Məhkəmə qərarları › İş №2(048)-184/2025

Lerik Rayon Məhkəməsi Qətnamə — İş №2(048)-184/2025

17.04.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Lerik rayonu İş № 2(048)-184/2025 17.04.2025 LERİK RAYON MƏHKƏMƏSİ Lerik Rayon Məhkəməsinin hakimi Zeynalov Yusif Səmədağa oğlunun sədrliyi, Məhkəmə iclas katibi Muradov Nurlan Əlyar oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 7000 (yeddi min) manat məbləğində pulun və məhkəməyə müraciət etmək üçün ödənilmiş 90 (doxsan) manat dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh İddiaçı 7000 (yeddi min) manat müqabilində oğlu Elnuru Bakı şəhərinin rayonlarından birində polisə işə düzəltmək adı ilə pul almışdır. Həmin məbləğ cavabdehə “Milli Ön” ödəmə terminalı vasitəsilə xx.xx.2023-cü il tarixdə 1000 manat, xx.xx.2023-cü il tarixdə 2500 manat, xx.xx.2023-cü il tarixdə 2000 manat, xx.xx.2023-cü il tarixdə 1500 manat pul onun tərəfindən göndərilmişdir. Cavabdeh ona yaxın aylar ərzində oğlunun işinin Bakı şəhərinə dəyişməsini vəd verərək əslində pulu özü üçün xərcləmiş və onu iki ilə yaxındır ki, aldatmışdır. Onun oğlu Elnur atasının bu məsələ ilə bağlı səhhətində yaranan problemlərdən sonra cavabdehlə “WhatsApp” vasitəsilə əlaqə saxlamış və ona pulu qaytarmasını söyləmişdir. Cavabdeh əvvəl-əvvəl yaxın vaxtda pulu qaytaracağını söyləsə də, sonralar pulu olmadığını və nə zaman olarsa qaytaracağını vəd vermişdir. Artıq iki ilə yaxındır ki, cavabdeh aldığı pulu geri qaytarmır. Beləliklə həmin vaxtdan yəni 2023-cü ilin iyun ayından bu vaxta qədər cavabdeh ondan götürdüyü pulu qaytarmamış, əksinə ona yalan vədlər verərək “bu gün, sabah qaytaracam, narahat olma, məni də aldadıblar, pulumu ala bilmirəm” deyərək onu çətin vəziyyətə salmışdır. Göstərilən məsələləri yəni onunla cavabdeh arasında olan borc pul münasibətlərini sübut edən cavabdehin “WhatsApp” yazışmalarıdır. Cavabdeh pulu aldıqdan sonra verdiyi sözə əməl etməmiş, əksinə pulu alaraq öz ehtiyacları üçün xərcləmiş və bu günə qədər iddiaçıya pulu qaytarmamışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasına gəlməmiş, lakin məhkəməyə ərizə ünvanlayaraq onun iştirakı olmadan işə baxılaraq, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan iş üzrə Cavabdeh etiraz və mülahizəsini təqdim etməsi, eləcə də iddia tələbinə etirazının olub-olmaması barədə onun tərəfindən imza edilmiş yazılı ərizəsinin məhkəməyə göndərilməsi təklif edilmiş, cavabdeh məhkəməyə ərizə ünvanlayaraq işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Odur ki, məhkəmə Cavabdeh iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan ödəniş qəbzindən görünür ki, “Milli Ön” ödəmə vasitəsilə xx.xx.2023-cü il tarixdə A.S.A.:Q***** V***** Ş***** OĞLU, kartın nömrəsi: 416973******8586 1000 (min) manat məbləğində ödəniş edilmişdir. İş materiallarında olan ödəniş qəbzindən görünür ki, “Milli Ön” ödəmə vasitəsilə xx.xx.2023-cü il tarixdə A.S.A.:Q***** V***** Ş***** OĞLU, kartın nömrəsi: 416973******8586 2500 (iki min beş yüz) manat məbləğində ödəniş edilmişdir. İş materiallarında olan ödəniş qəbzindən görünür ki, “Milli Ön” ödəmə vasitəsilə xx.xx.2023-cü il tarixdə A.S.A.:Q***** V***** Ş***** OĞLU, kartın nömrəsi: 416973******8586 2000 (iki min) manat məbləğində ödəniş edilmişdir. İş materiallarında olan ödəniş qəbzindən görünür ki, “Milli Ön” ödəmə vasitəsilə xx.xx.2023-cü il tarixdə A.S.A.:Q***** V***** Ş***** OĞLU, kartın nömrəsi: 416973******8586 1500 (min beş yüz) manat məbləğində ödəniş edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəllənin: 1091.1-ci maddəsinə görə əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2-ci maddəsinə görə əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Məhkəmə hesab edir ki, cavabdeh heç bir hüquqi əsas olmadan, yəni qanuni və ya müqavilə əsası olmadan iddiaçının hesabına əsassız varlandığı üçün iddiaçının ondan verdiklərini geri tələb etmək hüququ vardır. Məhkəmə qeyd edir ki, məhkəməyə təqdim olunan ödəniş qəbzlərindən göründüyü kimi İddiaçı Cavabdeh 7000 (yeddi min) manat məbləğində pul vermişdir. Ona görə də məhkəmə hesab edir ki, iddia təmin edilməli, 7000 (yeddi min) manat məbləğində pul iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə həmçinin hesab edir ki, iddia təmin edildiyindən, iddianın verilməsi üçün ödənilmiş 90 (doxsan) manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 7000 (yeddi min) manat məbləğində pul vəsaiti və ödənilmiş 90 (doxsan) manat dövlət rüsumu tutularaq İddiaçı xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Lerik Rayon Məhkəməsi (elektron məhkəmə sistemi vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun) vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Yusif Zeynalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar