Məhkəmə qərarları › İş №2(048)-658/2024

Lerik Rayon Məhkəməsi Qətnamə — İş №2(048)-658/2024

26.09.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Lerik rayonu İş № 2(048)-658/2024 26.09.2024 LERİK RAYON MƏHKƏMƏSİ Lerik Rayon Məhkəməsinin hakimi Zeynalov Yusif Səmədağa oğlunun sədrliyi, Məhkəmə iclas katibi Hacızadə Emin Rüfət oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 6500 (altı min beş yüz) manat məbləğində pulun və ödədiyi dövlət rüsumunun alınıb onun xeyrinə verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh sonradan tanımış və o iş qurmaq adı ilə ondan 11000 (on bir min) manat pul almış pulun bir qismini qaytarmış 6500 (altı min beş yüz) manat pulu bu günə kimi ona qaytarmır. Dəfələrlə ondan pulunu istəmiş, lakin cavabdeh hər dəfə müxtəlif bəhanələr gətirməklə pulunu verməkdən boyun qaçırır. Odur ki, iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsində göstərilənlərə uyğun məzmunda izahat verərək cavabdehin ondan iş qurmaq adı ilə aldığı 11000 (on bir min) manat puldan 4500 (dörd min beş yüz) manatını qaytardığını, qalan 6500 (altı min beş yüz) manat pulu qaytarmadığını bildirərək iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin hazırlıq iclasında iştirak etmiş Cavabdeh iddia tələbini qəbul etməyərək izahatında İddiaçı aldığı pulu qaytardığını, ona heç bir borcunun olmadığını bildirərək iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş Cavabdeh məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185-ci maddəsinə əsasən mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 ifadəsində göstərmişdir ki, iddiaçını ticarət mərkəzində iş münasibətlərindən tanıdığını, onunla alış-veriş etdiyini, cavabdehi isə tanımadığını bildirmişdir. Bildirir ki, iddiaçı Bakı şəhəri Dərnəgül prospektində yerləşən ticarət mərkəzində dam örtüklərinin satışı ilə məşğul olur, o iddiaçıdan bir neçə dəfə dam örtükləri götürmüş, lakin pulunu həmin vaxt verə bilməmişdir. O, bir müddət sonra dam örtüklərinin pulunu vermək üçün iddiaçının iş yerinə gəlmiş, lakin iddiaçı orada olmamışdır. O, iddiaçı ilə əlaqə saxlamış, iddiaçı ona dam örtüklərinin pulunu cavabdehə verməyini bildirmiş, o da bir dəfə 1800 neçə manat və bir dəfə də 2000 manat pulu cavabdehə vermiş, cavabdeh isə ona həmin pulu iddiaçıya verəcəyini bildirmişdir. Məhkəmə iddiaçının izahatını, şahidin ifadəsini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş və məhkəmə baxışı zamanı tədqiq edilmiş Bakı şəhəri Nərimanov RPİ-nin İstintaq şöbəsinin baş müstəntiqi, polis mayoru X1 “Cinayət işi başlanmasının rədd edilməsi haqqında” 05 mart 2024-cü il tarixli qərarından görünür ki, X3, İddiaçı, X4 və X2 müraciəti əsasında toplanmış material üzrə cinayət işinin başlanılması rədd edilmişdir. Həmin qərardan görünür ki, İddiaçı ərizə ilə Nərimanov RPİnin 17-ci PŞ-yə müraciət edərək bildirmişdir ki, tanıdığı Cavabdeh 2023-cü ilin noyabr ayında Xəzər rayonu Binə qəsəbəsində torpaq sahəsi alacağına, həmin sahədə ev tikib sataraq qazanc əldə edəcəyinə dair vədlər verərək 2023-cü ilin noyabr ayının əvvəlində ondan ümumilikdə 11000 (on bir min) manat pul almış, lakin sonradan heç bir iş görməyərək pulu qaytarmamışdır. Həmin qərarda olan Cavabdeh izahatından görünür ki, o 2009-cu ildən etibarən Bakı şəhəri, Nərimanov rayonu, Z.Bünyadov prospekti 507 küçədə yerləşən taxta bazarında taxta alış-satışı ilə məşğul olan Elman İbrahimov yanında rəsmi olaraq fəhlə kimi işləmişdir. Lakin, Elman İbrahimov işdə olmadığı vaxtlarda o, Elmanın yerinə satışla məşğul olmuşdur. Elmanla o, aylıq və illlik uçot aparmışdır. 2022-ci ilin uçotunu apararkən təxminən 20.000 manat ziyan etdiyini, yəni alış-satışda səhv etdiyini görmüşdür. Yəni həmin pullar texniki səhvə görə yaranmışdır, o bunları gördükdə həmin ziyanı aradan qaldırmaq üçün düşünməyə başlamışdır. Çünki, onun həmin dövrə qədər Elmanla arasında hər hansı pul söhbəti olmamış və bu səbəbdən Elmanın onu pis tanımasını istəməmişdir. Çünki, Elman vaxtı vaxtında onun əmək haqqısını və əlavə pullarını vermişdir. O, bu səbəbdən qonşuluqda makler kimi fəaliyyət göstərən Ağa adı ilə tanıdığı şəxslə söhbət etmişdir. İlkin olaraq Ağa bildirmişdir ki, tanıdığı adam var və 5000 manat pul verərsə qarşılığında 5 gün ərzində 5700 manat pul qaytarmalıdır. O, çarəsiz onunla razılaşmışdır və 2023-cü ilin əvvəllərində ondan həmin məbləğdə pulu almış və həmin pulu satış adı ilə Elmana ödəmişdir. Artıq onun Elmana 15000 manat borcu qalmışdır. Lakin Elmanın bundan xəbəri olmamışdır. O, 5 gün sonra Ağaya pulu qaytarmaq üçün artıq obyektdən taxtalar sataraq 5700 manat pul düzəltmiş və Ağaya obyektdə vermişdir. Bu minvalla Ağa ilə onun alış-verişi başlamışdır. O, hər dəfə Ağadan pul götürüb Elmana satış adı ilə vermişdir. Daha sonra obyektə mal gəlməməyə başladığı üçün o, artıq taxta sata bilməmişdir. Bu səbəbdən Ağaya yaranmış 18000 manat borcu ödəmək üçün qonşuluqda taxta alış-satışı ilə məşğul olan Yeganə adlı şəxsə müraciət etmişdir. O, 10% sələm ilə Yeganədən 5000 manat pul götürüb Ağaya vermişdir. Artıq o, hər dəfə Ağadan götürüb Yeganəyə, Yeganədən götürüb Ağaya pul vermişdir. Artıq hər ikisinə xeyli miqdarda borcu yarandığı üçün o, Malik adlı şəxsə müraciət etmişdir. Ondan ilk dəfə 15000 manat almış və aparıb Yeganəyə vermişdir. Yenidən təxminən 8 gün sonra Malikdən 14000 manatda pul alıb satış adı ilə Elmana vermişdir. Artıq Malikə 29000 manat borcu olmuşdur. Onun Malik, Ağa və Yeganəyə əl borcu yaranmışdır. Obyektdən isə taxtalar satmışdır. O, artıq pul almağa adam tapa bilməmişdir. xx.xx.2024-cü il tarixdə Yeganə onunla əlaqə saxlayaraq bildirmişdir ki, 6 metrəlik döşəmə taxtası lazımdır. O, Yeganəyə onlarda olanın 4 metr olmasını demişdir. Daha sonra maraqlanmağa başlamışdır. O, Yeganənin istədiyi taxtanı qonşuluqda olan Füzulidə tapmışdır. Füzulidən 1500 kvadrat taxtanı 13.40 manatdan götürmüş və ona bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə pulunu verəcəkdir. Həmin taxtalar 20100 manat dəyərində olmuşdur. O taxtaları Yeganəyə 11.70 manata satmışdır. Yeganə bunun qarşılığında ona 17550 manat pul vermişdir. O, həmin puldan 7550 manatını Ağayla görüşüb ona vermişdir. Qalan 10000 manatı saxlamışdır ki, səhər üstünü düzəldib Füzuliyə verər. Lakin, axşam Füzuli bundan xəbər tutmuş və onun üstünə gələrək bütün pulu tələb etmişdir. Oda üstündə olan 10000 manatını ona verib qalanında sabah verəcəyini demişdir. Bundan sonra Füzuli getmişdir. Təxminən 10-15 dəqiqə sonra Füzuli onu öz yerinə çağırmışdır. Füzuli ondan pulunu tələb etmişdir və oda bildirmişdir ki, səhərə qədər vaxt verərsə pulunu ödəyəcəkdir. O öz yerlərinə gəldikdən sonra Füzulidə onun arxasınca gəlmiş və konkret olaraq pulun həmin an verilməsini tələb etmişdir. O isə pulu olmadığını bildirmişdir. Bu zaman onlar mübahisə etmiş və Füzuli onun yaxasından tutmuşdur. Bu hadisə onun butkasında baş vermişdir. Füzuli onun yaxasından tutaraq ya pulunu yada malını verməyini istəmişdir. O, Füzuliyə yenidən pulunun olmadığını bildirmişdir. Bu zaman Füzuli bildirmişdir ki, pulun qarşılığında obyektdə olan taxtaları götürüb gedəcək. O, Füzuliyə etiraz edərək taxtaların onun olmadığını bildirmişdir. Lakin, Füzuli ona əhəmiyyət verməyərək yük avtomobili çağırmışdır. O artıq Füzulinin əsəbləşərək ona hər hansı ziyan yetirməməsi üçün məcbur onunla razılaşmışdır. Birinci yük avtomobili yüklənib çıxmışdır. Bundan sonra özü yük avtomobili tapa bilmədiyi üçün onun vasitəsi ilə yük avtomobili çağırmışdır. Onuda yükləyib aparmışdır. Qeyd etmişdir ki, Füzuli onun borclu olduğu qədər taxta aparmış. O Füzulinin ona ziyan vuracağını düşündüyü üçün səsini çıxarmamışdır, lakin nə öz istəyi, nə də ki, razılığı ilə taxtaları vermişdir. Səhər gün o artıq ailə üzvlərinə bütün olanları danışmışdır. Birlikdə Elmanla da söhbət etmişlər. Göründüyü kimi, Bakı şəhəri Nərimanov RPİ-nin İstintaq şöbəsində HK-1/189 və HK- 1/263 saylı materiallar üzrə aparılmış araşdırma zamanı müəyyən edilmişdir ki, iddiaçı ilə cavabdeh arasında yaranmış münasibətlər zamanı cavabdehin iddiaçıya 18000 manat borcu yaranmış, cavabdeh həmin borcu ödəmək üçün Füzuli adlı şəxsdən taxta götürmüş və həmin taxtaları Yeganə adlı şəxsə satmış, Yeganə adlı şəxs bunun qarşılığında ona 17550 manat pul vermiş, o isə həmin puldan 7550 manatını Ağayla görüşüb ona vermişdir. Məhkəmə iclasında aparılmış araşdırma zamanı tərəflərin izahatları ilə müəyyən edilmişdir ki, “Cinayət işi başlanmasının rədd edilməsi haqqında” 05 mart 2024-cü il tarixli qərarda qeyd edilən “Ağa” adlı şəxs hazırki işdə iddiaçı qismində çıxış edən “İddiaçı”dur. Məhkəmə iclasında aparılmış araşdırma zamanı həmçinin müəyyən edilmişdir ki, cavabdehin iddiaçıya borclu olduğu pul məbləğindən 4500 (dörd min beş yüz) manat pul qaytarılmışdır. Bu hal iddiaçının özünün izahatı ilə də təsdiq olunur. Məhkəmə cavabdehin təqdim etdiyi hesabdan çıxarışlara dair sənədlərə qiymət verərək qeyd edir ki, hesabdan çıxarışlarda göstərilən 416973****7823 nömrəli kart hesabının iddiaçıya məxsus olmasını iddiaçı özü etiraf etmiş, həmin kart hesabına göndərilən pulların ondan alınan dam örtüklərinə görə müştərilərin ona ödəməli olduğu pulların cavabdehə verərək onun kart hesabına göndərilən pullar olduğunu bildirmiş, qeyd edilən hal məhkəmə iclasında şahid qismində dindirilmiş Rövşən Rüstəmovun ifadəsi ilə də öz təsdiqini tapmışdır. Digər hesabların isə iddiaçıya məxsus olmasına dair hər hansı bir mötəbər sübutu cavabdeh məhkəməyə təqdim edə bilməmiş, iddiaçı da həmin bank hesablarının ona məxsus olmadığını bildirmişdir. Məhkəmə cavabdehin təqdim etdiyi 416973******1330 nömrəli kart hesabına xx.xx.2024-cü il tarixdə 2300 manat pulun ödənilməsi barədə qəbzə münasibət bildirərək qeyd edir ki, iddiaçı həmin kart hesabının ona məxsus olmasını etiraf etsə də, məhkəmə həmin ödəniş qəbzinə qiymət verərək qeyd edir ki, həmin ödəniş “Cinayət işi başlanmasının rədd edilməsi haqqında” 05 mart 2024-cü il tarixli qərardan əvvəl edilmiş ödənişdir, cavabdehin özünün “Cinayət işi başlanmasının rədd edilməsi haqqında” 05 mart 2024-cü il tarixli qərarda verdiyi izahatında iddiaçıya 18000 manat borcunun olduğunu, həmin borc məbləğindən 7550 manat ödədiyini qeyd etmişdir. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə ilk öncə iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsası tapılmalı və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olması yoxlanılmalıdır. Bu halda isə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Qanunvericiliyə əsasən istənilən iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir. Məhkəmə hesab edir ki, iddiaçının tələblərinə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 135 və 157.2-ci maddəsinin tələbləri baxımından hüquqi qiymət verilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 135.1-ci maddəsinə əsasən bu Məcəlləyə uyğun olaraq yalnız fiziki obyektlər əşya sayılırlar. Pullar və sənədli qiymətli kağızlar da əşyadır. Həmin Məcəllənin 135.2-ci maddəsinə əsasən əmlak istənilən əşyaların və qeyrimaddi əmlak nemətlərinin toplusudur. İstinad olunan maddələrin tələblərinə əsasən pul əşya olduğu üçün, əmlak isə istənilən əşyaların toplusu olduğu üçün pul əmlak hesab edilir. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən isə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Qeyd edilən maddədə sadalanmış üç dispozisiya şərtinin birgə mövcudluğu tələb olunur: 1) iddiaçı cavabdehdən qaytarılmasını tələb etdiyi əşyaların mülkiyyətçisi olduğunu sübut etməlidir; 2) iddiaçı tələb edilən anda əşyaların cavabdehin sahibliyində olduğunu sübut etməlidir. 3) cavabdehin əşyaya sahiblik hüququ qanunsuz olmalıdır. Məhkəmə hesab edir ki, “Cinayət işi başlanmasının rədd edilməsi haqqında” 05 mart 2024-cü il tarixli qərarda cavabdeh izahatında iddiaçıya 18000 manat borcunun olduğunu, həmin borc məbləğindən 7550 manatını qaytardığını, iddiaçı isə məhkəmə iclasında cavabdehin ona borclu olduğu pul məbləğindən 4500 manatını qaytardığını etiraf etmişdir. Beləliklə məhkəmə hesab edir ki, hazırkı iddia cavabdehdən 5950 manat (18000 manat – 7550 manat – 4500 manat = 5950 manat) pulun geri qaytarılması hissəsində əsaslıdır və iddia tələbi qismən təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz və məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 5950 (beş min doqquz yüz əlli) manat pul və ödənilmiş dövlət rüsumunun 79,5 (yetmiş doqquz manat əlli qəpik) manat hissəsi tutularaq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası MPM-in 14.2, 77.1, 88 və 217.4-cü maddələrinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 5950 (beş min doqquz yüz əlli) manat pul və ödənilmiş dövlət rüsumunun 79,5 (yetmiş doqquz manat əlli qəpik) manat hissəsi tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (elektron kabinet vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun) Lerik Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Yusif Zeynalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar