Məhkəmə qərarları › İş №2(047)-684/2023

Laçın Rayon Məhkəməsi Qətnamə — İş №2(047)-684/2023

16.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Laçın rayonu İş № 2(047)-684/2023 16.11.2023 LAÇIN RAYON MƏHKƏMƏSİ Hakim İbrahimov Cavad Cavanşir oğlunun sədrliyi, məhkəmə iclas katibi Şükürov Yaşasın Valeh oğlunun katibliyi ilə, İddiaçı "xxxx" KB ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı borc tələbinə dair mülki işə iddia icraatı qaydasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı "xxxx" KB ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı borc tələbi barədə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək tələbinin təmin olunması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Laçın Rayon Məhkəməsinin 30 avqust 2023-cü il tarixli qərardadına əsasən iddiaçı "xxxx" KB ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı borc tələbi barədə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə bağlı mülki işə iddia icraatı qaydasında baxılması qərara alınmışdır. İddiaçı "xxxx" KB ASC-nin nümayəndəsi iddia tələbini onunla əsaslandırmışdır ki, "xxxx" KB ASC ilə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 arasında bağlanmış xx.xx.2022ci il tarixli kredit müqaviləsinə əsasən Cavabdeh1 istehlak məqsədləri üçün 1572 manat məbləğində 25 faiz ödəmək şərtilə, 47 ay müddətinə kredit verilmiş, həmçinin həmin müqavilə üzrə öhdəliklərin icrasının təminatı olaraq digər Cavabdeh2 zamin durmuşdur. Lakin həmin müqaviləyə əsasən borclu kreditin ödənilməsini vaxtlı-vaxtında aparmamış və bununla da müqavilə üzrə götürdüyü öhdəlikləri lazımı qaydada icra etməyərək müqavilənin şərtlərini pozmuşdur. Cavabdeh1 "xxxx" KB ASC-nə xx.xx.2023-cü il tarixədək 1572 manat əsas, 291,51 manat faiz və 5,80 manat cərimə borcu qalmışdır. Xəbərdarlıq da edilməsinə baxmayaraq cavabdehlər borcu ödəməkdən imtina etmişlər. Odur ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 1572 manat əsas, 291,51 manat faiz, 5,80 manat cərimə, cəmi 1869,31 manat borcun və 39,10 manat ödənilmiş dövlət rusumunun "xxxx" KB ASC-nin xeyrinə tutulması məhkəmədən xahiş edilmişdir. İddiaçı "xxxx" KB Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Yavər Novruzov məhkəməyə ərizə göndərərək bütün məhkəmə iclaslarının iştirakları olmadan keçirib tələblərinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə hazırkı işlə bağlı iddiaçının nümayəndəsinin onun iştirakı olmadan işə baxılması xahişini qanunauyğun sayır və mülki işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. İş üzrə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdarlıq edilməsinə baxmayaraq onlar məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş xx.xx.2022-ci il tarixli kredit müqaviləsindən görünür ki, "xxxx" KB ASC ilə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 arasında bağlanmış müqaviləyə əsasən Cavabdeh1 illik 25 faiz ödəmək şərtilə, 47 ay müddətinə 1572 manat məbləğində kredit verilmiş və həmin müqavilə üzrə öhdəliklərin icrasının təminatı olaraq digər Cavabdeh2 zamin durmuşdur. İş materiallarına əlavə olunmuş maliyyə arayışından görünür ki, cavabdehlərin müqaviləyə əsasən xx.xx.2023-cü il tarixinə əsas borc üzrə 1572 manat, faiz borcu üzrə 291,51 manat, 5,80 manat cərimə, cəmi 1869,31 manat məbləğində borcu yaranmışdır. İş materiallarına əlavə olunmuş bildirişlərdən görünür ki, cavabdehlərə borcunu ödəməsi üçün xəbərdarlıq məktubu göndərilmişdir. Bundan başqa, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra mətndə MM) 739.1-ci maddəsinin tələbinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. MM-nin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. МM-nin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. МM-nin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmumu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmçinin, MM-nin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. MM-nin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. MM-nin 472.3-cü maddəsinə əsasən birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. MM-nin 462.1-ci maddəsinə əsasən dəbbə pulu müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. MM-nin 465.2-ci maddəsinə görə əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Beləliklə məhkəmə iclasında müəyyən edildi ki, Cavabdeh1 və Cavabdeh2 ilə "xxxx" KB ASC arasında xx.xx.2022-ci il tarixdə kredit və zaminlik müqaviləsi bağlanmış, həmin müqavilələrə əsasən Cavabdeh1 illik 25 faizlə 47 ay müddətinə 1572 manat məbləğində kredit verilmişdir. Həmçinin qeyd edilən müqaviləyə əsasən yaranmış öhdəliklərin icrasına təminat olaraq Cavabdeh2 zamin durmuş və bununla da borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşımasını öz üzərinə götürmüşdür. Lakin kredit müqaviləsinə əsasən borclu kreditin ödənilməsini vaxtlı-vaxtında aparmamış və bununla da müqavilə üzrə götürdüyü öhdəlikləri lazımı qaydada icra etməyərək müqavilənin şərtlərini pozmuşdur. Cavabdeh1 banka iddiaçının təqdim etdiyi maliyyə arayışına əsasən əsas borc üzrə xx.xx.2023-cü il tarixinə 1572 manat, faiz borcu üzrə 291,51 manat, 5,80 manat cərimə, cəmi 1869,31 manat məbləğində borcu qalmışdır. Bundan əlavə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iddia qaldırılması üçün iddiaçının ödədiyi 39,10 manat dövlət rusumu da onun xeyrinə cavabdehlərdən müştərək qaydada tutulmalıdır. Həmçinin, Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri subutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş subutlarla əsaslandırır. Göstərilən qanunvericilik aktlarını və işin müəyyən edilmiş hallarını əsas götürən məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi təmin olunmalı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada əsas borc üzrə 1572 manat, faiz borcu üzrə 291,51 manat, 5,80 manat cərimə, cəmi 1869,31 manat məbləğində borc pul və ödənilmiş 39,10 manat dövlət rusumu tutulub iddiaçı "xxxx" KB Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 213-214, 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia tələbi təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada əsas borc üzrə 1572 manat, faiz borcu üzrə 291,51 manat, cərimə üzrə 5,80 manat, cəmi 1869,31 (bir min səkkiz yüz altmış doqquz manat otuz bir qəpik) manat məbləğində borc pul və 39,10 (otuz doqquz manat on qəpik) manat məbləğində ödənilmiş dövlət rüsumu tutularaq iddiaçı "xxxx" KB Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Laçın Rayon Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Cavad İbrahimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar