Məhkəmə qərarları › İş №2(048)-116/2023

Lerik Rayon Məhkəməsi Qətnamə — İş №2(048)-116/2023

01.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Lerik rayonu İş № 2(048)-116/2023 01.12.2023 LERİK RAYON MƏHKƏMƏSİ Hakim Kiçibəyov Atabəy Qələbəy oğlunun sədrliyi, Mirzəyev Faiq Fizuli oğlunun katibliyi ilə, İddiaçı "xxxx" Kommersiya Bankı ASC-nin Cavabdeh qarşı borc tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı "xxxx" Kommersiya Bankı ASC-nin regional məhkəmə-hüquq şöbəsinin baş hüquqşunası Elməddin Məmmədov iddia ərizəsi ilə məhkəməyə müraciət edərək borclu Cavabdeh kreditor "xxxx" KB ASC-nin xeyrinə 5730.45 manat əsas, 266.33 manat faiz borcu və 9.68 manat cərimə borcu olmaqla, cəmi 6006.46 manat borcun, 0.40 manat xidmət haqqı və 80.07 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, kreditor "xxxx" KB ASC ilə borclu Cavabdeh arasında bağlanmış 134nkAHM/22 saylı kredit müqaviləsinə əsasən cavabdehə istehlak məqsədi ilə 51 ay müddətinə illik 18 faiz ödəmək şərti ilə cavabdeh 5739 manat kredit verilmişdir. Lakin cavabdeh müqavilə şərtlərini pozaraq dövri olaraq ödəməli olduğu kreditinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədənkənar qaydada həll edilməsi barədə danışıqlar aparılmış, lakin bu danışıqlar (pretenziya qaydasında həll olunma) heç bir fayda verməmiş və kreditor "xxxx" KB ASC öz tələbinin məhkəmə yolu ilə həll edilməsi üçün məhkəməyə ərizə ilə müraciət edərək bu hüququndan istifadə etmək qərarına gəlmişdir. İddiaçının "xxxx" Kommersiya Bankı ASC-nin etibarnamə üzrə nümayəndəsi X1 məhkəməyə ərizə ilə müraciət edərək iddianı müdafiə etdiyini işə onların iştirakı olmadan baxılıb, iddianın təmin edilməsi barədə qətanmə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsə də, o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Belə olan halda məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işə əlavə edilmiş sənədləri tədqiq edib, məhkəmə iclası zamanı toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam araşdıraraq belə hesab edir ki, iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci madəsinə əsasən hər bir tərəf öz tələb və etirazının əsası kimi istinad etdiyi halları sübüt etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə araşdırması zamanı iddiaçı tərəf iddia tələbinin əsası kimi istinad etdiyi halları təqdim etdiyi sənədlərlə sübuta yetirmişdir. İş materiallarına əlavə edilmiş Cavabdeh xx.xx.2022-ci il tarixdə məhkəməyə ərizə ilə müraciət edərək iddiaçı "xxxx" Kommersiya Bankı ASC tərəfindən tələb olunan borc məbləğilə razı olmadığını bildirərək məhkəmədən işin dəqiq araşdırılması üçün məhkəməmühasibatlıq ekspertizası təyin olunmasını xahiş etmişdir. İş materiallarına əlavə edilmiş 20 iyul 2022-ci il tarixli 2(048)-516/2022 saylı qərardadına əsasən iş üzrə məhkəmə mühasibatlıq ekspertizası təyin edilmişdir. İş materiallarına əlavə edilmiş 27 iyul 2023-cü il tarixli 9/5201 saylı ekspertiza rəyindən görünür ki, Cavabdeh "xxxx" Kommersiya Bankı ASC-ə 17 yanvar 2022-ci il tarixli 134nkAHM/22 saylı kredit müqaviləsinin şərtləri nəzərə alınmaqla Cavabdeh "xxxx" Kommersiya Bankı ASC-ə olan borcu aşağıdakı mimi müəyyən edilmişdir.Əsas borc üzrə 5730.45 manat, fazi borcu üzrə 260.99 manat təşkil edir. Belə ki, iş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli kredit müqaviləsindən görünür ki, iddiaçı "xxxx" Kommersiya Bankı ASC tərəfindən Cavabdeh 51 ay müddətinə illik 18 faiz dərəcəsi olmaqla 5739 manat məbləğində kredit verilmişdir. Belə ki, iş materiallarına əlavə edilmiş 28 sentyabr 2022-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh 134nkAHM/22 saylı kredit müqaviləsi üzrə 5730.45 manat əsas, 266.33 manat faiz borcu və 9.68 manat cərimə borcu olmaqla, cəmi 6006.46 manat borcu vardır. Göründüyü kimi Cavabdeh kredit müqaviləsinə əsasən öz üzərinə götürdüyü öhdəlikləri vaxtında və lazımınca icra etməyərək, nəticədə "xxxx" Kommersiya Bankı ASCyə olan borcunu ödəməmişdir. Halbuki, xx.xx.2022-ci il tarixli kredit müqaviləsinə əsasən Cavabdeh krediti və ondan istifadəyə görə faizləri tərəflər arasında yazılı razılaşdırılmış müəyyən olunmuş müddətlərdə iddiaçıya ödəməyi öhdəsinə götürmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Sadalanan qanunvericilik aktlarının tələblərinə əsasən məhkəmə hesab edir ki, Cavabdeh iddiaçı "xxxx" Kommersiya Bankı ASC-dən aldığı kredit üzrə əsas borcu və müqavilə ilə müəyyən edilmiş faizləri iddiaçıya qaytarmalı olmasına dair öhdəliklərin daşıyıcısı olmuşdur. Lakin buna baxmayaraq o, müqavilə üzrə öhdəliklərini icra etməyərək, iddiaçı qarşısında pul öhdəliyini lazımı qaydada yerinə yetirməmişdir. Bundan əlavə məhkəmə cavabdehdən tələb olunan cərimə məbləğinin silinməsini məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikasının MM-nin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. İş materiallarından görünür ki, iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman 80.07 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Əlavə olaraq ekspertizanın dəyəri olan 100 (bir yüz) manat pul cavabdehdən tutularaq məhkəmə ekspertiza mərkəzinə köçürülməlidir. Belə olan halda, məhkəmə hesab edir ki, cavabdehdən ödənilmiş rüsumun əvəzində 80.07 manat tutulub iddiaçıya verilməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 216- 220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh 5730.45 manat əsas, 260.99 manat faiz borcu olmaqla, cəmi 5991.44 manat borcun, 0.40 manat xidmət haqqı və 80.07 manat ödənilmiş dövlət rüsumu tutularaq "xxxx" Kommersiya Bankı ASC-nin xeyrinə verilsin. Əlavə olaraq ekspertizanın dəyəri olan 100 (bir yüz) manat pul cavabdehdən tutularaq məhkəmə ekspertiza mərkəzinə köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Lerik rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Atabəy Kiçibəyov AZƏRBAYCAN RESPUBLİKASİNİN LERİK RAYON MƏHKƏMƏSİ Poçt indeksi AZ 4300 Lerik şəhəri, Nizami küçəsi № 2 Telefon: ***-***-**-**, Faks: ***-***-**-** Elektron poçtu LElektron ünvan 01 dekbar 2023-cü il № 2 (048)-116/2023 "xxxx" ASC-yə (Lənkəran şəhəri, Z.Əliyeva küçəsi 12) Surəti: Cavabdeh (Lerik rayonu Kuman kəndi) Lerik Rayon Məhkəməsinin 01 dekabr 2023-cü il tarixli 2(048)-116/2023 saylı qətnaməsi Sizə göndərilir. Qoşma: 03 vərəqədə qətnamə hər bir ünvana. Hakim: Atabəy Kiçibəyov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar