Məhkəmə qərarları › İş №2(047)-90/2024

Laçın Rayon Məhkəməsi Qətnamə — İş №2(047)-90/2024

28.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Laçın rayonu İş № 2(047)-90/2024 28.10.2024 LAÇIN RAYON MƏHKƏMƏSİ Hakim İbrahimov Cavad Cavanşir oğlunun sədrliyi, Məhkəmə iclas katibi Şükürov Yaşasın Valeh oğlunun katibliyi ilə, İddiaçı Ləğv prosesində olan "xxxx" Kommersiya Bankı QSC-nin Cavabdeh qarşı borc tələbinə dair mülki işə iddia icraatı qaydasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Ləğv prosesində olan "xxxx" X3 Səhmdar Cəmiyyəti Cavabdeh qarşı borc tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddia tələbinin təmin olunması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı Ləğv prosesində olan "xxxx" Kommersiya Bankı QSC-nin etibarnamə üzrə nümayəndəsi iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə "xxxx" Qapalı Səhmdar Cəmiyyəti arasında bağlanmış xx.xx.2015-ci il tarixli müqaviləyə əsasən Cavabdeh 27% ödəmək şərtilə 12 ay müddətinə bankdan 3000 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinə əsasən müştəri əsas və kreditdən istifadəyə görə hesablanmış faiz borcunu hər ay bərabər məbləğdə ödəməli olduğu halda, kreditin ödənilməsini vaxtlı-vaxtında aparmamış bununla da müqavilə üzrə götürdüyü öhdəlikləri lazımı qaydada icra etməyərək müqavilənin şərtlərini pozmuşdur. Cavabdeh banka xx.xx.2023-cü il tarixinə 2468,02 manat əsas, 1940,40 manat faiz, 1926,90 manat cərimə və kredit müqaviləsi üzrə gecikdirilmiş vaxt üçün illik 5 (beş) fazilə hesablanmış 796,96 manat məbləğində gecikdirilmiş faiz borcu, cəmi 7132,28 manat məbləğində borcu vardır. Ona görə də Cavabdeh 2468,02 manat əsas, 1940,40 manat faiz, 1926,90 manat cərimə və kredit müqaviləsi üzrə gecikdirilmiş vaxt üçün illik 5 (beş) fazilə hesablanmış 796,96 manat məbləğində gecikdirilmiş faiz borcu, cəmi 7132,28 manat məbləğində borcun, həmçinin ödənilmiş 91,33 manat dövlət rüsumunun tutulub Ləğv prosesində olan "xxxx" Kommersiya Bankı QSC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Ləğv prosesində olan "xxxx" X3 Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə məhkəməyə ərizə göndərərək məhkəmə iclasını iştirakları olmadan keçirib tələblərinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə hazırkı işlə bağlı iddiaçının nümayəndəsinin onun iştirakı olmadan işə baxılması xahişini qanunauyğun sayır və mülki işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. İş üzrə Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdarlıq edilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, materiallarına əlavə olunmuş xx.xx.2015-ci il tarixli müqavilədən görünür ki, "xxxx" QSC ilə Cavabdeh arasında bağlanmış müqaviləyə əsasən Cavabdeh 12 ay müddətinə 27 faizlə 3000 manat məbləğində kredit verilmişdir. İş materiallarına əlavə olunmuş xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, cavabdehin xx.xx.2023-cü il tarixə əsas borc üzrə 2468,02 manat, 1940,40 manat faiz borcu, cərimə üzrə 1926,90 manat və 796,96 manat məbləğində gecikdirilmiş vaxt üçün hesablanan faiz məbləği olmaqla, cəmi 7132,28 manat məbləğində borcu yaranmışdır. İş materiallarına əlavə olunmuş məhkəmə ekspertizası mərkəzinin xx.xx.2024-cü il tarixli, 9/2895 nömrəli ekspertiza rəyindən görünür ki, Cavabdeh banka ödənilmiş pul vəsaitinə dair hesabdan çıxarış məlumatları və xx.xx.2015-ci il tarixli 1xx/xx/116964/15 saylı kredit xətti (kart) müqaviləsinin şərtləri nəzərə alınmaqla və müqavilə dövründə illik 27 faizlə müqavilə dövrünün şərtləri nəzərə alınmaqla hesablanmaqla Cavabdeh xx.xx.2016-cı il tarixə (müqavilənin son tarixi) banka olan əsas və faiz borcu 2551,65 manat məbləğində və xx.xx.2023-cü il tarixə banka olan əsas, faiz və əldə çıxmış fayda borcu 3395,82 manat məbləğində müəyyən edilir. O, cümlədən xx.xx.2016-cı il tariixə əsas borc üzrə 2499,17 manat, faiz borcu üzrə 52,48 manat (illik 27 faizlə) xx.xx.2023-cü il tarixə əsas borc üzrə 2499,17 manat, faiz borcu üzrə 52,48 manat (illik 27 faizlə) əldən çıxmış fayda borcu 844,16 manat (illik 5%-lə). “Bank Satndart” KB ilə Cavabdeh arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 1xx/xx/116964/15 saylı kredit xətti (kart) müqaviləsi üzrə təqdim edilmiş sənədlərə əsasən kredit ödənişlərinin gecikdirilməsinə görə bank tərəfindən cərimə hesablanmamışdır. Bu səbəbdən xx.xx.2015-ci il tarixli, 1xx/xx/116964/15 saylı kredit xətti (kart) müqaviləsi üzrə cərimə borcu müəyyən edilmədi. Bundan başqa, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsində göstərilir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz. İnsan Hüquqlarının və X2 Haqqında Konvensiyaya dair 20 mart 1952-ci il tarixli 1 saylı protokolun “Mülkiyyətin müdafiəsi” adlanan 1-ci maddəsində göstərilir ki, hər bir fiziki və ya hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Yuxarıdakı müddəalar dövlətin ümumi maraqlara müvafiq olaraq, mülkiyyətdən istifadəyə nəzarəti həyata keçirmək üçün, yaxud vergilərin və ya digər rüsum və ya cərimələrin ödənilməsini təmin etmək üçün zəruri hesab etdiyi qanunları yerinə yetirmək hüququnu məhdudlaşdırmır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Həmin Məcəllənin 14.1. və 14.2.1.-ci maddələrinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digar əsaslar əmələ gəlməsi halları istisna olmaqla, öhdəlyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmçinin, Azərbaycan Respublikasında əhalinin rifahını yüksəltmək, sosial müdafiəsini və layiqli həyat səviyyəsini təmin etmək dövlətin sosial-iqtisadi inkişaf konsepsiyasının prioritetlərindən olmasını, qlobal iqtisadi və maliyyə böhranının ölkə iqtisadiyyatına təsirlərinin əhalinin müəyyən qrupunun ödəmə qabiliyyətinin zəifləməsinə, bunun da nəticəsində, kredit təşkilatlarından xarici valyutada borc almış vətəndaşların bank sistemi qarşısında vaxtı keçmiş kreditlər üzrə öhdəliklərinin artmasına və bu öhdəliklərin yerinə yetirilməsi ilə bağlı məsələlərə məhkəmə müstəvisində baxılma hallarının çoxalmasını və sair halları nəzərə alan ölkə başçısı tərəfindən, dünya bazarında neftin qiymətinin 3-4 dəfə azalması ilə bağlı baş vermiş devalvasiya nəticəsində fiziki şəxslərin xarici valyutada olan kreditləri üzrə onların üzləşdiyi maliyyə itkisini qarşılamaq, o cümlədən problemli kreditlər məsələsinin həllinə dövlət dəstəyini təmin etmək məqsədilə "Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında" 28 fevral 2019-cu il tarixdə 551 nömrəli Fərman imzalanmışdır. Fərmanın 1-ci bəndinə əsasən aşağıda qeyd olunan tarixlərə fiziki şəxslərin banklara 10000 (on min) ABŞ dollarınadək xarici valyutada olan əsas kredit borclarının devalvasiya ilə bağlı manatla artmış hissəsi aşağıdakı qaydada qiymətləndirilməklə, bu Fərman qüvvəyə mindiyi günə Azərbaycan Respublikası Mərkəzi Bankının elan etdiyi məzənnəyə uyğun olaraq, dövlət büdcəsinin vəsaiti hesabına üç aydan gec olmayaraq manatla ödənilməlidir; 1.1-ci bənd 2015-ci il fevralın 21-nə xarici valyutada mövcud olan əsas kredit borcuna münasibətdə - 1 ABŞ dollarına 0.25 manat (0.15 ABŞ dolları) kimi. Fərmanın 2-ci bəndinə əsasən Bu Fərmanın 1-ci hissəsinə əsasən edilən ödəniş, ilk növbədə, fiziki şəxslərin banklar və ləğvetmə prosesində olan banklar qarşısında ödəniş müddəti keçmiş əsas kredit borclarının ödənilməsinə yönəldilməli, qalan məbləğ isə həmin fiziki şəxslərin sərəncamına verilməlidir. Fərmanın 3-cü bəndinə əsasən Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası: 3.1. Azərbaycan Respublikasının Mərkəzi Bankı ilə birlikdə bu Fərmanın 1-ci hissəsində göstərilən tələblər nəzərə alınmaqla, fiziki şəxslərin xarici valyutada olan kreditlərinin əsas məbləğinin devalvasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizmini (qaydasını), habelə həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştləri müəyyən edərək, Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla on beş gün müddətində təsdiq etməli; 3.2. bu Fərmanın 1-ci hissəsinə əsasən ediləcək ödənişin ümumi məbləğini, ödəniş ediləcək fiziki şəxslərin siyahısını və hər bir fiziki şəxsə ödəniləcək vəsaitin məbləğini qırx beş gün müddətində müəyyən edərək və bu barədə Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə və Azərbaycan Respublikasının Mərkəzi Bankına məlumat verməlidir. Fərmanın 5-ci bəndinə əsasən Azərbaycan Respublikasının Mərkəzi Bankına tövsiyə edilmişdir ki: 5.1. bu Fərman qüvvəyə mindiyi tarixə fiziki şəxslərin xarici valyutada əsas məbləği 10 000 (on min) ABŞ dollarınadək, milli valyutada isə 17 000 (on yeddi min) manatadək olan kreditlər üzrə vaxtı keçmiş kredit borclarının restrukturizasiyası məqsədilə, Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının müraciəti əsasında, banklara 682 000 000,0 (altı yüz səksən iki milyon) manat məbləğinədək dövlət zəmanəti ilə təmin edilmiş güzəştli kredit verilməsini təmin etsin; 5.2. bu Fərmanın 5.1-ci bəndində nəzərdə tutulan tədbirlər nəticəsində bankların valyuta mövqeyinin pisləşməsinin qarşısını almaq məqsədilə ayrılmış kreditin hesabına banklara, onların müraciəti əsasında 215 000 000,0 (iki yüz on beş milyon) ABŞ dolları dəyərinədək xarici valyutada ifadə olunmuş, illik faiz dərəcəsi 0,5 faiz olmaqla qiymətli kağızların verilməsini təmin etsin; 5.3. bu Fərmandan irəli gələn digər tədbirlərin həyata keçirilməsini təmin etsin. Fərmanın 6-cı bəndinə əsasən banklara tövsiyə edilmişdir ki: 6.1. bu Fərmanın 7.1-ci bəndində nəzərdə tutulan siyahı üzrə vaxtı keçmiş kredit borcu olan fiziki şəxslərə yeni güzəştli kredit müqaviləsi bağlanmasını təklif etsinlər; 6.2. fiziki şəxslərin vaxtı keçmiş kredit borclarının restrukturizasiya olunacağını nəzərə alaraq, banklar bir ay müddətində həmin kreditlərə hesablanmış faizlərin silinməsini və məhkəmədə olan işlərin geri çağırılmasını təmin edən tədbirlər görsünlər; 6.3. borcları restrukturizasiya olunmuş fiziki şəxslərin borc yükünün yüngülləşdirilməsini təmin edən digər tədbirlər görsünlər. İş materiallarında olan problemli kreditlərin kompensasiyası üzrə rəsmi portaldan edilmiş çıxarışdan görünür ki, Cavabdeh ilə "xxxx" KB Qapalı Səhmdar Cəmiyyəti arasında bağlanmış kredit müqaviləsi üzrə 01 mart 2019-cu il tarixinə restrukturizasiya olunması təklif olunan əsas kredit borcu 2468,02 manat (iddia olunan əsas borc məbləğində) müəyyən edilmişdir. Məhkəmə belə hesab edir ki, yuxarıda qeyd edilən Fərman dünya bazarında neftin qiymətinin 3-4 dəfə azalması ilə bağlı baş vermiş devalvasiya nəticəsində fiziki şəxslərin milli valyutada 17000 (on yeddi min) manatadək olan vaxtı keçmiş kredit borclarının kreditləri üzrə onların üzləşdiyi maliyyə itkisini qarşılamaq, o cümlədən problemli kreditlər məsələsinin həllinə dövlət dəstəyini təmin etmək məqsədi güddüyündən, Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası Fərmandan irəli gələn vəzifəsini icra edərək, hazırki iş üzrə cavabdehə münasibətdə milli valyutada 17000 (on yeddi min) manatadək olan kreditinin əsas məbləğinin ödənilməsi mexanizmini (qaydasını), habelə həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştləri müəyyən etdiyindən, restrukturizasiyaya təklif olunması üçün müəyyən edilmiş kredit məbləğinin restrukturizasiya olunmaması nəzərə allınmalı və iddia tələbi restrukturizasiya olunması təklif olunan borc məbləği həddində təmin edilməlidir. Həmçinin, iddia tələbi qismən təmin edilməli olduğundan Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə əsasən iddianın qaldırılması üçün iddiaçının ödədiyi 91,33 manat dövlət rusumunun 45 manatı onun xeyrinə cavabdehdən tutulmalı və digər qismi, yəni 46,33 manatı isə iddiaçının hesabına aid edilməlidir. Bundan əlavə, Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri subutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş subutlarla əsaslandırır. Göstərilən qanunvericilik aktlarını və işin müəyyən edilmiş hallarını əsas götürən məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin olunmalı, yəni Cavabdeh 2468,02 manat əsas borc və ödənilmiş 91,33 manat dövlət rüsumunun 45 manatı tutulub iddiaçı Ləğv prosesində olan "xxxx" Kommersiya Bankı QSC-nin xeyrinə ödənilməli, ödənilmiş dövlət rüsumunun 46,33 manatı iddiaçının hesabına aid edilməli və iddia tələbi qalan hissələrdə isə rədd edilməlidir. İş üzrə keçirilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli, 9/2895 nömrəli ekspertiza tədqiqatının dəyəri olan 200 (iki yüz) manat məbləğində ekspertiza xərcinin 100 manatı Cavabdeh və 100 manatı isə Ləğv prosesində olan "xxxx" X3 Səhmdar Cəmiyyətindən alınaraq Dövlət büdcəsinin Az.MEM, VÖEN **********, Hesab AZ34CTRE**********000 2088501, X1, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NAB Z01360 1**********3944, S.W.İ.F.T. Bik CTREAZ 22 saylı hesabına köçürülməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 213-214, 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 2468,02 (iki min dörd yüz altmış səkkiz manat iki qəpik) manat əsas borc və 45 (qırx beş) manat ödənilmiş dövlət rüsumu tutulub iddiaçı Ləğv prosesində olan "xxxx" Kommersiya Bankı QSC-nin xeyrinə ödənilsin. Ödənilmiş dövlət rüsumunun 46,33 (qırx altı manat otuz üç qəpik) manatı iddiaçının hesabına aid edilsin. İddia tələbi qalan hissələrdə isə rədd edilsin. İş üzrə keçirilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli, 9/2895 nömrəli ekspertiza tədqiqatının dəyəri olan 200 (iki yüz) manat məbləğində ekspertiza xərcinin 100 (bir yüz) manatı Cavabdeh və 100 (bir yüz) manatı isə Ləğv prosesində olan "xxxx" X3 Səhmdar Cəmiyyətindən alınaraq Dövlət büdcəsinin Az.MEM, VÖEN **********, Hesab AZ34CTRE**********00020885 01, X1, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NA BZ 01360 1**********3944, S.W.İ.F.T. Bik CTREAZ 22 saylı hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Laçın Rayon Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə, qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Cavad İbrahimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar