Azərbaycan Respublikası adından QƏTNAMƏ Lerik rayonu İş № 2(048)-275/2024 02.05.2024 LERİK RAYON MƏHKƏMƏSİ Kiçibəyov Atabəy Qələbəy oğlunun sədrliyi, Mirzəyev Faiq Fizuli oğlunun katibliyi, Cavabdeh Əliyev Zakir Atduxan oğlunun iştiraki ilə, İddiaçı 1 saylı Regional Meşə Təsərrüfatı Mərkəzinin cavabdeh Əliyev Zakir Atduxan oğluna qarşı dəymiş maddi zərərin əvəzinin ödənilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı 1 saylı Regional Meşə Təsərrüfatı Mərkəzi iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh Əliyev Zakir Atduxan oğlunun dövlət meşə fonduna dəymiş zərərin əvəzi qismində 192 manat 06 qəpik pul vəsaitini Əliyev Zakir Atduxan oğlu tərəfindən 1 saylı Regional Meşə Təsərrüfatı Mərkəzinin hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 1 saylı Regional Meşə Təsərrüfatı Mərkəzinin əməkdaşları tərəfindən 17.05.2023-cü il tarixdə Lerik rayonu Züvuc kənd sakini Əliyev Zakir Atduxan oğlu qanunsuz ağac kəsərək Dövlət Meşə Fondundan aparılması faktı müəyyən olunmuşdur. Əliyev Zakir Atduxan oğlu barəsində müvafiq protokol tərtib edilməklə inzibati xəta haqqında iş üzrə icraat başlanılmış və toplanılmış material İnzibati Xətalar Məcəlləsinin 103.1-ci maddəsinə əsasən səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilmişdir. Əliyev Zakir Atduxan oğlu hüquqazidd hərəkətləri nəticəsində Dövlət Meşə Fonduna Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 yanvar 2019-cu il tarixli 30 saylı qərarı əsasında aparılmış hesablamalarla ümumilikdə 192 manat 06 qəpik məbləğində maddi zərərin vurulması müəyyən edildiyindən 30.05.2023-cü il tarixli 3-14- 27- 4/2-225/2023 nömrəli məktubla vurduğu zərərin əvəzinin könüllü olaraq ödəməsi tələb edilmiş, lakin o bundan imtina etmişdir İddiaçı 1 saylı Regional Meşə Təsərrüfatı Mərkəzinin nümayəndəsi İxtiyar Cənnətov məhkəməyə ərizə ilə müraciət edərək iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh Əliyev Zakir Atduxan oğlu məhkəmə iclası zamanı iddianı qəbul etməyərək izahatında göstərdi ki, iddiaçının tələbi tamamilə əsassız və böhtandır. Belə ki, o, heç vaxt meşə fonduna ziyan vurmamışdır.Ona görədə məhkəmədən iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə tərəflərin izahatın dinləyib, iş materiallarını araşdırıb, məhkəmə iclasında tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. İş materiallarına əlavə edilmiş 1 saylı Regional Meşə Təsərrüfatı Mərkəzi tərəfindən 12.05. 2023-cü il tarixli 006066 saylı aktından görünür ki, cavabdeh Əliyev Zakir Atduxan oğlu qanunsuz olaraq meşə fonduna ziyan vurduğu üçün akt tərtib olunmuşdur. İş materiallarına əlavə edilmiş İnzibati xəta haqqında 17 may 2023-cü il tarixli MNP№ 1495008 nömrəli protokolun sürətindən görünür ki, Əliyev Zakir Atduxan oğlu tərəfindən Azərbaycan Respublikasının İnzibatı Xətallar Məcəlləsinin 253.1 maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. İş materiallarına əlavə edilmiş AR ETSN yanında Meşələrin İnkişafi Xidmətinin Lənkəran Regional Meşə Təsərrüfati Mərkəzinin 30 may 2023-cü il tarixli 14-27- 4/2225/2023 nömrəli sənəddən görünür ki, Əliyev Zakir Atduxan oğlunun Lənkəran Regional Meşə Təsərrüfati Mərkəzinin əməkdaşları tərəfindən 17.05.2023-cü il tarixli Lerik meşəbəyliyinin 1 saylı meşə dolaysında reyd keçirilən zaman Dövlət Meşə Fonduna müxtəlif diametrli ağacları kəsərək zərər verdiyi müəyyənləşdirilmişdir. Eyni zamanda Dövlət Meşə Fonduna Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 yanvar 2019-cu il tarixli 30 saylı qərarı əsasında aparılmış hesablamalarla ümumilikdə 192 manat 06 qəpik məbləğində maddi zərərin vurulması fakti müəyyən edilmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Yuxarıda göstərilən qanunvericiliyin tələbinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları və sübutları nəzərə almamalıdır. Ona görə də, hazırki mübahisə üzrə sübutetmə yükü iddiaçı tərəfin üzərinə düşür. Dəymiş maddi zərərin əvəzinin ödənilməsi faktı sübut etməlidir. Lakin, iddiaçı tərəfindən tələbini təsdiq edən sübutlar məhkəməyə təqdim olunmamışdır. Bu səbəbdən də iddia tələbi təmin edilə bilməz. Beləliklə məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, iddiaçı 1 saylı Regional Meşə Təsərrüfatı Mərkəzinin cavabdeh Əliyev Zakir Atduxan oğluna qarşı dəymiş maddi zərərin əvəzinin ödənilməsi tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilməsin. İddiaçı 1 saylı Regional Meşə Təsərrüfatı Mərkəzinin cavabdeh Əliyev Zakir Atduxan oğluna qarşı dəymiş maddi zərərin əvəzinin ödənilməsi tələbinə dair iddiası əsassız olduğundan təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Lerik rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Atabəy Kiçibəyov
Məhkəmə qərarları › İş №2(048)-275/2024
Lerik Rayon Məhkəməsi Qətnamə — İş №2(048)-275/2024
02.05.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver