Məhkəmə qərarları › İş №2(048)-37/2025

Lerik Rayon Məhkəməsi Qətnamə — İş №2(048)-37/2025

09.09.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Lerik rayonu İş № 2(048)-37/2025 09.09.2025 LERİK RAYON MƏHKƏMƏSİ Lerik Rayon Məhkəməsinin hakimi Zeynalov Yusif Səmədağa oğlunun sədrliyi, Məhkəmə iclas katibi Mirzəyev Faiq Fizuli oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “vurulmuş zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “vurulmuş zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh onun avtomobilinə vurduğu zərərə görə 8310 (səkkiz min üç yüz on) manat pulun və iddia ərizəsinin verilməsinə görə dövlət rüsumu olaraq ödədiyi 104 (yüz dörd) manat pulun alınaraq ona verilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2024-cü il tarixdə o, idarə etdiyi özünə məxsus “Toyota FJ Cruiser” markalı ** UF *** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri Binəqədi rayonunun ərazisində hərəkətdə olan zaman Cavabdeh idarə etdiyi X4” minik markalı, ** MH *** dövlət nişanlı nəqliyyat vasitəsi sfetoforun qırmızı işığında hərəkət etməsi nəticəsində yol nəqliyyat hadisəsi baş vermişdir. Törədilmiş hadisə ilə əlaqədar Bakı şəhəri Binəqədi RPİ-nin İstintaq şöbəsində araşdırma aparılmış, yekun olaraq xx.xx.2024-cü il tarixdə cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar çıxarılmışdır. Qərara əsasən sürücü Cavabdeh Azərbaycan Respublikasının İXM-nin 327.1 və 327.2-ci maddələri ilə inzibati məsuliyyətə cəlb edilməsi məsələsi Binəqədi RPİnin DYPŞ-nə həvalə edilmişdir. xx.xx.2024-cü il tarixində Binəqədi rayon DYPŞ-nin inspektoru X1 TP ******* №-li qərarı ilə Cavabdeh Azərbaycan Respublikasının İXM-nin 327.1 və 327.2-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə, barəsində 80 (səksən) manat məbləğində cərimə edilmişdir. "xxxx" ASC-nin tərtib etdiyi PME ********** №-li Qüsur Aktına əsasən onun avtomobilinə dəymiş zərər 13310 (on üç min üç yüz on) manat hesablanmışdır. Sığorta şirkəti xx.xx.2024-cü il tarixində ********** №-li qəbzlə dəymiş ziyanın 5000 (beş min) manatını ödəmişdir. Avtomobilinə dəymiş ziyanın yerdə qalan 8310 (səkkiz min üç yüz on) manat pulunun ona ödənilməsi üçün dəfələrlə Cavabdeh müraciət etsə də, cavabdeh bundan imtina edir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək izahatında bildirmişdir ki, Cavabdeh idarə etdiyi “X5” markalı ** MH *** dövlət nişanlı nəqliyyat vasitəsi ilə işıqforun qırmızı işığında hərəkət etməsi nəticəsində yol nəqliyyat hadisəsi baş vermiş, qüsur aktına əsasən onun avtomobilinə dəymiş zərər 13310 (on üç min üç yüz on) manat hesablanmış, sığorta şirkəti dəymiş ziyanın 5000 (beş min) manatını ödəmiş, avtomobilinə dəymiş ziyanın yerdə qalan 8310 (səkkiz min üç yüz on) manat hissəsi Cavabdeh tərəfindən ona ödənilməmişdir. O, cavabdehdən həmin məbləğin ödənilməsini tələb etmiş, lakin cavabdeh hər ay 5 (beş) manat ödəyə biləcəyini ona bildirmişdir. Odur ki, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçı daha sonra izahatında “Toyota FJ Cruiser” markalı, ** UF *** dövlət qeydiyyat nişanlı avtomobili uzun müddətdir idarə etdiyini və avtomobilin “abs bloku”nda heç bir nasazlıq olmadığını bildirmişdir. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul etməyərək izahatında bildirmişdir ki, idarə etdiyi “X5” markalı ** MH *** dövlət nişanlı nəqliyyat vasitəsi ilə işıqforda qırımızı işıqdan qəsdən keçməmiş və qəsdən qəza törətməmişdir. O, iddiaçının ona zəng edib dəymiş ziyanı tələb etdiyini, lakin maddi imkanı olmadığı üçün həmin məbləği ödəyə bilməyəcəyini ona bildirmiş, vurulmuş ziyanın sığorta şirkəti tərəfindən ödənilməli olduğunu və ondan həmin məbləğin tələb edilməsinin əsassız olduğunu qeyd etmişdir. Sonda o, “Toyota FJ Cruiser” markalı avtomobilin “abs bloku”nda əvvəlcədən nasazlıq olduğunu, qəza zamanı avtomobilin həcminin böyük olmasından dolayı “abs bloku”na zərər yetirilməsi ehtimalının olmadığını bildirərək ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iddia ərizəsinin dəlillərini nəzərə alaraq, iş üzrə təqdim olunmuş digər sübutları yoxlayıb hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan Binəqədi RPİ-nin İŞ-nin müstəntiqi, polis kapitanı Tahir Rəcəbli tərəfindən qəbul edilmiş 25 aprel 2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarın surətindən görünür ki, Cavabdeh barəsində cinayət təqibinin başlanılması rədd edilmiş, sürücü Cavabdeh barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1 və 327.2-ci maddələri ilə inzibati məsuliyyətə cəlb edilməsi məsələsi Binəqədi PRİ-nin DYPŞ-yə həvalə edilmişdir. Həmin qərardan görünür ki, xx.xx.2024-cü il tarixdə Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsində R.İsmayılov küçəsi ilə Xurşudbani Natavan küçəsinin kəsişdiyi Biləcəri enişinin qarşısında İddiaçı idarə etdiyi “Toyota Cruiser” markalı, **-UF-*** dövlət qeydiyyat nişanlı avtomobilin Cavabdeh idarə etdiyi “Mersedes Vito” markalı 99-MH 448 dövlət qeydiyyat nişanlı avtomobillə toqquşması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verməsi müəyyən edilmişdir. İş materiallarında olan Binəqədi rayon DYPŞ-nin polis leytenantı X2 tərəfindən qəbul edilmiş TP ******* saylı, xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, Cavabdeh xx.xx.2025-ci il tarixdə, saat 04:50 radələrində Bakı şəhəri Binəqədi rayonu, Biləcəri qəsəbəsində “X5” markalı, ** MH *** dövlət nişanlı nəqliyyat vasitəsini idarə edərkən işıqforun qadağanedici işarəsi verilərkən hərəkətini davam etdirərək əks istiqamətli hərəkət zolağına çıxmadan manevretmə qaydalarını pozması nəticəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1 və 327.2-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətmiş və inzibati qaydada 80 (səksən) manat məbləğində cərimə edilmişdir. İş materiallarında olan "xxxx" ASC tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli qüsur aktından görünür ki, Ağayev Şakir oğluna məxsus "Toyota FJ Cruiser" markalı **-UF-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərər 13310 (on üç min üç yüz on) manat hesablanmışdır. İş materiallarında olan ********** saylı, xx.xx.2024-cü il tarixli ödəniş qəbzindən görünür ki, “********************” saylı kart hesabına 5000 (beş min) manat pul vəsaiti mədaxil edilmişdir. Lerik Rayon Məhkəməsinin 2(048)-626/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə mülki iş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 25 noyabr 2024-cü il tarixli, 9/8998 saylı ekspert rəyindən görünür ki, ekspertiza tədqiqatında təqdim edilmiş mülki iş materiallarında olan "xxxx" ASC tərəfindən tərtib edilmiş qüsur aktında qeyd olunan 2008-ci il buraxılışlı "Toyota FJ Cruiser" markalı, **-UF-*** dövlət qeydiyyat nişanlı avtomobilin 03 adda ehtiyyat hissələrinin orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri hesablama yolu ilə təxminən 380 (üç yüz səksən) manat müəyyən edilmiş, 20 adda ehtiyyat hissələrinin yerli internet saytlarında satışına və qiymətinə dair məlumat olmadığı üçün dəymiş ziyanı müəyyən etmək mümkün olmamışdır. Lerik rayon Məhkəməsinin 2(048)-37/2025 saylı 10 yanvar 2025-ci il tarixli qərardadı ilə iş üzrə təkrar məhkəmə əmtəəşünaslıq ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 06 may 2025-ci il tarixli, 3-16-16/2-9/1717/2025 saylı məktubunda və ona əlavə edilmiş məlumatda "xxxx" ASC tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli qüsur aktında göstərilən ehtiyyat hissələrinin satışı və qiyməti barədə yerli internet saytlarında məlumat olmadığından tədqiqat aparmaq mümkün olmadığı bildirilərək ekspertizanın aparılmasından imtina edilmişdir. Lerik Rayon Məhkəməsinin 2(048)-37/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə iş üzrə təkrar məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmiş və ekspertizanın keçirilməsi Azərbaycan Qiymətləndiricilər Palatasına tapşırılmışdır. "xxxx" MMC-nin xx.xx.2025-ci il tarixli, QXM/472M saylı məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyindən görünür ki, apardıqları araşdırmalar, təhlillər və hesablamalarla “Toyota FJ Cruiser" markalı, **-UF-*** dövlət qeydiyyat nişanlı avtomobildə dəyişilməli olan və təmir edilməli olan hissələri (detalları) və həmin hissələrə aid görüləcək işlərin (xidmətlərin) dəyəri "xxxx" ASC-nin xx.xx.2024-cü il tarixli Qüsur Aktında göstərilən qiymətə uyğun olaraq 13310 (on üç min üç yüz on) manat olduğu müəyyən edilmişdir. Beləliklə işin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, Cavabdeh xx.xx.2025-ci il tarixdə, saat 04:50 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsində “X5” markalı, ** MH *** dövlət nişanlı nəqliyyat vasitəsini idarə edərkən işıqforun qadağanedici işarəsi verilərkən hərəkətini davam etdirərək əks istiqamətli hərəkət zolağına çıxmadan manevretmə qaydalarını pozması nəticəsində yol-nəqliyyat hadisəsi törətmiş, nəticədə İddiaçı idarə etdiyi “Toyota FJ Cruiser” markalı, **-UF-*** dövlət qeydiyyat nişanlı avtomobilinə maddi ziyan vurmuş, "xxxx" ASC tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli qüsur aktına əsasən Ağayev Şakir oğluna məxsus "Toyota FJ Cruiser" markalı **-UF-*** dövlət qeydiyyat nişanlı avtomobilə 13310 (on üç min üç yüz on) manat ziyan dəydiyi müəyyən edilmiş, sığorta şirkəti tərəfindən Ağayev Şakir oğluna vurulmuş ziyana görə 5000 (beş min) manat məbləğində sığorta ödənişi olunmuş, iddiaçı avtomobilinə dəymiş ziyanın yerdə qalan 8310 (səkkiz min üç yüz on) manat məbləğinin ödənilməsi üçün dəfələrlə Cavabdeh müraciət etsə də, cavabdeh bundan imtina etmişdir. Hazırda iddiaçı hadisə nəticəsində nəqliyyat vasitəsinə dəymiş maddi zərərin əvəzinin qalan məbləğinin cavabdeh tərəfindən ödənilməsini tələb edir. Hazırkı iddia tələbi ilə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1 və 21.2-ci maddələrinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. MM-nin 1096.1, 1096.2 və 1097.1-ci maddələrinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Mülki Məcəllənin 21.2 və 1096-cı maddələrinin mənasına görə zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olmasıdır. Yalnız bu əsaslar müəyyən olunduqda cavabdehin üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilər. Eyni Məcəllənin 1108.1-ci maddəsinə görə, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Zərər vurmadan irəli gələn öhdəliklər zərərçəkmişin əmlak və şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində yaranır, mütləq xarakter daşıyır, zərər vuranın hesabına və yaxud qanunla üzərinə zərərin əvəzinin ödənilməsi vəzifəsi qoyulan başqa şəxslərin hesabına qeyd edilən hüquqların tam bərpa olunmasının təmin edilməsinə yönəlir. Delikt öhdəliyinin yaranması üçün zərər mövcud olmalı, bu, cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməli, qanunsuz hərəkət və hərəkətsizliklə zərər arasında səbəbli əlaqə olmalıdır. Bundan başqa, zərərvuran şəxsin təqsirindən asılı olmayaraq maddi məsuliyyət daşıması halları istisna olmaqla, zərərvuran şəxsin təqsiri müəyyən edilməlidir. Ətrafdakılar üçün yüksək təhlükə yaradan fəaliyyətlə törədilmiş zərərə görə məsuliyyət adi mülki-hüquqi məsuliyyətdən daha ciddidir, belə ki, bu fəaliyyətlə məşğul olan şəxslərin təqsirindən asılı olmayaraq yarana bilər. Göründüyü kimi, iddia tələbinin hüquqi əsası kimi qeyd edilən maddələrin tətbiqi üçün aşağıdakı şərtlər mövcud olmalıdır: əməl (hərəkət və ya hərəkətsizlik), həmin əməlin hüquqazidd (qeyri-hüquqi) olması, şəxsiyyətə və ya əmlaka dəymiş zərər, əməl və zərər arasında uyğun səbəbli əlaqə və təqsir. Hazırki mülki iş üzrə zərərin baş verməsi, bunun cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyinin nəticəsi olması, qanunsuz əməllə zərər arasında səbəbli əlaqə, habelə cavabdehin təqsiri müəyyən edilmişdir. Belə ki, Binəqədi rayon DYPŞ-nin polis leytenantı X2 tərəfindən qəbul edilmiş TP ******* saylı, xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərardan göründüyü kimi hazırki mülki iş üzrə zərərin baş verməsi, bunun cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyinin nəticəsi olması, qanunsuz əməllə zərər arasında səbəbli əlaqə, habelə cavabdehin təqsiri müəyyən edilmişdir. Məhkəmə tərəfindən təyin edilməsi labüd hesab edilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizası üzrə ekspert rəyinə əsasən “Toyota FJ Cruiser” markalı, **-UF-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa işlərinin qiyməti - 13310 (on üç min üç yüz on) manat məbləğində müəyyən edilmişdir. Məhkəmə qeyd edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik olmasa da, məhkəmənin qərardadı əsasında keçirilmiş ekspertizanın rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Hazırki işdə olan ekspert rəyinin qeyri-mötəbər olması ilə bağlı hər hansı əsas iş materiallarında mövcud deyildir. Nəzərə alınmalıdır ki, mülki məhkəmə icraatının prinsiplərinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir, hər bir tərəf isə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə, iddiaçının avtomobilinə hadisə nəticəsində dəymiş ziyanın aradan qaldırılması üçün ekspert rəyinə əsasən müəyyən olunan məbləğin - 13310 (on üç min üç yüz on) manat təşkil etdiyini, həmin məbləğin ağlabatan olduğunu və bu halı təkzib edən hər hansı bir sübutun mövcud olmadığını, baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində iddiaçıya dəymiş 13310 (on üç min üç yüz on) manat ziyan məbləğindən sığorta şirkəti tərəfindən 5000 (beş min) manat məbləğində ödəniş olunmasını nəzərə alaraq hesab edir ki, iddia təmin edilməli, dəymiş maddi ziyana görə cavabdehdən - 8310 (səkkiz min üç yüz on) manat məbləğində pul iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, cavabdeh izahatında “Toyota FJ Cruiser” markalı avtomobilin “abs bloku”nda əvvəlcədən nasazlıq olduğunu bildirsə də, məhkəməyə buna dair sübutları təqdim etməmiş, iddiaçı da izahatında “Toyota FJ Cruiser” markalı, ** UF *** dövlət qeydiyyat nişanlı avtomobili uzun müddətdir idarə etdiyini və avtomobilin “abs bloku”nda heç bir nasazlıq olmadığını bildirmişdir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tam qismən təmin edildiyindən çəkilmiş məhkəmə xərci iddianın təmin olunmuş hissəsinə mütənasib olaraq, tərəflərə aid edilməlidir. Məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən 104 (yüz dörd) manat məbləğində dövlət rüsumu ödənildiyindən, eləcə də "xxxx" MMC-nin xx.xx.2025-ci il tarixli, QXM/472M saylı məktubundan göründüyü kimi aparılmış əmtəəşünaslıq ekspertizası tədqiqatının dəyəri olan 300 (üç yüz) manat təşkil etdiyindən, həmin məbləğ də iddiaçı tərəfindən ödənildiyindən, iddia tələbi də təmin edildiyindən aparılmış əmtəəşünaslıq ekspertizası tədqiqatının dəyəri olan 300 (üç yüz) manat və ödənilmiş 104 (yüz dörd) manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Beləliklə, məhkəmə iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz və məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli, Cavabdeh 8310 (səkkiz min üç yüz on) manat məbləğində maddi ziyan, "xxxx" MMC tərəfindən aparılmış əmtəəşünaslıq ekspertizası tədqiqatının dəyəri olan 300 (üç yüz) manat məbləğində pul vəsaiti və ödənilmiş 104 (yüz dörd) manat dövlət rüsumu alınaraq İddiaçı verilməlidir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-in 14.2, 77.1, 88 və 217.4-cü maddələrinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 8310 (səkkiz min üç yüz on) manat məbləğində maddi ziyan, "xxxx" MMC tərəfindən aparılmış əmtəəşünaslıq ekspertizası tədqiqatının dəyəri olan 300 (üç yüz) manat məbləğində pul vəsaiti və ödənilmiş 104 (yüz dörd) manat dövlət rüsumu alınaraq İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (elektron kabinet vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun) Lerik Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Yusif Zeynalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar