Məhkəmə qərarları › İş №2(048)-445/2023

Lerik Rayon Məhkəməsi Qətnamə — İş №2(048)-445/2023

10.07.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Lerik rayonu İş № 2(048)-445/2023 10.07.2023 LERİK RAYON MƏHKƏMƏSİ Hakim Kiçibəyov Atabəy Qələbəy oğlunun sədrliyi, Mirzəyev Faiq Fizuli oğlunun katibliyi, İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Lerik Rayon Məhkəməsinin 21 may 2019-cu il tarixli 2(048)-151/2019 saylı qətnaməsinə əsasən xx.xx.2015-ci il tarixdə anadan olmuş X2 adlı uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh tutulan alimentin məbləği artırılaraq həy ay 200 manat sabit pul məbləğində aliment tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, cavabdehlə 2012-ci il tarixdə nikaha daxil olaraq ailə həyatı qurmuşlar.Birgə nikahlarından xx.xx.2015-ci il tarixdə X2 adlı uşaq doğulmuşdur.Nikaha daxil olduğdan sonra bir müddət münasibətləri normal olsada sonradan münasibətləri pozulmuşdur.O, 2019-cu il tarixdə Lerik Rayon Məhkəməsinə nikahın pozulması və ailment tələbi ilə bağlı müraciət etmişdir.Lerik Rayon Məhkəməsinin 21 may 2019-cu il tarixli 2(048)-151/2019 saylı qətnaməsinə əsasən iddiası qismən təmin olunaraq cavabdeh ilə aralarında olan nikah qeydi pozulmuş, birgə nikahlarından olan xx.xx.2015-ci il tarixdə anadan olmuş X2 adlı uşağ yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay 120 manat sabit pul məbləğində aliment tutularaq ona verilməsi qət edilmişdir. Məhkəmə tərəfindən təyin edilmiş alimentin məbləği uşağın heç bir təlabatını ödəmir.Uşaq orta məktəbdə təhsil alır məsrəfləri yetərincə artmışdır.Bütün bunları nəzərə alaraq məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçı məhkəməyə teleqramla müraciət edərək işə onun iştirakı olmadan baxılıb iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsə də, o məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Belə olan halda məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş Lerik Rayon Məhkəməsinin 21 may 2019-cu il tarixli 2(048)-151/2019 saylı qətnaməsindən görünür ki, Cavabdeh hər ay 120 manat sabit pul məbləğində aliment tutulub İddiaçı verilməsi qət edilmişdir. Məhkəmə mülki işə əlavə edilmiş sənədləri tədqiq edib, məhkəmə iclası zamanı toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxaraq belə hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 75.1-ci maddəsinin tələbinə görə valideyinlər uşaqlarını saxlamağa borcludurlar. 75.4-cü maddəsinin tələbinə görə isə valideyinlər uşaqların saxlanmasından imtina etdikdə həmin vəsait valideyinlərdən məhkəmə qaydasında tutulur. 76.1 və 76.1.2-ci maddələrinə əsasən alimentin ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideyinlərindən məhkəmə tərəfindən hər ay 2 uşağa görə-qazancın və (və ya) valideyinlərin başqa gəlirlərinin üçdə bir hissəsi miqdarında aliment tutulur. 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı qeyri-müntəzəm,dəyişən olarsa,ya qazancının hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimet valideynin qazancından müəyyən hissə kimi tutulması mümkün olmadığı çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76cı maddəsinə uyğun olaraq qazancın müəyyən hissəsi kimi müəyyən edilə bilər. 78.2-ci maddəsinin tələbinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. 112.1-ci maddəsinin tələbinə görə alimentin ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəfindən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarı dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını nəzərə almaqla aliment ödəməkdən azad edilə bilər. Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikasının Qanununa əsasən 2023-cü il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə iclası zamanı işin araşdırılan halları ilə müəyyən edilmişdir ki, Lerik Rayon Məhkəməsinin 21 may 2019-cu il tarixli 2(048)-151/2019 saylı qətnaməsinə əsasən Cavabdeh hər ay 120 manat sabit pul məbləğində aliment tutulub İddiaçı verilməsi qət edilmişdir. Hazırda cavabdehin ödəməli olduğu aliment uşaqın tələbatını ödəmədiyindən iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikasının da qoşulduğu 02 sentyabr 1990-cı ildə qüvvəyə minmiş “Uşaq Hüquqları Haqqında Konvensiya”nın 18-ci maddəsinin İ bəndinə əsasən iştirakçı dövlətlər uşağın tərbiyəsi və inkişafı üçün hər iki valideynin birgə və eyni dərəcədə məsuliyyət daşıdığına dair prinsipin tanınmasını təmin etməkdən ötrü mümkün olan bütün səyləri göstərirlər. Uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər və ya müvafiq hallarda qanuni qəyyumlar daşıyırlar. Uşağın ən yaxşı maraqları- onlara əsas qayğı obyektidir. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il Qərarında qeyd edilmişdir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Beləliklə, məhkəmə tərəflərin maddi və ailə vəziyyətini, uşaqların saxlanmasında valideynlərin bərabər vəzifələrinin olmasını nəzərə alaraq belə hesab edir ki, Lerik Rayon Məhkəməsinin 21 may 2019-cu il tarixli 2(048)-151/2019 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı artırılaraq xx.xx.2015-ci il tarixdə anadan olmuş X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Cavabdeh hər ay 200 manat sabit pul məbləğində aliment tutulub İddiaçı verilməli, artırılmış alimentin tutulmasına hazırkı iş üzrə qətnamənin qanuni qüvvəyə mindiyi vaxtdan başlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 112.1 və 112.1.3-cü maddələrinə əsasən aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmuyu ilə müəyyən edilir. Göstərilənləri və Azərbaycan Respublikasının MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Lerik Rayon Məhkəməsinin 21 may 2019-cu il tarixli 2(048)-151/2019 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı artırılaraq xx.xx.2015-ci il tarixdə anadan olmuş X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Cavabdeh hər ay 200 manat sabit pul məbləğində aliment tutulub İddiaçı verilsin. Artırılmış alimentin tutulmasına Lerik Rayon Məhkəməsinin 10 iyul 2023-cü il tarixli 2(048)-445/2023 saylı qətnaməsi qanuni qüvvəyə mindiyi vaxtdan başlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Lerik Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim : Atabəy Kiçibəyov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar