Azərbaycan Respublikası adından QƏTNAMƏ Lerik rayonu İş № 2(048)-1004/2024 19.12.2024 LERİK RAYON MƏHKƏMƏSİ Lerik Rayon Məhkəməsinin hakimi Zeynalov Yusif Səmədağa oğlunun sədrliyi, Məhkəmə iclas katibi Muradov Nurlan Əlyar oğlunun katibliyi, İddiaçının nümayəndəsi X2 və cavabdeh X4 iştirakları ilə, İddiaçı cavabdeh X7 qarşı “birgə nikah dövründə yaranmış borcun bölünməsi” tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh X7 qarşı “birgə nikah dövründə yaranmış borcun bölünməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" ASC-nin Lerik filialı ilə bağladığı GTKR3633773B174 saylı xx.xx.2024-cu il tarixli kredit müqaviləsi üzrə üzərinə düşən öhdəliyin cavabdeh (əri) X9 ilə müştərək qaydada bölünməsi barədə qətnamə qəbul edilməsini xahiş edilmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o X9 ilə 2005-ci ilin avqust ayında qeyrirəsmi evlənmişdir. İlk illərdə cavabdeh nikahlarını rəsmiləşdirməmişdir və qeyri-rəsmi nikahlarından 11 avqust 2006-cı il tarixində X8 və 01 iyun 2008-ci il tarixində X5 adlı uşaqları anadan olmuşdur. Nikahlarını 2008-ci ilin iyul ayının 18-də Lerik rayon Livədirqə icra nümayəndəliyində 20 nömrəli qeydlə rəsmiləşdirərək rəsmi nikaha daxil olmuşlar. Həyat yoldaşı X9 14 sentyabr 2024-cü il tarixdə onu "xxxx" ASC-nin Lerik filialına gətirərək özü ona zamin duraraq 35 ay müddətinə illik 18,4% olmaqla adına 2900 manat kredit götürmüşdür. Krediti götürəndən sonra elə ordaca krediti cibinə qoymuş və o bir daha həmin puldan bir manat belə görməmişdir. Halbuki krediti götürəndə ona başqa vədlər vermişdir. O, krediti götürəndən sonra Murya kəndindəki şəxsi evini təmir etdimişdir. O, xəstələndiyi üçün və müalicəsi böyük xərc tələb etdiyindən cavabdeh yəni həyat yoldaşı onun əziyyətini çəkmək və müalicəsinə pul xərcləmək istəməmişdir. Cavabdeh onu 2023cü ilin noyabr ayında, yəni kredit götürüləndən heç iki ay keçməmiş Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsində yaşayan atası X3 evinə gətirmiş və o gündən cavabdeh onunla maraqlanmamış, ona heç bir maddi və mənəvi dəstək göstərməmişdir. O, xərçəng xəstəsidir və ağır əməliyyat keçirmişdir. O, 20 fevral 2024-cü il tarixindən orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə birinci dərəcəli əlildir. O, müalicəsini öz xərci ilə həyata keçirir və dərmanlarını da özü alır. Bütün bunlar böyük vəsait tələb edir. İstifadə etdiyi dərmanlardan bircə “Sutent” həbinin 14 kapsulasının qiyməti 830 manatdır. O, 270 manat əlilliyə görə pensiya və 200 manat Azərbaycan Respublikası Prezidentinin təqaüdünü alır (ümumilikdə 470 manat). Bundan əlavə o, yüksək kolorili xüsusi qidalarla qidalanır və bunlarda xeyli vəsait tələb edir. Cavabdeh isə ona heç bir maddi kömək göstərmir. Cavabdeh işləyir və əlavə kənd təsərrüfatı ilə də məşğul olur. Maddi vəziyyəti də yaxşıdır. Cavabdehin onu məcbur edərək xx.xx.2023-cü il tarixdə "xxxx" ASC-nin Lerik rayon filialında özü zamin duraraq onun adına götürdüyü və şəxsi məqsədləri üçün istifadə etdiyi 2900 manat kredit və 870 manat faiz borcu (ümumilikdə 3770 manat) hazırda onun pensiyasından hər ay 114 manat olaraq hissə-hissə tutulur. Dərmanlarına, müalicəsinə və normal qidalanmağına maddi imkanı çatmır. Göründüyü kimi kredit məbləğini o öz şəxsi məqsədləri üçün istifadə etməmişdir. Həmin pul vaxtı ilə onun da yaşadığı, hazırda cavabdehin tək yaşadığı yaşayış evinin təmirinə istifadə edilmişdir və o, bundan sonra həmin yaşayış evinə heç vaxt qayıtmayacaqdır. Həmin kredit ailə ehtiyacları üçün istifadə edilmişdir və onun həyat yoldaşı da kredit öhdəlik üzrə onunla müştərək qaydada məsuliyyət daşımalıdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X6 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh X9 iddia tələbini qəbul etməyərək izahatında iddia tələbində qeyd edilənlərin həqiqətə uyğun olmadığını, iddiaçının "xxxx" ASC-dən kredit öz ehtiyacları üçün götürdüyünü, həmin kreditdən evin təmirinə heç bir vəsait xərclənmədiyini bildirərək iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş Lerik rayon Livədirqə icra nümayəndəliyi tərəfindən verilmiş AZ-T seriyalı, 055840 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X9 ilə İddiaçı arasında nikah 18 iyul 2008-ci il tarixdə bağlanmış, 20 nömrəli akt qeydi ilə rəsmiləşdirilmişdir. Nikahdan sonra arvada « Cahangirova» soyadı verilmişdir. İş materiallarına əlavə olunmuş "xxxx" ASC ilə İddiaçı arasında bağlanmış xx.xx.2023-cü il tarixli, GTKR3633773B174 saylı kredit müqaviləsindən görünür ki, Bank borcluya 35 ay müddətinə illik 18,4 faiz dərəcəsi ilə 2900 (iki min doqquz yüz) manat məbləğində kredit vermişdir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası ƏƏSMN X1 Sistemindən verilmiş xx.xx.2024-cü il tarixli əlillik haqqında arayışdan görünür ki, İddiaçı “mədənin bədxassəli yeni törəməsi, mədənin qastrointestinal stromal şişi” diaqnozu ilə Birinci dərəcəli əlillik verilmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edilən işin mübahisəsiz hallarından aydın olur ki, tərəflər 2005-ci ildə qeyri-rəsmi nikah münasibətlərinə daxil olmuş, həmin münasibətdən iki uşaqları doğulmuş, tərəflər daha sonra 18 iyul 2008-ci il tarixdə rəsmi nikaha daxil olmuşlar. Hazırda iddiaçı birgə nikah dövründə "xxxx" ASC-dən götürlümüş kredit məbləğinin faizləri ilə birlikdə cavabdehlə aralarında bölünməsini xahiş edir. Məhkəmə iddianın və iddiaya olan etirazın əsaslarının təsdiqi kimi istinad etdikləri və sübut əhəmiyyətli hesab etdikləri hallar üzrə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Bu halda isə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunubolunmadığını müəyyən edir. Prosessual qanunvericiliyin “iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edilməsi”, “nə kimi halların müəyyən edilməməsi”, “tərəflərin hansı hüquq münasibətində olmaları” barədə tələblərinə riayət olunması üçün ilkin olaraq iş üzrə toplanmış sübutlar qiymətləndirilməlidir. Sübutların qiymətləndirilməsini tənzimləyən MPM-nin 88-ci maddəsi müəyyən edir ki, Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. İddianın əsasını nikah dövründə bağlanmış kredit müqaviləsinə əsasən yaranmış borcun yarısının cavabdehdən tutulması təşkil edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 32.1-ci maddəsinə əsasən nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların birgə mülkiyyəti sayılır. 36.1-ci maddəsinə əsasən ər-arvadın ümumi əmlakının bölünməsi nikah dövründə, eləcə də onlardan birinin tələbi ilə nikah pozulduqdan sonra, habelə kreditor ödəməni ərarvadın ümumi əmlakında olan onlardan birinin payına yönəltmək üçün ümumi əmlakın bölünməsi tələbi barədə ərizə verdikdə həyata keçirilir. 37.1-ci maddəsində göstərilir ki, ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakın bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir. 37.2-ci maddəsinə əsasən ayrı-ayrı hallarda məhkəmə yetkinlik yaşına çatmayan uşaqların mənafeyini və (və ya) ərin (arvadın) diqqətəlayiq mənafeyini, o cümlədən ərarvaddan biri üzürsüz səbəbdən gəlir əldə etmədiyi və ya birgə mülkiyyəti ailənin mənafeyinə zidd olaraq sərf etdiyi hallarda nəzərə alıb onların birgə mülkiyyətinin bölünməsi zamanı payları bərabər bölməyə də bilər. 37.3-cü maddəsinə əsasən, ümumi əmlak bölünərkən ər-arvadın ümumi borcları onun payına uyğun olaraq müəyyən edilir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin istinad edilən müddəalarına əsasən ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Habelə həmin müddəalara əsasən, ər-arvadın birgə mülkiyyəti bölünərkən, ər-arvadın ümumi borcları onun payına uyğun olaraq müəyyən edilir. Mülki iş materiallarından və tərəflərin izahatlarından aydın olur ki, tərəflərin arasında əmlak bölgüsü olmamışdır. Belə ki, birgə nikah dövründə hər hansı əmlak əldə etməmişlər. Məhkəmə qeyd edir ki, məhkəmə iclasında aparılmış araşdırma zamanı həqiqətən də İddiaçı kredit borcunun ailənin ümumi ehtiyacları üçün xərclənib-xərclənmədiyi müəyyən olunmamışdır. Məhkəmə hesab edir ki, hazırki mübahisə ilə bağlı sübutetmə yükü iddiaçının üzərinə düşür. Belə ki, iddiaçı təqdim etdiyi sənədlərə əsaslanaraq hesab edirsə ki, birgə nikah dövründə olan xərcləri də cavabdehlə aralarında qanunvericiliyin tələbinə uyğun olaraq bölünməli və kredit məbləğinin yarısı cavabdehdən tutulmalı olmasını bəyan edirsə, istinad etdiyi bu hala dair məhkəməyə mötəbər sübutlar təqdim etməli və bu halı yəni "xxxx" ASCdən xx.xx.2023-cü il tarixdə götürülmüş kredit məbləğinin ailənin ümumi xərcləri üçün sərf edildiyini sübuta yetirməlidir. Məhz bu halla bağlı yalnız onun izahatı və iş materiallarında olan sübut əhəmiyyəti olmayan digər sənədlər mövcuddur. Onun izahatı və sənədlər isə işdə olan digər sübutlarla yanaşı yoxlanılmalıdır ki, onun tərəfindən də belə bir sübutlar təqdim edilməmişdir. Belə olan halda isə iddiaçı təqdim etdiyi sənədlərə və təqdim edilmiş izahatlara, habelə digər sənədlərinə istinad edərək, cavabdehin də həmin kredit borcu üzrə tələb olunan vəsaitin yarısını ödəməli olduğunu və bu səbəbdən də ondan pul tələb etdiyini qeyd etsə də, bu dəlillər açıq aşkar əsassız olmuşdur. Çünki, məhkəmə həqiqəti müəyyən etmək üçün tərəflərin təqdim etdiyi sübutları qiymətləndirməlidir. Belə bir mötəbər sübut isə iddiaçı tərəfindən təqdim edilməmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77ci maddəsi (hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir) sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Sübutetmə vəzifəsinin ümumi qaydalara əsasən işdə iştirak edən tərəflərin üzərinə qoyulması mülki məhkəmə icraatında çəkişmə və tərəflərin bərabərliyi prinsipindən doğur. Çəkişmə prinsipi tərəflərin öz hüquqi mövqeyini müdafiə etmək üçün irəli sürdükləri tələb və etirazların əsaslarını sübut etmək vəzifələrini, bunun üçün sübutlar təqdim etmək, vəsatətlər vermək və başqa zəruri prosessual hərəkətləri etmək imkanını müəyyən edir. Çəkişmə prinsipi müəyyən edilmiş sübutetmə qaydasıdır. Bu qaydaya uyğun olaraq işdə iştirak edən hər bir şəxs öz tələb və etirazlarını əsaslandırdığı halları sübut edir. Belə ki, hazırkı mübahisə üzrə "xxxx" ASC-də iddiaçının adına xx.xx.2023-cü il tarixdə açılmış hesab üzrə götürülmüş vəsaitin cavabdehlə birgə nikah dövründə sərf edildiyi mötəbər sübutlarla öz təsdiqini tapmır Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, İddiaçı cavabdeh X7 qarşı “birgə nikah dövründə yaranmış borcun bölünməsi” tələbinə dair iddiası təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edilmədiyindən məhkəmə xərcləri iddiaçıya aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh X7 qarşı “birgə nikah dövründə yaranmış borcun bölünməsi” tələbinə dair iddiası təmin edilməsin. Mülki iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Lerik Rayon Məhkəməsi vasitəsilə (elektron məhkəmə sistemi vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun olaraq) Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Yusif Zeynalov
Məhkəmə qərarları › İş №2(048)-1004/2024
Lerik Rayon Məhkəməsi Qətnamə — İş №2(048)-1004/2024
19.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver