Məhkəmə qərarları › İş №2(047)-63/2025

Laçın Rayon Məhkəməsi Qətnamə — İş №2(047)-63/2025

06.02.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Laçın rayonu İş № 2(047)-63/2025 06.02.2025 LAÇIN RAYON MƏHKƏMƏSİ Hakim İbrahimov Cavad Cavanşir oğlunun sədrliyi, məhkəmə iclas katibi Şükürov Yaşasın Valeh oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinə uyğun izahat verib iddia tələbini müdafiə edərək izahatında göstərmişdir ki, o, Cavabdeh ilə xx.xx.2010-cu il tarixdə nikahlarını rəsmi qaydada qeyd etməklə ailə qurmuş, həmin nikahdan xx.xx.2011-ci il tarixdə X6, xx.xx.2013-cü il tarixdə X7 və xx.xx.2018-ci il tarixdə X5 adlı üç uşaqları anadan olmuşdur. Hal-hazırda uşaqlar onun himayəsində qalırlar. 2023-cü ilin noyabr ayında məhkəmənin qətnaməsi ilə nikahları pozulmuşdur. Laçın Rayon Məhkəməsinin 2(047)- 587/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən üç uşağın saxlanması üçün borclu X1 305 manat alimentin tularaq öna ödənilməsi qət edilmişdir. Hazırkı vaxtadək borclu vaxtı-vaxtında alimenti ödəmiş və cavabdehin ona ödənilməmiş aliment borcu qalmamış, lakin bütün bunlara baxmayaraq uşaqların saxlanılması üçün aliment məbləği azlıq təşkil edir. Uşaqların rifah vəziyyətinə mənfi təsir göstərir. Bütün bunları nəzərə alaraq alimentin artırılması zərurəti yaranmışdır. Borclu Cavabdeh hal-hazırda Laçın rayon Mərkəzi xəstəxanasında sürücü işləyir, kifayət qədər əmək haqqı alır və digər gəlirləri də mövcuddur. Ona görə də Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən belə hesab edir ki, cavabdehdən tutulan alimentin miqdarı artırılaraq bir uşaq üçün 235 manat müəyyən edilməlidir. Odur ki, Cavabdeh tutulan alimentin miqdarının artırılaraq hər bir uşağın saxlanılması üçün 235 manatdan aşağı olmamaqla sabit pul məbləğində alimentin tutulub onun xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahatında göstərmişdir ki, iddia tələbini qəbul etmir. Belə ki, onun gəlirlərində heç bir dəyişiklik olmamış və o, hal-hazırda da Laçın RMX-nın Publik hüquqi şəxsdə yardımçı fəhlə işləyir, həmçinin aldığı əmək haqqı 463 manat təşkil edir. Onun maddi imkanı çox aşağıdır, başqa iş yeri və gəliri də yoxdur. Odur ki, iddia tələbinin rədd olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, aşağıdakılara əsasən iddia tələbi rədd edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş üç ədəd doğum haqqında şəhadətnamənin təsdiqlənmiş surətlərindən görünür ki, tərəflərin birgə nikahlarından xx.xx.2011-ci il tarixdə X6, xx.xx.2013-cü il tarixdə X7 və xx.xx.2018-ci il tarixdə X5 adlı üç uşağı anadan olmuşdur. İş materiallarına əlavə olunmuş Laçın Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(047)-587/2023 saylı qətnaməsinin surətindən görünür ki, xx.xx.2023-cü il tarixdən başlayaraq xx.xx.2011-ci il tarixdə anadan olmuş X3, xx.xx.2013-cü il tarixdə anadan olmuş X4 və xx.xx.2018-ci il tarixdə anadan olmuş X2 yetkinlik yaşlarına çatanadək saxlanılması üçün Cavabdeh eyni zamanda hər ay qazancının və başqa gəlirlərinin yarısı miqdarında və hər ay hər uşağa görə 35 (otuz beş) manat, cəmi 105 (bir yüz beş) manat sabit pul məbləğində alimentin tutulub İddiaçı xeyrinə ödənilməsi və iddia tələbinin qalan hissədə rədd olunması qət edilmişdir. İş materiallarına əlavə olunmuş mediator Camal Abbasov tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, İddiaçı ilə Cavabdeh xx.xx.2024-cü il tarixə saat 16:30-da keçirilən ilkin məcburi mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməsi barədə razılığa gəlməmişlər. İş materiallarına əlavə olunmuş elektron məhkəmə portalından çıxarışdan görünür ki, Cavabdeh Laçın RMX-nın Publik hüquqi şəxsdə yardımçı fəhlə işləyir və onun əmək haqqı 463 manat təşkil edir. İş materiallarına əlavə olunmuş Ağcabədi rayon icra və probasiya şöbəsi tərəfindən verilmiş arayışdan görünür ki, Laçın Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(047)- 587/2023 saylı icra sənədinə əsasən Cavabdeh tərəfindən aliment hazırkı tarixədək tam şəkildə ödənilmişdir. Bundan başqa, Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin İV bəndinə əsasən ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ həm də borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.1.3-cü maddəsinə əsasən aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideyinlərindən məhkəmə tərəfindən üç və daha çox uşağa görə qazancının (başqa gəlirlərin) yarısı miqdarında aliment tutulur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağı əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsait tutulması tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Valideyn (lər) və ya uşağı tərbiyə edən şəxslər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz bacarıqları və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyəti daşıyırlar. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununun 5.1-ci maddəsinə əsasən, ölkə üzrə təsdiq edilmiş yaşayış minimumu əmək haqqının, pensiyaların minimum məbləğinin, müavinətlərin, təqaüdlərin, digər ödənişlərin və ünvanlı dövlət sosial yardımın təyin edilməsi məqsədi ilə ehtiyac meyarının müəyyən edilməsinin əsasını təşkil edir. «Azərbaycan Respublikasında 2025-ci il üçün yaşayış minumumu haqqınnda» Azərbaycan Respublikası Qanununa əsasən, 2025-ci il yaşayış minumumu ölkə üzrə uşaqlar üçün 246 (iki yüz qırx altı) manat məbləğində müəyyən edilir. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikasının Qanununun 19-cü maddəsinə əsasən, valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mə nəvi tələbatlarının tə min edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Həmçinin, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında 28 mart 2016-cı il tarixli 8-2/2016 nömrəli qərarının 8.4-3-cü bəndinə əsasən alimentin indeksasiyasından fərqli olaraq, Ailə Məcəlləsinin 112-ci maddəsində nəzərdə tutulmuş halların mövcudluğu məhkəmənin müəyyən etdiyi alimentin miqdarının (minimum əmək haqqına münasibətdə müəyyən edilmiş mislinin) dəyişdirilməsi barədə müstəqil iddianın qaldırılması üçün əsasdır. Əgər iddia minimum əmək haqqı məbləğinin artımına əsaslanırsa, başqa sözlə, iddianın mahiyyəti indeksasiya xarakteri daşıyırsa, bu məsələnin icra icraatı qaydasında (Ailə Məcəlləsinin 110-cu və MPM-in 232-ci maddələri) həll edilməli olması nəzərə alınmalı və MPM-in 153.2.1-ci maddəsinə əsasən iddianın yolverilməzliyinə görə iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilməli, əgər iddia ərizəsi artıq icraata qəbul edilmişsə, MPM-in 261.0.1-ci maddəsinə əsasən mülki iş üzrə icraata xitam verilməlidir. Beləliklə, məhkəmə araşdırmaları zamanı iş üzrə tədqiq edilmiş sübutlarla və qeyd edilən münasibətlərə tətbiq edilməli olan hüquq normalarının tələblərinə əsasən belə müəyyən olundu ki, İddiaçı Cavabdeh qarşı hər ay hər uşağa 200 manat, cəmi 600 manat məbləğində alimentin sabit pul məbləğində tutulması tələbinə dair iddia ərizəsi ilə Laçın Rayon Məhkəməsinə müraciət etmiş və məhkəmənin 17 avqust 2023-cü il tarixli, 2(047)- 587/2023 saylı qətnaməsinə əsasən iddia tələbinin qismən təmin edilərək xx.xx.2023-cü il tarixdən başlayaraq xx.xx.2011-ci il tarixdə anadan olmuş X3, xx.xx.2013-cü il tarixdə anadan olmuş X4 və xx.xx.2018-ci il tarixdə anadan olmuş X2 yetkinlik yaşlarına çatanadək saxlanılması üçün Cavabdeh eyni zamanda hər ay qazancının və başqa gəlirlərinin yarısı miqdarında və hər ay hər uşağa görə 35 (otuz beş) manat, cəmi 105 (bir yüz beş) manat sabit pul məbləğində alimentin tutulub İddiaçı xeyrinə ödənilməsi və iddia tələbinin qalan hissədə rədd olunması qət edilmişdir. Lakin Laçın Rayon Məhkəməsinin qeyd edilən qətnaməsinin qəbul edilməsindən iki ilə yaxın müddət keçəndən sonra İddiaçı yenidən Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək cavabdehdən hər ay hər uşaq üçün 235 manat sabit pul məbləğində alimentin tutulub onun xeyrinə ödənilməsini tələb etsə də öz tələbini əsaslandıran halları, yəni cavabdehin maddi və ailə vəziyyətində baş verən dəyişikliyi, onun aylıq qazancının tələb edilən alimenti ödəməyə maddi cəhətdən imkanının olmağını təsdiq edən subutları məhkəməyə təqdim edə bilməmişdir. Əksinə cavabdeh isə tələb olunan alimenti ödəməyə imkanının çatmadığını, hal-hazırda da Laçın RMX-nın Publik hüquqi şəxsdə yardımçı fəhlə işləyərək aldığı əmək haqqının 463 manat təşkil etməsini, həmçinin onun başqa iş yerinin və gəlirinin olmamasını da bildirmiş və qeyd edilən bu faktlar məhkəmə baxışı iclasında da öz təsdiqini tapmışdır. Ona görə də məhkəmə göstərilənlərə münasibət bildirərək hesab edir ki, iddia tələbinin təmin olunmasına heç bir qanuni və hüquqi əsas yoxdur. Bundan əlavə, Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri subutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlar tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası MPM-nin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş subutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən məhkəmə iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq hüquqi qiymət verərək və iş üzrə mülki məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında belə qənaətə gəlir ki, İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair iddiası əsassız olduğundan rədd edilməlidir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75-78, 112-ci və Azərbaycan Respublikası MPM-nin 213-214, 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia tələbi təmin edilməsin. İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair iddiası rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Laçın Rayon Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə, qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Cavad İbrahimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar