Azərbaycan Respublikası adından QƏTNAMƏ Laçın rayonu İş № 2(047)-97/2024 27.06.2024 LAÇIN RAYON MƏHKƏMƏSİ Hakim İbrahimov Cavad Cavanşir oğlunun sədrliyi, məhkəmə iclas katibi Şükürov Yaşasın Valeh oğlunun katibliyi ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və X6 qarşı dəymiş zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və X6 qarşı dəymiş zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçılar İddiaçı1 və İddiaçı2 iddia ərizəsini onunla əsaslandırmışlar ki, xx.xx.2023-cü il tarixindən xx.xx.2023-ci il tarixinə keçən gecə saat 00:15 radələrində İddiaçı1 məxsus "Opel Astra" markalı, **-ED-*** dövlət qeydiyyat nişanlı avtomobili etibarnamə əsasında İddiaçı2 idarə edərkən Cavabdeh2 idarə etdiyi "Tofaş Şahin" markalı, **-KP-*** dövlət qeydiyyat nişanlı avtomobillə Babək prospekti istiqamətindən Yeni Günəşli qəsəbəsi istiqamətində hərəkətdə olarkən idarəetməni itirərək qarşı hərəkət zolağına daxil olmuş və ona əks istiqamətdə hərəkət edən İddiaçı1 məxsus avtomobil ilə toqquşmuşdur. Baş vermiş hadisə Bakı şəhəri Suraxanı RPİ-nin DYPŞ tərəfindən tərtib edilmiş protokolda, cinayət işinin başlanmasının rədd edilməsi haqqında Bakı şəhəri Suraxanı RPİ-nin İŞ-nın baş tədqiqatçısı, polis mayoru Yalçın Yaqubov tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli qərarda, xx.xx.2023-cü il tarixdə tərtib edilmiş hadisənin başvermə sxemində, həmçinin hadisə barədə disk materialda olan videoda cavabdehin təqsiri ucbatından yol nəqliyyat hadisəsinin baş verməsi, iki avtomobilin toqquşması və İddiaçı1 məxsus avtomobilə zərər dəyməsi faktları öz təsdiqini tapmışdır. Qeyd edirlər ki, Bakı şəhəri Suraxanı RPİ-nin DYPŞ tərəfindən tərtib edilmiş protokolla cavabdeh barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə inzibati tənbeh verilməsi üçün Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edilmiş, sadəcə cavabdehin məhkəmə iclasında iştirak etməməsi səbəbindən protokol əsasında toplanmış material Bakı şəhəri Suraxanı RPİ-nin DYPŞ-nə geri qaytarılmışdır. Cavabdeh barəsində inzibati tənbehin verilməsinin gecikdirilməsindən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə şikayət təqdim edilmişdir. Yol nəqliyyat hadisəsindən sonra İddiaçı1 məxsus avtomobilə 2970 (iki min doqquz yüz yetmiş) manat məbləğində zərər dəymişdir. Zərərin həcmi (təmirlə bağlı görülən işlər və alınmış ehtiyat hissələri) barədə "xxxx" MMC tərəfindən verilmiş arayış və nöqsan aktı iddia ərizəsinə əlavə olunmuşdur. İddiaçılar tərəfindən dəymiş zərərin ödənilməsi ilə bağlı Cavabdeh2 dəfələrlə müraciətlər edilsə də, cavabdeh dəymiş zərərin ödənilməsindən imtina etmişdir, halbuki onun təqsiri ucbatından qəza baş vermişdir və Azərbaycan Respublikası mülki qanunvericiliyinin tələblərinə əsasən də yüksək təhlükə yaradan fəaliyyətlə törədilmiş zərərə görə cavabdehlər onun əvəzini ödəməyə borcludurlar. Bundan əlavə, hadisə zamanı avtomobildə İddiaçı2 arvadı X9 və azyaşlı qızı X11 da olmuşdur. xx.xx.2023-cü il tarixli məhkəmə-tibb ekspertinin rəyinə əsasən X7 bədən səthində xəsarətlər aşkar edilmişdir-sol oynağının qançırı, sol baldırın hematoması, sağ əlin 1 barmağının hərəkət məhdudluğu ilə müşayiət olunan şişkinlik və qançırı. Qeyd edilən xəsarətlər yüngül zərərvurma kimi qiymətləndirilmişdir. X2 həkim müayinəsində olmaqla evdə lazımi müalicə almışdır. Hadisə zamanı azyaşlı X11 bədən xəsarəti almasa da, anası X9 ilə birlikdə mənəvi sarsıntı keçirmişdir. Beləliklə, yol nəqliyyat hadisəsinin baş verməsi nəticəsində İddiaçı2 həm yol nəqliyyat hadisəsinin baş verməsi, həm də ailə üzvlərinin yüngül xəsarət alması nəticəsində 300 (üç yüz) manat məbləğində mənəvi zərər dəymişdir. Lakin heç bir zərər bu hadisədə təqsirli olan cavabdehlər tərəfindən qarşılanmamışdır. Eyni zamanda bildirirlər ki, "Tofaş Şahin" markalı, **-KP-*** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh1 məxsusdur və Cavabdeh2 tərəfindən törədilmiş yol nəqliyyat hadisəsində sonuncu qədər təqsirlidir. Belə ki, Cavabdeh2 sürücülük vəsiqəsi olmayan şəxsdir və belə şəxsə avtomobilin idarə edilməsi üçün verilməsi qanun pozuntusudur. Bununla yanaşı, Cavabdeh2 idarə etdiyi qeyd edilən avtomobilin avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortasının olmadığı da aşkar edilmişdir. Odur ki, onlar məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. Göstərilənləri nəzərə alaraq "Opel Astra" markalı, **-ED-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmiri ilə bağlı dəymiş 2970 (iki min doqquz yüz yetmiş) manat məbləğində maddi zərərin, habelə mənəvi sarsıntı ilə bağlı 300 (üç yüz) manat məbləğində mənəvi zərərin və 52,70 (əlli iki manat yetmiş qəpik) manat məbləğində ödənilmiş dövlət rüsumunun, cəmi 3322,70 (üç min üç yüz iyirmi iki manat yetmiş qəpik) manat məbləğində pulun müştərək qaydada cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tutularaq İddiaçı1 və İddiaçı2 ödənilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş edirlər. İş üzrə iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı1 nümayəndəsi və eyni zamanda vəkili Vəkil, cavabdehlər Cavabdeh1 və X6 məhkəmə iclasının yeri və vaxtı barədə qanunla nəzərdə tutulmuş rəsmi qaydada məhkəmə bildirişi göndərilməsinə baxmayaraq, onlar göstərilən tarixdə məhkəməyə gəlməmişlər, lakin iddiaçılar İddiaçı1 və İddiaçı2 məhkəməyə ərizə göndərərək məhkəmə iclasını onların iştirakları olmadan keçirib tələblərinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişlər, İddiaçı1 nümayəndəsi və eyni zamanda vəkili Vəkil cavabdehlər Cavabdeh1 və X8 isə gəlməmələrinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə, Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsini rəhbər tutaraq mülki işə iddiaçıların, İddiaçı1 nümayəndəsi və eyni zamanda vəkilinin və cavabdehlərin iştirakları olmadan mahiyyəti üzrə baxmağı mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq belə hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş AD № 573400 saylı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin və xx.xx.2023-cü il tarixli etibarnamənin surətlərindən görünür ki, “Opel Astra” minik markalı **-ED-*** dövlət qeydiyyat nişanlı avtomobil İddiaçı1 adına qeydiyyata alınmış və nəqliyyat vasitəsini idarə etmək, ipotekaya qoymaq, qeydiyyata salmaq, bağışlamaq və s. hüquqlar xx.xx.2024-cü il tarixədək İddiaçı2 verilmişdir. İş materiallarına əlavə edilmiş portaldan çıxarışdan görünür ki, “Tofaş Şahin" markalı, **-KP-*** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh1 adına qeydiyyata alınmışdır. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin DYPŞ-nin İXP ******* nömrəli inzibati xəta haqqında protokolundan və Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin TŞ-nin təhqiqatçısı, polis mayoru X1 qəbul etdiyi “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, cavabdeh X8 barəsində cinayət işinin başlanılması rədd edilmiş, X5 Azərbaycan Respublikası İXM-nin 332.4-cü maddəsi ilə və Əhməd Cabbarovun isə Azərbaycan Respublikası İXM-nin 335.3-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi üçün materialın Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin DYPŞ-nə göndərilməsi barədə qərar qəbul edilmiş və X5 barəsində Azərbaycan Respublikası İXM-nin 332.4-cü maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. İş materiallarına əlavə edilmiş fotoşəkillərdən də görünür ki, İddiaçı2 istifadəsində olan “Opel Astra” minik markalı **-ED-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinə texniki xəsarət yetirilmişdir. İş materiallarına əlavə edilmiş "xxxx" MMC servis mərkəzi tərəfindən verilmiş nöqsan aktından və arayışdan görünür ki, İddiaçı2 istifadəsində olan “Opel Astra” “minik markalı, **-ED-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş maddi zərərin məbləği ümumilikdə 2970 manat həcmində müəyyən edilmişdir. Məhkəmə iş üzrə obyektiv rəyə gəlinməsi üçün məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edərək rəy almışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 9/467 nömrəli rəyindən görünür ki, "xxxx" MMC tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli qusur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 1998-ci il buraxılışlı “Opel Astra” minik markalı **-ED-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci təxminən 2580 manat müəyyən edilmişdir. Bundan başqa, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinə görə zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olunması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adı mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.3-cü maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Həmçinin, «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002ci il tarixli qərarında göstərildiyi kimi, mənəvi zərər qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlməklə, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi, ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqları və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və sair vacib olan halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə əsasən müəyyən olunmalıdır. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmiş çəxsin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O, həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli 7 saylı qərarının 2-ci bəndinə əsasən mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərərin vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən mərhum olması, şəxsi, ailə və tibbi sirrlərinin açıqlanması, şərəf, ləyaqət və üşgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və sair hallarda özünü büruzə verir. «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 03 noyabr 2008-ci il tarixli, 7 saylı qərarının 10-cu bəndində göstərilir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Bundan əlavə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və ya işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Həmin Məcəllənin 1108.2-ci maddəsinə əsasən yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. Həmin Məcəllənin 1115-ci maddəsinin tələblərinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Beləliklə, məhkəmə araşdırmaları zamanı iş üzrə tədqiq edilmiş sübutlarla və qeyd edilən münasibətlərə tətbiq edilməli olan hüquq normalarının tələblərinə əsasən belə müəyyən olundu ki, xx.xx.2023-cü il tarixdə saat 00:15 radələrində Bakı şəhəri Babək prospektindən Yeni Günəşli qəsəbəsi istiqamətində yol nəqliyyat hadisəsi baş vermiş və yol nəqliyyat hadisəsi nəticəsində cavabdehlərdən biri olan Cavabdeh1 məxsus, lakin digər cavabdeh X8 tərəfindən sürücülük hüququ olmadan idarə olunan “Tofaş Şahin" markalı, **-KP-*** dövlət qeydiyyat nişanlı avtomobillə iddiaçılardan biri olan İddiaçı1 adına qeydiyyata alınmış, lakin digər İddiaçı2 istifadəsində olan “Opel Astra” minik markalı **- ED-*** dövlət qeydiyyat nişanlı avtomobil toqquşmuşdur. Bununla əlaqədar olaraq Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin DYPŞ-nin İXP ******* nömrəli inzibati xəta haqqında protokoluna və Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin TŞ-nin təhqiqatçısı, polis mayoru X1 qəbul etdiyi “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərarına əsasən cavabdeh X8 barəsində cinayət işinin başlanılması rədd edilmiş, X5 Azərbaycan Respublikası İXM-nin 332.4-cü maddəsi ilə və Əhməd Cabbarovun isə Azərbaycan Respublikası İXM-nin 335.3-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi üçün materialın Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin DYPŞ-nə göndərilməsi barədə qərar qəbul edilmiş, bundan sonra isə X5 barəsində Azərbaycan Respublikası İXM-nin 332.4-cü maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Daha sonra "xxxx" MMC servis mərkəzi tərəfindən İddiaçı2 istifadəsində olan “Opel Astra” “minik markalı, **-ED-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş maddi zərərin məbləğinin ümumilikdə 2970 manat olduğu müəyyən edildiyindən iddiaçılar tərəfindən cavabdehlərdən dəymiş həmin ziyanın ödənilməsi tələb edilsə də cavabdehlər bundan imtina etmişlər. Ona görə də iddiaçılar tərəfindən cavabdehlərə qarşı qeyd edilən iddia tələbi ilə bağlı məhkəməyə müraciət edilərək dəymiş ziyanın məbləği olan 2970 manat pulun cavabdehlərdən müştərək qaydada tutularaq onlara ödənilməsi məhkəmədən xahiş edilmişdir. Məhkəmə iş üzrə obyektiv rəyə gəlinməsi üçün məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edərək rəy almış və həmin rəyə əsasən “Opel Astra” markalı **-ED-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərcinin 2580 manat olması müəyyən edilmişdir ki, məhkəmə də qeyd edilən bu ekspert rəyi ilə razılaşmışdır. Qeyd edilənlərə əsasən də belə müəyyən olunur ki, cavabdeh X5 mülki hüquq pozuntusu törətməsi nəticəsində iddiaçılara 2580 manat məbləğində maddi ziyan dəymişdir. Həmçinin məhkəmə araşdırmaları nəticəsində cavabdeh X8 tərəfindən sürücülük hüququ olmadan idarə olunan “Tofaş Şahin" markalı, **-KP-*** dövlət qeydiyyat nişanlı avtomobilin digər Cavabdeh1 məxsus olduğu müəyyən olunduğundan, eyni zamanda Cavabdeh1 da qeyd edilən avtomobilin onun sahibliyindən hüquqa zidd götürülməsi barədə məhkəməyə hər hansı bir sübut təqdim etmədiyindən və göstərilənlərə əsasən o da təqsirli hesab olunduğundan məhkəmə belə hesab edir ki, cavabdeh X8 ilə yanaşı digər Cavabdeh1 da mülki hüquq pozuntusu törətmişdir. Bundan əlavə məhkəmə onu da qeyd edir ki, digər İddiaçı2 da qeyd edilən dəymiş ziyanın cavabdehlər Cavabdeh1 və X3 alınaraq ona verilməsini tələb etsə də məhkəmə araşdırmaları zamanı ziyan dəymiş avtomobilinin onun mülkiyyətində olmadığı müəyyən edilmişdir. Bundan başqa, iddiaçılar onlara dəymiş mənəvi ziyanın 300 manat olması barədə məhkəməyə mötəbər sübutlar da təqdim etməmişlər. Göstərilənlərə əsasən də məhkəmə belə hesab edir ki, cavabdehlər Cavabdeh1 və X3 müştərək qaydada 2580 manat dəymiş ziyanın alınıb İddiaçı1 verilməsi tam qanuni və əsaslıdır. Bundan əlavə, iddia tələbi qismən təmin edilməli olduğundan Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə əsasən iddianın qaldırılması üçün iddiaçıların ödədiyi 52,70 manat dövlət rusumunun 46 manatı onun xeyrinə cavabdehlərdən müştərək qaydada tutulmalı və digər qismi, yəni 6,70 manatı isə iddiaçıların hesabına aid edilməlidir. Həmçinin, Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası MPM-nin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə sübutların məcmusuna hüquqi qiymət verib belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin edilməli, yəni cavabdehlər Cavabdeh1 və X3 müştərək qaydada 2580 manat dəymiş ziyan və 46 manat ödənilmiş dövlət rüsumu tutulub İddiaçı1 xeyrinə ödənilməli, ödənilmiş dövlət rüsumunun 6,70 manatı iddiaçıların hesabına aid edilməli və iddia tələbi qalan hissələrdə isə əsassız olduğundan rədd edilməlidir. Eyni zamanda iş üzrə keçirilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli, 9/467 nömrəli ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat məbləğində ekspertiza xərci cavabdehlər Cavabdeh1 və X3 müştərək qaydada alınaraq Dövlət büdcəsinin Az.MEM, VÖEN **********, hesab AZ34CTRE********************, X4, KOD 210005, VÖEN ********** Müxbir hesab AZ41NABZ 013601**********3944, SFİFT Bik CTREAZ22 saylı hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tuturaq, məhkəmə q ə t e t d i: İddia tələbi qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 və X3 müştərək qaydada 2580 (iki min beş yüz səksən) manat məbləğində dəymiş ziyan və 46 (qırx altı) manat ödənilmiş dövlət rüsumu tutulub İddiaçı1 verilsin. Ödənilmiş dövlət rüsumunun 6,70 (altı manat yetmiş qəpik) manatı iddiaçıların hesabına aid edilsin. İddia tələbi qalan hissələrdə isə rədd edilsin. İş üzrə keçirilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli, 9/467 nömrəli ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat məbləğində ekspertiza xərci cavabdehlər Cavabdeh1 və X3 müştərək qaydada alınaraq Dövlət büdcəsinin Az.MEM, VÖEN **********, hesab AZ34CTRE000000 0000**********, X4, KOD 210005, VÖEN ********** Müxbir hesab AZ41NABZ 013601**********3944, SFİFT Bik CTREAZ22 saylı hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Laçın Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Cavad İbrahimov
Məhkəmə qərarları › İş №2(047)-97/2024
Laçın Rayon Məhkəməsi Qətnamə — İş №2(047)-97/2024
27.06.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver