Məhkəmə qərarları › İş №2(048)-127/2023

Lerik Rayon Məhkəməsi Qətnamə — İş №2(048)-127/2023

06.02.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Lerik rayonu İş № 2(048)-127/2023 06.02.2023 LERİK RAYON MƏHKƏMƏSİ Kiçibəyov Atabəy Qələbəy oğlunun sədrliyi, Mirzəyev Faiq Fizuli oğlunun katibliyi, İddiaçı MMC-nin etibarnamə üzrə nümayəndəsi X1, Cavabdeh iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı dəymiş maddi ziyanın ödənilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı MMC-nin nümayəndəsi Sənan Hüseynov iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh tərəfindən ödənilməmiş 1925.94 manat pulun və 50 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh tutularaq İddiaçı MMC-nin hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2018-ci il tarixli əmək müqaviləsinə əsasən Cavabdeh 3 (üç) aylıq sınaq müddəti tətbiq edilməklə əmək müqaviləsi ilə satıcı-kassir vəzifəsinə işə qəbul olunmuş, xx.xx.2018-ci il tarixli 4936-K saylı əmrlə administrator vəzifəsinə keçirilmiş, eyni zamanda öhdəlik və vəzifələrinə dair “Tam maddi məsuliyyət” haqqında müqavilə imzalamışdır. Cavabdeh xx.xx.2020-ci il tarixndə öz ərizəsi əsasında 069-K saylı əmirlə vəzifəsindən azad edilmişdir. xx.xx.2019-cu il tarixində cavabdehin çalışdığı və məsul olduğu “OBA-Lerik 1” mağazasında aparılmış inventarizasiya yoxlaması nəticəsində müəyyən malların çatışmadığı aşkar olunmuşdur.Aparılan yoxlamaya dair akt tərtib edilmiş, qeyd olunan yoxlamalar üzrə 3813.68 manat məbləğində malın çatışmadığı məlum olmuşdur. 3813.68 manat vəsait üzrə keçən dövr ərizində cavabdehə 1887.68 manat güzəşt olunmuşdur.Yekun olaraq Cavabdeh 1925.94 manat borcu qalmışdır. Qalıq borcun ödənilməsi barədə cavabdehə dəfələrlə bildirilsədə,heç bir ödəniş həyata keçirilməmişdir. İddiaçının nümayəndəsi X2 məhkəmə iclası zamanı iddianı müdafiə edərək məhkəmədən iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclası zamanı iddianı qəbul edərək məhkəmədən bu barədə ədalətli qərar qəbul edilməsini xahiş etdi. İş materiallarına əlavə edilmiş xx.xx.2018-ci il tarixli 314-K saylı Əmrdən çıxarışın sürətindən görünür ki, İddiaçı MMC ilə Cavabdeh arasında xx.xx.2018-ci il tarixdən 3 (üç) ay sınaq müddəti müəyyən edilməklə Cavabdeh satıcı-kassir işinə qəbul edilmişdir.Daha sonra isə xx.xx.2018-ci il tarixli 439-K saylı əmri ilə Administrator vəzifəsinə keçirilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2020-ci tarixli ərizənin sürətindən görünür ki, Cavabdeh öz ərizəsinə əsasən işdən azad edilmişdir. İş materiallarına əlavə edilmiş 06 sentyabr 2022-ci il tarixli 2(048)-395/2022 saylı qərardada əsasən mülki iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmişdir. İş materiallarına əlavə edilmiş Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza mərkəzi tərəfindən məhkəməyə təqdim olunmuş 27 dekabr 2022-ci il tarixli 9/8960 saylı rəyindən görünür ki, Cavabdeh İddiaçı MMC-ə 1925.89 manat məbləğində borcu vardır. İş materiallarına əlavə edilmiş 04 fevral 2022-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh İddiaçı MMC-ə 1925.94 manat məbləğində borcu vardır. Məhkəmə iddiaçının nümayəndəsi və cavabdehin izahatın dinləyib iş materiallarını araşdırıb, məhkəmə iclasında tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mübahisənin həlli ilə əlaqədar olaraq məhkəmə əvvəlcə iddiaçının öz tələbini əsaslandıran bütün faktları və halları məhkəməyə bildirməsini yoxlamışdır. Bu mənada, məhkəmə hesab edir ki, iddiaçının mübahisənin faktiki halları ilə bağlı bildirdiklərinə, onların təsdiqi kimi təqdim etdiyi sübutlara və nəhayət iddia tələbinin hüquqi əsası kimi istinad etdiyi qanunvericilik müddəalarına əsasən iddia tələbi təmin ediləndir. Məhkəmə ilk növbədə qeyd edir ki, zərərin əvəzinin ödənilməsinə dair Mülki Məcəllənin 21-ci maddəsi mərkəzi ümumi norma kimi çıxış edərək zərərin əvəzinin ödənilməsi ilə əlaqədar tələbin şərtlərini deyil, yalnız hüquqi nəticələrini tənzimləyir. Zərərin əvəzinin ödənilməsi üçün iddia tələbinin əsasının özü isə digər hüquq sahələrində (məs, müqavilə hüququ, delikt hüququ və s.) axtarılmalıdır. Bu mənada, konkret mübahisəyə münasibətdə məhkəmə hesab edir ki, zərərin əvəzinin ödənilməsi üçün iddia tələbinin əsası delikt hüququndan irəli gəlir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 14.2.6-cı maddəsi başqa şəxsə zərər vurulmasını mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından, 386.1-ci maddəsi isə zərər vurulmasını öhdəliyin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edir. 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd əməldir. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və ya işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəllənin: 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. 443.10-cu maddəsinə əsasən borclu icra predmetini başqa şəxsdən almalı olduqda və onu ala bilmədikdə də, əgər müqavilədən ayrı qayda irəli gəlmirsə, icra etməmək üçün məsuliyyət daşıyır. 448.1-ci maddəsinə əsasən Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. 448.3-cü maddəsinə əsasən borclu öz qanuni təmsilçilərinin və öhdəliyinin tamamilə və ya hissə-hissə icrası üçün xidmətlərindən istifadə etdiyi şəxslərin hərəkəti və ya hərəkətsizliyi üçün öz hərəkəti və ya hərəkətsizliyi üçün olan dərəcədə məsuliyyət daşımalıdır. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin: 199-cu maddəsinə əsasən saxlanmaq və başqa məqsədlər üçün işçiyə verilmiş əmlakın və digər sərvətlərin salamatlığını təmin etməməyə görə əmək müqaviləsi bağlanarkən, habelə əmək münasibətləri prosesində əmək funksiyasının xarakteri ilə əlaqədar olaraq işçinin öz üzərinə tam maddi məsuliyyət götürməsi haqqında işəgötürənlə yazılı müqavilə bağlandıqda; işçi əmlakı və digər sərvətləri birdəfəlik etibarnamə və ya digər birdəfəlik hüquqmüəyyənedici sənədlər əsasında işəgötürənə, yaxud onun nümayəndəsinə hesabat vermək şərti ilə qəbul etdikdə; əmlakı və ya digər maddi sərvətləri qəsdən korladıqda, məhv etdikdə, habelə digər üsulla işəgötürənə qəsdən ziyan vurduqda işçi qanunazidd hərəkətləri ilə vurduğu ziyana görə tam həcmdə maddi məsuliyyət daşıyır. Beləliklə məhkəmə tərəfləri dinləyib iş üzrə toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, iddia təmin edilməklə Cavabdeh vurulmuş maddi zərərin əvəzində 1925.94 manat məbləğində pul alınaraq İddiaçı MMC -nin xeyrinə verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda, məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 50 manat dövlət rüsumu cavabdehə aid edilməlidir. Əlavə olaraq ekspertiza tədqiqatının dəyəri olan 100 (bir yüz) manat məbləğində pul cavabdehdən tutularaq məhkəmə ekspertiza mərkəzinə ödənilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh vurulmuş maddi zərərin əvəzində 1925.94 manat məbləğində pul və 50 manat ödənilmiş dövlət rüsumu, alınaraq İddiaçı MMC -nin xeyrinə verilsin. Əlavə olaraq ekspertiza tədqiqatının dəyəri olan 100 (bir yüz) manat məbləğində pul cavabdehdən tutularaq məhkəmə ekspertiza mərkəzinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Lerik Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Atabəy Kiçibəyov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar