Azərbaycan Respublikası adından QƏTNAMƏ Lerik rayonu İş № 2(048)-131/2025 12.08.2025 LERİK RAYON MƏHKƏMƏSİ Lerik Rayon Məhkəməsinin hakimi Zeynalov Yusif Səmədağa oğlunun sədrliyi, Məhkəmə iclas katibi Muradov Nurlan Əlyar oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “vurulmuş zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “vurulmuş zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh onun avtomobilinə vurduğu zərərə görə 9130 (doqquz min yüz otuz) manat pulun və iddia ərizəsinin verilməsinə görə dövlət rüsumu olaraq ödədiyi 111,3 (yüz on bir manat otuz qəpik) manat pulun alınaraq ona verilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o xx.xx.2024-cü il tarixdə, səhər saat 08:40 radələrində “Azsamand” markalı ** UA *** dövlət nömrə nişanlı avtomaşını Bakı şəhəri, Xəzər rayonu Binə qəsəbəsində etibarnamə əsasında idarə edərkən Cavabdeh idarə etdiyi “Kia Rio” markalı ** NF *** dövlət qeydiyyat nömrə nişanlı avtomobillə hərəkətdə olarkən manevr etmə qaydasını pozaraq əks yola çıxmaqla ötmə əməliyyatı aparan zaman idarə etdiyi avtomobillə toqquşmuş, o avtomobili qarşıdan gələn velosipedə dəyməməsi üçün yolunu dəyişmiş və avtomobili dirəyə dəymişdir. Toqquşma zamanı idarə etdiyi avtomaşının zədələnməsi nəticəsində ona ziyan dəymişdir. Bu səbəbdən YPX əməkdaşları hadisə yerinə gəlmiş və Xəzər rayon DYPŞ-in polis mayoru X1 xx.xx.2024-cü il tarixli qərarı ilə Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1ci maddəsi ilə təqsirli bilinərək cərimə olunmuşdur. O, avtomaşınının təmiri üçün Bakı şəhərində “X2”na məxsus 19 saylı avtoservisə müraciət etmiş, akt tərtib edilərək ** UA *** dövlət qeydiyyat nişanlı avtomobilini texniki müayinədən keçirmişlər və avtomobilinin təmiri üçün 9130 (doqquz min yüz otuz) manat ziyan hesablanmışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edib, iddia ərizəsinə uyğun məzmunda izahat verərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul etməyərək izahatında bildirmişdir ki, o idarə etdiyi “Kia Rio” markalı ** NF *** dövlət qeydiyyat nömrə nişanlı avtomobillə hərəkətdə olarkən küçəyə dönən zaman iddiaçının avtomobili gəlib onun avtomobilini vurmuşdur. Baş vermiş yol-nəqliyyat hadiəsi zamanı DYP-nin əməkdaşı həm onu, həm də iddiaçını təqsirli bilmiş, hər ikisinin barəsində inzibati protokol tərtib etmişdir. Sonradan iddiaçı onun avtomobilini dəmirçinin yanına aparaq düzəltdirəcəyini və avtomobilin təmir xərclərini ödəyəcəyini bildirmişdir. O, avtomobilinə nəzarət etmək məqsədi ilə mütəmadi olaraq dəmirçinin yanında olmuş, sonradan dəmirçi onun yanında iddiaçıya zəng vuraraq avtomobilin təmir xərcini istəmiş, iddiaçı isə pul verməyəcəyini bildirmişdir. Daha sonra o, özü borc pul taparaq ümumilikdə dəmirçiyə 470 manat məbləğində pul vermişdir. Baş vermiş yol nəqliyyat hadisəsində onun heç bir təqsiri yoxdur. İddiaçının avtomobilinin 10.000 manat dəyəri yoxdur. Həmçinin avtomobilin mülkiyyət sahibi olmadığı üçün onun icarəyə götürdüyü avtomobilin sığorta müddətinin bitmə tarixindən də xəbəri olmamışdır. İdarə etdiyi avtomobilin sahibi Tovuz rayonunun Əlibəyli kənd sakinidir. İddiaçının tələb etdiyi 9130 manat maddi ziyanla razı deyildir. İddiaçı onun avtomobilini arxa tərəfədən vurmuşdur. Ekspertiza tərəfindən hesablanmış ziyanın məbləği ilə də razı deyildir. Odur ki, iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iddia ərizəsinin dəlillərini nəzərə alaraq, iş üzrə təqdim olunmuş digər sübutları yoxlayıb hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən qismən təmin olunmalıdır. İş materiallarında olan Xəzər rayon DYPŞ-nin polis mayoru Ə.Xəlilov tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, Cavabdeh xx.xx.2024-cü il tarixdə saat 08:40 radələrində “Kia Rio” markalı, ** NF *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etmə qaydalarını pozması nəticəsində İXMnin 327.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətmiş və bunun nəticəsində 40 (qırx) manat məbləğində inzibati cərimə edilmişdir. İş materiallarından olan “19 saylı Avtoservis” tərəfindən verilmiş Qüsur Aktından görünür ki, “Azsamand” markalı ** UA *** dövlət qeydiyyat nişanlı avtomobilin ehtiyat hissələrinin və görüləcək işlərin məbləği ümumilikdə 9130 (doqquz min yüz otuz) manat müəyyən edilmişdir. Lerik Rayon Məhkəməsinin 2(048)-131/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə iş üzrə təkrar məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmiş və ekspertizanın keçirilməsi Azərbaycan Qiymətləndiricilər Palatasına tapşırılmışdır. "xxxx" MMC Qiymətləndirmə şirkətinin xx.xx.2025-ci il tarixli, EM/12/2025 saylı məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyindən görünür ki, “Azsamand” markalı ** UA *** dövlət qeydiyyat nişanlı avtomobildə dəyşdirilməli olan və təmir edilməli olan hissələri (detalları) və həmin hissələrə aid görüləcək işlərin (xidmətlərin) dəyəri “19 saylı Avtoservis” tərəfindən verilmiş Qüsur Aktınada göstərilən qiymətlərə uyğun deyildir. Göstərilən hissələrin (detalları) və həmin hissələrə aid görülməli olan (görülmüş) işlərin (xidmətlərin) dəyəri - 4850 (dörd min səkkiz yüz əlli) manat müəyyən edilmişdir. Beləliklə işin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, Cavabdeh xx.xx.2024-cü il tarixdə saat 08:40 radələrində “Kia Rio” markalı, ** NF *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etmə qaydalarını pozması nəticəsində yol-nəqliyyat hadisəsi törətmiş, nəticədə İddiaçı idarə etdiyi “Azsamand” markalı ** UA *** dövlət nömrə nişanlı avtomaşına zərər vurmuşdur. Qeyd olunan hadisə nəticəsində İddiaçı maddi ziyan dəymişdir. Hazırda iddiaçı hadisə nəticəsində nəqliyyat vasitəsinə dəymiş maddi zərər əvəzini cavabdeh tərəfindən ödənilməsini tələb edir. Hazırkı iddia tələbi ilə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1 və 21.2-ci maddələrinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. MM-nin 1096.1, 1096.2 və 1097.1-ci maddələrinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Mülki Məcəllənin 21.2 və 1096-cı maddələrinin mənasına görə zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olmasıdır. Yalnız bu əsaslar müəyyən olunduqda cavabdehin üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilər. Eyni Məcəllənin 1108.1-ci maddəsinə görə, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Zərər vurmadan irəli gələn öhdəliklər zərərçəkmişin əmlak və şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində yaranır, mütləq xarakter daşıyır, zərər vuranın hesabına və yaxud qanunla üzərinə zərərin əvəzinin ödənilməsi vəzifəsi qoyulan başqa şəxslərin hesabına qeyd edilən hüquqların tam bərpa olunmasının təmin edilməsinə yönəlir. Delikt öhdəliyinin yaranması üçün zərər mövcud olmalı, bu, cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməli, qanunsuz hərəkət və hərəkətsizliklə zərər arasında səbəbli əlaqə olmalıdır. Bundan başqa, zərərvuran şəxsin təqsirindən asılı olmayaraq maddi məsuliyyət daşıması halları istisna olmaqla, zərərvuran şəxsin təqsiri müəyyən edilməlidir. Ətrafdakılar üçün yüksək təhlükə yaradan fəaliyyətlə törədilmiş zərərə görə məsuliyyət adi mülki-hüquqi məsuliyyətdən daha ciddidir, belə ki, bu fəaliyyətlə məşğul olan şəxslərin təqsirindən asılı olmayaraq yarana bilər. Göründüyü kimi, iddia tələbinin hüquqi əsası kimi qeyd edilən maddələrin tətbiqi üçün aşağıdakı şərtlər mövcud olmalıdır: əməl (hərəkət və ya hərəkətsizlik), həmin əməlin hüquqazidd (qeyri-hüquqi) olması, şəxsiyyətə və ya əmlaka dəymiş zərər, əməl və zərər arasında uyğun səbəbli əlaqə və təqsir. Hazırki mülki iş üzrə zərərin baş verməsi, bunun cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyinin nəticəsi olması, qanunsuz əməllə zərər arasında səbəbli əlaqə, habelə cavabdehin təqsiri müəyyən edilmişdir. Belə ki, Xəzər rayon DYPŞ-nin polis mayoru Ə.Xəlilov tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərardan göründüyü kimi, hazırki mülki iş üzrə zərərin baş verməsi, bunun cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyinin nəticəsi olması, qanunsuz əməllə zərər arasında səbəbli əlaqə, habelə cavabdehin təqsiri müəyyən edilmişdir. Məhkəmə tərəfindən təyin edilməsi labüd hesab edilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizası üzrə ekspert rəyinə əsasən “Azsamand” markalı ** UA *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa işlərinin qiyməti - 4850 (dörd min səkkiz yüz əlli) manat məbləğində müəyyən edilmişdir. Məhkəmə qeyd edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik olmasa da, məhkəmənin qərardadı əsasında keçirilmiş ekspertizanın rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Hazırki işdə olan ekspert rəyinin qeyri-mötəbər olması ilə bağlı hər hansı əsas iş materiallarında mövcud deyildir. Nəzərə alınmalıdır ki, mülki məhkəmə icraatının prinsiplərinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir, hər bir tərəf isə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iddiaçının avtomobilinə hadisə nəticəsində dəymiş ziyanın aradan qaldırılması üçün ekspert rəyinə əsasən müəyyən olunan məbləğin - 4850 (dörd min səkkiz yüz əlli) manat təşkil etdiyini, həmin məbləğin ağlabatan olduğunu və bu halı təkzib edən hər hansı bir sübutun mövcud olmadığını nəzərə alaraq hesab edir ki, iddia bu hissədə qismən təmin edilməli, dəymiş maddi ziyana görə cavabdehdən - 4850 (dörd min səkkiz yüz əlli) manat məbləğində pul iddiaçının xeyrinə tutulmalıdır. İddia qalan hissədə təmin edilməməlidir. Məhkəmə həmçinin qeyd edir ki, cavabdeh izahatında baş vermiş yol-nəqliyyat hadiəsi zamanı DYP-nin əməkdaşının həm onu, həm də iddiaçını təqsirli bildiyini, hər ikisinin barəsində inzibati protokol tərtib edildiyini bildirsə də, məhkəməyə baş vermiş yolnəqliyyat hadisəsi zamanı iddiaçının təqsirli bilinməsinə dair inzibati xəta haqqında protokolu və qərarı təqdim etməmiş, əksinə iddiaçı baş vermiş yol-nəqliyyat hadiəsi zamanı cavabdehin təqsirli bilinməsinə dair xx.xx.2024-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarı məhkəməyə təqdim etmişdir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tam qismən təmin edildiyindən çəkilmiş məhkəmə xərci iddianın təmin olunmuş hissəsinə mütənasib olaraq, tərəflərə aid edilməlidir. Məhkəmə qeyd edir ki, İddiaçı ekspertiza xərcinin ödənilməsi ilə bağlı ödəniş qəbzini məhkəməyə təqdim edə bilməmişdir. Odur ki, məhkəmə ekspertiza xərcinin tutulması məsələsinə münasibət bildirməyi məqsədə müvafiq hesab etmir. Beləliklə, məhkəmə iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz və məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməli, Cavabdeh - 4850 (dörd min səkkiz yüz əlli) manat məbləğində maddi ziyan və ödənilmiş dövlət rüsumunun 68,5 (altmış səkkiz manat əlli qəpik) manat hissəsi olmaqla, cəmi 4918,5 (dörd min doqquz yüz on səkkiz manat əlli qəpik) manat məbləğində pul vəsaiti alınaraq İddiaçı verilməli, iddia qalan hissədə təmin edilməməlidir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-in 14.2, 77.1, 88 və 217.4-cü maddələrinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 4850 (dörd min səkkiz yüz əlli) manat məbləğində maddi ziyan və ödənilmiş dövlət rüsumunun 68,5 (altmış səkkiz manat əlli qəpik) manat hissəsi olmaqla, cəmi 4918,5 (dörd min doqquz yüz on səkkiz manat əlli qəpik) manat məbləğində pul vəsaiti alınaraq İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (elektron kabinet vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun) Lerik Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Yusif Zeynalov
Məhkəmə qərarları › İş №2(048)-131/2025
Lerik Rayon Məhkəməsi Qətnamə — İş №2(048)-131/2025
12.08.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver