Məhkəmə qərarları › İş №2(048)-1066/2025

Lerik Rayon Məhkəməsi Qətnamə — İş №2(048)-1066/2025

29.01.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Lerik rayonu İş № 2(048)-1066/2025 29.01.2026 LERİK RAYON MƏHKƏMƏSİ Lerik Rayon Məhkəməsinin hakimi Zeynalov Yusif Səmədağa oğlunun sədrliyi, Məhkəmə iclas katibi Şıxaliyev Nurlan Pərviz oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı – Cavabdeh qarşı “pul” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı – Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 3300 (üç min üç yüz) manat pulun və ödənilmiş 53 (əlli üç) manat dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx xxxxxx 1959-cu il tarixində Cəlilabad rayonu, Əliabad kəndində doğulmuş, hazırda fərdi əməklə məşğul olur və ailə üzvləri ilə birlikdə Cəlilabad rayonu, Əliabad kəndində yaşayır. Cavabdehlə münasibətləri cavabdehin onun Cəlilabad rayonu, Məşhədihüseynli kəndində yerləşən fermasında çoban işlədiyi vaxtlarda yaranmışdır. Təxminən 2024-cü ilin sonlarında ona məxsus olan və Cəlilabad rayonu, Məşhədihüseynli kəndində yerləşən fermasında saxladığı heyvanlara baxmaq üçün çoban lazım olmuş və bununla əlaqədar sosial şəbəkələrdə elan vermişdir. Bundan sonra verilən elana cavab olaraq Cavabdeh cavab yazmış və işləmək istədiyini bildirmişdir. Daha sonra, onunla görüşmüş və razılığa gəlmişlər. Aralarında olan razılığa əsasən Cavabdeh aylıq 400 manat maaş müqabilində işə başlamışdır. Cavabdeh iki ay işlədikdən sonra, anasının da işləmək istədiyini bildirmiş və anasını da, yanına gətirərək ona məxsus fermada birlikdə heyvanlara baxmışlar. Bir neçə vaxtdan sonra cavabdeh ona bildirmişdir ki, özü də heyvan alıb fermada saxlamaq istəyir, lakin pulu olmadığına görə ala bilmir. Ona görə də, Tale Həmidov ondan xahiş etmişdir ki, öz adına kredit götürüb ona versin və o, heyvan alaraq onun fermasında saxlasın. O, etibar etdiyi üçün bankdan 2500 manat kredit götürərək ona vermişdir. Cavabdeh isə verilən kreditə bir iki baş heyvan alaraq fermada onun heyvanları ilə birlikdə saxlamağa başlamışdır. Krediti isə hər ay vaxtlı-vaxtında ödəyəcəyini bildirmişdir. Bir müddət sonra isə, cavabdeh anasını da götürərək Bakı şəhərinə getmiş və bir daha geri qayıtmamışdır. Dəfələrlə cavabdehə müraciət edərək kreditin ödənilməsini tələb etsə də, cavabdeh hər dəfə müxtəlif bəhanələr gətirməklə onun adına götürdüyü krediti ödəməkdən imtina etmişdir. Bunun nəticəsində, kredit faizi ilə birlikdə 3300 manata çatmış, məcbur qalaraq krediti ödəmişdir. Daha sonra isə, cavabdehdən pulunu tələb etmişdir. Cavabdeh pulu qaytarmadığı üçün məcbur qalaraq məhkəməyə müraciət etmişdir. Cavabdeh ona borclu olması barədə məhkəməyə müraciət etməzdən əvvəl Cəlilabad rayon polis şöbəsinə ərizə ilə müraciət etmiş, onun ərizəsi əsasında Cəlilabad rayon polis şöbəsində araşdırma aparılmış, aparılmış araşdırma zamanı onların izahatları alınmış və cavabdeh verdiyi izahatında həmin halı təsdiq edərək ona 3300 manat borclu olmasını etiraf etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək izahatında cavabdeh üçün heyvan almaqdan ötrü bankdan kredit götürərək cavabdehə verdiyini, cavabdehin həmin pul vəsaiti ilə 4 baş quzu aldığını, qalan pulu özünə sərf etdiyini, sonra həmin quzuları sataraq çıxıb getdiyini, dəfələrlə borcunu ödəməsini bildirsə də, ödəmədiyini və bu səbəbdən polisə müraciət etdiyini, polis şöbəsində araşdırma aparıldığını, aparılmış araşdırma zamanı onların izahatlarının alındığını, cavabdeh verdiyi izahatında həmin halı təsdiq etdərək ona 3300 manat borcunun olduğunu etiraf etdiyini bildirərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı haqqında məlumat verilməsinə baxmayaraq Cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185-ci maddəsinə əsasən mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçını dinləyib ərizəni və iş üzrə təqdim olunmuş digər sübutları yoxlayıb hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan "xxxx" BOKT MMC ilə İddiaçı arasında bağlanmış MT/808/LM/592/042500802 saylı, xx.xx.2025-ci il tarixli kredit müqaviləsi və ona əlavə edilmiş ödəniş cədvəlindən görünür ki, İddiaçı illik 24% olmaqla 24 ay müddətinə 2500 manat məbləğində kredit verilmiş, həmin dövr üzrə ödəniləcək kredit məbləği əsas borc və faiz borcu olmaqla, ümumilikdə 3295,12 (üç min iki yüz doxsan beş manat on iki qəpik) manat təşkil edir. İş materiallarında olan Cəlilabad rayon Polis şöbəsinin 05 iyun 2025-ci il tarixli qərarından görünür ki, İddiaçı müraciəti üzrə Cavabdeh barəsində cinayət işinin başlanması rədd edilmiş, aralarında yaranan mülki münasibətlərdən irəli gələn məsələlərin tənzimlənməsi baxımından mülki qaydada iddia ərizəsi ilə cavabdehin rəsmi qeydə alındığı yer üzrə məhkəməyə müraciət etmək hüququ tərəflərə izah olunmuşdur. Qərardan görünür ki, Cavabdeh izahatında göstərmişdir ki, 2024-cü ilin noyabr ayının əvvəllərində Bakı şəhərində olarkən internet saytında çoban işçi lazım olduğunu görmüşdür. Bundan sonra o, həmin saytdan götürdüyü mobil nömrəyə zəng etmişdir. Həmin şəxs ona bildirmişdir ki, Cəlilabad rayonunda fermada işləmək üçün çoban axtarılır. Bundan sonra həmin şəxs ona mobil telefon nömrəsi vermişdir. Daha sonra o, həmin mobil telefon nömrəsinə zəng etmişdir. Həmin şəxs ona adının Emin olduğu demiş və bildirmişdir ki, Cəlilabad rayonu, Məşədihüseynli kəndində qoyun ferması vardır və qoyunlara baxmaq üçün çoban axtarır. Həmin şəxs ona demişdir ki, fermada yaşayış evi vardır və aylıq ona 400 manat maaş verəcəyini bildirmişdir. Bundan sonra o, həmin şəxslə razılaşmışdır. Təxminən iki gün sonra o, Bakı şəhərindən Cəlilabad şəhərinə gəlmişdir. Cəlilabad şəhərinə çatdıqdan sonra İddiaçı və oğlu Cəmil Tağıyev onu qarşılamışlar. O, İddiaçı idarə etdiyi "Vaz-2106" markalı avtomobilə minmiş və onlar birlikdə Cəlilabad rayonu, Məşədihüseynli kəndində yerləşən İddiaçı məxsus fermaya gəlmişlər. Fermaya çatdıqdan sonra İddiaçı fermanı ona göstərmiş və fermada 90 baş qoyun olduğunu demişdir. Bundan sonra İddiaçı və oğlu Cəmil Tağıyev çıxıb getmişlər. O, isə fermada qalmışdır. Bildirmişdir ki, təxminən 3 (üç) ay fermada işləmişdir. Həmin müddət ərzində İddiaçı onun maaşını vaxtı-vaxtında vermiş və onların arasında heç bir problem olmamışdır. Həmin vaxt ərzində İddiaçı məxsus qoyunların birini naməlum şəraitdə itmiş və həmin vaxt İddiaçı ona bildirmişdir ki, həmin qoyunun itməsi nəticəsində ona 250 manat maddi ziyan dəymişdir. İddiaçı ona demişdir ki, ona verdiyi maaşdan həmin 250 manat pulu götürəcəkdir. O, da İddiaçılə razılaşmışdır. Təxminən 2025-ci ilin fevral ayının əvvələrində o, Cəmil Tağıyevə demişdir ki, üç günlük Lerik rayonunda yaşayan anası X1 baş çəkmək üçün Lerik rayonuna getmək istəyir və Cəmil Tağıyevdən 450 manat borc pul istəmişdir. Həmin vaxt Cəmil Tağıyevə demişdir ki, borc aldığı 450 manat pulu maaşından tutsun. Cəmil Tağıyev də onunla razılaşmış və ona 450 manat pul vermişdir. Həmin gün o, Lerik rayonuna getmişdir. Lakin şəxsi işləri ilə bağlı Cəmil Tağıyevə söz verdiyi müddətdə fermaya qayıda bilməmişdir. Daha sonra o, Cəmil Tağıyevə zəng edərək şəxsi işləri ilə bağlı fermaya bir həftə sonra qayıdacağıı bildirmişdir. Təxminən bir həftə sonra o, yenidən fermaya qayıtmışdır. O, təxminən 15 gün sonra Cəmil Tağıyevdən 300 manat yenidən borc pul istəmiş və İddiaçı və Cəmil Tağıyevə bildirmişdir ki, anası Kamilə Həmidovanı da fermaya işləyəmə gətirmək istəyir. Onlar onunla razılaşmış və həmin vaxt ona 300 manat pul vermişlər və ümumilikdə 1000 manat onlara borcu olmuşdur. Daha sonra Lerik rayonuna getmiş, səhəri gün anası Kamilə Həmidovanı götürüb fermaya gəlmişdir və anası ilə birlikdə fermada işləməyə başlamışdır. Bildirmişdir ki, anası Kamilə Həmidova özü Cəmil Tağıyevə deyib ki, onun adına kredit götürsün və ona olan borcunu bağlasın. Bundan sonra o, kredit götürmək üçün Cəlilabad şəhərində yerləşən "Access Bank"a müraciət etmişdir. Lakin Cəlilabad şəhərində qeydiyyatda olmadığı üçün bankdan müraciəti üzrə imtina gəlmişdir. Daha sonra Cəmil Tağıyev ondan şəxsiyyət vəsiqəsini istəmiş və ona demişdir ki, kredit götürmək üçün ona köməklik edəcəkdir. Bundan sonra o, şəxsiyyət vəsiqəsini Cəmilə vermişdir. Cəmil Tağıyev ona demişdir ki, ona zamin duracaq və onun adına 2500 manat kredit götürəcəkdir. O, Cəmillə razılaşmışdır. 08 aprel 2025-ci il tarixdə fermada olan vaxt Cəmil Tağıyev fermaya gəlmiş və bir neçə sənəd gətirib ona göstərərək “Leobank” dan onun adına 2500 manat kredit götürdüyünü bildirmişdir. Bundan sonra o, Cəmil Tağıyevə inanıb gətirdiyi sənədləri imzalamışdır. Daha sonra Cəmil çıxıb getmişdir. Həmin vaxt Cəmil ona götürdüyü puldan 1000 manatını borca çıxacağını, qalan pulun 1000 manatına onun üçün quzu alacağını və 500 manatını isə ona verəcəyini bildirmişdir. Bildirmişdir ki, həmin gün axşamüstü saatlarında Cəmil Tağıyev onun adına olan "Kapital bank kartına 500 manat pul göndərmişdir. Həmin vaxt Cəmil ona demişdir ki, o, aylıq olaraq 140 manat pul ödəyəcək. 13 aprel 2025-ci il tarixdə Cəmil Tağıyev ona zəng edərək Cəlilabad rayonunda yerləşən heyvan bazarından ümumilikdə 930 manat dəyərində ona 4 (dörd) baş quzu aldığını bildirmiş və həmin gün quzuları fermaya gətirmişdir. Bildirmişdir ki, Cəmil Tağıyev ona 70 manat pul qaytarmışdır. Daha sonra Cəmil fermadan çıxıb getmişdir. Bundan başqa bildirmişdir ki, Cəmil Tağıyevin ona aldığı quzuların biri alınan gündən xəstə olmuşdur. Təxminən iki gün sonra o, bu barədə Cəmilə məlumat vermiş və xəstə olan quzunu satmaq istədiyini demişdir. Cəmil isə ona demişdir ki, həmin quzuları sata bilməz. O, isə Cəmilə bildirmişdir ki, quzular ona məxsusdur və onun öz pulu ilə alınıb, əgər istəsə sata bilər. Bundan sonra Cəmil fermadan çıxıb getmişdir. xx.xx.2025-ci il tarixdə Cəmil Tağıyev və İddiaçı onun fermadan getməyə imkan verməyəcəklərini başa düşüb həmin gün axşam saatlarında ona məxsus olan 4 (dörd) baş quzunu Cəlilabad rayonu, Çinar kənd sakini əvvəllər tanıdığı Tərlan adlı şəxsə 820 manat pul qarşılığında satmışdır. Bundan sonra fermada olan və ona məxsus bir ədəd markasını xatırlamadığı televizoru götürüb anasi ilə birlikdə fermadan getmişdir. Daha sonra o, anası ilə birlikdə Cəlilabad şəhərindən Bakı şəhərinə getmişdir. Bildirmişdir ki, o, fermadan çıxdıqdan sonra Cəmilə "Whatsapp" proqramı vasitəsi ilə yazıb fermadan çıxdığını demişdir və bu barədə məlumat vermişdir. Bundan başqa bildirmişdir ki, televizoru Bakı şəhərində tanımadığı şəxsə 230 manat pul qarşılığında satmışdır. Əlavə suallara cavab olaraq bildirmişdir ki, İddiaçı onun barəsində dedikləri tamamilə yalandır. Bildirmişdir ki, İddiaçı fermasında olan və satmış olduğu 4 (dörd) baş quzu və bir ədəd televizor onun özünə məxsus olmuş, o İddiaçı fermasından heç bir şey oğurlamamışdır. Bundan başqa bildirmişdir ki, hətta İddiaçı onun özünə 1 (bir) baş quzu bağışlamış, lakin o, fermadan çıxan zaman həmin quzunu satmamış və fermada qoyub getmişdir. Bundan başqa bildirmişdir ki, İddiaçı qeyd etdiyi televizor onun özünə məxsusdur və o, həmin televizoru onlayn şəkildə "Kontakt Home"dən kreditə götürmüş və həmin televizora görə aylıq olaraq ödəniş edir. Əlavə olaraq bildirmişdir ki, o əvvəl elə bilmişdir ki, onlar onun adına kredit götürüblər və borcunu ödəmişdir. Lakin sonradan ona demişlər ki, krediti öz adına götürmüşdür. Buna görə də onun İddiaçı 2500 manat borcu vardır və faizlə birlikdə 3300 manat pul borcu vardır. Göründüyü kimi, Cəlilabad rayon Polis şöbəsində HK-1/1034 saylı material üzrə aparılmış araşdırma zamanı müəyyən edilmişdir ki, Cavabdeh İddiaçı faizlə birlikdə 3300 manat pul borcu vardır. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə ilk öncə iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsası tapılmalı və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olması yoxlanılmalıdır. Bu halda isə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Qanunvericiliyə əsasən istənilən iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir. Məhkəmə hesab edir ki, iddiaçının tələblərinə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 135 və 157.2-ci maddəsinin tələbləri baxımından hüquqi qiymət verilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 135.1-ci maddəsinə əsasən bu Məcəlləyə uyğun olaraq yalnız fiziki obyektlər əşya sayılırlar. Pullar və sənədli qiymətli kağızlar da əşyadır. Həmin Məcəllənin 135.2-ci maddəsinə əsasən əmlak istənilən əşyaların və qeyrimaddi əmlak nemətlərinin toplusudur. İstinad olunan maddələrin tələblərinə əsasən pul əşya olduğu üçün, əmlak isə istənilən əşyaların toplusu olduğu üçün pul əmlak hesab edilir. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən isə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Qeyd edilən maddədə sadalanmış üç dispozisiya şərtinin birgə mövcudluğu tələb olunur: 1) iddiaçı cavabdehdən qaytarılmasını tələb etdiyi əşyaların mülkiyyətçisi olduğunu sübut etməlidir; 2) iddiaçı tələb edilən anda əşyaların cavabdehin sahibliyində olduğunu sübut etməlidir. 3) cavabdehin əşyaya sahiblik hüququ qanunsuz olmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, hazırki iş üzrə Cəlilabad rayon Polis şöbəsinin 05 iyun 2025-ci il tarixli qərarında Cavabdeh İddiaçı 3300 manat borcu olduğunu bildirsə də, "xxxx" BOKT MMC ilə İddiaçı arasında bağlanmış xx.xx.2025-ci il tarixli kredit müqaviləsinə əlavə olunmuş ödəniş cədvəlinə əsasən İddiaçı kredit müqaviləsi üzrə 2500 manat əsas və 795,12 manat faiz borcu olmaqla, cəmi 3295,12 (üç min iki yüz doxsan beş manat on iki qəpik) manat kredit ödəməli olması müəyyən edilmişdir. Odur ki, Cavabdeh 3295,12 (üç min iki yüz doxsan beş manat on iki qəpik) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz və məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh 3295,12 (üç min iki yüz doxsan beş manat on iki qəpik) manat məbləğində pul vəsaiti və 53 (əlli üç) manat məbləğində ödənilmiş dövlət rüsumu tutularaq İddiaçı ödənilməli, iddia qalan hissədə rədd edilməlidir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-in 14.2, 77.1, 88 və 217.4-cü maddələrinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 3295,12 (üç min iki yüz doxsan beş manat on iki qəpik) manat məbləğində pul vəsaiti və ödənilmiş 53 (əlli üç) manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (elektron məhkəmə informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Lerik Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Yusif Zeynalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar