəyən zərər və itkilər barədə tərtib olunmuş aktla razılaşmadıqları halda mövcud qanunvericiliyə uyğun aidiyyəti məhkəməyə şikayət edə bilərlər. Həmin Qaydanın 6-cı bəndinə əsasən meşə fondu torpaqlarının qeyri-meşə torpaqlarına keçirilməsi və Azərbaycan Respublikası Meşə Məcəlləsinin pozulması ilə əlaqədar müəyyən olunmuş zərərin və itkilərin dəyəri müvafiq meşə təsərrüfatına ödənilir. 01 yanvar 2011-ci il tarixdən qüvvədə olan “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 1.1-ci maddəsinə əsasən bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Həmin Qanunun 2.0.1-ci maddəsinə əsasən inzibati orqan dedikdə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs başa düşülür. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə təsdiq edilmiş “İnzibati orqanların Təsnifatı”nın 17.1-ci bəndinə əsasən 08 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi inzibati orqandır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 82.1-ci maddəsinə əsasən pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktların məcburi qaydada icrası “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən icra məmurları tərəfindən icra edilir. Həmin Qanunun 82.2-ci maddəsinə əsasən inzibati aktı qəbul etmiş inzibati orqan tələbin icraya yönəldilməsi haqqında qərar qəbul edir. Bu halda tələbin icraya yönəldilməsi üçün məhkəmə qərarının qəbul edilməsi tələb olunmur. Yuxarıda sadalanan qanunvericiliyin normalarından görünür ki, 08 saylı Regional Ekologiya və Təbbi Sərvətlər İdarəsinin inzibati orqan olaraq dövlət meşə fonduna vurulmuş zərərin məbləğini Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi “nırx dərəcələri” əsasında hesablayaraq ödənilməsi barədə qanunla müəyyən edilmiş qaydada inzibati akt qəbul etmək səlahiyyəti mövcuddur. Məhkəmə yuxarıda şərh olunanlara əsasən belə nəticəyə gəlir ki, iddiaçı 08 saylı Regional Ekologiya və Təbbi Sərvətlər İdarəsi “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 82.2-ci maddəsinin tələbinə uyğun olaraq pul tələbinin icraya yönəldilməsi haqqında qərar qəbul edib, həmin qərarı məcburi qaydada icra edilməsi üçün müvafiq rayon icra və probasiya şöbəsinə göndərməlidir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 82-ci maddəsinin və Azərbaycan Respublikası Vergi Məcəlləsinin 52 və 90.1-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 13 sentyabr 2011-ci il tarixli Qərarında da qeyd edilir ki, “İnzibati icraat haqqında” Qanunun 82.2-ci maddəsində nəzərdə tutulmuş inzibati aktı qəbul etmiş inzibati orqanın tələbin icraya yönəldilməsi haqqında qərar qəbul etməsi və bunun üçün məhkəmənin qərarının tələb olunmaması məsələsinə gəldikdə isə vurğulanmalıdır ki, inzibati orqan yalnız öz səlahiyyətləri çərçivəsində qərar qəbul edə bilər. Eyni ilə vergi orqanı da öz səlahiyyətləri daxilində qərar qəbul edə və onu məhkəmə qərarı tələb olunmadan icraya göndərə bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 4 oktyabr tarixli 161 nömrəli qərarı ilə təsdiq edilmiş “Meşə təsərrüfatına dəyən zərərin və itkilərin ödənilməsi Qaydası”nın tələblərinə əsasən 08 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin müvafiq inzibati akt qəbul etmək səlahiyyəti mövcuddur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Palatasının 04 sentyabr 2014-cü il tarixli qərardadına əsasən Laçın Rayon Məhkəməsinin hazırkı işlə bilavatə bağlı olan eyni növlü tələb üzrə müvafiq qanunvericiliyin şərh edilməsi barədə müraciətini məhkəmənin icraatına qəbul edilməsindən imtina etsə də, həmin qərardadın məzmununda hazırkı iş üzrə iddiaçı olan 08 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin müvafiq meşə təsərrüfatına vurulmuş zərərin dəyərini Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi “nırx dərəcələri”nə əsasən hesablanması barədə inzibati akt qəbul edib, icraya yönəldilməsinin qanunvericiliyin birmənalı tələbi olmasını qeyd etmişdir. Eyni zamanda, həmin qərardadın məzmunundan məlum olur ki, hazırkı işlə bağlı qanunvericiliyə şərh verilmədən də bu məsələnin həllinin qeyd edilən qaydada mümkün olduğu bildirilmişdir. Hazırkı tələblə bağlı Şirvan Apellyasiya Məhkəməsinin icraatında olmuş eyni xarakterli tələblər üzrə də hazırkı məzmunda qərarlar qəbul edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153-cü maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana və ya məhkəməyə müraciət etməli olmasını orada göstərir. Ərizəni qəbul etməkdən imtina haqqında qərardad ərizəyə əlavə olunmuş bütün sənədlərlə birlikdə ərizəçiyə rəsmi qaydada verilməlidir. İddia ərizəsini qəbul etməkdən imtina barədə qərardaddan şikayət verilə bilər. Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmənin qənaəti belədir ki, hazırkı işə məhkəmədə baxılmalı olmadığından iddia ərizəsi və sənədlər geri qaytarılmalı, meşə təsərrüfatına dəyən itkinin dəyərinin ödənilməsi ilə bağlı iddiaçı tərəfindən qərar qəbul edilməli və həmin qərar icra edilməsi üçün müvafiq icra qurumuna göndərilməlidir. Qeyd edilən qərardan mənafeyinə toxunan şəxs narazı qalarsa “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq yuxarı inzibati orqana və ya müvafiq inzibati məhkəməyə şikayət edə bilər. İddiaçıya təkrar olaraq izah edilsin ki, Azərbaycan Respublikası hüquqi dövlət olduğundan qanunların aliliyinin təmin etmək dövlətin hər bir vəzifəli şəxsin vəzifəsidir. Hər bir vətəndaş, o cümlədən vəzifəli şəxs qanunların verdiyi hüquqi imkanlardan istifadə etməli və fəaliyyətini həmin qanunların tələblərinə uyğun qurmalıdır. Ona görə də iddiaçı qanunvericiliyin yuxarıda izah edilən imkanlarından istifadə edə bilər. Hazırkı xarakterli iddiaların məhkəmənin icraatına qəbul edilməsi göstərilən qanunların tələbləri baxımından mümkün deyildir. Bu hal yuxarı instansiya məhkəmələri tərəfindən də qəbul edilmiş eyni xarakterli işlərdə qeyd edilmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153-cü, 263- 264-cü və 266-268-ci maddələrini rəhbər tutaraq, qəraraaldı: İddiaçı 08 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin Cavabdeh qarşı 250 manat məbləğində ziyanın tutulması tələbinə dair iddia ərizəsinin məhkəmənin icraatına qəbul edilməsindən imtina edilsin, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. İddiaçıya izah edilsin ki, meşə təsərrüfatına vurulmuş ziyanın borcludan tutulması barədə qərar qəbul etdikdən sonra həmin qərarın icrası ilə əlaqədar müvafiq ərazi üzrə icra və probasiya şöbəsinə müraciət edə bilər. Qəradaddan, onun təqdim edildiyi vaxtdan 10 (on) gün müddətində Laçın Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim:Cavad İbrahimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar