Məhkəmə qərarları › İş №2(047)-921/2024

Laçın Rayon Məhkəməsi Qətnamə — İş №2(047)-921/2024

24.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Laçın rayonu İş № 2(047)-921/2024 24.10.2024 LAÇIN RAYON MƏHKƏMƏSİ Hakim İbrahimov Cavad Cavanşir oğlunun sədrliyi, məhkəmə iclas katibi Şükürov Yaşasın Valeh oğlunun katibliyi, İddiaçı nümayəndəsi və eyni zamanda vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə iddia icraatı qaydasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı nümayəndəsi və eyni zamanda vəkili Vəkil iddia ərizəsinə uyğun izahat verib iddia tələbini müdafiə edərək izahatında göstərmişdir ki, tərəflər arasındakı xx.xx.2016-cı il tarixdə Abşeron rayonu 2 saylı notariat kontorunda M-917 reyestr nömrəsi ilə təsdiq edilmiş kredit müqaviləsinə əsasən borc verən İddiaçı tərəfindən borc alan Cavabdeh 150.000 min manat və yaxud 100.000 ABŞ dolları məbləğində pul borca verilmişdir. Borc alan krediti xx.xx.2016-cı il tarixədək geri qaytarmalı idi. Müqavilədə tərəflərin digər hüquq və vəzifələri də müəyyən edilmişdir. Həmin müqavilə üzrə borc alan tərəfindən yalnız 25.000 ABŞ dolları geri qaytarılmış, 75.000 ABŞ dolları borc isə ödənilməmişdir. Tərəflər arasında borc müqaviləsindən irəli gələn öhdəliklərin icrası ilə əlaqədar Bakı şəhəri 14 saylı notariat ofisinin xüsusi notariusu tərəfindən 3M-1536 reyestr nömrəsi ilə xx.xx.2022-ci il tarixdə təsdiq edilmiş borcun etirafı haqqında müqaviləyə əsasən “tərəflər” ödənilməmiş 75.000 ABŞ dolları kredit borcunun restruktizasiyası kreditin aylara bölünməklə 12 ay ərzində ödənilməsi barədə razılığa gəlmişlər. Bir ay üzrə ödənilməli borc məbləği 6.250 ABŞ dolları təşkil edir. Razılaşmanın hüquqi qüvvəsi xx.xx.2022-ci il tarixdən başlayır. Razılaşmanın icra müddəti xx.xx.2023-cü il tarixdə isə bitir. Müqavilənin 7-ci bəndinə əsasən ikinci tərəf, yəni borclu müqavilə şərtlərini 3 ay ardıcıl olaraq icra etmədikdə icra qeydinin verilməsi üçün notariat ofisinə və yaxud müvafiq qaydada məhkəməyə müraciət etməkdə haqlıdır. Borc alan borcun etirafı haqqında müqavilə üzrə öhdəliklərini icra etməmiş və həmin müqavilədə göstərilən 75.000 ABŞ dolları pulundan hər hanası bir məbləği ödəməmişdir. Bu baxımdan müqavilənin icrası üzrə müddətləri, borcalanın davranışlarını nəzərə alaraq hesab edir ki, müqavilə üzrə ödənilməli pulun məhkəmə qaydasında tutulması təmin edilməlidir. Ona görə də Cavabdeh 75000 ABŞ doları borcun və ödənilən 420 manat dövlət rüsumunun alınıb iddiaçıya verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. İş üzrə İddiaçı və Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdarlıq edilməsinə baxmayaraq onlar məhkəmə iclasına gəlməmiş, Cavabdeh məhkəməyə notarial qaydada təsdiq olunmuş ərizə göndərərək məhkəmə iclasını onun iştirakı olmadan keçirilməsini və iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmiş, İddiaçı isə məhkəmə iclasına gəlməməsinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən işə iddiaçının və cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş DİN-nin BPQMİ-nin MAPS şöbəsi tərəfindən verilmiş arayışdan görünür ki, Cavabdeh Laçın şəhəri, H.Aslanov küçəsi ev 199-da qeydiyyatdadır. İş materiallarına əlavə edilən İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli borcun etirafı haqqında müqavilədən görünür ki, Cavabdeh İddiaçı 75000 ABŞ dolları borcunun olduğunu etiraf etmiş və həmin məbləği xx.xx.2023-cü il tarixədək hər ay 6250 ABŞ doları olmaqla tam olaraq İddiaçı ödəməsini öhdəsinə götürmüşdür. Bundan başqa, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Həmin Konstitusiyanın 29-cu maddəsinin 2-ci hissəsinə əsasən “Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur”. Həmçinin, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 135.1-ci maddəsinə əsasən bu Məcəlləyə uyğun olaraq yalnız fiziki obyektlər əşya sayılırlar. Pullar və qiymətli kağızlar da əşyadır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 153.1-ci maddəsinə əsasən bütün növlərdən olan daşınar və daşınmaz əmlaka mülkiyyət hüququnun subyektləri hüquqi və fiziki şəxslər, bələdiyyələr və Azərbaycan Respublikası ola bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 153.4-cü maddəsinə əsasən bütün mülkiyyətçilərin hüquqları eyni bərabərdə müdafiə edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 154.1-ci maddəsinə qanunvericiliyə uyğun olaraq fiziki və ya hüquqi şəxslərə mənsub ola bilməyən əmlakın ayrı-ayrı növləri istisna edilməklə, fiziki və hüquqi şəxslərin mülkiyyətində istənilən əmlak ola bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.4-cü maddəsinə əsasən, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Bundan başqa, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 882.1-ci maddəsinə əsasən, borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Əgər mövcudluğu etiraf edilmiş öhdəlik münasibətlərinin yaranması üçün ayrı forma nəzərdə tutulubsa, etiraf üçün də belə forma tələb edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 882.5-ci maddəsinə əsasən əgər borc hesablaşmaya (ödənişə) əsasən və ya razılaşma yolu ilə etiraf olunmuşsa, formaya riayət edilməsi məcburi deyildir. Bundan əlavə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Republikasının Mülki Məcəlləsinin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmumu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmçinin, Azərbaycan Respublikası MPM-nin 191.1-ci maddəsinin tələblərinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Həmin Məcəllənin 191.2-ci maddəsinə əsasən hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Həmin Məcəllənin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Beləliklə, məhkəmə araşdırmaları zamanı iş üzrə tədqiq edilmiş sübutlarla və qeyd edilən münasibətlərə tətbiq edilməli olan hüquq normalarının tələblərinə əsasən belə müəyyən olundu ki, İddiaçı ilə Cavabdeh arasında mövcud borcun etirafı haqqında mücərrəd müqavilə bağlanmış, həmin müqaviləyə əsasən Cavabdeh xx.xx.2022-ci il tarixdə İddiaçı 75000 ABŞ dolları məbləğində borclu olduğunu etiraf etmiş və həmin məbləği xx.xx.2023-cü il tarixədək hər ay 6250 ABŞ dolları olmaqla tam olaraq İddiaçı ödəməsini öhdəsinə götürmüş, lakin cavabdeh 75000 ABŞ dolları borcu hal-hazıradək geri qaytarmamışdır. İddiaçı cavabdehdən dəfələrlə qeyd edilən borc məbləğinin qaytarılmasını tələb etsə də hal-hazıradək cavabdeh iddiaçıya olan borcunu ödəməmişdir. Ona görə də iddiaçı məcbur olub belə bir tələblə məhkəməyə müraciət etmişdir. Bundan əlavə Cavabdeh mülki işə məhkəmə baxışı gedişində notarial qaydada təsdiq edilmiş ərizə ilə məhkəməyə müraciət edərək İddiaçı 75000 ABŞ dolları borcunun olduğunu etiraf edib iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini də məhkəmədən xahiş etmişdir. Qeyd olunanlara əsasən də məhkəmə belə hesab edir ki, iddia tələbi təmin edilərək, Cavabdeh 75000 (yetmiş beş min ABŞ dolları) ABŞ dolları pul ödəniş gününə valyutanın cari məzənnəsi ilə Azərbaycan Respublikası manatı ifadəsində borc pulun alınıb İddiaçı verilməsi qanuni və əsaslıdır. Həmçinin, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iddia qaldırılması üçün iddiaçının ödədiyi 420 (dörd yüz iyirmi) manat dövlət rusumu da onun xeyrinə cavabdehdən tutulmalıdır. Bundan başqa, Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri subutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş subutlarla əsaslandırır. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə subutların məcmusuna hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməli, Cavabdeh 75000 (yetmiş beş min) ABŞ dolları pul ödəniş gününə valyutanın cari məzənnəsi ilə Azərbaycan Respublikası manatı ifadəsində borc pul və ödənilmiş 420 (dörd yüz iyirmi) manat dövlət rüsumu alınıb İddiaçı verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 213-214, 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia tələbi təmin edilsin. Cavabdeh 75000 (yetmiş beş min) ABŞ dolları pul ödəniş gününə valyutanın cari məzənnəsi ilə Azərbaycan Respublikası manatı ifadəsində borc pul və ödənilmiş 420 (dörd yüz iyirmi) manat dövlət rüsumu alınıb İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Laçın Rayon Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə, qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Cavad İbrahimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar