Azərbaycan Respublikası adından QƏTNAMƏ Lerik rayonu İş № 2(048)-678/2025 05.08.2025 LERİK RAYON MƏHKƏMƏSİ Lerik Rayon Məhkəməsinin hakimi Zeynalov Yusif Səmədağa oğlunun sədrliyi, Məhkəmə iclas katibi Muradov Nurlan Əlyar oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh (Baxşiyeva) Cavabdeh borc verdiyi 4000 (dörd min) manat məbləğində pulun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsasladırılmışdır ki, cavabdeh şəxs (Baxşıyeva) Cavabdeh əri ağır xəstə olduğundan onu əməliyyat etdirmək üçün təcili pul lazım olduğundan qardaşına zəng vurub ki, ondan borca pul götürsün qardaşı isə ona pulu olmadığını bildirdikdə o, israrala bildirib ki, ondan başqa heç kimə ağız aça bilmir nəyin bahasına olursa olsun qardaşı ona pul tapmaqda köməklik göstərməlidir. Hətta iş o yerə çatıb ki, bildirib ki, özündə pul yoxdursa Adildən alsın ona pul versin. Qardaşı Adilə də ağız açmış, lakin sonuncu da, yəni Adil də onda pul olmadığını bildirmişdir. Qardaşı ona bu söhbəti dedikdən sonra o, cavabdehə olan münasibətindən eyni zamanda bir insan kimi ona yazığı gəldiyindən min bir əzab-əziyyətlə əldə etdiyi 4000 (dörd min) manat pulu qardaşına vermişdir ki, o öz adından qadın ona ağız açdığı üçün Sevilə versin. Sevil bildirib ki, iki ay müddətinə pulu geri qaytaracaq, lakin onun dediyi yalan çıxmış, aldığı pulu ona geri qaytarmamışdır. O, Sevilə zəng vuduqda isə ona verilən pulu qaytarsın dedikdə Sevil onu söymüş, təhqir etmiş və ona qarşı nalayiq sözlər işlətmişdir. O, məcbur qalaraq Bakı şəhəri Xəzər rayonu 3-cü Polis şöbəsinə müraciət etmişdir ki, onun barəsində qanuni tədbirlər görülsün, eyni zamanda Sevilə verilmiş ona məxsus pul özünə qaytarılsın. Adı çəkilən polis şöbəsi xx.xx.2024-cü il tarixli 11855 nömrəli məktubu ilə mübahisənin mülki hüquq münasibətlərindən irəli gələn olduğundan məhkəməyə müraciət etməyi tövsiyə etmişdir. O, məcbur qalaraq məhkəməyə müraciət etmək hüququndan istifadə edir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək izahatında bildirmişdir ki, iş yerində qardaşı Fəxrəddin və Adil müəllimlə oturduqları zaman Cavabdeh qardaşı Fəxrəddinə zəng edərək ərinin səhhəti ilə bağlı borca pul istəmiş, Fəxrəddin pulunun olmadığını bildirmiş, daha sonra Fəxrəddin Adildən pul istəmiş, Adil də pulunun olmadığını bildirmişdir. O, Sevilin telefonda yoldaşının vəziyyətinin pis olmasını və ağladığını eşitmiş, digərlərinin pul vermədiyini gördükdə pis olduğu üçün qardaşına kartında 6000 manat pul olduğunu, pulu verəcəyini, lakin onun adının olmamasını bildirmişdir. Qardaşı onun kartından 4000 manat pul çıxararaq Sevilə vermiş, Sevil evini satışa qoyduğunu və 2 ay müddətinə pulu qaytaracağını demişdir. Bir müddətdən sonra onun vəziyyəti pis olduğundan müalicəyə getməli olduğu üçün qardaşına həmin pula ehtiyacı olduğunu demiş, qardaşı isə pulu Sevildən ala bilmədiyini, Sevilin ona evi satdıqdan sonra pulu verəcəyini bildirmişdir. O, qardaşından Sevilin nömrəsini istəmiş və Sevillə özü əlaqə saxlamış, Sevil onunla kobud danışmış və onu təhqir etmiş, “bilsəydim pul sənindi pulu götürməzdim” ifadəsini işlətmişdir. O, bir-iki dəfə Sevilə zəng etdikdən sonra Sevil ona pulun Adilin olduğunu və ona Adilin pul verdiyini demiş, o isə pulun Adilin yox, onun olduğunu demiş, daha sonra o, Sevilin yoldaşı ilə əlaqə saxlamış, qarşılıqlı söhbət etmiş, yoldaşı ona iyun-iyul aylarında təqaüdə çıxacağını və onun pulunu qaytarcağını demiş və razılaşmışlar, lakin həmin müddətdə pulu qaytarmamışlar. O, əsəbləşərək polisə, daha sonra isə məhkəməyə müraciət etmişdir. İddiaçı daha sonra izahatında cavabdehi uşaqlıqdan tanıdığını və bir kənddə böyüdüklərini, zəng gəldikdən sonra qardaşının bacanağı Adilin yanında kartı qardaşına verdiyini və qardaşının 4000 manat pulu çıxartdığını, kartda 2000 manat pulun qaldığını, qardaşının kartı ona təhvil verdiyini və qardaşının pulu Bakı şəhərində Sevilə verdiyini, pulun verilməsi zamanı orda iştirak etmədiyini, iki ilə yaxındır pulu Sevilə verdiklərini, Sevil və yoldaşının pulu aldıqlarını telefon danışıqları zamanı etiraf etdiklərini, lakin həmin pulu qaytarmadıqlarını bildirmişdir. Göstərilənləri nəzərə alaraq, iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qismən qəbul edərək izahatında bildirmişdir ki, bibisinin yeznəsi Adilə zəng edərək yoldaşının xəstəxanaya qəbul etmədiklərini, 8000 manat pul istədiklərini, pul lazım olduğunu, ona kömək etməsini demiş, Adil də pulu düzəldib göndərəcəyini bildirmiş və bununla bağlı heç kimə heç nə deməməsini bildirmiş, o da evi satdıqdan sonra pulu qaytaracağını demişdir. Bundan sonra Fəxrəddin 4000 manat pulu gətirib ona Binə qəsəbəsində vermişdir. Bir ay bundan qabaq Ruziyə ona 3 dəfə zəng vurmuş, ondan həmin 4000 manatı tələb etmiş və hər zəngində başqa sözlər demişdir. O, Ruziyəyə onun kimi kasıb olduğunu, o qədər pulun onda necə olmasını, 4000 manat pulu hardan gətirib ona verdiyini soruşmuş və pulun ona bibisi yeznəsinin verdiyini, 3 ildir ki, onlardan başqa bu sirri heç kimin bilmədiyini demişdir. Ruziyə ona zəng edərkən pulu özünün verdiyini və pulun onun olduğunu demişdir. O, Ruziyəyə pulu ondan almadığını və ondan pul istəmədiyini bildirmişdir. Bundan sonra ikinci və üçüncü dəfə Ruziyə zəng edərkən onun və bacısının ünvanına nalayiq ifadələr işlətməklə, müharibə veteranı olduğunu, bildirərək onları təhqir etmişdir. Ruziyə onun barəsində polisə şikayət etmiş və orda pulu Ruziyədən almadığını bildirmişdir. Sonra o, Ruziyəyə pulun onun olduğu halda ona çatacağını bildirmiş, “əgər pulun onun verdiyini bilsə idi pulu ondan götürməzdi” demişdir. Cavabdeh daha sonra izahatında pulu Adildən istədiyini, pulun Adilin olduğunu və evi satdıqdan sonra həmin pulu Adilə qaytaracağını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilimiş X2 izahatında bildirmişdir ki, o Azərbaycanda taxta panellərin idxalı və satışı ilə məşğuldur. Fəxrəddin və Ruziyə onunla işləyir. Sevilin yoldaşı da əvvəllər onlarda sürücü kimi işlədiyindən onu tanıyır. Fəxrəddin ona Sevilin yoldaşının pis vəziyyətdə olduğu üçün əməliyyat olunacağını demiş, ondan borc pul istəmişdir. O, isə heç kimə borc verə bilməyəcəyini bildirmişdir. Bu zaman Ruziyə onun kartında pul olduğunu, cavabdehin onların kəndçiləri olduğunu bildirərək pulu verəcəyini demişdir. O, Ruziyəyə dəfələrlə başqalarına pul verdiyini, lakin qaytarılmadığını bildirmişdir. Daha sonra Ruziyə kartı qardaşına vermiş və qardaşı pulu çıxardaraq cavabdehə vermişdir. Ruziyyə pulu verərkən adının olmamasını demişdir. Ruziyə ona 6 ay keçdikdən sonra Sevilin pulu qaytarmadığını demiş, o Ruziyəyə “özünüz pulu vermisiz, özünüz də danışın” demişdir. Ruziyə bir dəfə onun yanında cavabdehə zəng edərək onlarla danışmış, sonra Sevilin yoldaşı zəng etdikdə o, həmin şəxslərə pul vermədiyini, pulu Ruziyənin verdiyini və “pulu almısız onun pulunu qaytarın o, sizə borc verib, kömək edib” demişdir. Məhkəmə iclasında şahid qismində dindirilimiş X1 izahatında bildirmişdir ki, Ruziyə onun bacısı, qarşı tərəf uzaq qohumudur. Sevil ona zəng edərək yoldaşının əməliyyatı üçün pul lazım olduğunu demiş, o isə özündə pul olmadığını bildirmişdir. Sevil təzədən Adildən pul istəməsini bildirmiş, Adildə pul olmadığı üçün Ruziyə kartı ona verərək pulu çıxarıb onlara verməsini demişdir. O, Ruziyənin kartından 4000 manat pulu çıxardıb Sevilə çatdırmış, lakin pulu kimin verdiyini deməmişdir. Onlar ona evi satdıqdan sonra pulu qaytaracaqlarını bildirmişlər. Sevil pulu qaytarmadığı üçün Ruziyə pulu ondan tələb etmiş, o Sevilə zəng edərək pulu qaytarmasını istəmiş, Sevil verəcəyini bildirmişdir. Sonra Ruziyə özü Sevilə zəng edərək pulun onun olduğunu və qaytarmasını tələb etmişdir. Daha sonra o, Sevilin yoldaşı Zakirə zəng etmiş, Zakir isə evi satan kimi pulu verəcəyini demişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirib, tərəflərin izahatlarını, mülahizə və dəlillərini, şahid ifadələrini dinləyib hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Xəzər Rayon Polis İdarəsi 3-cü Polis şöbəsi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, mülki hüquq münasibətlərindən irəli gələn mübahisələr üzrə işlərə mülki mühakimə icraatı qaydasında məhkəmələr tərəfindən baxıldığı və həllinin polis orqanlarının səlahiyyətinə aid olmadığını nəzərə alaraq mülki iddia və xüsusi ittiham qaydasında məhkəməyə müraciət etmək hüququ ona izah olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Hərbi komissarlığı tərəfindən verilmiş 049424 nömrəli vəsiqənin surətindən görünür ki, İddiaçı İİ qrup Qarabağ əlilidir. Azərbaycan Respublikası Mülki Məcəllənin: 1091.1-ci maddəsinə görə əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2-ci maddəsinə görə əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Məhkəmə hesab edir ki, cavabdeh heç bir hüquqi əsas olmadan, yəni qanuni və ya müqavilə əsası olmadan iddiaçının hesabına əsassız varlandığı üçün iddiaçının ondan verdiklərini geri tələb etmək hüququ vardır. Məhkəmə qeyd edir ki, cavabdeh izahatında 4000 manat pulu aldığını etiraf edərək həmin pulun iddiaçıya deyil, Adilə məxsus olduğunu bildirsə də, məhkəmə iclasında şahid qismində dindirilmiş X2 izahatında cavabdehə verilən pulun onun deyil, İddiaçı pulu olduğunu bildirmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Qanunvericiliyin tələbi baxımından məhkəmə hesab edir ki, iddiaçı qaytarılmalı olan 4000 (dörd min) manat məbləğində pulu Cavabdeh tələb etməkdə haqlıdır və iddia təmin edilməlidir. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. (119.2.) “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi miqdarında dövlət rüsumu ödənilir. Həmin Qanunun 9.1.20-ci maddəsinə əsasən məhkəmədə verilən iddialar üzrə şəhid ailələri, müharibə veteranları, müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər, qaçqınlar və məcburi köçkünlər, habele Çernobıl AES-də qəza nəticəsində şüa xəstəliyinə və şüa yükü ilə əlaqədar xəstəliyə tutulmuş və ya bu xəstəlikləri keçirmiş şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Həmin Qanunun 9.4-cü maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Məhkəmə hesab edir ki, iddiaçı müharibə veteranı olmaqla dövlət rüsumundan azad olduğundan və iddia tələbi təmin olunduğundan 60 (altmış) manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülməlidir. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 4000 (dörd min) manat pul vəsaiti tutularaq İddiaçı xeyrinə ödənilməli, Cavabdeh 60 (altmış) manat dövlət rüsumu alınaraq dövlət büdcəsinə ödənilməlidir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-in 14.2, 77.1, 88 və 217.4-cü maddələrinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 191.3, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 4000 (dörd min) manat pul vəsaiti tutularaq İddiaçı xeyrinə ödənilsin. Cavabdeh 60 (altmış) manat dövlət rüsumu alınaraq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (elektron kabinet vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun) Lerik Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Yusif Zeynalov
Məhkəmə qərarları › İş №2(048)-678/2025
Lerik Rayon Məhkəməsi Qətnamə — İş №2(048)-678/2025
05.08.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver